İnstitutun dissertantı UFAZ-da 1-ci Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib Dekabr 06, 2021 | 04:31 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, institutun dissertantı Aysən Fərəcova UFAZ-da keçirilən 1-ci Beynəlxalq elmi konfransda (1st UFAZ/ASOIU/Unistra Scientific Conference) “E-dövlət xidmətlərinin korrupsiya hallarının qarşısının alınmasında rolu” mövzusunda çıxış edib.

O, məruzəsində korrupsiyaya təsir edən amillər barədə məlumat verib, şəffaflığın artırılmasının vacibliyini qeyd edib, e-dövlət xidmətlərindən səmərəli istifadəyə ehtiyac duyulduğunu diqqətinə çatdırıb.

A.Fərəcova korrupsiya hallarının bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə müşahidə olunan mürəkkəb çoxölçülü hadisə olduğunu vurğulayıb. Məruzəçi informasiya və kommunikasiya texnologiyalarının inkişafı və internetin istifadəsindən asılı olaraq e-dövlət tərəfindən göstərilən xidmətlərin səmərəliliyinin və məhsuldarlığının artırılmasının korrupsiya hallarının azaldılmasına kömək etdiyini qeyd edib. Bildirib ki, bu baxımdan e-dövlət tətbiqləri dövlətlərə resurslardan istifadədə səmərəliliyin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi kimi imkanlar təklif edir. Onun sözlərinə görə, sözügedən tətbiq vasitəsilə dövlət xidmətləri internet üzərindən həyata keçiriləcəyi üçün xidməti 24/7 təmin etmək mümkündür.

Məruzəçi e-dövlət tərəfindən xidmətlərin göstərilməsinin korrupsiya hallarını, israfçılığı və haqsız rəqabəti aradan qaldıraraq xidmətlərin daha səmərəli, operativ, sistemli, etibarlı və bürokratik şəkildə təqdim edildiyini, sosial-iqtisadi strukturun sağlam inkişafına dəstək olduğunu qeyd edib.

“Korrupsiya inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial həyatına ciddi ziyan vuran, habelə dövlət xidmətlərinin keyfiyyət və kəmiyyətində aşınmaya səbəb olan əsas problemdir, - deyən A.Fərəcova əlavə edib ki, bu kontekstdə e-dövlət tətbiqləri ilə ictimai gücdən şəxsi mənfəət üçün istifadənin qarşısı alına, beləliklə də xidmət keyfiyyətindəki aşınmaya nəzarət edilə bilər. Buna görə də e-dövlət bir çox ölkələrdə ümumilikdə dövlət sektoru üçün yeni bir üsul kimi qəbul edilmiş və xüsusilə inkişaf etməkdə olan ölkələrdə əhəmiyyətli inkişaf imkanları yaratmışdır.

A.Fərəcova korrupsiya hallarının investisiyalar, artım, dövlət gəlirləri, dövlət xərcləri, işsizlik və gəlirlərin bölüşdürülməsi kimi makroiqtisadi dəyişənlərə mənfi təsir göstərdiyi üçün vaxt itirmədən həll edilməsi lazım olan problemlərdən biri olduğunu qeyd edib. Əlavə edib ki, e-dövlət tətbiqlərində hesabatlılıq, şəffaflıq və səmərəlilik kimi amillər təsirli olduğundan, bu amillər korrupsiyaya azaldıcı təsir göstərir. Eksperimentin nəticələrinə əsasən, e-dövlətin korrupsiyaya azaldıcı təsir göstərdiyi və korrupsiyaya qarşı mübarizədə effektiv vasitə kimi istifadə oluna biləcəyi müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı