AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzEduNet” və “Enginet” şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirildi.
Tədbirdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və AzScienceNet-in administratoru Tural Mustafayev, “AzEdunet”in satış və marketinq şöbəsinin müdiri İlqar Quliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Hacıyev, “Enginet” şirkətinin müdir müavini Ramil Süleymanov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Alina Xələfova iştirak edirdilər.
R.Ələkbərov çıxış edərək AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəz, İnternet xidmətləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir. Direktor müavini bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 19 təhsil müəssisəsi də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.
R.Ələkbərov təklif olunan 1 Gbit/san İnternet trafikdən 700 Mbit/san sürətin AzEduNet şəbəkəsinə təqdim olunduğunu diqqətə çatdırdı, ümumilikdə təklif olunan 1Gbit/san trafikin 80%-ə qədərinin səmərəli istifadə olunduğunu vurğuladı.
Direktor müavini EapConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gbit/san, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması üçün görülən işlər haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu məqsədlə 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilib. İnternet trafikinin 3 Gbit/san-ə çatdırıldığını qeyd edən R.Ələkbərov AzEduNet şəbəkəsinə təqdim olunan sürətin artırılması istiqamətində işlərin aparıldığını bildirdi.
O, AzScienceNet şəbəkəsinin Data Mərkəzinin hazırki texniki xarakteristikası, ölkənin elmi qurumlarına şəbəkənin təqdim etdiyi Wi-Fi, Cloud Computing, Cloud Storage, Hostinq, Eduroam, İP Telefoniya, LOLA, e-kitabxana, korporotiv elektron poçt, distant tədris və s. xidmətlərdən istifadə imkanlarının yaradılması istiqamətində işlərdən bəhs etdi. GEANT Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılan layihələrin Azərbaycanda tətbiqindən danışdı. GEANT-ın təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsinin bu ilin payızında ölkəmizdə keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”na (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) hazırlıq işləri haqqında məlumat verdi.
Sonra AzScienceNet-in “AzEduNet” və “Enginet” şirkətləri ilə uzun müddətdir davam edən qarşılıqlı əməkdaşlığının bundan sonrakı gələcək perspektivləri müzakirə edildi, qonaqları maraqlandıran suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.