"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.4. həmin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.5. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.6. həmin Qanunun 12.7-ci maddəsinə uyğun olaraq reyestrdən istifadəni və sənədin axtarılmasını asanlaşdırmaq məqsədi ilə reyestrdən istifadəyə dair qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.7. həmin Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formalarını və qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin; 1.8. həmin Qanunun 32.2-ci və 56.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.9 öz səlahiyyətləri daxilində "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki: 2.1. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 43.1-ci, 45.1-ci, 45.6-cı və 55.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2. həmin Qanunun 8.1-ci, 12.2-ci, 12.7-ci, 26.4-cü və 32.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham Əliyev, |