A
A
A
San serif
Serif
2005-ci ildə zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının 130 ili tamam olur. 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrə başlaması ilə böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. XIX əsrin sonu - XX əsrin əvvəlində milli azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin, maarifçiliyin inkişafında Azərbaycan mətbuatının rolu danılmazdır. İctimai fikrin digər ifadə vasitələrinin kifayət qədər inkişaf etmədiyi bir zamanda mətbuat qabaqcıl ideyaları cəsarətlə təbliğ etmiş, xalqın geniş dairələrini düşündürən, zehnini məşğul edən problemləri diqqət mərkəzinə gətirmiş, ictimaiyyətin müzakirəsinə çıxarmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında milli mətbuat müstəsna xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının müstəqillik qazandığı və suveren dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə kütləvi informasiya vasitələri, o cümlədən milli mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr durur. Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz. Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından, onun hüquqi normativ bazasının yaradılmasından, azad sözün, fikir və məlumat azadlığının təmin edilməsindən danışarkən ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini ayrıca qeyd etmək lazımdır. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini davam etdirərək, Azərbaycan dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görür. Qloballaşma və informasiya əsrində bütün dövlət orqanlarının fəaliyyətində professionallıqla yanaşı, şəffaflıq prinsiplərinin də tətbiq olunmasını təmin etmək zərurəti yaranır, onların ictimaiyyətlə əlaqələrinin fəallaşdırılması üçün təsirli tədbirlər görülür. İndiki şəraitdə dövlət qurumları qarşısında KİV-lə normal, işgüzar münasibətlərin qurulması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulmuşdur. Bundan başqa, mətbuatın müstəqilliyinin, maddi bazasının, maliyyə təminatının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, jurnalist nüfuzunun yüksəldilməsində dövlətin maraqlı olduğu bəyan edilir və bunun üçün konkret tədbirlər görülür. Mətbuat və informasiya sahəsində münasibətləri tənzimləyən dövlət qurumunun olmadığı şəraitdə ictimai özünütənzimləmə orqanı kimi Mətbuat Şurasının rolu artırılmalıdır. Mətbuat Şurası dövlət-mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasında, jurnalist etikasına əməl olunmasında, jurnalistlərin hüquqlarının müdafiəsində, informasiya almaq imkanlarının genişləndirilməsində getdikcə daha fəal rol oynamalıdır. Mətbuatdan və bütün kütləvi informasiya vasitələrindən daha çox obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik, aktual problemlərə diqqət yönəldilməsi gözlənilir. Azərbaycan milli mətbuatının və bütövlükdə kütləvi informasiya vasitələrinin ölkənin ictimai-siyasi həyatında və müasir demokratik cəmiyyətdə rolunu nəzərə alaraq qərara alıram: 1. Azərbaycan milli mətbuatının 130 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. 2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın: - Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yubiley tədbirlərinin keçirilməsini təmin etsin; - bir ay müddətində Mətbuat Şurasının, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 3. Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdırılmaqla, bir ay müddətində Mətbuat Şurasının təqdim etdiyi layihələrin qismən maliyyələşdirilməsi, maddi-texniki təchizatı, ofis, nəqliyyat və s. ilə təmin edilməsi məsələlərinə baxsın. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 iyun 2005-ci il |