Gənc Alim və Mütəxəssislər Şurasının 2021-ci il üzrə illik hesabatı dinlənildi Dekabr 30, 2021 | 01:43 / Konfranslar, iclaslar

Elmi şuranın onlayn iclasında İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 2021-ci il üzrə illik hesabatı dinlənildi.

İclasda çıxış edən şuranın sədri institutun dissertantı Aysən Fərəcova gənclərin yerli və beynəlxalq qrant layihələrdə, elmi tədbirlərdə iştirakı ilə bağlı məlumat verdi. Bildirdi ki, institutun gənc alimləri NATO-nun dəstəyi ilə keçirilən “İKT-nin tətbiqi üzrə 15-ci IEEE Beynəlxalq konfransı”, “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanınma-2021” XVI beynəlxalq elmi-texniki konfransı, X Milli Superkompüter Forumu və s. Yerli və beynəlxalq elmi tədbirlərdə məruzələrlə çıxış ediblər.

A. Fərəcova “Yoxsulluğu yenidən araşdır” tədqiqat işi müsabiqəsinin qalibi seçildiyini qeyd etdi. Əlavə etdi ki, adıçəkilən müsabiqə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADA Universiteti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilib.

Məruzəçi bildirdi ki, cari ildə institutda magistratura pilləsində təhsil alan səkkiz tələbə öz tədqiqat işlərini uğurla müdafiə ediblər. Şura sədrinin sözlərinə görə, onlar arasında Nərminə Axundova “Elektron demoqrafiyanın formalaşdırılması mexanizmlərinin işlənməsi” mövzusu üzrə, Eltun Əhmədov isə “Python mühitindən istifadə etməklə verilənlərin intellektual analizi” mövzusu üzrə fərqlənmə diplomu ilə bu pilləni müvəffəqiyyətlə başa vurublar. Qeyd etdi ki, şuranın üzvü Günay İsgəndərli “Elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusu üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

O, diqqətə çatdırdı ki, 2021-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistratura pilləsinə 9 nəfər qəbul olunub. A.Fərəcova özünün AMEA-nın elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, Məmməd Həşimovun isə elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunan iddiaçılar arasında olduqlarını dedi.

Daha sonra Şuranın sədri cari il ərzində gənc alimlərin təltif və mükafatları haqqında məlumat verdi, onlar arasında Orxan Vəlixanlı, Lalə Məmmədova, Eltun Əhmədov, Elşən Bağırov, Ludmila Suxostat, Səbinə Məmmədzadə, Aytən Fərəcova və başqalarının yer aldığını diqqətə çatdırdı.

Şuranın fəaliyyətinin KİV-də işıqlandırılması istiqamətində görülən işlərdən bəhs edən A.Fərəcova qeyd etdi ki, institutun gənc əməkdaşları ölkənin bir sıra televiziya kanallarında, o cümlədən AZƏRTAC-da müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. O, şura üzvləri tərəfindən 8-i beynəlxalq nəşrlərdə olmaqla ümumilikdə 24 məqalənin işıq üzü gördüyünü bildirdi.

Məruzəçi, həmçinin xarici ölkələrdə nəşr olunmuş məqalələrin siyahısını təqdim etdi, şuranın üzvləri, o cümlədən 35 yaşadək olan gənclər haqqında məlumat verdi.

Sonda hesabat ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək gənclərin beynəlxalq qrant layihələrdə, Çin, Koreya, Polşa, Küveyt və digər ölkələrlə ikili diplomların əldə olunmasında daha fəal iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkili və ictimai mühitdə aktiv fəaliyyətinin həyata keçirilməsi məsələlərinin vacibliyinə toxundu.

R.Əliquliyev institutun bütün istiqamətlərdə gənc tədqiqatçılara öz dəstəyini göstərdiyini bildirdi, gənclərin dövlət siyasətinə uyğun şəkildə yetişdirilməsi üçün qurumda zəruri mühitin yaradıldığını diqqətə çatdırdı.

Akademik Şuranın illik hesabatını qənaətbəxş hesab edərək növbəti il üçün bir sıra təklif və tövsiyələrini səsləndirdi.

Təklif və tövsiyələr nəzərə alınmaqla Şuranın 2021-ci il üçün illik hesabatı Elmi şuranın qərarı ilə qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı