Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq,ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq;

insan hüquqlarına qarşı bəşəriyyətin vicdanını hiddətləndirən hörmətsizlik və həqarətin barbarlıq hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azadlığına malik olacağı, qorxu və ehtiyacdan azad olacağı bir dünya qurulmasının insanların yüksək amalı elan olunduğunu nəzərə alaraq;

insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq;

xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq;

Birləşmiş Millətlərin xalqlarının Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq:

üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq;

bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq,

BAŞ MƏCLİS

İnsan hüquqları haqqında bu ümumi bəyannaməni yerinə yetirilməsinə bütün xalqların və dövlətlərin çalışmalı olduğu bir vəzifə kimi elan edir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq, maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə, mütərəqqi milli və beynəlxalq tədbirlər vasitəsilə onların istər Təşkilatın üzv-dövlətlərinin, istərsə də onların yurisdiksiyasındakı ərazilərin xalqları arasında səmərəli tanınmasının və həyata keçirilməsinin təmin olunmasına səy göstərsinlər.

Maddə 1

Bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

Maddə 2

İrqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidəsinə, milli, yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bütün insanlar bu Bəyannamədə elan edilmiş hüquqlara və azadlıqlara malik olmalıdırlar. Bundan əlavə, insanın mənsub olduğu ölkənnn, yaxud ərazinin siyasi, hüquqi, yaxud beynəlxalq statusuna görə, həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib-etməməsindən, yaxud suverenliyinin hər hansı məhdudluğundan asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol verilməməlidir.

Maddə 3

Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

Maddə 4

Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır.

Maddə 5

Heç kəs işgəncəyə, qəddar, insanlıqdan kənar, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır.

Maddə 6

Hər bir insan harada olursa-olsun hüquq subyekti kimi tanınmaq hüququna malikdir.

Maddə 7

Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ var.

Maddə 8

Hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

Maddə 9

Heç kəs əsassız həbs oluna, tutulub saxlanıla, yaxud sürgün edilə bilməz.

Maddə 10

Hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olunması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhgəmədə baxılması hüququna malikdir.

Maddə 11

1. Cinayətdə ittiham olunan hər bir insan onun təqsiri qanuni qaydada - müdafiəsi üçün bütün imkanların yaradıldığı açıq məhkəmə baxışında sübut edilənədək günahkar sayıla bilməz.

2. Heç kəs törədilərkən milli qanunlara, yaxud beynəlxalq hüquqa görə-cinayət sayılmayan əməllərə, yaxud fəaliyyətsizliyə görə cinayətdə ittiham edilə bilməz. Eləcə də, cinayətin törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha ağır cəza verilə bilməz.

Maddə 12

Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.

Maddə 13

1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yerdəyişməg və özünə yaşayış yeri seçmək hüququna malikdir.

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var.

Maddə 14

1. Hər bir insanın təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var.

2. Bu hüquqdan əsaslandırılmış qeyri-siyasi cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllərə görə təqibolunma hallarında istifadə edilə bilməz.

Maddə 15

1. Hər bir insanın vətəndaşlıq hüququ var.

2. Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

Maddə 16

1. Yetkinliyə çatmış bütün kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.

2. Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər.

3. Ailə cəmiyyətin təbii və əsas özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.

Maddə 17

1. Hər bir insanın həm təkbaşına, həm də müştərəg əmlak sahibliyi hüququ var.

2. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.

Maddə 18

Hər bir insan fikir, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, tə'limdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında e'tiqad bəsləmək azadlığı daxildir.

Maddə 19

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

Maddə 20

1. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək, assosiasiyalar yaratmaq hüququ var.

2. Heç kəs hər hansı assosiasiyaya daxil olmağa məcbur edilə bilməz.

Maddə 21

1. Hər bir insanın öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ var.

2. Hər bir insan öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər hüquqa malikdir.

3. Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən digər eyni mənalı formalarda keçirilən vaxtaşırı və saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır.

Maddə 22

Hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.

Maddə 23

1. Hər bir insan əmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə hüququna malikdir.

2. Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan eyni əmək üçün bərabər haqq almaq hüququvar.

3. Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir.

4. Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq, yaxud həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.

Maddə 24

Hər bir insanın, iş gününün ağlabatan şəkildə məhdudlaşdırılması daxil olmaqla, istirahət və asudə vaxt,vaxtaşırı ödənişli məzuniyyət hüququ var.

Maddə 25

1. hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

2. Analar və uşaqlar xüsusi himayədarlıq və yardım göstərilmək hüququna malikdir.

Nikahdan və nikahdankənar doğulan bütün uşaqlar sosial müdafiədən eyni dərəcədə istifadə etməlidirlər.

Maddə 26

1. Hər bir insanın təhsil hüququ var. Təhsil - heç olmasa ibtidai və ümumi təhsil - pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Texniki təhsil və peşə təhsili hamıya, ali təhsil, hər kəsin qabiliyyəti əsasında, hamıya eyni dərəcədə müyəssər olmalıdır.

2. Təhsil insan şəxsiyyətinin tam inkişafına, insane hüquqlarına və əsas azadlıqlara ehtiramın artmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlüyə və dostluğa, Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq sahəsindəki fəaliyyətinə yardım göstərməlidir.

3. Valideynlər öz azyaşlı uşaqları üçün təhsil növü seçməkdə üstünlük hüququna malikdirlər.

Maddə 27

1. Hər bir insan cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və ondan bəhrələnmək hüququna malikdir.

2. Hər bir insan müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərdən irəli gələn mə'nəvi və maddi mənafelərini müdafiə etmək hüququna malikdir.

Maddə 28

Hər bir insan bu Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq nizam hüququna malikdir.

Maddə 29

1. Hər bir insan yalnız şəxsiyyətinin azad və tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında borcludur.

2. Hər bir insana öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız qanunun istisna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və onlara hörmət olunmasını təmin etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ümumi rifahın ədalətli tələblərini yerinə yetirmək məqsədilə qoyduğu məhdudiyyətlər tətbiq edilməlidir.

3. Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir vəchlə Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır.

Maddə 30

Bu Bəyannamədə heç nə hər hansı bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı şəxslərə, həmin Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların ləğv edilməsinə yönəldilmiş hər hansı fəaliyyətlə məşğul olmaq, yaxud hərəkətlər hüququ verilməsi kimi yozula bilməz.

2. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt
Baş Məclisin 2200A(XXI) saylı 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmiş və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır Qüvvəyə minməsi: 27-ci maddəyə müvafiq olaraq 3 yanvar 1976-cı il Bu Paktda iştirak edən dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə uyğun olaraq bəşər nəslinin bütün üzvlərinə məxsus ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və sülhün əsası olduğunu nəzərə alaraq, bu hüquqların insan şəxsiyyətinə məxsus olan ləyaqətdən doğduğunu etiraf edərək, İnsan hüquqları haqqında ümumi bəyannaməyə uyğun olaraq, qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçiriləcəyə biləcəyini etiraf edərək, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin insanın hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsini təşviq etməyə və riayət olunmasına yardım göstərməyə borclu olduqlarını nəzərə alaraq, ayrılıqda hər bir insanın başqalarına və mənsub olduğu kollektivin üzvlərinə münasibətdə vəzifələr daşıyaraq, bu Paktda tanınan hüquqların təşviq edilməsinə və onlara riayət olunmasına sə'y göstərməli olduğunu nəzərə alaraq, aşağıdakı maddələrlə razılaşırlar:

I hissə

Maddə 1

1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Onlar bu hüquqa əsasən öz siyasi statuslarını azad şəkildə müəyyən edir və özlərinin iqtisadi, sosial və mədəni inkişaflarını azad surətdə təmin edirlər.

2. Bütün xalqlar öz məqsədlərinə nail olmaq üçün öz təbii sərvətləri və ehtiyatları barəsində qarşılıqlı mənfəət prinsipinə və beynəlxalq hüquqa əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan

irəli gələn hər hansı öhdəliyə zərər yetirmədən azad sərəncam verə bilərlər. Heç bir xalq heç bir vəchlə ona məxsus yaşayış vasitələrindən məhrum edilə bilməz.

3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özünü idarə etməyən və qəyyumluq altında olan ərazilərin idarə olunması üçün məs'uliyyət daşıyan dövlətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına əsasən xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət bəsləməlidirlər.

II hissə

Maddə 2


1. Bu Paktda iştirak edən hər bir dövlət fərdi qaydada və beynəlxalq yardım - o cümlədən iqtisadi və texniki sahələrdə - və əməkdaşlıq qaydasında maksimal mövcud ehtiyatlar hüdudunda bu Paktda tanınan hüquqların bütün lazımi vasitələrlə, eləcə də qanunvericilik tədbirləri qəbul edilməklə, tədricən tam həyata keçirilməsi üçün tədbirlər görməyi öhdələrinə götürür.

2. Bu Paktda iştirak edən dövlətlər burada elan edilmiş hüquqların irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi, yaxud milli və sosial mənşəyi ilə bağlı digər əqidələrindən, mülki vəziyyətindən, doğuluşundan, yaxud başqa hallardan asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçiriləcəyinə təminat verməyi öhdələrinə götürürlər.

3. İnkişaf etməkdə olan dövlətlər insan hüquqlarını və öz xalq təsərrüfatlarının vəziyyətini lazımınca hesaba almaqla, onların və təndaşı olmayan şəxslərin bu Paktda tanınan iqtisadi hüquqlarını nə dərəcədə təmin edəcəklərini müəyyənləşdirə bilərlər.

Maddə 3

Bu Paktda iştirak edən dövlətlər kişi və qadınların bu Paktda nəzərdə tutulan bütün iqtisadi, sosial və mədəni hüquqlarından bərabər istifadə etmələrinin təmin olunmasını öhdələrinə götürürlər.

Maddə 4

Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Maddə 5

1. Bu Paktda heç nə hər hansı bir dövlətin, hər hansı bir insan qrupunun, yaxud kiminsə bu Paktda tanınan hüquq və azadlıqlardan hər hansı birini ləğv etməyə, yaxud onları bu Paktda nəzərdə tutulduğundan çox məhdudlaşdırmağa yönəldilmiş hansısa fəaliyyətlə məşğul olmaq, yaxud hansısa hərəkətlərə yol vermək hüququna malik olması kimi yozula bilməz.

2. Hər hansı bir ölkədə qanunla, konvensiyalarla, qayda, yaxud adətlərlə tanınan, yaxud mövcud olan əsas insan hüquqlarından heç biri həmin hüquqların bu Paktda qəbul edilməməsi, yaxud məhdud həcmdə qəbul edilməsi bəhanəsilə məhdudlaşdırıla, yaxud onların əhəmiyyəti azaldıla bilməz.

III hissə

Maddə 6

1. Bu Paktda iştirak edən dövlətlər hər kəsin, ruzi qazanmaq imkanı daxil olmaqla, sərbəst şəkildə seçdiyi, yaxud sərbəst şəkildə razılaşdığı əmək hüququnu tanıyır və bu hüququn təmin olunması üçün lazımi addımlar atacaqlar.

2. Bu Paktda iştirak edən dövlətlərin həmin hüququn tam həyata keçirilməsi məqsədilə görməli olduqları tədbirlərə texniki-peşə tə'limi və hazırlığı proqramları, durmadan iqtisadi, sosial və mədəni inkişafa, insanın əsas siyasi və iqtisadi azadlıqlarına təminat verilməsi şəraitində tam istehsalat məşğulluğuna nail olmağın yol və üsulları daxildir.

Maddə 7

Bu Paktda iştirak edən dövlətlər hər bir insanın ədalətli və əlverişli əmək şəraiti hüququnu tanıyır. Bu hüquqa, o cümlədən, aşağıdakılar daxildir:

a) bütün zəhmətkeşlərə minimum aşağıdakıları təmin edən haqq:

i) heç bir fərq qoyulmadan eyni dəyərə malik əmək üçün ədalətli əmək haqqı və bərabər ödəniş; həm də qadınlara eyni əməyə görə bərabər haqq ödənməklə, kişilərin istifadə etdiklərindən pis olmayan əmək şəraiti təmin edilməlidir;

ii) bu Paktın qərarlarına müvafiq olaraq onların özləri və ailələri üçün qənaətbəxş güzəran;

b) təhlükəsizlik və gigiyena tələblərinə cavab verən iş şəraiti;

c) müvafiq olaraq daha yüksək vəzifələrə irəli çəkilmək üçün hamıya yalnız iş stajı və ixtisas səviyyəsi əsasında eyni şərait yaradılması;

d) istirahət, asudə vaxt və iş vaxtının ağlabatan şəkildə məhdudlaşdırılması və ödənişli vaxtaşırı mə'zuniyyət, eləcə də bayram günləri üçün haqq.

Maddə 8

1. Bu Paktda iştirak edən dövlətlər aşağıdakıları təmin etməyi öhdələrinə götürürlər: a) hər bir insanın öz iqtisadi və sosial mənafelərini həyata keçirmək və müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və özünün seçdiyi belə ittifaqlara yeganə şərtlə - həmin təşkilatların qaydalarına riayət etmək şərtilə - daxil olmaq hüququ, həmin hüquqdan istifadə olunmasına qanunda nəzərdə tutulanlardan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin,

yaxud ictimai asayişin, yaxud başqalarının hüquq və azadlıqlarının qorunması üçün zəruri olanlardan əlavə heç bir məhdudiyyət qoyulmamalıdır.

b) həmkarlar ittifaqlarının milli federasiya, yaxud konfederasiya yaratmaq hüququ və sonuncuların beynəlxalq həmkarlar təşkilatları yaratmaq, yaxud onlara qoşulmaq hüququ;

j) həmkarlar ittifaqlarının qanunda nəzərdə tutulduğundan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, yaxud başqalarının hüquq və azadlıqlarının qorunması üçün zəruri olanlardan əlavə heç bir məhdudiyyət qoyulmadan maneəsiz fəaliyyət göstərmək hüququ;

d) hər bir ölkənin qanunlarına uyğun keçirilmək şərtilə tətil hüququ.

2. Bu maddə silahlı qüvvələrin, polisin, yaxud inzibati dövlət orqanlarının tərkibinə daxil olan şəxslərin həmin hüquqdan istifadə etməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

3. Bu maddə Beynəlxalq Əmək Təşkilatının assosiasiyalar azadlığı və təşkilatlanma hüququnun müdafiəsinə dair 1948-ci il Konvensiyasının iştirakçısı olan dövlətlərə, həmin Konvensiyada nəzərdə tutulan təminatların zərərinə. qanunvericilik aktları qəbul etmək yaxud qanunu bu təminatlara xələl gətirə biləcək şəkildə tətbiq etmək hüququ vermir.

Maddə 9

Bu Paktda iştirak edən dövlətlər hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququnu tanıyır.

Maddə 10

Bu Paktda iştirag edən dövlətlər aşağıdakıları qəbul edirlər:

1. Cəmiyyətin təbii və əsas özəyi olan ailəyə, xüsusilə o yaradılarkən və yetkinliyə çatmamış uşaqlar və onların tərbiyəsi üçün məs'uliyyət daşıdıqca, imkan daxilində geniş himayədarlıq və yardım göstərməlidir. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır

2. Analara doğumdan əvvəl və sonra, ağlabatan müddət ərzində xüsusi himayədarlıq göstərilməlidir. Bu müddət ərzində işləyən analara ödənişli, yaxud sosial təminat üzrə qənaətbəxş müavinətlə mə'zuniyyət verilməlidir.

3. Bütün uşaqlara və yeniyetmələrə münasibətdə ailə mənşəyinə, yaxud başqa bir əlamətə görə heç bir ayrı-seçkilik qoyulmadan xüsusi mühafizə və yardım tədbirləri görülməlidir. Uşaqlar və yeniyetmələr iqtisadi və sosial istismardan mühafizə edilməlidirlər. Onların mə'nəviyyat və sağlamlıqları üçün ziyanlı, yaxud həyatları üçün təhlükəli, yaxud normal inkişaflarına zərər yetirə bilən sahələrdə işlədilməsi qanunla cəzalandırılmalıdır. Bundan əlavə, dövlətlər təyin olunduğundan aşağı yaşda pullu uşaq əməyindən istifadə olunmasını qanunla qadağan edən və cəzalandıran yaş həddi müəyyən etməlidirlər.

Maddə 11

1. Bu Paktda iştirag edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı-dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımi tədbirlər görəcəklər.

2. Bu Paktda iştirak edən dövlətlər hər bir insanın əsas hüququ olan aclıqdan azad olmaq hüququnu qəbul edərək, aşağıdakılar üçün konkret proqramlar daxil olmaqla, fərdi və beynəlxalq əməkdaşlıq qaydasında lazımi tədbirlər görməlidirlər:

a) ərzaq məhsullarının istehsalı, saxlanılması və bölüşdürülməsi üsullarını texniki və elmi biliklərdən geniş istifadə etmək, qidalanma prinsipləri haqqında bilikləri yaymaq, aqrar sistemlərin islahatını təbii ehtiyatların mənimsənilməsi və onlardan istifadə olunmasının səmərəliliyini daha yüksək səviyyəyə qaldırmağa imkan verə biləcək şəkildə təkmilləşdirmək yolu ilə yaxşılaşdırmaq;

b) ərzaq ehtiyatlarını istər qida məhsullarını idxal, istərsə də ixrac edən ölkələrin ehtiyaclarına uyğun və problemləri nəzərə alınmaqla ədalətli bölüşdürülməsini təmin etmək.

Maddə 12

1. Bu Paktda iştirak edən dövlətlər hər bir insanın fiziki və psixi sağlamlığın ən yüksək səviyyəsinə çatmaq Hüququnu tanıyırlar.

2. Həmin hüququn tam şəkildə həyata keçirilməsi üçün bu Paktda iştirak edən dövlətlərin həyata keçirməli olduğu zəruri tədbirlərə aşağıdakılar daxildir:

a) ölü doğulma və uşaq ölümü hallarının azaldılmasını və uşaqların sağlam inkişafını təmin etmək;

b) xarici mühit gigiyenasının bütün aspektlərinin və sənayedə əmək gigiyenasının yaxşılaşdırılması;
j) epidemik, endemik, peşə xəstəlikləri və digər xəstəliklərin qarşısının alınması və onlarla mübarizə;
d) hamıya tibbi yardım, xəstələndikdə tibbi xidmət göstərilməsini təmin edən şərait yaradılması.

Maddə 13

1. Bu Paktda iştirak edən dövlətlər hər bir insanın təhsil hüququnu tanıyır. Onlar razılaşırlar ki, təhsil insane şəxsiyyətinin tam inkişafına və onun ləyaqətinin dərkinə yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar həm də razılaşırlar ki, təhsil hamının azad cəmiyyətin yararlı iştirakçısı olmasına imkan yaratmalı,

bütün millətlər, irqi, etnik və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlüyə, dostluğa kömək etməli və Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq işinə yardım göstərməlidir. 2. Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüququn tam həyata keçirilməsi üçün:
a) ibtidai təhsil icbari və hamı üçün pulsuz olmalıdır;

b) orta təhsilin bütün formaları, texniki-peşə orta təhsili də daxil olmaqla, açıq və bütün zəruri tədbirləri görmək, o cümlədən tədricən pulsuz təhsilə keçilməklə hamıya müyəssər olmalıdır;

c) ali təhsil hər kəsin qabiliyyəti əsasında bütün zəruri tədbirlər görülməklə, o cümlədən tədricən pulsuz təhsilə keçilməklə hamının üzünə eyni dərəcədə açıq olmalıdır;

d) ibtidai təhsili olmayanlar, tam ibtidai təhsil kursu keçməyənlər üçün elementar təhsil, imkan daxilində təşviq edilməli, yaxud intensivləşdirilməlidir;

e) bütün dərəcədən olan məktəblər şəbəkəsi fəal şəkildə inkişaf etdirilməli, qənaətbəxş təqaüd sistemi müəyyən olunmalı, müəllim hey'ətinin maddi şəraiti daim yaxşılaşdırılmalıdır. 3. Bu Paktda iştirak edən dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların öz uşaqları üçün yalnız dövlət hakimiyyət orqanlarının təşkil etdigləri məktəbləri deyil, həm də dövlət tərəfindən müəyyən edilən minimum təhsil tələblərinə cavab verən və uşaqlarının öz şəxsi əqidələrinə uyğun dini və əxlaqi təhsil almasını təmin edə bilən başqa məktəbləri də seçmək azadlığına hörmət etməyi öhdələrinə götürürlər.

4. Bu maddənin heç bir hissəsi ayrı-ayrı şəxslərin və idarələrin təhsil müəssisələri yaratmaq və onlara bu maddənin 1-ci bəndində ifadə olunmuş prinsiplərə daim riayət edilməsi və belə müəssisələrlərdə verilən təhsilin dövlət tərəfindən qoyula biləcək minimum tələblərə cavab verməsi şərtilə, rəhbərlik etmək azadlığının əhəmiyyətini azaltmaq kimi yozulmamalıdır.

Maddə 14

Bu Paktın, onun iştirakçıları sırasına daxil olarkən öz metropoliyası ərazisində, yaxud onun yurisdiksiyasında olan digər ərazilərdə icbari pulsuz ibtidai təhsili tətbiq edə bilməyən hər bir iştirakçı-dövlət iki il ərzində ağlabatan illər içərisində (planda göstərilməlidir) ümumi icbari pulsuz təhsil prinsipinin tədricən həyata keçirilməsinə dair müfəssəl tədbirlər planı hazırlamağı öhdəsinə götürür.

Maddə 15

1. Bu Paktda iştirak edən dövlətlər hər bir insanın:

a) mədəni həyatda iştirak etmək;
b) elmi tərəqqinin nəticələrindən və onların praktik tətbiqindən istifadə etmək;
j) müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərlərdən irəli gələn mə'nəvi və maddi mənafelərini müdafiə etmək hüququnu tanıyır.

2. Bu Paktda iştirak edən dövlətlərin həmin hüququn tam həyata keçirilməsi üçün görməli olduqları tədbirlərə elm və mədəniyyətin nailiyyətlərinin mühafizəsi, inkişafı və yayılması üçün zəruri olan tədbirlər daxildir.

3. Bu Paktda iştirak edən dövlətlər elmi-tədqiqat və yaradıcılıq fəaliyyəti üçün, şəksiz, zəruri olan azadlığa hörmət etməyi öhdələrinə götürürlər.

4. Bu Paktda iştirak edən dövlətlər elm və mədəniyyət sahəsində beynəlxalq əlaqələrin və əməkdaşlığın təşviq edilməsinin və inkişafının faydasını etiraf edirlər.

IV hissə

Maddə 16


1. Paktda iştirak edən dövlətlər onun bu hissəsinə müvafiq olaraq, Paktda tanınan hüquqlara riayət edilməsinə nail olmaq üçün gördükləri tədbirlər və əldə olunmuş tərəqqi haqqında məruzələr təqdim etməyi öhdələrinə götürürlər.

2. a) Bütün məruzələr Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim olunur. O, məruzələrin nüsxələrini, bu Paktın tə'limatına əsasən, baxılmaq üçün İqtisadi və Sosial Şuraya göndərir.

b) Birləşmiş Millətlər Təşkilatının Baş katibi, həmçinin, bu Paktda iştirak edən dövlətlərin məruzələrinin nüsxələrini, yaxud məruzələrin hər hansı bir hissəsini həmin dövlətlərin də öz Konstitusiya aktlarına müvafiq, üzvü olduqları ixtisaslaşdırılmış idarələrə göndərir. Belə ki, bu cür məruzələr, yaxud həmin məruzələrin ayrı-ayrı hissələri yuxarıda göstərilən idarələrin vəzifələri çərçivəsinə daxil olan bütün məsələlərə aid olur.

Maddə 17

1. Bu Paktda iştirak edən dövlətlər öz məruzələrini İqtisadi və Sosial Şuranın bu Pakt qüvvəyə minəndən sonra bir il ərzində iştirakçı-dövlətlər və maraqlı ixtisaslaşdırılmış idarələrlə məsləhətləşmələr apararaq müəyyənləşdirməli olduğu proqram əsasında mərhələ-mərhələ təqdim edir.

2. Məruzələrdə bu Pakt üzrə öhdəliklərin yerinə yetirilmə dərəcəsinə təsir edən amillər və çətinliklər göstərilə bilər.

3. Əgər bu Paktda iştirak edən dövlətlərdən hər hansı biri əvvəllər Birləşmiş Millətlər Təşkilatına, yaxud onun hansısa ixtisaslaşdırılmış idarəsinə müvafiq məlumatlar vermişsə, bu halda həmin məlumatları təkrarlamağa ehtiyac yoxdur; bu yolla verilmiş məlumatlara dəqiq istinad kifayətdir.

Maddə 18

İqtisadi və Sosial Şura Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən insan hüquqları və əsas azadlıqlar sahəsində vəzifələrini yerinə yetirərkən ixtisaslaşdırılmış idarələrlə, onların bu Paktın öz fəaliyyətləri dairəsinə aid qərarlarına riayət edilməsinə nail olmaq sahəsində əldə etdikləri tərəqqiyə dair Şuraya məruzələr təqdim etməsinə dair saziş bağlaya bilər. Bu məruzələrə həyata keçirilən işlər haqda onları qəbul edən səlahiyyətli orqanların qərar və tövsiyələrinin təfərrüatı daxil edilə bilər.

Maddə 19

İqtisadi və Sosial Şura 16 və 17-ci maddələrə müvafiq olaraq dövlətlərin, 18-ci maddəyə müvafiq olaraq ixtisaslaşdırılmış idarələrin insan hüquqlarına dair təqdim etdikləri məruzələri baxılmaq, yaxud ümumi tövsiyələr vermək, yaxud müvafiq hallarda məlumat üçün İnsan hüquqları komissiyasına göndərə bilər.

Maddə 20

Bu Paktda iştirak edən maraqlı dövlətlər və ixtisaslaşdırılmış idarələr 19-cu maddəyə əsasən istənilən tövsiyəyə, yaxud İnsan hüquqları komissiyasının hər hansı məruzəsində, yaxud hər hansı digər sənəddə belə ümumi tövsiyəyə edilən istinada dair mülahizələrini İqtisadi və Sosial Şuraya təqdim edə bilərlər.

Maddə 21

İqtisadi və Sosial Şura Baş Məclisə vaxtaşırı ümumi xarakterli tövsiyələr verilən və bu Paktda iştirak edən dövlətlərdən və ixtisaslaşdırılmış idarələrdən bu Paktda tanınan hüquqlara hamılıqla riayət olunmasının təmin edilməsi sahəsində gördükləri tədbirlər və əldə etdikləri nəticələrə dair alınmış məlumatların müxtəsər şərh edildiyi məruzələr təqdim edə bilər.

Maddə 22

İqtisadi və Sosial Şura Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının, onların köməkçi orqanlarının və texniki yardımla məşğul olan ixtisaslaşdırılmış idarələrinin diqqətini bu Paktda xatırlanan məruzələrlə əlaqədar meydana çıxan, həmin orqanlardan hər birinə bu Paktın tədricən səmərəli həyata keçirilməsinə yardım göstərə biləcək beynəlxalq tədbirlərin məqsədəuyğunluğuna dair öz səlahiyyəti çərçivəsində qərar çıxararkən faydalı ola bilən bütün məsələlərə cəlb edə bilər.

Maddə 23

Bu Paktda iştirak edən dövlətlər razılığa gəlirlər ki, bu Paktda elan olunmuş hüquqların həyata keçirilməsinə yardım edən beynəlxalq tədbirlərə konvensiyalar bağlanması, tövsiyələr qəbul edilməsi, texnigi yardım göstərilməsi, məsləhətləşmə məqsədilə regional və texniki müşavirələr keçirilməsi, habelə maraqlı hökumətlərin birgə təşkil etdikləri tədqiqatlar aparılması kimi vasitələr daxildir.

Maddə 24

Bu Paktda heç nə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və onun ixtisaslaşdırılmış idarələrinin nizamnamələrinin, Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanlarının və ixtisaslaşdırılmış idarələrinin bu Paktın toxunduğu məsələlərə dair müvafiq vəzifələrini müəyyənləşdirən qərarlarının əhəmiyyətinin azaldılması kimi yozulmamalıdır.

Maddə 25

Bu Paktda heç nə xalqların öz təbii sərvət və ehtiyatlarının tam və azad sahibi olmaq və onlardan istifadə etmək kimi ayrılmaz hüququnun əhəmiyyətinin azaldılması kimi yozulmamalıdır. V hissə

Maddə 26


1. Bu Pakt Birləşmiş Millətlər Təşkilatının, yaxud onun hər hansı ixtisaslaşdırılmış idarəsinin hər bir üzvünün, Beynəlxalq Məhkəmə Statutunun hər bir iştirakçı-dövlətinin və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin bu Paktda iştiraka dəvət etdiyi hər bir dövlətin imzalaması üçün açıqdır.

2. Bu Pakt təsdiq edilməlidir. Təsdiqetmə fərmanları Birləşmiş Millətlər Təşkilatının Baş katibinin yanında depozitə qoyulur.

3. Bu Pakt bu maddənin 1-ci bəndində göstərilən hər bir dövlətin qoşulması üçün açıqdır. 4. Qoşulma bu haqda sənədin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulması ilə həyata keçirilir.

5. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktı imzalamış, yaxud ona qoşulmuş dövlətlərə hər bir təsdiq etmə fərmanının, yaxud qoşulma sənədinin depozitə qoyulması haqqında bildiriş göndərir.

Maddə 27

1. Bu Pakt otuz beşinci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd Birləşmiş Millətlər Təşkilatı Baş katibi yanında depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.

2. Bu Pakt onu otuz beşinci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd depotizə qoyulandan sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün həmin dövlətin özünün təsdiqetmə fərmanının, yaxud qoşulma haqqında sənədinin depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.

Maddə 28

Bu Paktın qərarları heç bir məhdudiyyət qoyulmadan, yaxud istisnalar edilmədən federativ dövlətlərin bütün tərkib hissələrinə şamildir.

Maddə 29

1. Bu Paktda iştirak edən hər bir dövlət düzəlişlər təklif edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Baş katib təklif olunan hər bir düzəlişi bu Paktda iştirak edən dövlətlərə göndərərəg ovların həmin təkliflərə baxmaq və onları səsə qoymaq məqsədilə iştirakçı-dövlətlərin konfransının çağırılmasına razı olub-olmadıqlarını ona bildirməyi xahiş edir. İştirakçı-dövlətlərdən heç olmasa üçdə biri belə konfransın çağırılmasına razılığını bildirsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin konfransı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında çağırır. Bu konfransda və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən qəbul olunan hər bir düzəliş təsdiq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə təqdim edilir.

2. Düzəlişlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində təsdiq olunduqdan və bu Paktda iştirak edən dövlətlərin, onların konstitusiya prosedurlarına müvafiq olaraq, üçdə ikisinin çoxluğu tərəfindən qəbul edildikdən sonra qüvvəyə minir.

3. Düzəlişlər qüvvəyə mindikdə onları qəbul edən iştirakçı dövlətlər üçün icbari olur. Digər iştirakçı-dövlətlər üçün isə bu Paktın qərarları və onların qəbul etdiyi bütün əvvəlki düzəlişlər icbari olaraq qalır.

Maddə 30

Birləşmiş Millətlər Təşkilatının Baş katibi 26-cı maddənin 5-ci bəndində edilən bildirişdən asılı olmayaraq, həmin maddənin 1-ci bəndində söhbət gedən bütün dövlətlərə aşağıdakılar haqqında məlumat verir:

a) 26-cı maddəyə əsasən imzalanmalar, təsdiqetmələr, qoşulmalar;
b) 27-ci maddəyə əsasən bu Paktın qüvvəyə minmə tarixi və 29-cu maddəyə əsasən hər hansı düzəlişin qüvvəyə minmə tarixi.

Maddə 31

1. Mətni ingilis, ispan, Çin, rus və fransız dillərində eyni qüvvəyə malik olan bu Pakt saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə təhvil verilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktın təsdiq olunmuş surətlərini 26-cı maddədə göstərilən bütün dövlətlərə göndərir.

3. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

Baş Məclisin 2200A(XXI) saylı 18 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmişdir və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır

Qüvvəyə minməsi: 49-cu maddəyə müvafiq olaraq 23 mart 1976-cı il

PREAMBULA

Bu Paktda iştirak edən dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə müvafiq olaraq bəşər nəslinin bütün üzvlərinə məxsus ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq, həmin hüquqların insan şəxsiyyətinə məxsus olan ləyaqətdən doğduğunu etiraf edərək,

İnsan hüquqları haqqında ümumi bəyannaməyə əsasən mülki və siyasi azadlıqdan istifadə edən və qorxu və ehtiyacdan azad insane şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə biləcəyini etiraf edərək,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin insanın hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsini təşviq etməyə və onlara riayət olunmasına yardım göstərməyə borclu olduqlarını nəzərə alaraq, ayrılıqda hər bir insanın başqalarına və mənsub olduğu kollektivin üzvlərinə münasibətdə vəzifələr daşıyaraq, bu Paktda tanınan hüquqların təşviq edilməsinə sə'y göstərməli olduğunu nəzərə alaraq, aşağıdakı maddələrlə razılaşırlar: