http://president.az

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli 27 nömrəli Sərəncamının və 2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilsin.

2. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra - Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə:

2.2.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

2.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

2.2.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

2.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

2.2.5. Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi;

2.2.6. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

2.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi;

2.3.2. bu Sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

3. Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

4.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

4.2. Telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması və beynəlxalq tələblərə uyğun tikintisi üçün qaytarılmaq şərti ilə növbəti illərin Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

4.3. Azərbaycan Respublikasının telekommunikasiya peyki orbitə çıxarılanadək, Cəmiyyətin saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;

4.4. Əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi üçün Cəmiyyətə müvafiq torpaq sahəsinin ayrılması üçün iki ay müddətində zəruri tədbirlər görsün;

4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.

6. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə müvafiq Şura yaratsın.

7. Cəmiyyətə tapşırılsın ki, bu Sərəncamın 4.2-ci bəndinə uyğun olaraq ayrılmış vəsaitin qaytarılması məqsədi ilə xüsusi yığım fondu yaratsın və telekommunikasiya peykinin xidmətindən əldə olunan vəsaitin həmin fonda toplanmasını və Azərbaycan Respublikasının dövlət büdcəsinə qaytarılmasını təmin etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 may 2010-cu il.
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı