A
A
A
San serif
Serif
Müasir dövrdə beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlığın doğurduğu yeni təhdidlər, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın artması qabaqlayıcı, adekvat tədbirlərin görülməsini və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir. Bu təhlükəli təzahürlərin aşkar edilməsi və qarşısının alınmasının səmərəli üsullarından biri də hüquq mühafizə orqanları və digər səlahiyyətli dövlət orqanlarının iş təcrübəsində dövlət sərhədlərindən keçən şəxslərin etibarlı yoxlanılmasını təmin edəcək müasir informasiya texnologiyalarının tətbiqidir. Ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan biometrik eyniləşdirmə sistemi artıq dünyanın bir sıra dövlətləri tərəfindən qəbul edilmişdir, digərləri isə yaxın zamanlarda bu sistemi tətbiq etməyə hazırlaşır. Biometrik eyniləşdirmə sistemin təsis edilməsi özündə beynəlxalq standartlara cavab verən əhali haqqında vahid məlumat bazasının formalaşdırılmasını, biometrik pasportların, eyni zamanda şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasını təmin edən milli və beynəlxalq standartların hazırlanması üçün zəruri şəraitin yaradılmasını ehtiva edir. Biometrik eyniləşdirmə sisteminin məqsədi yeni nəsil pasportlarından istifadə etməklə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və digər dövlətlərlə qarşılıqlı əsasda Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi və əcnəbilərin Azərbaycan Respublikasına gəlməsinin təmin edilməsidir. Müasir təhlükəsizlik standartlarının harmonizasiyası ilə bağlı beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılmasının normativ-hüquqi, təşkilati, proqram-texniki, maliyyə-iqtisadi əsaslarının formalaşdırılması məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın: Komissiyanın sədri: Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri Komissiyanın üzvləri: Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Əvəz Ələkbərov - Azərbaycan Respublikasının maliyyə naziri Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri 2. Dövlət Komissiyasına tapşırılsın ki: 2.1. altı ay müddətində Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 mart 2006-cı il |