I fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun tə`sir dairəsi Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların tə`minat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. Bu Qanun "Kütləvi informasiya vasitələri haqqında" və "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlərə şamil edilir. Maddə 2. Əsas anlayışlar Qanunda aşağıdakı anlayışlar işlədilmişdir: informasiya - təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, hadisə və proseslər haqqında mə`lumatlar; sənədləşdirilmiş informasiya (sənəd) - maddi daşıyıcıda qeyd olunmuş və identikləşdirilməsinə imkan verən rekvizitlərə malik informasiya; kütləvi informasiya - əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün tə`yin olunmuş sənədləşdirilmiş informasiya; konfidensial informasiya - əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya; informasiya prosesləri - informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması; informasiya texnologiyaları - informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemi; informasiya sistemi - informasiya texnologiyaları və sənədlərinin təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasındən istifadə edilməklə, nizamlanmış məcmusu; informasiya ehtiyatları - informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, mə`lumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri; informasiya sistemləri və texnologiyalarının tə`minat vasitələri - informasiya sistemlərinin və texnologiyalarının yaradılması zamanı hazırlanan və onların istismarını tə`min edən proqram, texniki, linqvistik, hüquqi, təşkilati vasitələr; informasiya sistemləri, texnologiyaları, ehtiyatları və onların tə`minat vasitələrinin mülkiyyətçisi - göstərilən obyektlər üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən subyekt; informasiya sistemləri texnologiyaları, ehtiyatları və onların tə`minat vasitələrinin sahibkarı - göstərilən obyektlər üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik və istifadə hüququnu həyata keçirən subyekt; informasiyanın istifadəçisi - özü üçün zəruri informasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik subyekt; informasiya məhsulları - istifadəçilərin tələblərinə əsasən yaradılmış və onların tələbatlarının ödənilməsi üçün tə`yin olunmuş və ya tətbiq edilən sənədləşdirilmiş informasiya, informasiya sistemləri, texnologiyaları və onların tə`minat vasitələri; informasiya xidmətləri - istifadəçilərin informasiya məhsulları ilə tə`min edilməsi üzrə subyektlərin (mülkiyyətçilər, sahibkarlar və ya vasitəçilərin) fəaliyyəti; informasiyalaşdırma - informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının tə`min edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses. Maddə 3. İnformasiyalaşdırma sahəsində dövlət siyasəti İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: milli informasiya fəzasının formalaşdırılması; informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin tə`yini və meydana çıxan münasibətlərin tənzimlənməsi; dövlət informasiya ehtiyatlarının formalaşdırılması və mühafizəsi üçün zəruri olan şəraitin yaradılması; ərazi informasiya şəbəkələrinin yaradılması, onların beynəlxalq informasiya şəbəkələri ilə uzlaşması, qarşılıqlı əlaqəsinin tə`min edilməsi üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin tə`yin edilməsi; dövlət informasiya ehtiyatları əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların müvafiq informasiya ilə tə`min olunması üçün şərait yaradılması; informasiya fəzasında milli təhlükəsizliyin tə`min edilməsi; informasiya məhsulları və xidmətləri bazarında informasiya münasibətlərinin subyektləri, o cümlədən xarici subyektlər tərəfindən inhisar fəaliyyəti və haqsız rəqabətin qarşısının alınması və yol verilməməsi; informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının tə`min olunması; informasiyalaşdırma mühitində elmi-texniki və istehsal siyasətinin formalaşdırılması və həyata keçirilməsi; informasiyalaşdırma layihələri və proqramlarının dəstəklənməsi, onların işlənməsi və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin yaradılması; informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi. II fəsil. İnformasiya ehtiyatları Maddə 4. İnformasiya ehtiyatlarının hüquqi rejimi İnformasiya ehtiyatları fiziki, hüquqi şəxslərin və dövlətin münasibət obyektləridir. Onlar Azərbaycan Respublikasının informasiya ehtiyatları hesab olunur və digər ehtiyatlar kimi qanunla qorunur. İnformasiya ehtiyatlarının hüquqi rejimi aşağıdakı normalarla müəyyən edilir: informasiyanın sənədləşdirilməsi qaydaları; sənəd və sənəd massivləri üzərində mülkiyyət hüququ; işləməyə buraxılmaq növünə görə informasiyanın kateqoriyaları; informasiyanın mühafizə olunmasının hüquqi qaydaları. Maddə 5. İnformasiyanın sənədləşdirilməsi İnformasiyanın sənədləşdirilməsi onun informasiya ehtiyatlarına daxil edilməsinin mütləq şərtidir. İnformasiyanın sənədləşdirilməsi Azərbaycan Respublikasının təhlükəsizliyi, kargüzarlıq, sənəd və sənəd massivlərinin standartlaşdırılması məsələlərinin təşkilinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir. Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə informasiya sistemlərindən, o cümlədən avtomatlaşdırılmış sistemlərdən alınmış sənəd vəzifəli şəxs tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. İnformasiya və telekommunikasiya sistemlərində dövr edən sənəd elektron imzası vasitəsilə də təsdiq edilə bilər. Elektron imzası avtomatlaşdırılmış informasiya sistemində onun identikləşdirilməsi və istifadə olunma qaydasının gözlənilməsini tə`min edən proqram texniki vasitələr olduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və hüquqi qüvvəyə malik olur. Maddə 6. İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların tə`minat vasitələri üzərində mülkiyyət hüququ İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların tə`minat vasitələri üzərində mülkiyyətin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş bütün formalarına yol verilir. Fiziki və hüquqi şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni yolla əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış informasiya ehtiyatlarının, informasiya sistemlərinin, texnologiyalarının və onların tə`minat vasitələrinin mülkiyyətçisidirlər. Azərbaycan Respublikasının büdcə vəsaitləri və dövlət idarə, müəssisə və təşkilatlarının vəsaitləri hesabına yaradılan, əldə edilən, toplanan informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların tə`minat vasitələri dövlət mülkiyyətidir. İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların tə`minat vasitələri üzərində mülkiyyət hüququnun həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sənədləşdirilmiş informasiyanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlarına müvafiq təşkilatlara təqdim edən subyektlər bu sənədlərə mülkiyyət və onlardakı informasiyadan istifadə etmək hüquqlarını itirmirlər. Bu sənədlərə dövlət və onları təqdim etmiş subyektlər birgə sahibkarlıq hüququna malikdirlər. İnformasiya məhsulu və xidmətinin qiymətləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icra hakimiyyəti orqanları tərəfindən və ya bağlanmış müqavilələrlə müəyyən edilir. İnformasiya proseslərində iştirak edən, informasiya məhsulu və xidmətlərini azad realizə edən bütün fiziki və hüquqi şəxslər ümumi informasiya bazarının iştirakçıları sayılırlar. İnformasiya istifadəçiləri, informasiya məhsul və xidmətlərinin mülkiyyətçiləri, sahibkarları vasitəçilərini, informasiya növünü və işlənmə üsulunu, informasiya məhsulları və xidmətlərinin nomenklaturasını, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, azad seçmək hüququna malikdirlər. İnformasiyanın işlənmə vasitələri üzərində mülkiyyət hüququ informasiya ehtiyatları üzərində mülkiyyət hüququ yaratmır. İşlənmə vasitələrinin birgə istifadə olunması halında ilkin sənədlər sahibkara məxsus olur, törəmə məhsulun məxsusluğu isə müqavilə ilə müəyyən olunur. İnformasiya ehtiyatlarının mülkiyyətçisi onun yaratdığı informasiyanın keyfiyyətinə görə məs`uliyyət daşıyır. Dövlət sirri təşkil edən informasiya ehtiyatları ilə işləmə qaydaları və mülkiyyət münasibətləri "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən tənzimlənir. Maddə 7. Dövlət informasiya ehtiyatları Dövlət informasiya ehtiyatlarının formalaşdırılmasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar iştirak edə bilərlər. Dövlət hakimiyyəti orqanları onların sərəncamında dövlət informasiya ehiyatlarını formalaşdırır və səlahiyyətləri daxilində onlardan istifadəni tə`min edirlər. Dövlət hakimiyyət orqanları və təşkilatlarının dövlət informasiya ehtiyatlarının formalaşdırılması sahəsindəki fəaliyyəti dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər fondlardan maliyyələşdirilir. Dövlət informasiya ehtiyatlarının formalaşdırılması və xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşan təşkilatların fəaliyyəti xüsusi razılıq əsasında həyata keçirilir. Maddə 8. Dövlət informasiya ehtiyatlarının formalaşdırılması üçün sənədləşdirilmiş informasiyanın təqdim olunması İnformasiya ehtiyatlarının formalaşdırılması və işlənməsinə cavabdeh olan orqan və təşkilatların siyahısı, eləcə də dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar tərəfindən sənədləşdirilmiş informasiyanın təqdim olunma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Dövlət sirri təşkil edən konfidensial informasiyanın formalaşdırılma və işlənmə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 9. Milli informasiya ehtiyatları
Maddə 10. Daxilolma növünə görə informasiya ehtiyatları Daxilolma növünə görə informasiya ehtiyatları açıq və məhdudlaşdırılmış ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə daxilolma növünə görə məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla dövlət informasiya ehtiyatları istifadə üçün açıqdır. Məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları hüquqi rejiminə görə dövlət sirli və konfidensial ola bilər. Mə`lumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları və mühafizəsi "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Dövlət sirrinə aid edilməyən, lakin vətəndaşların, idarə, müəssisə və təşkilatların qanuni marağının qorunması məqsədilə məxfiliyi tə`min edilməli olan informasiya konfidensial xarakter daşıyır. Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda yol verilə bilər. III fəsil. İnformasiya ehtiyatlarının istifadə olunması Maddə 11. İnformasiya ehtiyatları ilə işləməyə buraxılma hüququ Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə müraciət növünə görə məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla dövlət informasiya ehtiyatları ilə işləməyə buraxılmaqda istifadəçilər bərabar hüquqlara malikdirlər və mə`lumatlardan istifadə edilməsinin zəruriliyini informasiya ehtiyatlarının mülkiyyətçisi və ya sahibkarı qarşısında əsaslandırmağa məcbur deyillər. İstifadəçilər tərəfindən qanuni əsaslarla dövlət informasiya ehtiyatlarından əldə olunmuş informasiyadan kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına yalnız alınma mənbəyinə istinad edilməklə istifadə olunmasına icazə verilir. Bu halda istifadəçiyə məxsus olan mənfəət dövlət informasiya ehtiyatlarından alınmış informasiyadan deyil, törəmə informasiya məhsulunun yaradılması nəticəsində olur. İstifadəçilərə informasiya ilə işləməyə buraxılmanın qaydası, bu Qanunun tələblərinə əməl edilməklə müvafiq icra hakimiyyəti orqanı və ya mülkiyyətçi tərəfindən müəyyən edilir. Bu qaydalar və göstərilən xidmətlər haqqında mə`lumatların verilməsi üçün haqq alınmır. İnformasiya ehtiyatlarından istifadə edənlərə haqqı ödənilmədən və ya xidmətlərə çəkilən xərcləri qismən ödəməklə təqdim olunan informasiya xidmətlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göstərilmiş xidmətlərə çəkilmiş xərclərdəki fərqin kompensasiyası dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər mənbələrdən ödənilir. Maddə 12. Fiziki və hüquqi şəxslərin özləri barəsində informasiyaya buraxılmaq hüququ Fiziki və hüquqi şəxslər barəsində sənədləşdirilmiş informasiyanın siyahısı və onların informasiya sistemlərində istifadə edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Fiziki və hüquqi şəxslər özləri barəsindəki sənədləşdirilmiş informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istina edilməklə, maneəsiz olaraq buraxılmaq, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədilə istifadə etdiyini bilmək hüququ vardır. Maddə 13. İnformasiya ehtiyatları mülkiyyətçisi və ya sahibkarının məs`uliyyəti İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına, istifadəçilərin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına görə mülkiyyətçi və ya sahibkar, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məs`uliyyət daşıyırlar. IV fəsil. İnformasiyalaşdırma, informasiya sistemləri, texnologiyaları və onların tə`minat vasitələri Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların tə`minat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır. Dövlət informasiya sistemlərinin, texnologiyalarının və onların tə`minat vasitələrinin yaradılması və istehsalı sahəsində elmi və təcrübi-layihə işlərinin aparılmasına şərait yaradır. İnformasiyalaşdırmanın aparıcı istiqamətlərinin müəyyən edilməsi, onun inkişafı üçün müvafiq tədbirlərin görülməsi, dövlət informasiya sistemlərinin yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və görülən işlər dövlət büdcəsi, xüsusi vəsaitlər və digər mənbələrdən maliyyələşdirilir. Maddə 15. İnformasiya sistemləri, texnologiyaları və onları tə`minat vasitələrinə müəlliflik hüququ İnformasiya sistemləri, texnologiyaları və onların tə`minat vasitələrinə müəlliflik hüququ və onun müdafiəsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Maddə 16. İnformasiya sistemləri, texnologiyaları və onların tə`minat vasitələrinin sertifikasiyası, yaradılması və istifadəsi sahəsində xüsusi qaydalar Vətəndaşların və təşkilatların informasiya tə`minatı üçün nəzərdə tutulan informasiya sistemləri, verilənlər bazası və verilənlər bankı, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanları, idarə, müəssisə və təşkilatların informasiya sistemləri, habelə bu sistemlərin mühafizə vasitələri müəyyənləşdirilmiş qaydada sertifikasiyalaşdırılmalıdır. İnformasiya mühafizə vasitələrinin layihələşdirilməsi və istehsalı sahəsində fəaliyyət xüsusi razılıq əsasında həyata keçirilir. V fəsil. İnformasiyanın mühafizəsi Maddə 17. İnformasiya ehtiyatları və prosesləri sahəsində mühafizənin məqsədləri İnformasiyanın mühafizəsinin məqsədləri aşağıdakılardan ibarətdir: informasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının qarşısının alınması; dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinin tə`min edilməsi; informasiyanın məhvi, modifikasiyası, surətinin çıxarılması, təcrid edilməsi ilə bağlı sanksiyalaşdırılmamış hərəkətlərin qarşısının alınması; dövlət sirri təşkil edən və konfidensial informasiyanın məxfiliyinin qorunması; informasiya proseslərində və informasiya sistemlərinin, texnologiyalarının və onların tə`minat vasitələrinin işlənməsi, istehsalı, tətbiqi zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının tə`min olunması. Maddə 18. İnformasiyanın mühafizəsinin təşkili Barəsində qanunsuz əməliyyatlar və davranış nəticəsində mülkiyyətçiyə, sahibkara, istifadəçiyə və ya başqa şəxslərə ziyan vurula bilən hər hansı sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır. İnformasiyanın mühafizə rejimi, onun məxfilik dərəcəsi və daxilolma növündən asılı olaraq "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, bu Qanunla, digər normativ-hüquqi aktlarla, habelə mülkiyyətçi tərəfindən müəyyən edilir. İnformasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məs`ul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər. Sənədləşdirilmiş informasiyanın mülkiyyətçisi və ya sahibkarı informasiya sistemlərindəki ona məxsus informasiyanın mühafizəsinin norma və tələblərinə riayət olunmasını müəyyənləşdirmək üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu orqanlar informasiyanın özünün və yoxlamanın nəticələrinin məxfiliyi şərtlərinə əməl etməlidirlər. Maddə 19. İnformasiyanın mühafizəsi sahəsində subyektlərin hüquq və vəzifələri Sənədlərin, sənəd massivlərinin, informasiya sistemlərinin mülkiyyətçisi və ya müvafiq icra hakimiyyəti orqanları informasiyanın istifadəçiyə təqdim edilməsinin qaydalarını bu Qanuna uyğun olaraq müəyyən edir və istifadəçilərin sənədlərlə işləməyə buraxılmasını tə`min edirlər. Maddə 20. İnformasiyalaşdırma mühitində subyektlərin hüquqlarının müdafiəsi İnformasiyanın istifadəçisi informasiya mülkiyyətçisi və ya sahibkarının hüquqlarına riayət edilməməsinə görə məs`uliyyət daşıyır. İnformasiya məhsulları və xidmətlərinin mülkiyyətçiləri ilə istifadəçilər arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalarla, müqavilələrlə rəsmiləşdirilir. Onlar arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məhkəmə vasitəsilə həll edilir. İnformasiyanı korlamaqla və ya dəyişdirməklə onun sahibinə ziyan vuran fiziki və hüquqi şəxslər hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məs`uliyyət daşıyırlar. İnformasiya ehtiyatlarının formalaşdırılması, istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların tə`minat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, dəymiş ziyanın ödənilməsi məqsədini daşıyır. Bu hüquqların müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən həyata keçirilir. İstifadəçinin açıq informasiya ilə işləməsinə məhdudiyyətlər qoyulması və ya buraxılmaması, bilərəkdən yanlış informasiya verilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi və ya bağlanmış müqavilələrin şərtləri yerinə yetirilmədiyi hallarda istifadəçi məhkəməyə şikayət etmək və bu hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Vətəndaşların informasiya ilə işləmək hüququnun əsassız olaraq məhdudlaşdırılmasında təqsirli olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məs`uliyyət daşıyırlar. VI fəsil. İnformasiya sahəsində beynəlxalq münasibətlər Maddə 21. İnformasiya sahəsində beynəlxalq fəaliyyət İnformasiya sahəsində dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikasının imzaladığı müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanunda nəzərə alınmış qaydalardan fərqlər müəyyən olunduqda beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 3 aprel 1998-ci il. № 460-IQ. |