I Fəsil. Ümumi müddəalar

Maddə 1. Qanunun təyinatı


Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
2.0.1. hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;
2.0.2. xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradşlmış hüquqi şəxsdir;
2.0.3. hüquqi şəxs statusu almaq istəyən qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur; 2.0.4. nümayəndəlik - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;
2.0.5. filial - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;
2.0.6. təsis sənədləri - hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq qurumların yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir;
2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilməsidir;
2.0.8. hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində vahid məlumatlar (qeydlər) məcmusudur;
2.0.9. kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlardır.

Maddə 3. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik

Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydaları

4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər.
4.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir.
4.3. Hüquqi şəxs statusu almaq istəyən qurumların, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur. Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması işinin təkmilləşdirilməsi, dövlət qeydiyyatını və dövlət reyestrini aparan orqanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə həmin rüsumun 15 faizi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına keçirilir.
4.4. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə rüsumsuz daxil edilir. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.

II Fəsil. Hüquqi şəxslərin dövlət qeydiyyatı

Maddə 5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət


5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
5.3. Ərizədə aşağıdakılar göstərilir:
5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;
5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda - habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.
5.4. ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
5.4.1. təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərarda hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi şəxs yaradılarkən yenidən təşkilin şərtləri, nizamnamənin təsdiq edilməsi, təyin edildiyi halda, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır);
5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.
5.4.4. icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatları əks etdirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd, habelə notariat qaydasında təsdiq edilmiş imza nümunələri;
5.4.5. hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
5.4.6. qanunla xüsusi olaraq nəzərdə tutulduğu halda, digər sənədlər.
5.5. Yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilir:
5.5.1. yenidən təşkil haqqında qərar;
5.5.2. təhvil aktı və ya bölünmə balansı;
5.5.3. mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.
5.6. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər. 5.7. Hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı əsasında yenidən təşkil edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, bu Qanunun 5.5-ci maddəsinin tələblərinə riayət edilməklə, həmin hüquqi şəxsin dövlət qeydiyyatnıa alınması üçün əsasdır. Bu halda dövlət qeydiyyatı bu Qanunun 8-ci maddəsində göstərilmiş müddətdə həyata keçirilməlidir.

Maddə 6. Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatının xüsusiyyətləri

6.1. Xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması üçün bu Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən əlavə aşağıdakılar təqdim olunmalıdır:
6.1.1. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);
6.1.2. nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı;
6.1.3. nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s.). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır;
6.1.4. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
6.1.5. nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
6.2. Notariat qaydasında təsdiq edilməsi nəzərdə tutulmuş sənədlər xarici ölkələrin notariusunda təsdiq edildiyi halda, bu Qanunun 6.1.3-cü maddəsində müəyyən edilmiş qaydaya əməl olunmalıdır.

Maddə 7. Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət qeydiyyatının xüsusiyyətləri

7.1. Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət qeydiyyatına alınması üçün bu Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən əlavə, aşağıdakılar təqdim olunmalıdır:
7.1.1. təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);
7.1.2. təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə bu Qanunun 7.1.1-ci maddəsində müəyyən edilmiş qaydada leqallaşdırılmış, vətəndaşı olduğu və ya daimi yaşadığı, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd.
7.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər təsis etdikləri xarici investisiyalı qurumun dövlət qeydiyyatına alınması üçün bu Qanunun 5-ci maddəsində müəyyən edilmiş qaydada sənədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Maddə 8. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması qaydası

8.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir.
8.2. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.
8.3. Təqdim edilmiş sənədlərdə hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir.
8.4. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.
8.5. Hüquqi şəxs statusu almaq istəyən quruma, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına bu Qanunla müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir.
8.6. Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən qeyri-iş günləri nəzərə alənmır.

Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması

9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Maddə 10. Yenidən qeydiyyat

10.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının hüquqi ünvanı bir inzibati ərazi vahidindən digərinə dəyişdikdə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında reyestrə daxil edilir və ona yeni reyestr nömrəsi verilir.
10.2. Qanunvericiliklə müəyyən edilmiş digər hallarda da yenidən qeydiyyat aparıla bilər.

Maddə 11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı

11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişiklklər edilməsindən imtinaya yol verilmir.
11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir.
11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər:
11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqannıa təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;
11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda;
11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda;
11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.
11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun.
11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.

III Fəsil. Hüquqi şəxslərin dövlət reyestri

Maddə 12. Hüquqi şəxslərin dövlət reyestrinin əsas prinsipləri


12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır.
12.3. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının vahid informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur.
12.4. Hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.
12.5. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstun qüvvəyə malik olur.
12.6. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.
12.7. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması məqsədi ilə dövlət reyestrini aparan orqanın sorğusu əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurumlar üçün eyniləşdirmə kodu alınır və onlar həmin kod altında reyestrə daxil edilir.
12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir:
12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, ləğv edilməsi barədə məlumatlar;
12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi barədə məlumatlar;
12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;
12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu.
12.9. Hüquqi şəxslərin dövlət reyestri vahiddir, illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır. Kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin reyestri ayrı aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlət reyestri digər meyarlar üzrə də aparıla bilər.
12.10. Dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir.
12.11. Dövlət reyestrinin aparılması qaydası, dövlət reyestr kitabının, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın, saxlanmaq üçün təqdim olunan imza nümunələrinin formaları və ərizənin məzmunu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Dövlət qeydiyyatına alınmanı və dövlət reyestrinə daxil edilməni təsdiq edən sənəd

13.1. Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. 13.2. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir.
13.3. Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış möhürün, ştampın, firma blankının, əmtəə nişanının hazırlanması, habelə bank hesabının açılması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması üçün əsas sənəddir və bunlar üçün hər hansı əlavə sənəd tələb edilmir.

Maddə 14. Dövlət reyestrinə daxil edilən məlumatlar

14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir:
14.1.1. qurumun adı (firma);
14.1.2. qurumun hüquqi ünvanı;
14.1.3. qurumun təşkilati-hüquqi forması;
14.1.4. maliyyə ili;
14.1.5. qurumun eyniləşdirmə kodu;
14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar;
14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;
14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar.
14.2. Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir:
14.2.1. kommandit ortaqlığında - hər bir kommanditçinin mayasının miqdarı;
14.2.2. məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində - nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, müşahidə şurası yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
14.2.3. qeyri-kommersiya təşkilatlarında - fəaliyyət predmeti və məqsədləri, fəaliyyət ərazisi, fondlarda - himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının həcmi haqqında məlumatlar.

Maddə 15. Dövlət reyestrindən çıxarışlar

15.1. Dövlət qeydiyyatına alınmış hər bir hüquqi şəxs, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialı və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar dövlət reyestrinə daxil edildikdən sonra dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilmiş sənədlər arxivə verilir.

15.2. Dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxtdan ən geci 3 gün keçənədək dövlət reyestrindən çıxarış göndərilməlidir.
15.3. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir.
15.4. Dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.5. Dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət reyestrində müvafiq düzəlişlər aparmalıdır.
15.6. Dövlət reyestrindən çıxarışdakı hər hansı yanlışlıq barədə bu Qanunun 15.5-ci maddəsində göstərilmiş müddətdə məlumat verilmədikdə, dövlət reyestrindəki yazı Azərbaycan Respublikasının rəsmi qəzetində dərc edilir.
15.7. Dövlət reyestrindən çıxarışlar sorğu əsasında üçüncü şəxslərə də verilir.
15.8. Dövlət reyestrindən çıxarışlar sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.

Maddə 16. Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının reyestrdən çıxarılması

16.1. Hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə və ləğvetmə tədbirləri həyata keçirildikdən sonra onların reyestrdən çıxarılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
16.2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
16.2.1. ləğvetmə qərarı;
16.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi təsdiq olunmuş balans və ya vergi bəyannaməsi;
16.2.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının son vergi yoxlamasının nəticələri barədə məlumat;
16.2.4. qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli və möhürü;
16.2.5. qurumun ləğvi barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd;
16.2.6. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16.2.2 və 16.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər istisna olmaqla, müvafiq olaraq təhvil aktı və ya balansının surəti;
16.2.7. qanunvericilikdə nəzərdə tutulduğu hallarda, digər sənədlər.
16.3. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanır və təqdim edilir.
16.4. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər.
16.5. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, ərizəni aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.
16.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur.
16.7. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 16.5-ci maddəsində müəyyən edilmiş müddətdən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır.
16.8. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün ərzində reyestrdən çıxarıla bilməz.

Maddə 17. Dövlət qeydiyyatı barədə məlumatlandırma

17.0. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:
17.0.1. hüquqi şəxsi, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialını dövlət qeydiyyatına aldıqdan və dövlət reyestrinə daxil etdikdən sonra bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hər ay müəyyən edilmiş formada məlumat göndərir;
17.0.2. qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslər ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına bu barədə məlumat verir.

Maddə 18. Dövlət reyestrinin aşkarlığı

18.1. Hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı istənilən maraqlı şəxsin tələbi ilə hüquqi şəxsin dövlət qeydiyyatına alınması və ya alınmaması barədə məlumat verməlidir.
18.2. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili və fəaliyyəti ilə əlaqədar dərc edilməsi qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc edilir.

IV Fəsil. Yekun müddəalar

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət


Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
20.2. Bu Qanunun tələbləri dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi qaydası xüsusi qanunvericilik aktı ilə tənzimlənən hüquqi şəxslərə şamil edilmir.
20.3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.
20.4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, onların imza nümunələrini, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
20.5. Bu Qanun qüvvəyə mindiyi gündən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 dekabr 2003-cü il

Начинайте свою трудовую деятельность с нами!
Читать дальше
Доверьтесь нашим креативным и своеобразным идеям!
Читать дальше
Печатные издания в высоком цветном качестве и за доступную цену!
Читать дальше
Развивайте свою карьеру, повышая знания в сфере ИТ!
Читать дальше
Разнообразные услуги электронной библиотеки!
Читать дальше