http://www.nobribes.org/documents/en/azerbaijan/Draft%20law%20on%20freedom%20of%20information.doc

 

Maddə 1. Məlumat azadlığı

 

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.

 

Maddə 2. Məlumat azadlığının təminatı

 

Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.

 

Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.

 

Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.

 

Maddə 3. Qanunun təyinatı

 

Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

 

Maddə 4. Məlumat münasibətlərinin subyektləri

 

Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir.

 

Maddə 5. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri

 

Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:

 

* məlumat azadlığının təmin edilməsi;

 

* məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;

 

* məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;

 

* məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;

 

* hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;

 

* şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması.

 

Maddə 6. Məlumatın əldə edilməsi üçün təminatlar

 

Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:

 

* dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;

 

* dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə;

 

* statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;

 

* vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;

 

* dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;

 

* kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə;

 

* normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə.

 

Maddə 7. Məlumat mənbələri

 

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər.

 

Maddə 8. Məlumatın əldə edilməsi

 

Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir.

 

Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür.

 

Maddə 9. Açıq məlumatın əldə edilməsi

 

Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:

 

* mütəmadi rəsmi nəşrlərlə;

 

* kütləvi informasiya vasitələrinin yayılması ilə;

 

* fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə.

 

Açıq məlumatın alınması qaydası və şərtləri bu Qanunla və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.

 

Maddə 10. Alınması məhdudlaşdırılan məlumat

 

Alınması məhdudlaşdırılan məlumatlara - dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər.

 

Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.

 

Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət

 

Məlumatın əldə edilməsi barədə müraciətə baxılması "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 

Məlumatın əldə edilməsi barədə müraciət "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilən müddətdə baxılması nəticəsində həmin məlumat öz əhəmiyyətini itirə bilərsə, məlumatın verilməsi barədə müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır.

 

Məlumatın əldə edilməsi zəruriliyinin əsaslandırılmasının tələb olunması qadağandır.

 

Tələb olunan məlumat bu Qanunun 10-cu maddəsində göstərilən alınması məhdudlaşdırılan məlumata aid olduqda müraciət təmin olunmaya bilər.

 

Maddə 12. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ

 

Məlumatın verilməməsi barədə məhkəməyə şikayət edilə bilər.

 

Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür.

 

Maddə 13. Şəxsiyyət haqqında məlumat

 

Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir.

 

Maddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ

 

Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır. Məlumatın aldatma, hədəqorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.

 

Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:

 

* onun haqqında toplanan məlumatla tanış olmaq;

 

* məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;

 

* məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.

 

Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.

 

Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.

 

Məhkəmənin qərarı olmadan gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.

 

Maddə 15. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

 

Bu Qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

 

Azərbaycan Respublikasının Prezidenti

 Heydər ƏLİYEV.

 Bakı şəhəri, 19 iyun 1998-ci il.

 № 505-IQ.

1 fevral 2000-ci il tarixli 799-IQ nömrəli Qanuna əsasən əlavələrlə

Начинайте свою трудовую деятельность с нами!
Читать дальше
Доверьтесь нашим креативным и своеобразным идеям!
Читать дальше
Печатные издания в высоком цветном качестве и за доступную цену!
Читать дальше
Развивайте свою карьеру, повышая знания в сфере ИТ!
Читать дальше
Разнообразные услуги электронной библиотеки!
Читать дальше