Əşyaların İnterneti texnologiyalarının “ağıllı” şəhərlərdə tətbiqinə dair müzakirələr aparılıb May 22, 2023 | 03:31 / Konfranslar, iclaslar

Bizi əhatə edən bütün əşyaların İnternet  şəbəkəsinə qoşulması “Əşyaların İnterneti” termininin (Internet of Things – IoT) yaradılmasına gətirib çıxarmışdır. “Əşyaların İnterneti” termini ilk dəfə 2005-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında işlədildikdən sonra diqqəti cəlb etməyə başladı. 2008-ci ildə Sankt-Qallen Universiteti, Sürix Universiteti və Massaçuset Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə Sürixdə Əşyaların İnternetinə dair ilk beynəlxalq elmi konfrans keçirildi. 2010-cu ildən “Əşyaların İnterneti”nin yeni dövrü başladı. Belə ki, məhz həmin ildə şəbəkəyə qoşulmuş əşyaların sayı 12,5 milyard təşkil edərək tarixdə ilk dəfə dünya əhalisinin sayını keçdi.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib.

Şöbənin əməkdaşı Orxan Mehdiyev “IoT texnologiyalarının ağıllı şəhərlərdə tətbiqi haqqında” mövzusunda məruzə ilə çıxış edərək Əşyaların İnterneti, onun şəhərlərdə tətbiqi və bu sahədə mövcud problemlər haqqında danışıb.

“Əşyaların İnterneti milyardlarla obyekti İnternet üzərindən birləşdirmək qabiliyyətinə malik olmalıdır”, - deyən məruzəçi qeyd edib ki, bunun üçün çevik arxitektur səviyyələrinə ehtiyac vardır. Əşyaların İnternetində hər bir səviyyə öz funksiyaları və bu səviyyədə istifadə olunan cihazlarla müəyyən edilir.

Sonra “ağıllı” şəhər anlayışının şərhini verən tədqiqatçı bildirib ki, əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarət olan “ağıllı şəhər”in infrastrukturu yüksək texnologiyalar əsasında qurulur. Əşyaların İnternetinin bu şəhərlərdəki tətbiq sahələrinə nəqliyyatın intellektual idarə edilməsi, “ağıllı” işıqlandırma, trafik qaydalarının pozulmasına videonəzarət, “ağıllı” ofis binalarının idarə olunması və s. aiddir.

Onun sözlərinə görə “ağıllı” şəhərin infrastrukturu fiziki, İKT və xidmətlər infrastrukturundan ibarətdir. Fiziki infrastruktur binalar, yollar, dəmir yolları, elektrik təchizatı xətləri və s. daxil olmaqla “ağıllı” şəhərin həqiqi fiziki quruluşudur. Əlavə edib ki, İKT infrastrukturu onun əsas “ağıllı” komponenti, xidmət infrastrukturu isə İKT komponentləri əsasında fiziki infrastrukturun idarə olunmasıdır. 

O.Mehdiyev “ağıllı” şəhərlər üçün yaranan problemlərdən də söhbət açaraq burada maliyyə, infrastruktur və təhlükəsizlik problemlərinin olduğunu diqqətə çatdırıb. Söyləyib ki, dayanıqlı “ağıllı şəhər” konsepsiyasına nail olmaq kifayət qədər maliyyə vəsaiti, yüksəksürətli İnternetin quraşdırılmasını, eləcə də “ağıllı” cihazların təhlükəsizlik sərhədlərinin və dəstəkləyici infrastrukturun gücləndirilməsini tələb edir.

Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzunun aktuallığını önə çəkərək Əşyaların İnterneti texnologiyalarının “ağıllı” şəhərlərdə tətbiqiilə bağlı beynəlxalq təcrübənin araşdırılmasının, məqalələrin hazırlanmasının zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı