sa sa sa


Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq,ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq;

insan hüquqlarına qarşı bəşəriyyətin vicdanını hiddətləndirən hörmətsizlik və həqarətin barbarlıq hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azadlığına malik olacağı, qorxu və ehtiyacdan azad olacağı bir dünya qurulmasının insanların yüksək amalı elan olunduğunu nəzərə alaraq;

insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq;

xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq;

Birləşmiş Millətlərin xalqlarının Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq:

üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq;

bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq,

BAŞ MƏCLİS

İnsan hüquqları haqqında bu ümumi bəyannaməni yerinə yetirilməsinə bütün xalqların və dövlətlərin çalışmalı olduğu bir vəzifə kimi elan edir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq, maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə, mütərəqqi milli və beynəlxalq tədbirlər vasitəsilə onların istər Təşkilatın üzv-dövlətlərinin, istərsə də onların yurisdiksiyasındakı ərazilərin xalqları arasında səmərəli tanınmasının və həyata keçirilməsinin təmin olunmasına səy göstərsinlər.

Maddə 1

Bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

Maddə 2

İrqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidəsinə, milli, yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bütün insanlar bu Bəyannamədə elan edilmiş hüquqlara və azadlıqlara malik olmalıdırlar. Bundan əlavə, insanın mənsub olduğu ölkənnn, yaxud ərazinin siyasi, hüquqi, yaxud beynəlxalq statusuna görə, həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib-etməməsindən, yaxud suverenliyinin hər hansı məhdudluğundan asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol verilməməlidir.

Maddə 3

Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

Maddə 4

Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır.

Maddə 5

Heç kəs işgəncəyə, qəddar, insanlıqdan kənar, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır.

Maddə 6

Hər bir insan harada olursa-olsun hüquq subyekti kimi tanınmaq hüququna malikdir.

Maddə 7

Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ var.

Maddə 8

Hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

Maddə 9

Heç kəs əsassız həbs oluna, tutulub saxlanıla, yaxud sürgün edilə bilməz.

Maddə 10

Hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olunması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhgəmədə baxılması hüququna malikdir.

Maddə 11

1. Cinayətdə ittiham olunan hər bir insan onun təqsiri qanuni qaydada - müdafiəsi üçün bütün imkanların yaradıldığı açıq məhkəmə baxışında sübut edilənədək günahkar sayıla bilməz.

2. Heç kəs törədilərkən milli qanunlara, yaxud beynəlxalq hüquqa görə-cinayət sayılmayan əməllərə, yaxud fəaliyyətsizliyə görə cinayətdə ittiham edilə bilməz. Eləcə də, cinayətin törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha ağır cəza verilə bilməz.

Maddə 12

Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.

Maddə 13

1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yerdəyişməg və özünə yaşayış yeri seçmək hüququna malikdir.

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var.

Maddə 14

1. Hər bir insanın təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var.

2. Bu hüquqdan əsaslandırılmış qeyri-siyasi cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllərə görə təqibolunma hallarında istifadə edilə bilməz.

Maddə 15

1. Hər bir insanın vətəndaşlıq hüququ var.

2. Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

Maddə 16

1. Yetkinliyə çatmış bütün kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.

2. Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər.

3. Ailə cəmiyyətin təbii və əsas özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.

Maddə 17

1. Hər bir insanın həm təkbaşına, həm də müştərəg əmlak sahibliyi hüququ var.

2. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.

Maddə 18

Hər bir insan fikir, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, tə'limdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında e'tiqad bəsləmək azadlığı daxildir.

Maddə 19

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

Maddə 20

1. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək, assosiasiyalar yaratmaq hüququ var.

2. Heç kəs hər hansı assosiasiyaya daxil olmağa məcbur edilə bilməz.

Maddə 21

1. Hər bir insanın öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ var.

2. Hər bir insan öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər hüquqa malikdir.

3. Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən digər eyni mənalı formalarda keçirilən vaxtaşırı və saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır.

Maddə 22

Hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.

Maddə 23

1. Hər bir insan əmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə hüququna malikdir.

2. Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan eyni əmək üçün bərabər haqq almaq hüququvar.

3. Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir.

4. Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq, yaxud həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.

Maddə 24

Hər bir insanın, iş gününün ağlabatan şəkildə məhdudlaşdırılması daxil olmaqla, istirahət və asudə vaxt,vaxtaşırı ödənişli məzuniyyət hüququ var.

Maddə 25

1. hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

2. Analar və uşaqlar xüsusi himayədarlıq və yardım göstərilmək hüququna malikdir.

Nikahdan və nikahdankənar doğulan bütün uşaqlar sosial müdafiədən eyni dərəcədə istifadə etməlidirlər.

Maddə 26

1. Hər bir insanın təhsil hüququ var. Təhsil - heç olmasa ibtidai və ümumi təhsil - pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Texniki təhsil və peşə təhsili hamıya, ali təhsil, hər kəsin qabiliyyəti əsasında, hamıya eyni dərəcədə müyəssər olmalıdır.

2. Təhsil insan şəxsiyyətinin tam inkişafına, insane hüquqlarına və əsas azadlıqlara ehtiramın artmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlüyə və dostluğa, Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq sahəsindəki fəaliyyətinə yardım göstərməlidir.

3. Valideynlər öz azyaşlı uşaqları üçün təhsil növü seçməkdə üstünlük hüququna malikdirlər.

Maddə 27

1. Hər bir insan cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və ondan bəhrələnmək hüququna malikdir.

2. Hər bir insan müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərdən irəli gələn mə'nəvi və maddi mənafelərini müdafiə etmək hüququna malikdir.

Maddə 28

Hər bir insan bu Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq nizam hüququna malikdir.

Maddə 29

1. Hər bir insan yalnız şəxsiyyətinin azad və tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında borcludur.

2. Hər bir insana öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız qanunun istisna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və onlara hörmət olunmasını təmin etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ümumi rifahın ədalətli tələblərini yerinə yetirmək məqsədilə qoyduğu məhdudiyyətlər tətbiq edilməlidir.

3. Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir vəchlə Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır.

Maddə 30

Bu Bəyannamədə heç nə hər hansı bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı şəxslərə, həmin Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların ləğv edilməsinə yönəldilmiş hər hansı fəaliyyətlə məşğul olmaq, yaxud hərəkətlər hüququ verilməsi kimi yozula bilməz.

2. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt
Baş Məclisin 2200A(XXI) saylı 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmiş və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır Qüvvəyə minməsi: 27-ci maddəyə müvafiq olaraq 3 yanvar 1976-cı il Bu Paktda iştirak edən dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə uyğun olaraq bəşər nəslinin bütün üzvlərinə məxsus ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və sülhün əsası olduğunu nəzərə alaraq, bu hüquqların insan şəxsiyyətinə məxsus olan ləyaqətdən doğduğunu etiraf edərək, İnsan hüquqları haqqında ümumi bəyannaməyə uyğun olaraq, qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçiriləcəyə biləcəyini etiraf edərək, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin insanın hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsini təşviq etməyə və riayət olunmasına yardım göstərməyə borclu olduqlarını nəzərə alaraq, ayrılıqda hər bir insanın başqalarına və mənsub olduğu kollektivin üzvlərinə münasibətdə vəzifələr daşıyaraq, bu Paktda tanınan hüquqların təşviq edilməsinə və onlara riayət olunmasına sə'y göstərməli olduğunu nəzərə alaraq, aşağıdakı maddələrlə razılaşırlar:

I hissə

Maddə 1

1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Onlar bu hüquqa əsasən öz siyasi statuslarını azad şəkildə müəyyən edir və özlərinin iqtisadi, sosial və mədəni inkişaflarını azad surətdə təmin edirlər.

2. Bütün xalqlar öz məqsədlərinə nail olmaq üçün öz təbii sərvətləri və ehtiyatları barəsində qarşılıqlı mənfəət prinsipinə və beynəlxalq hüquqa əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan

irəli gələn hər hansı öhdəliyə zərər yetirmədən azad sərəncam verə bilərlər. Heç bir xalq heç bir vəchlə ona məxsus yaşayış vasitələrindən məhrum edilə bilməz.

3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özünü idarə etməyən və qəyyumluq altında olan ərazilərin idarə olunması üçün məs'uliyyət daşıyan dövlətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına əsasən xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət bəsləməlidirlər.

II hissə

Maddə 2


1. Bu Paktda iştirak edən hər bir dövlət fərdi qaydada və beynəlxalq yardım - o cümlədən iqtisadi və texniki sahələrdə - və əməkdaşlıq qaydasında maksimal mövcud ehtiyatlar hüdudunda bu Paktda tanınan hüquqların bütün lazımi vasitələrlə, eləcə də qanunvericilik tədbirləri qəbul edilməklə, tədricən tam həyata keçirilməsi üçün tədbirlər görməyi öhdələrinə götürür.

2. Bu Paktda iştirak edən dövlətlər burada elan edilmiş hüquqların irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi, yaxud milli və sosial mənşəyi ilə bağlı digər əqidələrindən, mülki vəziyyətindən, doğuluşundan, yaxud başqa hallardan asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçiriləcəyinə təminat verməyi öhdələrinə götürürlər.

3. İnkişaf etməkdə olan dövlətlər insan hüquqlarını və öz xalq təsərrüfatlarının vəziyyətini lazımınca hesaba almaqla, onların və təndaşı olmayan şəxslərin bu Paktda tanınan iqtisadi hüquqlarını nə dərəcədə təmin edəcəklərini müəyyənləşdirə bilərlər.

Maddə 3

Bu Paktda iştirak edən dövlətlər kişi və qadınların bu Paktda nəzərdə tutulan bütün iqtisadi, sosial və mədəni hüquqlarından bərabər istifadə etmələrinin təmin olunmasını öhdələrinə götürürlər.

Maddə 4

Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Maddə 5

1. Bu Paktda heç nə hər hansı bir dövlətin, hər hansı bir insan qrupunun, yaxud kiminsə bu Paktda tanınan hüquq və azadlıqlardan hər hansı birini ləğv etməyə, yaxud onları bu Paktda nəzərdə tutulduğundan çox məhdudlaşdırmağa yönəldilmiş hansısa fəaliyyətlə məşğul olmaq, yaxud hansısa hərəkətlərə yol vermək hüququna malik olması kimi yozula bilməz.

2. Hər hansı bir ölkədə qanunla, konvensiyalarla, qayda, yaxud adətlərlə tanınan, yaxud mövcud olan əsas insan hüquqlarından heç biri həmin hüquqların bu Paktda qəbul edilməməsi, yaxud məhdud həcmdə qəbul edilməsi bəhanəsilə məhdudlaşdırıla, yaxud onların əhəmiyyəti azaldıla bilməz.

III hissə

Maddə 6

1. Bu Paktda iştirak edən dövlətlər hər kəsin, ruzi qazanmaq imkanı daxil olmaqla, sərbəst şəkildə seçdiyi, yaxud sərbəst şəkildə razılaşdığı əmək hüququnu tanıyır və bu hüququn təmin olunması üçün lazımi addımlar atacaqlar.

2. Bu Paktda iştirak edən dövlətlərin həmin hüququn tam həyata keçirilməsi məqsədilə görməli olduqları tədbirlərə texniki-peşə tə'limi və hazırlığı proqramları, durmadan iqtisadi, sosial və mədəni inkişafa, insanın əsas siyasi və iqtisadi azadlıqlarına təminat verilməsi şəraitində tam istehsalat məşğulluğuna nail olmağın yol və üsulları daxildir.

Maddə 7

Bu Paktda iştirak edən dövlətlər hər bir insanın ədalətli və əlverişli əmək şəraiti hüququnu tanıyır. Bu hüquqa, o cümlədən, aşağıdakılar daxildir:

a) bütün zəhmətkeşlərə minimum aşağıdakıları təmin edən haqq:

i) heç bir fərq qoyulmadan eyni dəyərə malik əmək üçün ədalətli əmək haqqı və bərabər ödəniş; həm də qadınlara eyni əməyə görə bərabər haqq ödənməklə, kişilərin istifadə etdiklərindən pis olmayan əmək şəraiti təmin edilməlidir;

ii) bu Paktın qərarlarına müvafiq olaraq onların özləri və ailələri üçün qənaətbəxş güzəran;

b) təhlükəsizlik və gigiyena tələblərinə cavab verən iş şəraiti;

c) müvafiq olaraq daha yüksək vəzifələrə irəli çəkilmək üçün hamıya yalnız iş stajı və ixtisas səviyyəsi əsasında eyni şərait yaradılması;

d) istirahət, asudə vaxt və iş vaxtının ağlabatan şəkildə məhdudlaşdırılması və ödənişli vaxtaşırı mə'zuniyyət, eləcə də bayram günləri üçün haqq.

Maddə 8

1. Bu Paktda iştirak edən dövlətlər aşağıdakıları təmin etməyi öhdələrinə götürürlər: a) hər bir insanın öz iqtisadi və sosial mənafelərini həyata keçirmək və müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və özünün seçdiyi belə ittifaqlara yeganə şərtlə - həmin təşkilatların qaydalarına riayət etmək şərtilə - daxil olmaq hüququ, həmin hüquqdan istifadə olunmasına qanunda nəzərdə tutulanlardan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin,

yaxud ictimai asayişin, yaxud başqalarının hüquq və azadlıqlarının qorunması üçün zəruri olanlardan əlavə heç bir məhdudiyyət qoyulmamalıdır.

b) həmkarlar ittifaqlarının milli federasiya, yaxud konfederasiya yaratmaq hüququ və sonuncuların beynəlxalq həmkarlar təşkilatları yaratmaq, yaxud onlara qoşulmaq hüququ;

j) həmkarlar ittifaqlarının qanunda nəzərdə tutulduğundan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, yaxud başqalarının hüquq və azadlıqlarının qorunması üçün zəruri olanlardan əlavə heç bir məhdudiyyət qoyulmadan maneəsiz fəaliyyət göstərmək hüququ;

d) hər bir ölkənin qanunlarına uyğun keçirilmək şərtilə tətil hüququ.

2. Bu maddə silahlı qüvvələrin, polisin, yaxud inzibati dövlət orqanlarının tərkibinə daxil olan şəxslərin həmin hüquqdan istifadə etməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

3. Bu maddə Beynəlxalq Əmək Təşkilatının assosiasiyalar azadlığı və təşkilatlanma hüququnun müdafiəsinə dair 1948-ci il Konvensiyasının iştirakçısı olan dövlətlərə, həmin Konvensiyada nəzərdə tutulan təminatların zərərinə. qanunvericilik aktları qəbul etmək yaxud qanunu bu təminatlara xələl gətirə biləcək şəkildə tətbiq etmək hüququ vermir.

Maddə 9

Bu Paktda iştirak edən dövlətlər hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququnu tanıyır.

Maddə 10

Bu Paktda iştirag edən dövlətlər aşağıdakıları qəbul edirlər:

1. Cəmiyyətin təbii və əsas özəyi olan ailəyə, xüsusilə o yaradılarkən və yetkinliyə çatmamış uşaqlar və onların tərbiyəsi üçün məs'uliyyət daşıdıqca, imkan daxilində geniş himayədarlıq və yardım göstərməlidir. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır

2. Analara doğumdan əvvəl və sonra, ağlabatan müddət ərzində xüsusi himayədarlıq göstərilməlidir. Bu müddət ərzində işləyən analara ödənişli, yaxud sosial təminat üzrə qənaətbəxş müavinətlə mə'zuniyyət verilməlidir.

3. Bütün uşaqlara və yeniyetmələrə münasibətdə ailə mənşəyinə, yaxud başqa bir əlamətə görə heç bir ayrı-seçkilik qoyulmadan xüsusi mühafizə və yardım tədbirləri görülməlidir. Uşaqlar və yeniyetmələr iqtisadi və sosial istismardan mühafizə edilməlidirlər. Onların mə'nəviyyat və sağlamlıqları üçün ziyanlı, yaxud həyatları üçün təhlükəli, yaxud normal inkişaflarına zərər yetirə bilən sahələrdə işlədilməsi qanunla cəzalandırılmalıdır. Bundan əlavə, dövlətlər təyin olunduğundan aşağı yaşda pullu uşaq əməyindən istifadə olunmasını qanunla qadağan edən və cəzalandıran yaş həddi müəyyən etməlidirlər.

Maddə 11

1. Bu Paktda iştirag edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı-dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımi tədbirlər görəcəklər.

2. Bu Paktda iştirak edən dövlətlər hər bir insanın əsas hüququ olan aclıqdan azad olmaq hüququnu qəbul edərək, aşağıdakılar üçün konkret proqramlar daxil olmaqla, fərdi və beynəlxalq əməkdaşlıq qaydasında lazımi tədbirlər görməlidirlər:

a) ərzaq məhsullarının istehsalı, saxlanılması və bölüşdürülməsi üsullarını texniki və elmi biliklərdən geniş istifadə etmək, qidalanma prinsipləri haqqında bilikləri yaymaq, aqrar sistemlərin islahatını təbii ehtiyatların mənimsənilməsi və onlardan istifadə olunmasının səmərəliliyini daha yüksək səviyyəyə qaldırmağa imkan verə biləcək şəkildə təkmilləşdirmək yolu ilə yaxşılaşdırmaq;

b) ərzaq ehtiyatlarını istər qida məhsullarını idxal, istərsə də ixrac edən ölkələrin ehtiyaclarına uyğun və problemləri nəzərə alınmaqla ədalətli bölüşdürülməsini təmin etmək.

Maddə 12

1. Bu Paktda iştirak edən dövlətlər hər bir insanın fiziki və psixi sağlamlığın ən yüksək səviyyəsinə çatmaq Hüququnu tanıyırlar.

2. Həmin hüququn tam şəkildə həyata keçirilməsi üçün bu Paktda iştirak edən dövlətlərin həyata keçirməli olduğu zəruri tədbirlərə aşağıdakılar daxildir:

a) ölü doğulma və uşaq ölümü hallarının azaldılmasını və uşaqların sağlam inkişafını təmin etmək;

b) xarici mühit gigiyenasının bütün aspektlərinin və sənayedə əmək gigiyenasının yaxşılaşdırılması;
j) epidemik, endemik, peşə xəstəlikləri və digər xəstəliklərin qarşısının alınması və onlarla mübarizə;
d) hamıya tibbi yardım, xəstələndikdə tibbi xidmət göstərilməsini təmin edən şərait yaradılması.

Maddə 13

1. Bu Paktda iştirak edən dövlətlər hər bir insanın təhsil hüququnu tanıyır. Onlar razılaşırlar ki, təhsil insane şəxsiyyətinin tam inkişafına və onun ləyaqətinin dərkinə yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar həm də razılaşırlar ki, təhsil hamının azad cəmiyyətin yararlı iştirakçısı olmasına imkan yaratmalı,

bütün millətlər, irqi, etnik və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlüyə, dostluğa kömək etməli və Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq işinə yardım göstərməlidir. 2. Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüququn tam həyata keçirilməsi üçün:
a) ibtidai təhsil icbari və hamı üçün pulsuz olmalıdır;

b) orta təhsilin bütün formaları, texniki-peşə orta təhsili də daxil olmaqla, açıq və bütün zəruri tədbirləri görmək, o cümlədən tədricən pulsuz təhsilə keçilməklə hamıya müyəssər olmalıdır;

c) ali təhsil hər kəsin qabiliyyəti əsasında bütün zəruri tədbirlər görülməklə, o cümlədən tədricən pulsuz təhsilə keçilməklə hamının üzünə eyni dərəcədə açıq olmalıdır;

d) ibtidai təhsili olmayanlar, tam ibtidai təhsil kursu keçməyənlər üçün elementar təhsil, imkan daxilində təşviq edilməli, yaxud intensivləşdirilməlidir;

e) bütün dərəcədən olan məktəblər şəbəkəsi fəal şəkildə inkişaf etdirilməli, qənaətbəxş təqaüd sistemi müəyyən olunmalı, müəllim hey'ətinin maddi şəraiti daim yaxşılaşdırılmalıdır. 3. Bu Paktda iştirak edən dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların öz uşaqları üçün yalnız dövlət hakimiyyət orqanlarının təşkil etdigləri məktəbləri deyil, həm də dövlət tərəfindən müəyyən edilən minimum təhsil tələblərinə cavab verən və uşaqlarının öz şəxsi əqidələrinə uyğun dini və əxlaqi təhsil almasını təmin edə bilən başqa məktəbləri də seçmək azadlığına hörmət etməyi öhdələrinə götürürlər.

4. Bu maddənin heç bir hissəsi ayrı-ayrı şəxslərin və idarələrin təhsil müəssisələri yaratmaq və onlara bu maddənin 1-ci bəndində ifadə olunmuş prinsiplərə daim riayət edilməsi və belə müəssisələrlərdə verilən təhsilin dövlət tərəfindən qoyula biləcək minimum tələblərə cavab verməsi şərtilə, rəhbərlik etmək azadlığının əhəmiyyətini azaltmaq kimi yozulmamalıdır.

Maddə 14

Bu Paktın, onun iştirakçıları sırasına daxil olarkən öz metropoliyası ərazisində, yaxud onun yurisdiksiyasında olan digər ərazilərdə icbari pulsuz ibtidai təhsili tətbiq edə bilməyən hər bir iştirakçı-dövlət iki il ərzində ağlabatan illər içərisində (planda göstərilməlidir) ümumi icbari pulsuz təhsil prinsipinin tədricən həyata keçirilməsinə dair müfəssəl tədbirlər planı hazırlamağı öhdəsinə götürür.

Maddə 15

1. Bu Paktda iştirak edən dövlətlər hər bir insanın:

a) mədəni həyatda iştirak etmək;
b) elmi tərəqqinin nəticələrindən və onların praktik tətbiqindən istifadə etmək;
j) müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərlərdən irəli gələn mə'nəvi və maddi mənafelərini müdafiə etmək hüququnu tanıyır.

2. Bu Paktda iştirak edən dövlətlərin həmin hüququn tam həyata keçirilməsi üçün görməli olduqları tədbirlərə elm və mədəniyyətin nailiyyətlərinin mühafizəsi, inkişafı və yayılması üçün zəruri olan tədbirlər daxildir.

3. Bu Paktda iştirak edən dövlətlər elmi-tədqiqat və yaradıcılıq fəaliyyəti üçün, şəksiz, zəruri olan azadlığa hörmət etməyi öhdələrinə götürürlər.

4. Bu Paktda iştirak edən dövlətlər elm və mədəniyyət sahəsində beynəlxalq əlaqələrin və əməkdaşlığın təşviq edilməsinin və inkişafının faydasını etiraf edirlər.

IV hissə

Maddə 16


1. Paktda iştirak edən dövlətlər onun bu hissəsinə müvafiq olaraq, Paktda tanınan hüquqlara riayət edilməsinə nail olmaq üçün gördükləri tədbirlər və əldə olunmuş tərəqqi haqqında məruzələr təqdim etməyi öhdələrinə götürürlər.

2. a) Bütün məruzələr Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim olunur. O, məruzələrin nüsxələrini, bu Paktın tə'limatına əsasən, baxılmaq üçün İqtisadi və Sosial Şuraya göndərir.

b) Birləşmiş Millətlər Təşkilatının Baş katibi, həmçinin, bu Paktda iştirak edən dövlətlərin məruzələrinin nüsxələrini, yaxud məruzələrin hər hansı bir hissəsini həmin dövlətlərin də öz Konstitusiya aktlarına müvafiq, üzvü olduqları ixtisaslaşdırılmış idarələrə göndərir. Belə ki, bu cür məruzələr, yaxud həmin məruzələrin ayrı-ayrı hissələri yuxarıda göstərilən idarələrin vəzifələri çərçivəsinə daxil olan bütün məsələlərə aid olur.

Maddə 17

1. Bu Paktda iştirak edən dövlətlər öz məruzələrini İqtisadi və Sosial Şuranın bu Pakt qüvvəyə minəndən sonra bir il ərzində iştirakçı-dövlətlər və maraqlı ixtisaslaşdırılmış idarələrlə məsləhətləşmələr apararaq müəyyənləşdirməli olduğu proqram əsasında mərhələ-mərhələ təqdim edir.

2. Məruzələrdə bu Pakt üzrə öhdəliklərin yerinə yetirilmə dərəcəsinə təsir edən amillər və çətinliklər göstərilə bilər.

3. Əgər bu Paktda iştirak edən dövlətlərdən hər hansı biri əvvəllər Birləşmiş Millətlər Təşkilatına, yaxud onun hansısa ixtisaslaşdırılmış idarəsinə müvafiq məlumatlar vermişsə, bu halda həmin məlumatları təkrarlamağa ehtiyac yoxdur; bu yolla verilmiş məlumatlara dəqiq istinad kifayətdir.

Maddə 18

İqtisadi və Sosial Şura Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən insan hüquqları və əsas azadlıqlar sahəsində vəzifələrini yerinə yetirərkən ixtisaslaşdırılmış idarələrlə, onların bu Paktın öz fəaliyyətləri dairəsinə aid qərarlarına riayət edilməsinə nail olmaq sahəsində əldə etdikləri tərəqqiyə dair Şuraya məruzələr təqdim etməsinə dair saziş bağlaya bilər. Bu məruzələrə həyata keçirilən işlər haqda onları qəbul edən səlahiyyətli orqanların qərar və tövsiyələrinin təfərrüatı daxil edilə bilər.

Maddə 19

İqtisadi və Sosial Şura 16 və 17-ci maddələrə müvafiq olaraq dövlətlərin, 18-ci maddəyə müvafiq olaraq ixtisaslaşdırılmış idarələrin insan hüquqlarına dair təqdim etdikləri məruzələri baxılmaq, yaxud ümumi tövsiyələr vermək, yaxud müvafiq hallarda məlumat üçün İnsan hüquqları komissiyasına göndərə bilər.

Maddə 20

Bu Paktda iştirak edən maraqlı dövlətlər və ixtisaslaşdırılmış idarələr 19-cu maddəyə əsasən istənilən tövsiyəyə, yaxud İnsan hüquqları komissiyasının hər hansı məruzəsində, yaxud hər hansı digər sənəddə belə ümumi tövsiyəyə edilən istinada dair mülahizələrini İqtisadi və Sosial Şuraya təqdim edə bilərlər.

Maddə 21

İqtisadi və Sosial Şura Baş Məclisə vaxtaşırı ümumi xarakterli tövsiyələr verilən və bu Paktda iştirak edən dövlətlərdən və ixtisaslaşdırılmış idarələrdən bu Paktda tanınan hüquqlara hamılıqla riayət olunmasının təmin edilməsi sahəsində gördükləri tədbirlər və əldə etdikləri nəticələrə dair alınmış məlumatların müxtəsər şərh edildiyi məruzələr təqdim edə bilər.

Maddə 22

İqtisadi və Sosial Şura Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının, onların köməkçi orqanlarının və texniki yardımla məşğul olan ixtisaslaşdırılmış idarələrinin diqqətini bu Paktda xatırlanan məruzələrlə əlaqədar meydana çıxan, həmin orqanlardan hər birinə bu Paktın tədricən səmərəli həyata keçirilməsinə yardım göstərə biləcək beynəlxalq tədbirlərin məqsədəuyğunluğuna dair öz səlahiyyəti çərçivəsində qərar çıxararkən faydalı ola bilən bütün məsələlərə cəlb edə bilər.

Maddə 23

Bu Paktda iştirak edən dövlətlər razılığa gəlirlər ki, bu Paktda elan olunmuş hüquqların həyata keçirilməsinə yardım edən beynəlxalq tədbirlərə konvensiyalar bağlanması, tövsiyələr qəbul edilməsi, texnigi yardım göstərilməsi, məsləhətləşmə məqsədilə regional və texniki müşavirələr keçirilməsi, habelə maraqlı hökumətlərin birgə təşkil etdikləri tədqiqatlar aparılması kimi vasitələr daxildir.

Maddə 24

Bu Paktda heç nə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və onun ixtisaslaşdırılmış idarələrinin nizamnamələrinin, Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanlarının və ixtisaslaşdırılmış idarələrinin bu Paktın toxunduğu məsələlərə dair müvafiq vəzifələrini müəyyənləşdirən qərarlarının əhəmiyyətinin azaldılması kimi yozulmamalıdır.

Maddə 25

Bu Paktda heç nə xalqların öz təbii sərvət və ehtiyatlarının tam və azad sahibi olmaq və onlardan istifadə etmək kimi ayrılmaz hüququnun əhəmiyyətinin azaldılması kimi yozulmamalıdır. V hissə

Maddə 26


1. Bu Pakt Birləşmiş Millətlər Təşkilatının, yaxud onun hər hansı ixtisaslaşdırılmış idarəsinin hər bir üzvünün, Beynəlxalq Məhkəmə Statutunun hər bir iştirakçı-dövlətinin və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin bu Paktda iştiraka dəvət etdiyi hər bir dövlətin imzalaması üçün açıqdır.

2. Bu Pakt təsdiq edilməlidir. Təsdiqetmə fərmanları Birləşmiş Millətlər Təşkilatının Baş katibinin yanında depozitə qoyulur.

3. Bu Pakt bu maddənin 1-ci bəndində göstərilən hər bir dövlətin qoşulması üçün açıqdır. 4. Qoşulma bu haqda sənədin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulması ilə həyata keçirilir.

5. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktı imzalamış, yaxud ona qoşulmuş dövlətlərə hər bir təsdiq etmə fərmanının, yaxud qoşulma sənədinin depozitə qoyulması haqqında bildiriş göndərir.

Maddə 27

1. Bu Pakt otuz beşinci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd Birləşmiş Millətlər Təşkilatı Baş katibi yanında depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.

2. Bu Pakt onu otuz beşinci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd depotizə qoyulandan sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün həmin dövlətin özünün təsdiqetmə fərmanının, yaxud qoşulma haqqında sənədinin depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.

Maddə 28

Bu Paktın qərarları heç bir məhdudiyyət qoyulmadan, yaxud istisnalar edilmədən federativ dövlətlərin bütün tərkib hissələrinə şamildir.

Maddə 29

1. Bu Paktda iştirak edən hər bir dövlət düzəlişlər təklif edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Baş katib təklif olunan hər bir düzəlişi bu Paktda iştirak edən dövlətlərə göndərərəg ovların həmin təkliflərə baxmaq və onları səsə qoymaq məqsədilə iştirakçı-dövlətlərin konfransının çağırılmasına razı olub-olmadıqlarını ona bildirməyi xahiş edir. İştirakçı-dövlətlərdən heç olmasa üçdə biri belə konfransın çağırılmasına razılığını bildirsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin konfransı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında çağırır. Bu konfransda və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən qəbul olunan hər bir düzəliş təsdiq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə təqdim edilir.

2. Düzəlişlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində təsdiq olunduqdan və bu Paktda iştirak edən dövlətlərin, onların konstitusiya prosedurlarına müvafiq olaraq, üçdə ikisinin çoxluğu tərəfindən qəbul edildikdən sonra qüvvəyə minir.

3. Düzəlişlər qüvvəyə mindikdə onları qəbul edən iştirakçı dövlətlər üçün icbari olur. Digər iştirakçı-dövlətlər üçün isə bu Paktın qərarları və onların qəbul etdiyi bütün əvvəlki düzəlişlər icbari olaraq qalır.

Maddə 30

Birləşmiş Millətlər Təşkilatının Baş katibi 26-cı maddənin 5-ci bəndində edilən bildirişdən asılı olmayaraq, həmin maddənin 1-ci bəndində söhbət gedən bütün dövlətlərə aşağıdakılar haqqında məlumat verir:

a) 26-cı maddəyə əsasən imzalanmalar, təsdiqetmələr, qoşulmalar;
b) 27-ci maddəyə əsasən bu Paktın qüvvəyə minmə tarixi və 29-cu maddəyə əsasən hər hansı düzəlişin qüvvəyə minmə tarixi.

Maddə 31

1. Mətni ingilis, ispan, Çin, rus və fransız dillərində eyni qüvvəyə malik olan bu Pakt saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə təhvil verilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktın təsdiq olunmuş surətlərini 26-cı maddədə göstərilən bütün dövlətlərə göndərir.

3. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

Baş Məclisin 2200A(XXI) saylı 18 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmişdir və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır

Qüvvəyə minməsi: 49-cu maddəyə müvafiq olaraq 23 mart 1976-cı il

PREAMBULA

Bu Paktda iştirak edən dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə müvafiq olaraq bəşər nəslinin bütün üzvlərinə məxsus ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq, həmin hüquqların insan şəxsiyyətinə məxsus olan ləyaqətdən doğduğunu etiraf edərək,

İnsan hüquqları haqqında ümumi bəyannaməyə əsasən mülki və siyasi azadlıqdan istifadə edən və qorxu və ehtiyacdan azad insane şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə biləcəyini etiraf edərək,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin insanın hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsini təşviq etməyə və onlara riayət olunmasına yardım göstərməyə borclu olduqlarını nəzərə alaraq, ayrılıqda hər bir insanın başqalarına və mənsub olduğu kollektivin üzvlərinə münasibətdə vəzifələr daşıyaraq, bu Paktda tanınan hüquqların təşviq edilməsinə sə'y göstərməli olduğunu nəzərə alaraq, aşağıdakı maddələrlə razılaşırlar:

I hissə

Maddə 1

1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdir. Onlar bu hüquqa əsasən öz siyasi statuslarını azad şəkildə müəyyən edir və özlərinin iqtisadi, sosial və mədəni inkişaflarını azad surətdə təmin edirlər.

2. Bütün xalqlar öz məqsədlərinə çatmaq üçün öz təbii sərvətləri və ehtiyatları barəsində qarşılıqlı mənfəət prinsipinə və beynəlxalq hüquqa əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan irəli gələn hər hansı öhdəliyə zərər yetirmədən azad sərəncam verə bilərlər. Heç bir xalq heç bir vəchlə ona məxsus yaşayış vasitələrindən məhrum edilə bilməz.

3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özünü idarə etməyən və qəyyumluq altında olan ərazilərin idarə olunması üçün məs'uliyyət daşıyan dövlətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına əsasən xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsini təşviq etməli və ona hörmət bəsləməlidirlər.

II hissə

Maddə 2


1. Bu Paktda iştirak edən hər bir dövlət onun ərazisi hüdudlarında və onun yurisdiksiyasında olan bütün şəxslərin bu Paktda elan olunan hüquqlarına heç bir cəhətdən, o cümlədən irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli, yaxud sosial mənşəyi, mülki vəziyyəti, doğuluşu, yaxud digər hallar baxımından fərq qoyulmadan hörmət etməyi və onların təmin olunmasını öhdəsinə götürür.

2. Əgər hələlik mövcud qanunvericilik tədbirlərində, yaxud digər tədbirlərdə nəzərdə tutulmamışsa, bu Paktda iştirak edən dövlətlər öz ölkələrinin konstitusiya proseduralarına və bu Paktın müddəalarına müvafiq olaraq bu Paktda elan olunmuş hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərinin və digər tədbirlərin qəbul edilməsi üçün lazımi ölçü götürməyi öhdələrinə alırlar.

3. Bu Paktda iştirak edən hər bir dövlət aşağıdakıları öhdəsinə götürür:

a) bu Paktda elan olunmuş hüquq və azadlıqları pozulmuş şəxsi, həmin pozuntu rəsmi səviyyədə hərəkət edən şəxslər tərəfindən törədilmişsə də, təsirli hüquqi müdafiə vasitələri ilə təmin etmək;
b) belə müdafiəyə ehtiyacı olan hər bir şəxsin hüquqi müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu digər səlahiyyətli orqan tərəfindən birqərar olmasını təmin etmək və məhkəmə müdafiəsinin imkanlarını inkişaf etdirmək;
c) nəzərdə tutulduğu hallarda, səlahiyyətli hakimiyyət orqanlarının hüquqi müdafiə vasitələrinin tətbiq olunmasını təmin etmək;

Maddə 3

Bu Paktda iştirak edən dövlətlər kişilər və qadınlar üçün bu Paktda nəzərdə tutulan bütün mülki və siyasi hüquqlardan bərabər surətdə istifadə olunmasını təmin etməyi öhdələrinə götürürlər.

Maddə 4

Dövlətdə millətin taleyini təhlükədə qoyan və mövcudluğu haqda rəsmi surətdə elan edilmiş fövqəl'adə vəziyyət yarandıqda, bu Paktda iştirak edən dövlətlər Pakt üzrə öhdəliklərindən geriçəkilmə tədbirləri qəbul edə bilər, lakin bu, vəziyyətin kəskinliyinin tələb etdiyi dərəcədə, belə tədbirlərin onların beynəlxalq hüquqa dair digər öhdəliklərinə zidd olmaması və müstəsna olaraq irq, dərisinin rəngi, cins, dil, din, yaxud sosial mənşə əsasında ayrı-seçkiliyə gətirib çıxarmaması şərtilə olmalıdır.

2. Bu müddəa 6, 7, 8 (1-ci və 2-ci bəndlər), 11, 15, 16 və 18-ci maddələrdən hər hansı bir şəkildə geriçəkilmə üçün əsas ola bilməz.

3. Bu Paktda iştirak edən hər bir dövlət geriçəkilmə hüququndan istifadə etdikdə, dərhal həmin Paktda iştirak edən digər dövlətlərə geri çəkildiyi müddəalar və onu belə geriçəkilməyə vadar edən səbəblər haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə məlumat verməlidir. Eləcə də, həmin vasitəçi ilə onun bu geriçəkilməyə xitam verdiyi tarix bildirilməlidir.

Maddə 5

1. Bu Paktda heç nə hər hansı bir dövlətin, hər hansı bir insan qrupunun, yaxud kiminsə bu Paktda tanınmış hüquq və ya azadlıqlardan hər hansı birini ləğv etməyə, yaxud onları bu Paktda nəzərdə tutulduğundan çox məhdudlaşdırmağa yönəldilmiş hansısa fəaliyyətlə məşğul olmaq, yaxud hansısa hərəkətlərə yol vermək hüququna malik olması kimi yozula bilməz.

2. Hər hansı bir ölkədə qanunla, konvensiyalarla, qayda, yaxud adətlərlə tanınan, yaxud mövcud olan əsas insan hüquqlarından heç birinin həmin hüquqların bu Paktda tanınmadığı, yaxud məhdud həcmdə tanınması bəhanəsi ilə heç cür məhdudlaşdırılmasına, yaxud onların əhəmiyyətinin azaldılmasına yol verilmir.

III hissə

Maddə 6


1. Yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kəs özbaşına həyatdan məhrum edilə bilməz.

2. Ölüm cəzasının ləğv edilmədiyi ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə, həmin cinayətlər törədildiyi vaxt qüvvədə olan və bu Paktın qərarlarına və Soyqırımı cinayətinin qarşısını almaq və ona görə cəzalandırma haqqında konvensiyaya zidd olmayan qanuna müvafiq çıxarıla bilər. Bu cəza səlahiyyətli məhkəmənin qəti qərarı əsasında yerinə yetirilə bilər.

3. Həyatdan məhrumetmədə soyqırımı cinayəti tərkibi varsa, nəzərə almaq lazımdır ki, bu maddədə heç nə bu Paktda iştirak edən dövlətlərə hər hansı bir yolla Soyqırımı cinayətinin qarşısını almaq və ona görə cəzalandırma haqqında konvensiyanın qərarlarına müvafiq qəbul edilmiş hər hansı öhdəlikdən geri çəkilmək hüququ vermir.

4. Ölüm cəzasına məhkum edilmiş hər kəsin bağışlanmasını, yaxud hökmün yumşaldılmasını xahiş etmək hüququ var. Amnistiya, bağışlanma, yaxud ölüm hökmünün dəyişdirilməsi bütün hallarda mümkündür.

5. Ölüm hökmü törətdikləri cinayətlərə görə yaşı on səkkizdə naz olan şəxslər barəsində çıxarılmır və hamilə qadınlar barəsində icra olunmur.

6. Bu maddədə heç nə ölüm hökmünün bu Paktda iştirak edən hər hansı bir dövlət tərəfindən tə'xirə salınmasına, yaxud ləğv olunmasına icazə verilməməsi üçün əsas sayıla bilməz.

Maddə 7

Heç kəs qəddar, insanlıqdan kənar işgəncələrə, yaxud onun ləyaqətini alçaldan davranışa, yaxud cəzaya məruz qalmamalıdır. O cümlədən, heç bir şəxs üzərində onun azad razılığı olmadan tibbi, yaxud elmi təcrübə aparıla bilməz.

Maddə 8

1. Heç kəs köləlikdə saxlana bilməz. Köləlik və qul ölkələrinin bütün növləri qadağandır. 2. Heç kəs asılı vəziyyətdə saxlana bilməz.

3. a) Heç kəs məcburi, yaxud icbari əməyə vadar edilə bilməz;

b) cinayətə görə cəzanın katorqa işləri ilə birlikdə azadlıqdan məhrumetmə şəklində təyin edilə bildiyi ölkələrdə 3.a) bəndi belə cəza təyin etmiş səlahiyyətli məhkəmənin hokum üzrə katorqa işlərinin yerinə yetirilməsinə maneə sayıla bilməz;

s) bu bənddə "məcburi, yaxud icbari əmək" termini aşağıdakıları əhatə etmir:

I) bir qayda olaraq, məhkəmənin qanuni sərəncamı ilə həbsdə olan, yaxud belə həbsdən şərti azad edilmiş şəxsin yerinə yetirdiyi, I) yarımbəndində xatırlanmayan hər hansı bir iş, yaxud xidmət;

II) hərbi xarakterli hər hansı bir xidmət, hərbi xidmətdən siyasi və dini-etik motivlərə görə imtina olunmasının qəbul edildiyi ölkələrdə isə həmin motivlərə görə hərbi xidmətdən imtina etmiş şəxslər üçün nəzərdə tutulan hər hansı bir xidmət;

III) əhalinin həyatı, yaxud rifahı üçün təhlükəli olan fövqəl'adə vəziyyət, yaxud fəlakət hallarında hər hansı bir icbari xidmət;

IV) adi vətəndaşlıq vəzifələrinə daxil olan hər hansı bir iş, yaxud xidmət.

Maddə 9

1. Hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir. 2. Hər kəs həbs olunarkən, əleyhinə sürülən hər hansı ittiham dərhal ona bildirilir. 3. Cinayət ittihamı ilə həbs olunmuş, yaxud tutulub saxlanmış hər bir şəxs tə'cili surətdə məhkəmə hakiminin, yaxud məhkəmə hakimiyyətini icra etmək hüququna və ağlabatan müddətdə məhkəmə baxışı aparmaq, yaxud azad etmək hüququ olan vəzifəli şəxsin yanına gətirilir. Məhkəmə baxışını gözləyən şəxslərin dustaq saxlanması ümumi qayda olmamalıdır. Lakin azad olunma məhkəməyə, məhkəmə təhqiqatının hər hansı bir mərhələsinə və zəruri hallarda hökmün icrası üçün gəlmək haqqında təminat verməkdən asılı edilə bilər.

4. Həbs, yaxud dustaqlıq nəticəsində azadlıqdan məhrum edilən hər bir şəxs tutulub saxlanılmasının qanuniliyi barədə qərar çıxarılmaq, əgər həbs qanunsuzdursa, azad edilməsi barədə sərəncam verilmək üçün onun işinə məhkəmədə baxılması hüququna malikdir.

5. Qanunsuz həbs, yaxud dustaqlıq qurbanı olan hər kəsin iddia gücünə malik kompensasiya hüququ var.

Maddə 10

1. Azadlıqdan məhrum edilmiş bütün şəxslər humanist davranışa, insan şəxsiyyətinin ləyaqətinə hörmət edilməsi hüququna malikdirlər.

2. a) Müttəhimlər, müstəsna hallar olmadıqda, məhkum olunmuş şəxslərdən ayrı saxlanılır və onlar üçün məhkum olunmamış şəxslər statusuna uyğun rejim qoyulur.

b) yetkinliyə çatmamış müttəhimlər yetkinliyə çatmışlardan təcrid edilir və ən qısa müddətdə qərar çıxarılmaq üçün məhkəməyə göndərilir.

3. Həbs cəzası sistemində məhbuslar üçün əsas məqsədi onları Yetkinliyə çatmamış qanun pozucuları yetkinliyə çatmışlardan təcrid edilir və onlar üçün yaşlarına və hüquqi statuslarına uyğun rejim qoyulur.

Maddə 11

1. Heç kəs hər hansı bir müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmamasına əsasən azadlıqdan məhrum edilə bilməz.

Maddə 12

1. Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüququ var.

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var.

3. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mə'nəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa məhdudiyyət obyekti ola bilməz.

4. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.

Maddə 13

Bu Paktda iştirak edən dövlətlərdən hər hansı birinin ərazisində qanuni surətdə olan əcnəbi yalnız qanuna müvafiq çıxarılan qərara əsasən sürgün edilə bilər, əgər dövlət təhlükəsizliyi mülahizələri bunu qeyd-şərtsiz tələb etmirsə, sürgün olunması əleyhinə dəlillərini gətirmək, öz işinə səlahiyyətli hakimiyyət orqanı, yaxud səlahiyyətli hakimiyyət orqanı tərəfindən xüsusi təyin olunmuş şəxs və ya şəxslər tərəfindən yenidən baxılmaq və bu məqsədlə həmin hakimiyyət orqanı, şəxs və ya şəxslər qarşısında təmsil olunmaq hüququna malikdir.

Maddə 14

1. Bütün şəxslər məhkəmə və tribunal qarşısında bərabərdir. Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələri müəyyənləşdirilərkən işinə qanun əsasında yaradılmış səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququna malikdir. Demokratik cəmiyyətdə mətbuat və ictimaiyyət əxlaq, ictimai asayiş, yaxud dövlət təhlükəsizliyi mülahizələrinə görə, yaxud tərəflərin şəxsi həyatlarının mənafeyi tələb etdikdə, yaxud məhkəmənin fikrincə ciddi zərurət olduqda

-açıq məhkəmənin ədalət məhkəməsini poza biləcəyi xüsusi hallarda

- məhkəmə baxışına bütövlükdə, yaxud onun bir hissəsinə buraxılmaya bilər; lakin yetkinliyə çatmamışların mənafeyinin tələb etdiyi, yaxud işin evlənməyə, yaxud uşaqlar üzərində qəyyumluq mübahisələrinə aid olduğu hallar istisna edilməklə, cinayət, yaxud mülki işlərə dair hər bir məhkəmə qərarı açıq olmalıdır.

2. Cinayətdə ittiham olunan hər kəs onun təqsiri qanuna əsasən sübut edilənədək günahkar sayılmamaq hüququna malikdir.

3. Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, tam bərabərlik əsasında minimum aşağıdakılara təminat hüququna malikdir:

a) ona qarşı irəli sürülən ittihamın xarakteri və əsası ilə tə'cili qaydada və onun başa düşdüyü dildə ətraflı xəbərdar edilmək;

b) özünü müdafiəyə hazırlamaq üçün kifayət qədər vaxta və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq imkanına malik olmaq;

c) əsassız ləngitməyə yol verilmədən mühakimə edilmək;

d) özünün iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən, yaxud özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək: əgər müdafiəçisi yoxdursa, bu huququ haqqında xəbərdar edilmək və ədalət məhkəməsinin, mənafeyi tələb etdiyi bütün hallarda təyin olunmuş müdafiəçiyə və müdafiə haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadığı hallarda pulsuz müdafiəçiyə malik olmaq;

e) onun əleyhinə ifadə verən şahidləri dindirmək, yaxud bu şahidlərin dindirilməsi hüququna malik olmaq, öz şahidlərinin onun əleyhinə ifadə verən şahidlər üçün mövcud olan şərtlərlə istintaqa çağırılması hüququna malik olmaq;

i) məhkəmədə istifadə olunan dili başa düşmürsə, yaxud bu dildə danışmırsa, tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

g) öz əleyhinə ifadə verməyə, yaxud özünün müqəssir olduğunu etiraf etməyə məcbur edilməmək.

4. Yetkinliyə çatmayanlar barəsində məhkəmə prosesi onların yaşı və yenidən tərbiyə edilmək istəyinə yardım göstərilməsi nəzərə alınmaqla aparılmalıdır.

5. Hər hansı bir cinayətə görə məhkum olunmuş hər kəs onun barəsindəki ittihama və hökmə qanuna əsasən yuxarı məhkəmə instansiyalarında yenidən baxılması hüququna malikdir.

6. Əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən namə'lum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır. 7. Heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq qəti surətdə məhkum olunduğu, yaxud bəraət qazandığı bir cinayət üçün ikinci dəfə mühakimə edilməməli, yaxud cəzalandırılmamalıdır.

Maddə 15

1. Heç kəs qüvvədə olan ölkədaxili qanunvericiliyə, yaxud beynəlxalq hüquqa əsasən törədildiyi vaxt cinayət olmayan hansısa hərəkət, yaxud səhv üstündə hansısa cinayət törətməkdə müqəssir sayıla bilməz. Eləcə də, cinayət törədildiyi vaxt tətbiq edilməli olan cəzadan ağır cəza təyin edilə bilməz. Əgər cinayət törədildikdən sonra qanunla daha yüngül cəza müəyyən edilirsə, bu qanunun təsiri həmin cinayətkara da şamil olunur.

2. Bu maddədə heç nə hər bir şəxsin törədilərkən beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə əsasən cinayət olan hər hansı bir əməlinə, yaxud xətasına görə məhkəməyə verilməsinə və cəzalandırılmasına mane olmur.

Maddə 16

Hər bir insan harada olursa-olsun hüquq subyektliyi kimi qəbul edilmək hüququna malikdir. Maddə 17

1. Heç kəsin şəxsi və ailə həyatına özbaşına, yaxud qanunsuz müdaxilə, mənzil toxunulmazlığını, yaxud yazışma sirrinə özbaşına, yaxud qanunsuz qəsd, yaxud şərəfinə və adına qanunsuz qəsd edilə bilməz.

2. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.

Maddə 18

1. Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var. Bu hüquqa özünün seçdiyi dinə və əqidəyə malik olamaq, öz dininə və əqidəsinə istər təklikdə, istərsə də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, ibadətdə, dini ayin və mərasimlərin icrasında və tə'limdə e'tiqad bəsləmək azadlığı daxildir.

2. Heç kəs onun dinə, yaxud əqidəyə malik olmaq və ya onları öz istəyi ilə qəbul etmək azadlığına xələl gətirən məcburiyyət məruz qalmamalıdır.

3. Din, yaxud əqidə azadlığı yalnız qanunla qoyulmuş və ictimai təhlükəsizliyin, asayişin, sağlamlığın və əxlaqın, eləcə də başqa şəxslərin əsas hüquq və azadlıqlarının qorunması üçün zəruri olduğu qədər məhdudlaşdırılmalıdır.

4. Bu Paktda iştirak edən dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşaqlarının öz şəxsi əqidələrinə uyğun dini və mə'nəvi tərbiyə almasını təmin etmək azadlığına hörmət etməyi öhdələrinə götürürlər.

Maddə 19

1. Hər bir insan şəxsi fikri olmaq hüququna malikdir.

2. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir.

3. Bu maddənin 2-ci bəndində göstərilən hüquqlardan istifadə olunması xüsusi vəzifələr qoyur və məs'uliyyət tələb edir. Belə ki, bu, bir sıra məhdudiyyətlərlə bağlı ola bilər. Lakin onlar qanunla müəyyənləşdirilməli və aşağıdakıların təmin edilməsi üçün zəruri olmalıdır:

a) başqalarının hüüquqlarına və adına hörmət edilməsi üçün;

b) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlıq, yaxud mə'nəviyyatının qorunması üçün;

Maddə 20

1. Hər cür müharibə təbliğatı qanunla qadağan edilməlidir.

2. Ayrı-seçkiliyə, düşmənçiliyə, zorakılığa təhrik olan milli, irqi, yaxud dini nifrətin lehinə edilən hər hansı bir çıxış qanunla qadağan olunmalıdır.

Maddə 21

Dinc yığıncaqlar hüququ tanınır. Bu hüquqdan istifadə edilməsinə qanuna müvafiq olaraq qoyulan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mə'nəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyulmur.

Maddə 22

1. Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və belə ittifaqlara girmək hüququ da daxil olmaqla, başqaları ilə birgə assosiasiyalar yaratmaq hüququna malikdir.

2. Bu hüquqdan istifadə edilməsinə qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mə'nəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri lanlardan başqa heç bir məhdudiyyət qoyulmur. Bu maddə silahlı qüvvələrin, yaxud polisin tərkibinə daxil olan şəxslərin həmin hüquqdan istifadə etməsinə qanuni məhdudiyyətlər tətbiq edilməsinə mane olmur.

3. Bu maddədə heç nə Beynəlxalq Əmək Təşkilatının assosiasiyalar yaratmaq və təşkilatlanma hüququnun müdafiəsinə dair 1948-ci il Konvensiyasında iştirak edən dövlətlərə həmin Konvensiyada nəzərdə tutulan təminatların zərərinə qanunvericilik aktları qəbul etmək, yaxud qanunu bu təminatlara xələl gətirə biləcək şəkildə tətbiq etmək hüququ vermir.

Maddə 23

1. Ailə cəmiyyətin təbii və əsas özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.

2. Nikah yaşına çatmış bütün kişilərin və qadınların nikaha daxil olmaq hüququ və ailə qurmaq hüququ var.

3. Heç bir nikah ona daxil olan tərəflərin azad və tam razılığı olmadan bağlana bilməz.

4. Bu Paktda iştirak edən bütün dövlətlər ər-arvadın nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən hüquq və vəzifələrinin bərabərliyinin təmin olunması üçün lazımi tədbirlər görməlidirlər. Nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır.

Maddə 24

1. Hər bir uşağın irq, dərisinin rəngi, cins, dil, din, milli, yaxud sosial mənşə, mülki vəziyyət, yaxud doğuluş əlamətlərinə görə heç bir ayrı-seçkilik qoyulmadan, ailəsi, cəmiyyət və dövlət tərəfindən azyaşlı kimi vəziyyətinin tələb etdiyi müdafiə tədbirləri görülməsi hüququ var.

2. Hər bir uşaq doğulan kimi dərhal qeydiyyata alınmalı və onun adı olmalıdır.

3. Hər bir uşağın vətəndaşlıq əldə etmək hüququ var.

Maddə 25

Hər bir insan 2-ci maddədə xatırlanan heç bir ayrı-seçkilig və əsassız məhdudiyyət qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır:

a) dövlət işlərinin aparılmasında istər bilavasitə, istərsə də azad şəraitdə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək;

b) səs vermək və ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin sərbəst iradəsini təmin edən həqiqi vaxtaşırı seçkilərdə seçilmək;

c) öz ölkəsində ümumi bərabərlik əsasında dövlət qulluğuna buraxılmaq.

Maddə 26

Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir ayrı-seçkilik qoyulmadan müdafiə olunmaq hüququna malikdir. Bu baxımdan hər cür ayrı-seçkilik qanunla qadağan olunmalı və qanun bütün şəxslərin hər hansı əlamətinə, o cümlədən irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi, yaxud digər əqidələrinə, milli, yaxud sosial mənşəyinə, mülki vəziyyətinə, doğuluşuna, yaxud digər hallara görə ayrı-seçkilikdən bərabər və təsirli müdafiə olunmasını təmin etməlidir.

Maddə 27

Etnik, din və dil azlıqlarının mövcud olduğu ölkələrdə belə azlıqlara mənsub olan şəxslər həmin qrupun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən bəhrələnmək, öz dininə e'tiqad bəsləmək və onun ayinlərini icra etmək, eləcə də öz doğma dilindən istifadə etmək hüququndan məhrum edilə bilməz.

IV hissə

Maddə 28


1. İnsan hüquqları Komitəsi (bu Paktda bundan sonra Komitə adlandırılacaq) yaradılır. O, on səkkiz üzvdən ibarət olub, aşağıda nəzərdə tutulan funksiyaları yerinə yetirir

2. Komitənin tərkibinə bu Paktda iştirag edən dövlətin vətəndaşı olan yüksək mə'nəvi keyfiyyətlərə, insan hüquqları sahəsində mö'təbər səlahiyyətə malik şəxslər daxildir, hüquq təcrübəsinə malik bir sıra şəxslərin iştirakının faydalılığı da nəzərə alınır.

3. Komitə üzvləri şəxsi keyfiyyətdə seçilir və işləyirlər.

Maddə 29

1. Komitə üzvləri 28-ci maddənin tələblərinə cavab verən və bu Paktda iştirak edən dövlətlərin həmin məqsədlə namizədliklərini irəli sürdükləri şəxslərin siyahısından gizli səsvermə yolu ilə seçilir.

2. Bu Paktda iştirak edən dövlətlərdən hər biri iki şəxsdən çox namizəd irəli sürə bilməz. Bu şəxslər onların namizədliyini irəli sürmüş dövlətin vətəndaşı olmalıdır.

3. Hər bir şəxsin namizədliyinin təkrar irəli sürülmək hüququ var.

Maddə 30

1. İlk seçkilər bu Paktın qüvvəyə mindiyi gündən sonra altı aydan gec olmayaraq keçirilir.

2. 34-cü maddəyə müvafiq olaraq açıq vakansiyaları tutmaq üçün elan olunan seçkilərdən başqa, hər seçkiyə heç olmasa dörd ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktda iştirak edən bütün dövlətlərə üç ay müddətində Komitənin üzvlüyünə namizədlərin təqdim olunması barədə yazılı müraciət edir.

3. Birləşmiş Millətlər Təşkilatının Baş katibi namizədliyi həmin qayda ilə irəli sürülmüş bütün şəxslərin, bu Paktda iştirak edən hansı dövlət tərəfindən irəli sürüldüyü göstərilməklə, əlifba sırası ilə siyahısını tərtib edir, həmin siyahını hər seçkinin keçiriləcəyi tarixdən bir ay gec olmayaraq bu Paktda iştirak edən dövlətlərə təqdim edir.

4. Komitə üzvlərinin seçkisi bu Paktda iştirak edən dövlətlərin Birləşmiş Millətlər Təşkilatı Baş katibi tərəfindən Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində çağırılan iclasında keçirilir. Yetərsay üçün bu Paktda iştirak edən dövlətlərin üçdə ikisinin iştirakı kifayət olan həmin iclasda namizədlikləri daha çox səs alan və iştirakçı-dövlətlərin iclasda və səsvermədə iştirak edən nümayəndələrinin mütləq səs çoxluğunu qazanan şəxslər Komitəyə üzv seçilmiş sayılır.

Maddə 31

1. Komitəyə eyni dövlətdən bir vətəndaşdan çox üzv daxil ola bilməz.

2. Komitəyə seçkilər zamanı üzvlərin ədalətli coğrafi bölgüsü, müxtəlif sivilizasiya formalarının və əsas hüquq sistemlərinin təmsil olunması nəzərə alınır.

Maddə 32

1. Komitə üzvləri dörd il müddətinə seçilir. Onların namizədlikləri yenidən irəli sürüldükdə təkrar seçilmək hüququ var. Lakin ilk seçkilərdə seçilmiş üzvlərdən doqquzunun səlahiyyət müddəti ikinci ilin sonunda bitir; ilk seçkilərdən dərhal sonra həmin doqquz üzvün adı 30-cu maddənin 4-cü bəndində xatırlanan Sədr tərəfindən püşk vasitəsilə müəyyən edilir.

2. Səlahiyyət müddəti bitdikdə bu Paktın bu hissəsinin əvvəlki maddələrinə müvafiq olaraq seçkilər keçirilir.

Maddə 33

1. Əgər digər üzvlərin yekdil fikrincə Komitənin hər hansı bir üzvü hər hansı səbəbdən, müvəqqəti iştirak etməmək nəzərə alınmamaqla, öz funksiyalarını icra etməyə xitam veribsə, Komitənin Sədri bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məlumat verir. Baş katib isə bundan sonra həmin üzvün yerini boş elan edir.

2. Komitə üzvlərindən hansısa öldükdə, yaxud istefaya çıxdıqda Komitənin Sədri dərhal Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məlumat verir. Baş katib isə həmin yeri ölüm günündən, yaxud istefanın gerçəkləşdiyi gündən boş elan edir.

Maddə 34

1. 33-cü maddəyə müvafiq olaraq vakansiya elan olunduqda və əvəz ediləsi üzvün səlahiyyət müddəti bu vakansiya elan ediləndən sonra altı ay müddətində qurtarmırsa, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 29-cu maddəyə müvafiq olaraq bu Paktın həmin vakansiyanı tutmaq üçün iki ay müddətində öz namizədini irəli sürə bilən hər bir iştirakçı-dövlətini xəbərdar edir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu qayda ilə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını tərtib edərək həmin siyahını bu Paktda iştirak edən dövlətlərə təqdim edir.

Sonra vakansiyaları tutmaq üçün bu Paktın hazırkı hissəsinin müvafiq müddəalarına əsasən seçkilər keçirilir.

3. Komitənin 33-cü maddəyə müvafiq olaraq elan edilmiş vakansiyanı tutmaq üçün seçilən üzvü, göstərilən maddənin müddəalarına əsasən, vəzifəsini Komitədə yeri boşalan üzvün yerdə qalan səlahiyyət müddəti ərzində daşıyır.

Maddə 35

Komitə üzvləri Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin Komitənin vəzifələrinin əhəmiyyəti nəzərə alınmaqla müəyyən etdiyi qayda və şərtlərlə Birləşmiş Millətlər Təşkilatının vəsaitindən Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən təsdiq olunmuş əmək haqqı alırlar.

Maddə 36

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin bu Pakta müvafiq olaraq funksiyalarını səmərəli həyata keçirməsi üçün lazımi sayda personal və maddi vəsait ayırır.

Maddə 37

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin ilk iclasını Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində çağırır.

2. Komitə ilk iclasdan sonra onun prosedura qaydalarında nəzərdə tutulan vaxtlarda yığışır.

3. Komitə adətən, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində, yaxud Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki şö'bəsində toplaşır.

Maddə 38

1. Komitənin hər bir üzvü öz vəzifələrinin icrasına başlamazdan əvvəl Komitənin açıq iclasında öz funksiyalarını qərəzsiz və vicdanla yerinə yetirəcəyi barədə təntənəli bəyanat verir.

Maddə 39

1. Komitə iki il müddətinə öz vəzifəli şəxslərini seçir. Onlar təkrar seçilə bilərlər. 2. Komitə özünün məxsusi prosedura qaydalarını müəyyən edir. Lakin bu qaydalar həm də aşağıdakıları nəzərdə tutmalıdır:

a) yetərsay Komitənin on iki üzvündən ibarətdir;
b) Komitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.

Maddə 40

1. Bu Paktda iştirak edən dövlətlər bu Paktda tanınan hüquqların həyata keçirilməsi ilə əlaqədar gördükləri tədbirlər və həmin hüquqlardan istifadə olunmasında əldə edilmiş uğurlar haqqında aşağıdakı qaydada məruzələr təqdim etməyi öhdələrinə götürürlər:

a) bu Pakt qüvvəyə mindikdən sonra bir il ərzində müvafiq iştirakçı-dövlətlər barəsində;
b) gələcəkdə Komitənin tələb etdiyi bütün hallarda.

2. Bütün məruzələr Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edilir, o isə həmin məruzələri baxılmaq üçün Komitə üzvlərinə göndərir. Məruzələrdə bu Paktın həyata keçirilməsinə təsir göstərən amillər çətinliklər, əgər varsa, göstərilir.

3. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitə ilə məsləhətləşmədən sonra məruzələrin maraqlı ixtisaslaşdırılmış idarələrin səlahiyyət dairəsinə aid ola bilən hissələrinin nüsxələrini onlara göndərə bilər.

4. Komitə bu Paktda iştirak edən dövlətlərin təqdim etdiyi məruzələri öyrənir. O, öz məruzələrini və məqsədəuyğun saydığı ümumi xarakterli qeydlərini iştirakçı-dövlətlərə göndərir. Komitə həmin qeydləri bu Paktda iştirak edən dövlətlərdən aldığı məruzələrii nüsxələri ilə birlikdə İqtisadi və Sosial Şuraya da göndərə bilər.

5. Bu Paktda iştirak edən dövlətlər bu maddənii 4-cü bəndinə müvafiq olaraq edilə bilən hər hansı qeydə dair öz mülahizələrini Komitəyə təqdim edə bilər.

Maddə 41

1. Bu maddəyə müvafiq olaraq bu Paktda iştirak edən dövlət istənilən vaxt hansısa iştirakçı-dövlətin başqa bir iştirakçı-dövlətin bu Pakt üzrə öz öhdəliklərini yerinə yetirmədiyini iddia etməsi barədə məlumatı almaq və ona baxmaq səlahiyyətini tanıdığını bəyan edə bilər. Bu maddədə nəzərdə tutulan məlumatlara yalnız onların bu Komitənin səlahiyyətini tanıdıqlarını bəyan etmiş iştirakçı-dövlətlər tərəfindən təqdim olunduğu təqdirdə baxıla bilər. Komitə bu cür bəyanat verməmiş iştirakçı-dövlətə aid heç bir məlumat qəbul etmir. Bu maddəyə müvafiq olaraq, alınmış məlumatlara aşaqıdakı prosedura qaydasına uyğui baxılır;

a) Əgər bu Paktda iştirak edən dövlətlərdən biri hesab edirsə ki, başqa bir iştirakçı-dövlət bu Paktın qərarlarını yerinə yetirmir, onda o, bu məsələni yazılı məlumatla göstərilən dövlətin nəzərinə çatdıra bilər. Bu məlumatı alan dövlət bundansonra üç ay ərzində həmin məlumatı göndərmiş dövlətə izahat,

yaxud hər hansı bir digər bəyanat təqdim edir. Burada mümkün və məqsədəuyğun olduğu qədər, daxili proseduralara istinad edilməli və həmin məsələ ilə əlaqədar görülmüş, yaxud görülə biləcək tədbirlər barədə məlumat verilməlidir;

b) əgər məsələ hər iki iştirakçı-dövlət üçün qənaətbəxş şəkildə həll olunmazsa, məktubu alan dövlətin ilk məlumatı almasından sonra altı ay ərzində həmin dövlətlərdən hər biri həmin məsələni, Komitəni və digər dövləti xəbərdar etməklə, Komitənin müzakirəsinə vermək hüququna malikdir;

c) Komitə ona verilmiş məsələyə yalnız indiki halda hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq, bütün mümkün daxili vasitələrin sınaqdan çıxarıldığına və tükəndiyinə əmin olduqdan sonra baxır. Həmin qayda bu vasitələrdən istifadə əsassız olaraq ləngidildikdə işləmir;

d) Komitə bu maddədə nəzərdə tutulan məlumatlara qapalı iclaslarda baxır;

e) Komitə c) yarımbəndinin qərarlarına riayət edərək məsələnin bu Paktda tanınan insan hüquqlarına və əsas azadlıqlara hörmət əsasında dostcasına həll etmək məqsədilə maraqlı iştirakçı-dövlətlərə xeyirxah xidmət göstərir;

f) Komitə ona baxılmağa verilmiş hər hansı bir məsələ barəsində b) yarımbəndində xatırlanan maraqlı iştirakçı -dövlətlərə müraciətlə işə dair istənilən məlumatı təqdim etməyi xahiş edə bilər; g) bu maddənin b) yarımbəndində xatırlanan maraqlı iştirakçı-dövlətlər məsələyə Komitədə baxılarkən, təmsil olunmaq və şifahi, yaxud yazılı təqdimatlar vermək hüququna malikdirlər; h) Komitə b) yarımbəndinə müvafiq olaraq, bildiriş aldığıgündən sonra 12 ay ərzində məruzə təqdim edir:

i) əgər e) yarımbəndinin qərarları çərçivasində qərar əldə edilərsə, Komitə öz məruzəsində faktların və əldə edilmiş qərarın qısa şərhi ilə kifayətlənir;

ii) əgər e) yarımbəndinin qərarları çərçivəsində qərar qəbul edilməzsə, Komitə öz məruzəsində faktların qısa şərhi ilə kifayətlənir; yazılı təqdimatlar və maraqlı iştirakçı-dövlətlərin şifahi təqdimatlarının yazılı mətnləri məruzəyə əlavə edilir. Hər bir məsələyə dair məruzə maraqlı iştirakçı-dövlətlərə göndərilir.

2. Bu maddənin qərarları, bu Paktda iştirak edən on dövlət bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. Həmin bəyanatlar iştirakçı-dövlətlər tərəfindən Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulur. Baş katib həmin bəyanatların surətlərini qalan iştirakçı-dövlətlərə göndərir. Ərizə Baş katibə bildirilməklə geri götürülə bilər. Bu hərəkət bu maddəyə müvafiq olaraq artıq təqdim olunmuş məlumata aid hər hansı məsələyə baxılmasına mane olmur. Maraqlı iştirakçı-dövlət yeni bəyanat verməzsə, hər hansı iştirakçı-dövlətin ərizənin geri götürülməsi barədə Baş katib bildiriş aldıqdan sonra təqdim etdiyi heç bir sonrakı məlumat qəbul edilmir.

Maddə 42

1. a) 41-ci maddəyə müvafiq olaraq, artıq Komitəyə verilmiş hər hansı bir məsələ marağlı olan iştirakçı dövlətləri qaneedici şəkildə həll edilməmişsə, Komitə maraqlı iştirakçı-dövlətlərlə ilkin razılaşmadan sonra xüsusi razılaşdırıcı komissiya (bundan sonra "Komissiya" adlandırılacaq) təyin edə bilər. Komissiya maraqlı iştirakçı-dövlətlərə həmin məsələnin xoşluqla həll olunması məqsədilə xeyirxah xidmət göstərir;

b) Komissiya maraqlı iştirakçı-dövlətlər üçün məqbul olan beş şəxsdən ibarət olur. Əgər maraqlı iştirakçı-dövlətlər üç ay ərzində Komissiyanın tam, yaxud bir hissəsinin tərkibi barəsində razılıq əldə etməzsə, Komissiyanın təyin olunmaları barəsində razılıq əldə edilməmiş üzvləri gizli səsvermə yolu ilə Komitə üzvləri tərkibinin üçdə ikisinin səs çoxluğu ilə seçilir.

2. Komissiya üzvləri vəzifələrini şəxsi keyfiyyətlə yerinə yetirirlər. Onlar maraqlı iştirakçı-dövlətlərin. yaxud bu Paktda iştirak etməyən, yaxud 41-ci maddəyə müvafiq olaraq bəyanat verməmiş dövlətin vətəndaşı olmamalıdır.

3. Komissiya öz Sədrini seçir və özünün məxsusi prosedura qaydalarını müəyyən edir.

4. Komissiyanın iclasları, adətən, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində, yaxud Birləşmiş Millətlər Təşkilatının Cenevrə şö'bəsində keçirilir. Lakin onlar Komissiyanın Birləşmiş Millətlər Təşkilatının Baş katibi və müvafiq iştirakçı-dövlətlərlə məsləhətləşmədə müəyyən etdiyi bu cür digər əlverişli yerlərdə də keçirilə bilər.

5. 36-cı maddəyə müvafiq olaraq ayrılmış Katiblik, həmçinin, bu maddəyə əsasən yaradılmış komissiyalara xidmət göstərir.

6. Komitənin aldığı və öyrəndiyi informasiya Komissiyanın sərəncamına verilir. Komissiya maraqlı iştirakçı-dövlətlər müraciətlə işə dair istənilən informasiya təqdim olunmasını xahiş edə bilər.

7. Komissiya məsələyə tam şəkildə baxdıqdan - lakin hər halda, həmin məsələ ona veriləndən sonra 12 aydan gec olmayaraq - Komitə Sədrinə maraqlı iştirakçı-dövlətlərə göndərilmək üçün məruzə təqdim edir:

a) Komissiya həmin məsələyə baxılmasını başa çatdıra bilməmişsə, öz məruzəsində həmin məsələyə baxılması vəziyyətinin qısa şərhi ilə kifayətlənir;
b) həmin məsələ bu Paktda tanınan insan hüquqlarına riayət edilməsi əsasında xoşluqla həll edilərsə, Komissiya öz məruzəsində faktların və əldə edilmiş qərarın qısa şərhi ilə kifayətlənir;
c) əgər b) yarımbəndində göstərilən qərar əldə edilməzsə, Komissiyanın məruzəsində maraqlı iştirakçı-dövlətlər arasındakı mübahisəyə aid bütün faktik xarakterli məsələlərə dair onun rə'yi və məsələnin xoşluqla tənzimlənməsi imkanları barədə mülahizələri əksini tapır. Bu məruzəyə maraqlı iştirakçı-dövlətlərin yazılı təqdimatları və şifahi təqdimatlarının yazılı mətnləri də əlavə edilir;
d) Komissiyanın məruzəsi c) yarımbəndinə əsasən təqdim edildikdə, maraqlı iştirakçı-dövlətlər həmin məruzəni aldıqdan sonra üç ay ərzində Komissiyanın məruzəsinin məzmunu ilə razı olub-olmadıqlarını Komitə Sədrinə bildirirlər.

8. Bu maddənin müddəaları Komitənin 41-ci maddədə nəzərdə tutulan vəzifələrinin əhəmiyyətini azaltmır.

9. Maraqlı iştirakçı-dövlətlər Komissiya üzvlərinin bütün xərclərini Birləşmiş Millətlər Təşkilatı Baş katibinin təqdim etdiyi smeta əsasında bərabər şəkildə ödəyirlər.

10. Birləşmiş Millətlər Təşkilatının Baş katibi, lazım gəldikdə, Komissiya üzvlərinin xərclərini bu maddənin 9-cu bəndinə müvafiq olaraq həmin xərcləri maraqlı iştirakçı-dövlətlər ödəyənə qədər ödəmək hüququna malikdir.

Maddə 43

Komitə üzvlərinin və 42-ci maddəyə əsasən təyin edilə bilən xüsusi razılaşdırma komissiyaları üzvlərinin Birləşmiş Millətlər Təşkilatının imtiyazlar və immunitetlər haqqında Konvensiyasının müvafiq bölmələrində nəzərdə tutulduğu kimi, Birləşmiş Millətlər Təşkilatının ezamiyyətə göndərilən ekspertlərinin malik olduqları güzəşt, imtiyaz və immunitetlər hüququ var.

Maddə 44

Bu Paktın yerinə yetirilməsinə dair müddəalar Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin tə'sisat aktları və konvensiyalarının göstərişlərinə əsasən, yaxud onlara müvafiq olaraq insan hüquqları sahəsində proseduralara xələl gətirmədən tətbiq edilir və bu Paktda iştirak edən dövlətlərin aralarındakı qüvvədə olan ümumi və xüsusi beynəlxalq sazişlərə əsasən mübahisəni həll etmək üçün digər üsullara əl atmalarına mane olmur.

Maddə 45

Komitə öz işi barədə İqtisadi və Sosial Şura vasitəsilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illig məruzə təqdim edir.

V hissə

Maddə 46


Bu Paktda heç nə Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin Nizamnamələrinin Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanlarının və ixtisaslaşdırılmış idarələrin bu Paktın aid olduğu məsələlərə dair müvafiq vəzifələrini müəyyənləşdirən qərarlarının əhəmiyyətinin azaldılması kimi yozulmamalıdır.

Maddə 47

Bu Paktda heç nə xalqların öz təbii sərvət və ehtiyatlarının sahibi olmaq və onlardan tam və azad surətdə istifadə etmək kimi ayrılmaz hüququnun sıxışdırılması kimi yozulmamalıdır

VI hissə

Maddə 48


1. Bu Pakt Birləşmiş Millətlər Təşkilatının, yaxud onun hər hansı ixtisaslaşdırılmış idarəsinin üzvünün, Beynəlxalq Məhkəmə Statutunun hər bir iştirakçı-dövlətinin və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin bu Paktda iştiraka dəvət etdiyi hər bir dövlətin imzalanması üçün açıqdır.

2. Bu Pakt təsdiq edilməlidir. Təsdiqetmə fərmanları Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulur.

3. Bu Pakt bu maddənin 1-ci bəndində göstərilən hər bir dövlətin qoşulması üçün açıqdır.

4. Qoşulma bu haqda sənədin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulması ilə həyata keçirilir.

5. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktı imzalamış, yaxud ona qoşulmuş dövlətlərə hər bir təsdiqetmə fərmanının, yaxud qoşulma sənədinin depozitə qoyulması haqqında bildiriş göndərir.

Maddə 49

1. Bu Pakt otuz beşinci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd Birləşmiş Millətlər Təşkilatı Baş katibi yanında depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.

2. Bu Pakt onu otuz beşinci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd depozitə qoyulduqdan sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün həmin dövlətin özünün təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənədi depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.

Maddə 50

Bu Paktın qərarları heç bir məhdudiyyət qoyulmadan, yaxud istisnalar edilmədən federativ dövlətlərin bütün tərkib hissələrinə şamildir.

Maddə 51

1. Bu Paktda iştirak edən hər bir dövlət düzəlişlər təklif edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Baş katib təklif olunan hər bir düzəlişi bu Paktda iştirak edən dövlətlərə göndərərək onların həmin düzəlişlərə baxmaq və onları səsə qoymaq məqsədi ilə iştirakçı - dövlətlərin konfransının çağırılmasına razı olub-olmadıqlarını ona bildirməyi xahiş edir. İştirakçı-dövlətlərin heç olmasa üçdə biri belə konfransın çağırılmasına razılığını bildirsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin konfransı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında çağırır. Bu konfransda və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilən hər bir düzəliş təsdiq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə təqdim edilir.

2. Düzəlişlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində və Paktda iştirak edən dövlətlərin, onların konstitusiya proseduralarına müvafiq olaraq, üçdə ikisi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

3. Düzəlişlər qüvvəyə minəndən sonra onları qəbul edən iştirakçı-dövlətlər üçün icbari olur. Digər iştirakçı-dövlətlər üçün isə bu Paktın qərarları və onların qəbul etdiyi bütün əvvəlki düzəlişlər icbari olaraq qalır.

Maddə 52

Birləşmiş Millətlər Təşkilatının Baş katibi 48-ci maddənin 5-ci bəndində edilən bildirişdən asılı olmayaraq, həmin maddənin 1-ci bəndində söhbət gedən bütün dövlətlərə aşağıdakılar haqqında məlumat verir:

a) 48-ci maddəyə əsasən imzalamalar, təsdiqetmələr və qoşulmalar:
b) 49-cu maddəyə əsasən bu Paktın qüvvəyə minmə tarixi, 51-ci maddəyə əsasən hər hansı düzəlişin qüvvəyə minmə tarixi.

Maddə 53

1. İngilis, ispan, çin, rus və fransız dillərindəki mətni eyni qüvvəyə malik olan bu Pakt saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə təhvil verilməlidir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Paktın təsdiq olunmuş nüsxələrini 48-ci maddədə göstərilən bütün dövlətlərə göndərir.

4. Mülki və siyasi hüqquqlar haqqında Beynəlxalq Pakta dair qeyri-məcburi protokol

Baş Məclisin 2200A(XXI) saylı 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmiş və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır

Qüvvəyə minməsi: 9-cu maddəyə müvafiq olaraq 23 mart 1976-cı il Bu Protokolda iştirak edən dövlətlər gələcəkdə mülki və siyasi hüquqlar haqqında Paktın (bundan sonra "Pakt" adlandırılacaq) məqsədlərinə nail olmaq və onun qərarlarını həyata keçirmək üçün Paktın IV hissəsi əsasında yaradılan insane hüquqları Komitəsinə (bundan sonra "Komitə" adlandırılacaq) bu Protokolda nəzərdə tutulduğu kimi, Paktda ifadə edilmiş hər hansı hüququnun pozulmasının qurbanı olmasını iddia edən ayrı-ayrı şəxslərdən məlumat almaq və onlara baxmaq imkanı verilməli olduğunu nəzərə alaraq, aşağıdakılar barəsində razılığa gəlmişlər:

Maddə 1

Paktın bu Protokolun iştirakçısı olan iştirakçı-dövləti Komitənin bu iştirakçı-dövlətin yurisdiksiyasında olan və bu Paktda ifadə olunmuş hər hansı hüququnun həmin dövlət tərəfindən pozulmasının qurbanı olduğunu iddia edən şəxslərdən məlumat almaq və onlara baxmaq səlahiyyətini tanıyır. Komitə Paktın bu Protokolun iştirakçısı olmayan iştirakçı-dövləti barəsində heç bir məlumat qəbul etmir.

Maddə 2

Paktda sadalanan hüquqlardan hansınınsa pozulduğunu və daxili hüquqi müdafiə vasitələrinin tükəndiyini iddia edən şəxslər, 1-ci maddənin müddəalarına riayət etmək şərtilə, baxılmaq üçün Komitəyə yazılı məlumat təqdim edə bilərlər.

Maddə 3

Komitə bu Protokola müvafiq olaraq təqdim edilən hər hansı məlumatı, anonim edildikdə, yaxud onun fikrincə, belə məlumat vermək hüququndan sui-istifadə olunduğu, yaxud Paktın müddəaları ilə bir araya sığmadığı təqdirdə məqbul sayıla bilər.

Maddə 4

1. Komitə bu Protokola əsasən, 3-cü maddənin müddəalarına riayət edilmək şərtilə, ona təqdim olunmuş hər hansı məlumatı bu Protokolun Paktın hər hansı müddəasını pozduğu iddia edilən iştirakçı-dövlətinin nəzərinə çatdırır.

2. Bildiriş alan dövlət altı ay ərzində Komitəyə bu məsələni aydınlaşdıran və həmin dövlətin gördüyü (əgər görübsə) və görə biləcəyi tədbirlər barəsində yazılı izahat, yaxud bəyanat təqdim edir.

Maddə 5

1. Komitə bu Protokola müvafiq olaraq alınmış məlumatları, ayrıca şəxs və maraqlı iştirakçı-dövlət tərəfindən təqdim olunmuş bütün yazılı məlumatlar nəzərə alınmaqla, araşdırır. 2. Komitə aşağıdakıları yəqin etməyincə ayrı-ayrı şəxslərin məlumatına baxmır:

a) bu məsələyə digər müvafiq beynəlxalq təhqiqat, yaxud tənzimləmə proseduraları ilə baxılmadığını;

b) məlum şəxsin bütün mümkün daxili hüquqi müdafiə vasitələrinin tükəndiyini. Bu qayda həmin vasitələrin tətbiqi əsassız süründürüldüyü hallarda işləmir.

3. Komitə bu Protokolda nəzərdə tutulan məlumatlara baxıldıqda qapalı iclaslar keçirir.

4. Komitə öz mülahizələrini müvafiq iştirakçı-dövlətə və şəxsə bildirir.

Maddə 6

Komitə Paktın 45-ci maddəsində nəzərdə tutulan illik məruzəsinə özünün bu Protokola müvafiq fəaliyyəti barədə qısa hesabat daxil edir.

Maddə 7

Bu Protokolun müddəaları Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 14 dekabr 1960-cı il tarixli 1514(XV) saylı qətnaməsi ilə qəbul edilmiş Müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında bəyannaməsinin məqsədlərinə nail olunanadək Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşdırılmış idarələrinin digər beynəlxalq konvensiyalarının və sənədlərinin həmin xalqlara verdiyi petisiya hüququnu qətiyyən məhdudlaşdırmır.

Maddə 8

1. Bu Protokol Paktı imzalamış hər bir dövlətin imzalaması üçün açıqdır

2. Bu Protokol Paktı təsdiq etmiş, yaxud ona qoşulmuş hər bir dövlət tərəfindən təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilməlidir. Bu Protokol Paktı təsdiq etmiş, yaxud ona qoşulmuş hər bir dövlətin qoşulması üçün açıqdır.

4. Qoşulma bu haqda sənədin Birləşmiş Millətlər Təşkilatının Baş katibi yanında depozitə qoyulması ilə həyata keçirilir.

5. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolu imzalamış, yaxud ona qoşulmuş dövlətlərə hər bir təsdiqetmə fərmanının, yaxud qoşulma sənədinin depozitə qoyulması barədə məlumat verir

Maddə 9

1. Pakt qüvvəyə mindiyi təqdirdə bu Protokol onuncu təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.

2. Bu Protokolu onuncu təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd depozitə qoyulduqdan sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün bu Protokol həmin dövlətin özünün təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənədi depozitə qoyulduğu gündən üç ay sonra qüvvəyə minir.

Maddə 10

Bu Protokolun qərarları heç bir məhdudiyyət qoyulmadan, yaxud istisnalar edilmədəi federativ dövlətlərin bütün tərkib hissələrinə şamildir.

Maddə 11

1. Bu Protokolun iştirakçısı olan hər bir dövlət düzəlişlər təklif edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Baş katib təklif olunan hər bir düzəlişi bu Protokolun iştirakçı-dövlətlərinə göndərərək, onlardan həmin təkliflərə baxmaq və səsə qoymaq məqsədilə iştirakçı-dövlətlərin konfransının çağırılmasına razı olub-olmadıqlarını bildirməyi xahiş edir. İştirakçı-dövlətlərdən azı üçdə biri belə konfransın çağırılmasına razılığını bildirsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin konfransı Birləşmiş Millətlər Təşkilatının himayəsində çağırır. Bu konfransda və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilən hər bir təklif təsdiq üçün Birləşmiş Millətər Təşkilatının Baş Məclisinə təqdim olunur.

2. Düzəlişlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində təsdiq olunduqdan və bu Protokolda iştirak edən dövlətlərin, onların konstitusiya prosedurlarına müvafiq olaraq, üçdə ikisinin çoxluğu ilə qəbul edildikdən sonra qüvvəyə minir.

3. Düzəlişlər qüvvəyə mindikdə onları qəbul edən iştirakçı-dövlətlər üçün icbari olur. Digər iştirakçı-dövlətlər üçün isə bu Protokolun qərarları və onların qəbul etdikləri bütün əvvəlki düzəlişlər icbari olaraq qalır.

Maddə 12

1. Hər bir iştirakçı-dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına yazılı bildirişlə bu Protokolu denonsasiya edə bilər. Denonsasiya Baş katib bu barədə bildiriş alan gündən üç ay sonra qüvvəyə minir.

2. Denonsasiya bu Protokolun müddəalarının, 2-ci maddəyə müvafiq olaraq, onun qüvvəyə mindiyi tarixə qədər təqdim olunmuş hər hansı məlumata tətbiqini davam etdirməyə mane olmur.

Maddə 13

Bu Protokolun 8-ci maddəsinin 5-ci bəndinə müvafiq edilən bildirişlərdən asılı olmayaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibi Paktın 48-ci maddəsinin 1-ci bəndində haqqında danışılan bütün dövlətlərə aşağıdakılar barədə məlumat verir:

a) 8-ci maddəyə əsasən imzalamalar, təsdiqetmələr və qoşulmalar;
b) 9-cu maddəyə əsasən bu Protokolun qüvvəyə minmə tarixi və 11-ci maddəyə əsasən hər hansı düzəlişin qüvvəyə minmə tarixi;
c) 12-ci maddəyə əsasən denonsasiyalar.

Maddə 14

1. İngilis, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Protokol saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilməlidir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun təsdiq olunmuş surətlərini Paktın 48-ci maddəsində göstərilən dövlətlərə göndərir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Услуги
Начинайте свою трудовую деятельность с нами!
Читать дальше
Доверьтесь нашим креативным и своеобразным идеям!
Читать дальше
Печатные издания в высоком цветном качестве и за доступную цену!
Читать дальше
Развивайте свою карьеру, повышая знания в сфере ИТ!
Читать дальше
Разнообразные услуги электронной библиотеки!
Читать дальше
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
Научные журналы
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti