http://www.president.az
1. Ümumi əsaslar
1.1. Mövcud vəziyyət
Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır.
İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” xüsusi əhəmiyyətə malik olmuşdur. Proqramın həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunmuş, ümumilikdə təhsil sisteminin İKT əsasında qurulmasına diqqət xeyli artmışdır.
Hazırda respublikanın 4562 ümumtəhsil məktəblərinin 82 faizi, 107 texniki-peşə müəssisəsinin 45-i və ya 42 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin 51-i və ya 91 faizi, ali məktəblərin hamısı kompüter avadanlığı ilə təmin olunmuşdur. 2007-ci ilin sonuna olan məlumata görə, ümumtəhsil məktəblərində orta hesabla 5-11-ci siniflər üzrə hər 29 şagirdə 1 kompüter, dövlət ali məktəblərində hər 28 tələbəyə 1 kompüter düşür.
Pedaqoji kadrların İKT üzrə hazırlığı diqqət mərkəzində olan məsələlərdən olmuşdur. Son 3 ildə ümumtəhsil məktəblərində 12232 nəfər müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kursları keçmişdir ki, bu da pedaqoji kadrların 7 faizini təşkil edir. Dövlət ali məktəblərinin 12367 professor-müəllim heyətindən 391 nəfəri (3,2%), orta ixtisas təhsil müəssisələrinin 90 müəllimi (1,3%) son 5 il ərzində informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kursları keçmişdir.
Ötən dövr ərzində ölkədə informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və təhsil prosesinin məzmunca modernləşməsi sahəsində də bir sıra əməli işlər görülmüşdür. Bütün təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq edilmiş, distant təhsil üzrə ilk eksperimentlər aparılmağa başlanılmışdır. Hazırda təhsil portalının informasiya resursları formalaşmaqdadır, bəzi təhsil müəssisələrinin saytları yaradılmış və aktiv halda saxlanılır. Təhsilin idarə olunmasının məlumat sistemlərinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi və ümumtəhsil məktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrlarının hazırlanması üzrə işlərə başlanılmışdır.
Bütün bunlarla bərabər, ölkənin təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də dünya təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə bilməz. Ölkədə təhsil ocaqlarının kompüter avadanlığı ilə təminatındakı irəliləyişlərə rəğmən, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün tələblərindən uzaqdır.
Müasir təhsil texnologiyalarının genişmiqyaslı tətbiqi, ilk növbədə, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur. Şagird (tələbə) / kompüter nisbətinin bütövlükdə ölkə üzrə, xüsusilə də bölgələrdə və kənd yerlərində optimallaşdırılması qarşıda duran ən vacib problemlər sırasındadır. Lakin bu gün ölkənin təhsil sisteminin bütün pillələrində kompüterlərə çıxış imkanlarının genişləndirilməsi zərurəti ilə yanaşı, İKT avadanlığının daha səmərəli istifadə olunmasının, o cümlədən texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsinin aktuallığı qabarıq şəkildə hiss olunur. Xüsusən də rayon səviyyəsində texniki nəzarət və dəstək sisteminin mövcud olmaması, yaxud günün tələbləri səviyyəsində qurulmaması artıq quraşdırılmış kompüter avadanlığından, rəqəmsal təhsil resurslarından tam səmərəli şəkildə bəhrələnmək imkanlarını məhdudlaşdırır.
Araşdırmalar göstərir ki, respublikada təhsil prosesində rəqəmsal texnologiyaların geniş istifadəsinə maneçilik törədən əsas amillərdən biri rəqəmsal şəbəkə infrastrukturunun zəif inkişaf etməsi, təhsil ocaqlarının ölkədaxili intranet şəbəkəsi ilə yetərli səviyyədə əhatə olunmaması və yüksək sürətli internet əlaqəsi ilə təmin olunmamasıdır. Belə ki, hazırda respublikanın ali məktəblərində internet əlaqəsi tam təmin olunsa da, orta təhsil məktəblərinin təxminən 3 faizi, orta ixtisas məktəblərinin isə 12 faizi internetə çıxış imkanlarına malikdir. Təhsil müəssisələrinin böyük əksərinin veb-səhifələri yaradılmamış, müəssisədaxili rəqəmsal şəbəkələri, həmçinin, vahid ölkədaxili təhsil portalı formalaşdırılmamışdır.
Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesində tətbiq olunması ləngiməkdədir. Son dövrdə bu sahədə bir sıra tədbirlər həyata keçirilmiş, elektron tədris sistemlərinin formalaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Lakin İKT tətbiqi üzrə elmi-metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalır.
Azərbaycan Respublikasında təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri İKT tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin tətbiqi sahəsində yerli özünüidarə və dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün zəruri olan və bu sahənin vəziyyətini xarakterizə edən elektron məlumat bazası sistemi hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin, ölkənin təhsil sisteminin yüksək İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatının müasir standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi qarşıda durur.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə yönəlmişdir. Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)" əsasında hazırlanmışdır.
1.2. Məqsəd və vəzifələr
Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasıya olunması üçün şərait yaradılmasıdır.
Bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur .
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi:
- təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması;
- təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi;
- təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması;
- intranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi:
- bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması;
- elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası;
- ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
- təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması;
- vahid təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması;
- təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi.
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması:
- təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin edilməsi;
- təhsilin idarə olunmasının məlumat sistemlərinin (TİMS) inkişaf etdirilməsi, “elektron hökumət” prinsiplərinin tətbiqinin genişləndirilməsi;
- təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin olunması.
Kadr potensialının gücləndirilməsi:
- təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi;
- yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;
- bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi;
- yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması.
Normativ hüquqi bazanın təkmilləşdirilməsi:
- informasiya və kommunikasiya texnologiyalarının təhsil sistemində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların və normativ sənədlərin monitorinqinin aparılması;
- təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində zəruri norma və standartların işlənilməsi və həyata keçirilməsi;
- Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
1.3. Dövlət Proqramının maliyyə təminatı
Dövlət Proqramının icrası üçün tələb olunan maliyyə vəsaitləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına təmin edilir.
1. 4. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
- təhsil müəssisələrinin İKT avadanlığı ilə təminat göstəriciləri köklü şəkildə yaxşılaşdırılacaq, bütün təhsil müəssisələrində hər bir şagirdə düşən kompüter nisbəti ən azı 20:1-ə çatdırılacaq;
- bütün fənlər üzrə elektron tədris və metodiki resurslar yaradılacaq;
- bütün fənlər üzrə tədris planlarında və kurrikulumlarda İKT-dən istifadə əks etdiriləcək;
- ümumtəhsil müəssisələrinin yeni nəsil rəqəmsal tədris resurslarından istifadə imkanları yaranacaq, proqram resurslarından səmərəli istifadə olunacaq;
- yeni təlim formaları (distant təhsil daxil olmaqla) tətbiq və istifadə olunacaq;
- bütün təhsil müəssisələrini əhatə edən ölkədaxili korporativ və yüksək sürətli internet şəbəkəsinə çıxış imkanı təmin ediləcək;
- cəmiyyətin təhsil sistemində mövcud proseslərə cəlb edilməsi və maarifləndirilməsi üçün vahid təhsil portalı yaradılacaq;
- İKT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyası təmin ediləcək, təhsilin idarə olunmasının və monitorinqinin effektivliyi artırılacaq;
- təhsil prosesinin idarə edilməsi üçün təhsil müəssisələri avtomatlaşdırılmış iş yerləri ilə təchiz olunacaq;
- təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə kadrlarının İKT üzrə bilik və bacarıqları yüksələcək, yerli ekspert potensialı gucləndiriləcək;
- bütün təhsil pillələri üzrə məzunların sosial, peşə və mədəni həyatında İKT üzrə uzun illər istifadə edəcəyi bilik və bacarıqlar qazanılacaq;
- innovativ və yaradıcı müəllimlər dəstəklənəcək;
- əhalinin bütün təbəqələri üçün keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil almaq imkanları təmin olunacaq;
- İKT-nin təhsil sisteminə inteqrasiyası sahəsində hüquqi, normativ, elmi-metodiki və sənədlərin bazası formalaşacaq.
Sıra №-si | Tədbirlərin adı | İcraçılar | İcra müddəti (illər) |
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi | |||
2.1. | Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması | Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, aidiyyəti orqanlar | 2008-2012 |
2.2. | Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi | 2008-2010 | |
2.3. | Təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və texniki nəzarət sisteminin yaradılması | 2008-2010 | |
2.4. | İntranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması | 2008-2011 | |
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi | |||
2.5. | Bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması | Təhsil Nazirliyi, aidiyyəti orqanlar | 2008-2012 |
2.6. | Elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası | 2008-2010 | |
2.7. | Ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi | 2010-2012 | |
2.8. | Təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması | 2008-2009 | |
2.9. | Vahid təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması | 2008-2009 | |
2.10. | Təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi | 2010-2012 | |
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması | |||
2.11. | Təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin edilməsi | Təhsil Nazirliyi | 2009-2010 |
2.12. | Təhsilin idarə olunmasının məlumat sistemlərinin (TİMS) inkişaf etdirilməsi, “elektron hökumət” prinsiplərinin tətbiqinin genişləndirilməsi | 2010-2012 | |
2.13. | Təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin olunması | 2009-2010 | |
Kadr potensialının gücləndirilməsi | |||
2.14. | Təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi | Təhsil Nazirliyi, aidiyyəti orqanlar | 2008-2012 |
2.15. | Yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi | 2008-2009 | |
2.16. | Bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi | 2008-2012 | |
2.17. | Yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması | 2008-2009 | |
Normativ hüquqi bazanın təkmilləşdirilməsi | |||
2.18. | İKT-nin təhsil sistemində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların və normativ sənədlərin monitorinqinin aparılması | Təhsil Nazirliyi, aidiyyəti orqanlar | 2008-2010 |
2.19. | Təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində zəruri normativ və standartların işlənilməsi və həyata keçirilməsi | ||
2.20. | Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi |
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir