Akademik Rasim Əliquliyev: “Ölkəmizdə astrofizika sahəsində aparılan tədqiqatlarda süni intellekt texnologiyalarının tətbiqi müasir dövrün tələbidir”

25 Sentyabr 2024 - 17:13 | Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunmuş “Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfransda çıxış etdi. Alim şərəfli tarixi yol keçmiş Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunmuş beynəlxalq səviyyəli mötəbər konfransın keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi: “Bu konfrans son illərdə ölkəmizdə astonomiya və astrofizika sahəsində əldə olunmuş elmi-nəzəri nəticələrin geniş ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətli intellektual platformadır”.

AMEA-nın vitse-prezidenti Şamaxı Astrofizika Rəsədxanasının Azərbaycanda astronomiya və astrofizika elminin tədqiqi və inkişafı, ümumilikdə isə ölkəmizdə ictimai şüurun tərkib hissəsi kimi astronomiya elminə marağın artırılması, bu sahə üzrə biliklərin cəmiyyətə çatdırılması, kosmosda baş verən yeniliklər barədə əhalinin məlumatlandırılması, o cümlədən fundamental elmlərlə bağlı tədqiqatların aparılması istiqamətində təqdirəlayiq fəaliyyəti ilə seçildiyini vurğuladı.

Akademik R.Əliquliyev bildirdi ki, Azərbaycan elminin beynəlxalq arenada tanınması istiqamətində layiqli xidmətlər göstərmiş Rəsədxananın maddi-texniki bazasının formalaşdırılması və yenidən qurulmasına dövlətimiz tərəfindən davamlı olaraq böyük dəstək göstərilmişdir. Akademik bu baxımdan Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası barədə AR Prezidenti İlham Əliyevin 5 sentyabr 2008-ci il tarixli Sərəncamının əhəmiyyətini xüsusi qeyd etdi.

Alim qlobal çağırışlara müvafiq olaraq, ölkə rəhbərliyi tərəfindən qəbul olunan mühüm qərarlardan irəli gələn vəzifələri rəhbər tutaraq humanitar, ictimai və digər elmlərdə süni intellekt texnologiyalarının tətbiqi məsələlərinin müasir dövrdə Azərbaycan elminin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırdı. O, hazırda astrofizika sahəsi üzrə aparılan fundamental tədqiqatların eyni zamanda ölkəmizdə kosmik sənayenin formalaşmasına da dəstək göstərdiyini qeyd etdi. AMEA-nın vitse-prezidenti bildirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı elmi mərkəzlərində astrofizikada süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı genişmiqyaslı tədqiqatların aparılmasına böyük önəm verilir. Alim dünyada bu texnologiyaların astrofizikada tətbiqi ilə bağlı çoxsaylı beynəlxalq konfransların keçirildiyini vurğuladı, həmçinin bu istiqamətdə nüfuzlu elmi bazalarda əsərlərin mövcudluğu haqqında məlumat verdi.

Müasir dövrdə astrofizika elminin bir istiqaməti kimi astroinformatikanın, Data analitikanın meydana gəlməsi nəticəsində məlumatların superkompüterlərin köməyi ilə emal olunması imkanlarının yarandığını deyən AMEA-nın vitse-prezidenti Şamaxı Astrofizika Rəsədxanasında Big Data, maşın təlimi, süni intellekt texnologiyaları, dərin təlim və s. kimi texnologiyaların astronomiyada tətbiqi ilə bağlı tədqiqatlara geniş yer ayrılmasının vacibliyini vurğuladı.  Alim dövlətimiz tərəfindən müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alimlərin qarşısına qoyulan yeni vəzifələrə adekvat fundamental tədqiqatların aparılmasının önəminə toxundu.

Astronomik müşahidələr aparmaqla fasiləsiz olaraq toplanan ifrat böyük verilənlərin (Big Data) intellektual emal olunmasının astonomiya elminin inkişafı baxımından geniş imkanlar açdığını deyən akademik Rasim Əliquliyev bildirdi ki, astonomik tədqiqatlarla məşğul olan alimlər dövlət siyasətinin bu istiqamətdə prioritetlərindən çıxış edərək, öz araşdırmalarında qabaqcıl intellektual texnologiyalardan istifadə etməyi bacarmalı, daha keyfiyyətli biliklər əldə etməlidirlər.

Akademik R.Əliquliyev əlavə etdi ki, hazırda dünyada gedən rəqəmsal və yaşıl transformasiya prosesləri, qlobal iqlim dəyişmələri və bununla bağlı BMT səviyyəsində keçirilən tədbirlər, Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, eyni zamanda bu il ölkəmizdə COP29 kimi mötəbər beynəlxalq tədbirin keçirilməsinin yaratdığı reallıqlar kontekstində qarşıya qoyulmuş strateji vəzifələrin icrasında astronomlar da yaxından iştirak edir, öz töhfələrini verirlər.

Bu baxımdan xüsusən astrofizika sahəsində çalışan gənc tədqiqatçıların üzərinə mühüm vəzifələrin düşdüyünü deyən akademik gənclərin astronomiya sahəsində Data Science multidissiplinar elmi istiqamətinin formalaşmasında yaxından iştirak etmələrinin zəruriliyini önə çəkdi. Akademik R.Əliquliyev bu istiqamətdə yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edərək, gənc tədqiqatçıları ölkəmizdə müasir astronomiya elminin inkişafı naminə daha fəal olmağa, ölkənin resurslarından səmərəli istifadə etməyə, dünyanın aparıcı ali təhsil müəssisələrində astronomiya üzrə təhsil almaq üçün dövlət proqramlarından yararlanmağa çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.