Qaraciyər xərçənginin diaqnozu və müalicəsində süni intellektin tətbiqi məsələləri araşdırılır Dekabr 28, 2021 | 04:04 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin növbəti onlayn elmi seminarında “Qaraciyər xərçənginin diaqnozu və müalicəsində süni intellektin tətbiqi” mövzusunda məruzə dinlənildi.

Məruzəni təqdim edən şöbənin kiçik elmi işçisi Lalə Qarayeva nəzərə çatdırdı ki, Beynəlxalq Xərçəng Tədqiqat Agentliyinin (International Agency for Research on Cancer, IARC) araşdırmalarına əsasən, qaraciyər xərçəngi dünyada ən çox qeydə alınan xərçəng növləri arasında altıncı yerdədir və xərçəngdən ölüm hallarının dördüncü əsas səbəbidir. O, hazırda effektiv müalicə üçün qaraciyər xərçənginin lokallaşdırılması və dəqiq müəyyən edilməsi, diaqnostika-müalicə sistemlərinin yaradılması, qaraciyər xərçənginin analizi və müalicə üsullarının davamlı olaraq təkmilləşdirilməsində süni intellekt yanaşmalarına xüsusi önəm verildiyini, bu istiqamətdə son dövrlərdə maşın təlimi və dərin təlim alqoritmlərinə diqqətin artdığını bildirdi.

L.Qarayeva qeyd etdi ki, qaraciyər xərçənginin diaqnozu və müalicəsi üçün süni intellektin tətbiqi ilə bağlı tədqiqatlar əsasən 6 istiqamət: virtual köməkçi (virtual assistants), tibbi təsvirlərin analizi, köməkçi terapiya (adjuvant therapy), müalicəyə reaksiya və proqnozun qiymətləndirilməsi, dərmanların hazırlanması və sınaqdan keçirilməsi, əməliyyatdan sonrakı reabilitasiya prosesinin idarə edilməsi üzrə aparılır. Məruzəçi diqqəti qaraciyər xərçənginin təsvirləri üzrə bir çox tədqiqatlara yönəldərək, şişin seqmentləşdirilməsi, təsvirin emalı və təsnifatın effektivliyinin yaxşılaşdırılması üçün istifadə olunan bio-optimallaşdırma alqoritmləri (bio-optimization algorithms) haqqında məlumat verdi.

“Qaraciyər xərçənginin diaqnozu və müalicəsi üçün təklif olunan alqoritmlərin iş prinsipi 5 mərhələnin həyata keçirilməsini özündə ehtiva edir. Bunlar KT və MRT qaraciyər xərçəngi təsvirlərinin bazaya girişinin təmin edilməsi, təsvirlərin ilkin emalı prosesinin yerinə yetirilməsi, təsvirdə tədqiq olunan hissənin seçilməsi və lezyon toxumasının dəqiqləşdirilməsinə kömək edən seqmentasiyanın aparılması, birinci və ikinci dərəcəli hibrid emal proseslərinin müəyyənləşdirilməsi, emal olunan hibrid xüsusiyyətli verilənlər toplusunun formalaşdırılması və təsnifatlandırılmasından ibarətdir”, – deyə tədqiqatçı bildirdi.

L.Qarayeva qaraciyər xərçənginin diaqnostikası və müalicəsində süni intellektin tətbiqi ilə bağlı məhdudiyyətlər, problemlər və perspektivləri diqqətə çatdırdı, bu sahədə MRT və KT təsvirlərin birgə 3D vizuallaşdırılmasından istifadənin imkanları və aparılan tədqiqatlar barədə məlumat verdi.

Sonda seminar iştirakçılarının məruzə ilə bağlı sualları cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı