A
A
A
San serif
Serif
http://www.president.az “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.9-cu maddəsində nəzərdə tutulmuş fərdi məlumatların mühafizəsinə dair tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanunun 15.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.5. həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.6. həmin Qanunun 5.7-ci, 7.4-cü, 10.6-cı maddələrində, 15.1-ci maddəsinin birinci cümləsində, 15.5-ci, 16.1-ci, 17-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.7. öz səlahiyyətləri daxilində “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki: 2.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2. həmin Qanunun 5.9-cu, 9.10-cu maddələrində, 15.1-ci maddəsinin ikinci cümləsində, 15.3.3-cü, 15.6-cı, 18.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 4 iyun 2010-cu il. |