1.Domenlərin statusu və fəaliyyətinin əlaqələndirilməsi.
1.1.Az domeninin və “ümumi ” domenlərin (coğrafi, eləcə də “generic” tipli domenlər) qeydiyyatı və fəaliyyətinin təmin edilməsi RIPE, RFC 1591 “DomianNameSystemStructerandDelegation” və “IANAPolicyonDelegatedDomains”-in tövsiyələri əsasında həyata keçirilir.
1.2. Az Domenin inzibatçısı Az zonasında domenlərin qeydiyyatını aparır. Az domeninin inzibatçısı bu Əsasnaməni rəhbər tutaraq, sərəncamında olan texniki vasitələrdən istifadə edərək Az zonasında domenlərin fəaliyyətinin təmin edilməsini həyata keçirir.
1.3.Az zonasında domenlərin fəaliyyətini əlaqələndirmək üçün Şəbəkə Əlaqələndirmə Qrupu – AzNCG (NetworkCoordinationGroup) yaradılır. AzNCG « Az zonasında domenlərin qeydiyyatı qaydaları haqqında Ə S A S N A M Ə» -ni təsdiq edir, Əsasnaməyə riayət olunmasına ümumi nəzarəti həyata keçirir.
1.4. Az NCG-in yaradılması və fəaliyyəti xüsusi reqlamentlə tənzimlənir.
1.5.“Ümumi” domenlərə “generic” tipli domenlər: COM, ORG, MIL, EDU, NET, INT, PP aiddir. Hər hansı digər domenlərə “ümumi ” domen statusu verilməsi haqqında qərarı Az NCG qəbul edir.
1.6.“Ümumi” domenin fəaliyyətinin təmin edilməsi hüququ başqa inzibatçıya verilə bilər. “Ümumi” domenin inzibatçısı yalnız hüquqi şəxs ola bilər.
1.7.Domen və domenin fəaliyyətinin əlaqələndirilməsi hüququ alqı-satqı obyekti ola bilməz.
2. Domenin qeydiyyata alınması və fəaliyyətinin tə’min
olunması qaydaları.
2.1. Az zonasında domen adını qeydiyyatdan keçirmək istəyən şəxs, domenlərin qeydiyyata alınması və texniki tə’minatı haqqında Az domeninin inzibatçısı ilə müqavilə bağlamalıdır.
2.2.Domenlər ərizə əsasında qeydiyyata alınır. Az zonasında domenlərin qeydiyyatı və yenidən qeydiyyatı üçün sifariş forması Az domeni inzibatçısının rəsmi İnternet səhifəsi- www.nic.az -dan götürülə bilər.
2.3. Domen adının qeydiyyatı üçün hüquqi və fiziki şəxslər ərizə verə bilərlər. Kimin tərəfindən verilməsindən asılı olmayaraq, bütün ərizələrə bərabər əsaslarla baxılır.
2.4.Doldurulmuş ərizə, eləcə də onunla bağlı sonrakı yazışmaları Az domeninin inzibatçısına elektron poçtu və ya faksla da göndərilə bilər:
E-mail ________
Fax ________
2.5.Ərizə ilə bağlı qəbul edilmiş qərar, qeydiyyat üçün düzgün doldurulmuş ərizə qəbul edildikdən sonra 7 iş günü ərzində sifarişçiyə göndərilməlidir.
2.6.Qeydiyyat üçün sifarişçinin verdiyi bütün mə’lumatlar düzgün olmalıdır. Sifarişçi tərəfindən düzgün mə’lumat verilməyibsə, qeydiyyatla bağlı sifarişdən imtina edilə bilər. Az domeninin inzibatçısı domeni qeydiyyatdan keçirmək üçün sifarişçilərin verdiyi mə’lumatın düzgünlüyündən şübhələnirsə, əlavə mə’lumat və ya təqdim olunmuş mə’lumatın təsdiqlənməsini tələb edə bilər. 30 təqvim günü ərzində tələb olunan mə’lumat verilmədikdə, domenin qeydiyyatı ilə bağlı sifarişdən imtina edilir və ya domenin qeydiyyatı ləğv edilir.
2.7.Domenin qeydiyyatı üçün verilən mə’lumatlar WHOIS axtarış serverində yerləşdirilir və qeyri-məhdud dairədə şəxslərin məlumat əldə etməsi üçün şərait yaradılır.
2.8. 1.5-ci bənddə göstərilmiş “ümumi” domenlərin fəaliyyətinin əlaqləndirilməsi:
COM. Az zonasında – kommersiya təşkilatlarına;
GOV. Az zonasında – hökumət idarələrinə;
MIL. Az zonasında – hərbi idarələrə;
EDU. Az zonasında – təhsil müəssisələrinə;
INT.və NET.Az zonasında – İnternet şəbəkəsinin ikişafında iştirak edən təşkilatlara;
ORG. Az zonasında – qeyri-kommersiya təşkilatlarına;
PP. Az zonasında – ayrı-ayrı şəxslərə həvalə edilə bilər.
2.9.Domen adı birdən çox simvollardan ibarət olmalı, latın əlifbasının hərfi və ya rəqəmlə başlamalı və bitməlidir.
2.10.Domenin qeydiyyat müddətinin artırılması, qeydiyyatın uzadılması müvafiq haqq ödənildikdən sonra mümkündür. Az domeninin inzibatçısı domenin qeydiyyat müddətinin başa çatmasına iki ay qalmış domen adının sahibinə, qeydiyyat müddətini artırmaq zərurəti haqqında bildiriş göndərir. Bildiriş göndərildiyi vaxtdan 30 gün ərzində qeydiyyatın uzadılmasından imtina olunmadığı haqqında mə’lumatın daxil olmaması domen adı sahibinin domenin qeydiyyat müddətinin uzadılmasına razılığını bildirir. Bu halda, əgər ad sahibinin şəxsi hesabında domenin qeydiyyatının uzadılması xərcini ödəmək üçün kifayət qədər vəsait varsa və ya müvafiq razılıq inzibatçıya bildirilir və zəruri vəsait ödənilərsə qeydiyyat müddəti uzadılır. Əgər hesabat dövrünün başa çatmasına kimi domenin qeydiyyatının uzadılması xidmətlərini ödəmək üçün kifayət edəcək məbləğ domen adı sahibinin şəxsi hesabında olmazsa və ya müvafiq razılıq bildirilməzsə, domenin fəaliyyəti dayandırılır. Domenin fəaliyyəti dayandırıldıqdan sonra bir ay ərzində vəsait ödənilməsə, domen sərbəstləşdirilir.
2.11.Domen üzərində hüquqların digər hüquqi və ya fiziki şəxsə verilməsi domen adı sahibinin Az domeninin inzibatçısına rəsmi məktubu əsasında həyata keçirilir.
2.12.Hüquqi və fiziki şəxslər texniki tə’minat, ödəyicilər haqqında, bir sözlə, Az domeninin inzibatçısının Mə’lumat Bazasındakı hər hansı mə’lumatda dəyişiklik edildikdə, domenin sahibi dəyişiklik edildiyi andan bir aydan gec olmayaraq, Az domeninin inzibatçısını bu barədə xəbərdar etməlidir.
2.13.Az zonasının inzibatçısının tələbinə əsasən, inzibatçının Məlumat Bazasındakı mə’lumatın düzgünlüyünün təsdiqlənməsi zərurəti yarandıqda, hüquqi və ya fiziki şəxslər ilk tələbin göndərildiyi vaxtdan bir aydan gec olmayaraq, mə’lumatın düzgünlüyünü sənədlər əsasında sübut etməyə borcludurlar.
3. Domenin qeydiyyatından imtina olunması.
3.1. Hüquqi və fiziki şəxslər domenin adını seçməkdə tam sərbəstdirlər, lakin bu zaman digər tərəfin hüquqları pozulmamalıdır.
3.2. Təşkilat və idarə adlarından, həmçinin əmtəə nişanlarından yalnız onların hüquqi sahiblərinin domen adı kimi istifadə etməsi tövsiyə olunur.
3.3. Yaşayış məntəqələrinin (Bakı, Gəncə, Ağdam və b.) adından domen adı kimi yalnız müvafiq bələdiyyələrin istifadə etməsi tövsiyə olunur.
3.4. Fiziki şəxslərin domen adı kimi başqa şəxsin ad və soyad birləşməsindən istifadə etməsi tövsiyə olunmur.
3.5. Domen adının qeydiyyatında ilkin olaraq Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir.
3.6. Domenin qeydiyyatından sonra baş verə biləcək mübahisələrə yol verməmək üçün aşağıdakı hallarda domenin adı qeydiyyata alınmaya bilər:
3.6.1. Tələb olunan domenin adı artıq mövcuddur və digər hüquqi və ya fiziki şəxslər tərəfindən qeydiyyata alınıb;
3.6.2. Domenin qeydiyyata alınması üçün verilmiş Sifariş, sənədin özündə göstərilmiş tələblərə cavab vermir;
3.6.3. Domenin adlandırılmasında ictimai davranış və əxlaq normalarına, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan ifadələrdən istifadə olunur;
3.6.4. Az NCG–nin yığıncağında qəbul edilmiş qərara əsasən.
4. Domenin fəaliyyətinin dayandırılması və
ləğv edilməsi.
4.1.Bu Əsasnamənin 2.8-ci bəndi bir aydan artıq müddətdə yerinə yetirilmədikdə Az zonasının inzibatçısı serverlərin hərəkəti qaydalarının pozulması halı aradan qaldırılanadək domenlərin fəaliyyətini dayandıra bilər. Bu halda, domenin qeydiyyatı və yenidən qeydiyyatı üçün ödənilmiş məbləğ geri qaytarılmır, hesabat dövrünün başlanğıc tarixi dəyişdirilmir.
4.2.Əsasnamənin 2.12 və 2.13-cü bəndləri yerinə yetirilmədikdə, Az zonasının inzibatçısının domenin fəaliyyətini dayandırmaq hüququ var. Domenin həvaləsi, yeni mə’lumat daxil olduqdan və ya mövcud mə’lumatın təsdiqindən sonra üç iş günü ərzində Az zonasının inzibatçısı tərəfindən bərpa olunur. Hüquqi və ya fiziki şəxs yeni mə’lumat təqdim etmədikdə, yaxud sifarişçinin ərizəsindəki mə’lumatı təsdiq etmədikdə, domen adı sərbəstləşdirilmiş hesab edilir. Domen adının qeydiyyatı və yenidən qeydiyyatı üçün ödənilmiş məbləğ geri qaytarılmır.
4.3.”Ümumi” domeninin inzibatçısı Əsasnaməyə əməl etmədiyi təqdirdə, Az NCG-in hər hansı üzvü və ya Az domeninin inzibatçısı Az NCG–in yığıncağında göstərilən təşkilata domenin fəaliyyətinin təmin edilməsi ilə bağlı qərarın ləğv edilməsi haqqında məsələ qaldıra bilər.
4.3.Domen adının sahibi olan hüquqi və ya fiziki şəxs domenin adının fəaliyyətinin dayandırılması üçün müraciət etdikdə, Az domeninin inzibatçısı müvafiq domeni sərbəstləşdirir.
4.4. 5.5-ci bəndin tələblərinə müvafiq olaraq, Az domeninin inzibatçısı domeni sərbəstləşdirir.
4.5.Azərbaycan Respublikasının məhkəmələri tərəfindən domenin fəaliyyətinin dayandırılması haqqında qərar çıxarıldıqda, Az domeninin inzibatçısı domeni sərbəstləşdirir.
5. Qeydiyyat haqqının ödənilməsi qaydası.
5.1.Birinci il (domenin qeydiyyatının birinci ili üçün) domenin qeydiyyat haqqı 50 ABŞ dolları həcmində, sonrakı illərdə qeydiyyat haqqı 50 ABŞ dolları həcmində müəyyənləşdirilir. Bu məbləğə ƏDV daxil deyil.
5.2.Az zonasında bir domenin qeydə alınması xidmətinin dəyəri manatla müəyyənləşdirilir. Bu məbləğ domenin qeydə alındığı gün ABŞ dolları üçün manatla müəyyənləşdirilmiş məzənnəyə uyğun müəyyənləşdirilir.
5.3.Ödəniş, Az domeninin inzibatçısının Sifarişçiyə təqdim etdiyi hesab üzrə aparılır.
5.4.İlkin qeydiyyat xidmətlərinə görə ödəniş hesabı hesabat dövrü başlanandan üç iş günü ərzində təqdim edilir. Az domeninin inzibatçısı tərəfindən domenin qeydiyyat müddətinin artırılması xidmətinin ödəniş hesabı domenin qeydiyyat müddətinin başa çatmasına azı 45 gün qalmış təqdim edilir. Hesab ödənildikdə, domenin qeydiyyatı növbəti hesabat dövrünə kimi artırılmış hesab edilir.
5.5.Əgər qeydiyyat haqqı qeydiyyat günündən sonrakı 30 təqvim günü ərzində Az domeninin inzibatçısının hesablaşma hesabına daxil olmayıbsa, domen sərbəstləşdirilir.
5.6.“Ümumi ” statuslu domenlərin qeydiyyatına görə haqq tutulmur.
6. Münaqişələr və onların həlli yolları.
6.1. Az domeninin inzibatçısı domenin adı ətrafında yaranan münaqişələrdə tərəf kimi çıxış etmir. Az domeninin inzibatçısı sifarişçi tərəfindən kiminsə hüquqlarının pozulduğuna görə, domen adından istifadə ilə bağlı sifarişçi üçün yaranmış münaqişəyə görə, domen adı sahibinin saytındakı mə’lumata görə heç bir məs’uliyyət daşımır.
6.2.Sifarişçi domen haqqında mə’lumatı əldə etmək üçün müstəqil olaraq fərdi parol seçərək qeydiyyatdan keçirir və öz parolundan istifadə etməklə icra etdiyi bütün əməliyyatlara görə məs’uliyyət daşıyır.
6.3.Sifarişçi domen adı seçməyə görə, əmtəə nişanının hüquqlarının pozulması ehtimalına görə, eləcə də domen adından istifadə edərkən baş vermiş münaqişəli vəziyyətlərə görə məs’uliyyət daşıyır.
6.4.Domenin adı ilə bağlı mübahisə baş verdikdə, tərəflər danışıqlar yolu ilə qarşılıqlı məqbul qərara gəlməlidirlər. Bu, mümkün olmadıqda isə, tərəflər münsiflər məhkəmələrinə və Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququna malikdirlər.