sa sa sa

1-ci bölüm

Bu Qanunun Məqsədi və tətbiq dairəsi, anlayışlar və prinsiplər 

Maddə 1. Qanunun məqsədi 


Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə, demokratik və sosial hüquqi dövlət və açıq cəmiyyət prinsiplərinə uyğun olaraq ictimai vəzifələrin yerinə yetirilməsinə toplumun nəzarətini gücləndirməkdən ötrü hər kəsin ictimai bilgiləri (məlumatları) (bundan sonra - bilgi) əldə etməsi əsaslarını, qaydasını və üsullarını düzənləyir. 

Maddə 2. Bu Qanunun düzənləmə dairəsi 

2.1. Bu Qanun əhatə etdiyi bilgilərə çatımın ümumi prinsiplərini, şərtlərini, üsullarını və qaydalarını, onlara çatımın məhdudlaşdırılması məqsədlərini və prinsiplərini, müddətlərini, çatımın təmin olunmasına nəzarətin gerçəkləşdirilməsi qaydalarını düzənləyir. 
2.2. Bilgilərin dövlət sirri sayılması, onların qorunması, yoxlanması və açılması şərtləri, qaydaları və müddətləri, bu Qanunla müəyyən olunan bilgi azadlığının və bilgilərə çatımın məhdudlaşdırılmasının ümumi prinsipləri və məqsədləri nəzərə alınmaqla uyğun qanunla düzənlənir. 
2.3. Bilgi almaq hüququ ilə bağlı olan başqa qanunların müddəaları bu Qanuna uyğun olmadıqda bu Qanunun müddəaları tətbiq olunur. 
2.4. İctimai arxivlərdəki sənədlərə çatım arxivlər haqqında qanun əsasında tənzimlənir. 

Maddə 3. Anlayışlar 

3.1. Bu Qanunda: 
3.1.1. Bilgi sahibi - bu Qanunun 4-cü maddəsində göstərilən anlamı verir. 
3.1.2. Bilgi almaq hüququ olanlar - bu Qanunun 5-ci maddəsində göstərilən anlamı verir. 
3.1.3. İctimai Bilgi - bilgi sahiblərinin qanunvericiliklə müəyyən olunan ictimai funksiyalarını yerinə yetirərkən əldə etdikləri və ya yaratdıqları, qeydə alınmasından və ya sənədləşdirilməsindən asılı olmayaraq bütün veriklər (verilənlər); 
3.1.4. Sənəd - mənbəyindən, yaranma tarixindən, təqdim olunma formasından və təsnifatından asılı olmayaraq bilgi sahiblərinin saxladıqları rekvizitli maddi daşıyıcılarda qeydə alınmış hər hansı bilgi; 
3.1.5. Bilgi sorğusu - bilgi almaq hüququ olanların bilgi almaq üçün bilgi sahibinə bu Qanunla müəyyən olunmuş qaydada verdiyi bilgi istəmə müraciəti. 
3.1.6. Sorğu verən - bilgi almaq üçün bilgi sahibinə bu Qanunla müəyyən olunmuş qaydada bilgi sorğusu verən şəxs. 
3.1.7. Bilgilərin topluma açıqlanması - bilgi sahibində olan bu Qanunun 10-cu maddəsində göstərilən bilgilərə çatımın bilgi sorğusu verilmədən bu Qanunun 11-ci maddəsində göstərilən üsullarla təmin olunmasıdır. 
3.1.8. Açıq toplantılar - dövlət (qanunverici, icra və məhkəmə orqanları) və bələdiyyə orqanlarının, habelə qanunvericilikdə göstərilən hallarda başqa bilgi sahiblərinin formal prosedura qaydaları əsasında keçirdikləri, ganuna uyğun olaraq çatımın məhdudlaşdırılmadığı toplantılar. 

Maddə 4. Bilgi sahibləri 

4.1. Bilgi sahibləri aşağıdakılar sayılırlar: 
4.1.1. dövlət və bələdiyyə orqanları; 
4.1.2. ictimai funksiyaları yerinə yetirən tamamilə və qismən dövlətin mülkiyyətində və ya asılılığında olan hüquqi şəxslər (o cümlədən dövlət və bələdiyyə təhsil, səhiyyə, mədəniyyət, sosial və başqa funksiyaları yerinə yetirən hüquqi şəxsləri); 
4.1.3. özəl hüquqi şəxslər və fiziki şəxslər (qanun, başqa normativ-hüquqi aktlar və müqavilə əsasında ictimai vəzifələri, o cümlədən təhsil, səhiyyə, sosial xidmətlər və başqa ictimai funksiyaların yerinə yetirilməsi ilə bağlı); 
4.2. Aşağıdakılar Bilgi sahiblərinə bərabər tutulurlar: 
4.2.1. mal bazarında hakim yer tutan, xüsusi və ya müstəsna hüquqları olan və ya təbii inhisarçı olan kommersiya qurumları; 
4.2.2. dövlətin və ya bələdiyyələrin üzvü, qurucusu və ya iştirakçısı olduğu kommersiya və qeyri-kommersiya qurumları - dövlət və ya bələdiyyə büdcəsindən ayrılmış vəsaitlərdən istifadə olunması ilə bağlı. 
4.3. Bilgi sahibləri başqasının sahib olduğu bilgiləri onların əvəzindən saxladıqları hallar çıxılmaqla əldə etdikləri və yaratdıqları bilgilərin sahibi sayılırlar. 

Maddə 5. Bilgi almaq hüququ olanlar 

5.1.Hər bir Azərbaycan vətəndaşının bilgi almaq haqqı var. 
5.2. Azərbaycanda yaşayan və ya olan xarici vətəndaşlar və vətəndaşlığı olmayanlar, eləcə də Azərbaycanda çalışan xarici hüquqi şəxslərin yalnız özləri və fəaliyyətləri ilə bağlı bilgiləri almaq hüquqları var. Başqa xarici hüquqi və fiziki şəxslər bu qanunla əhatə olunan bilgiləri dövlətlərarası qarşılıqlılıq prinsipləri çərçivəsində ala bilərlər. 
5.3. Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşları konsulluqlar vasitəsi ilə bilgi ala bilər. 

Maddə 6. Bilgilərə çatımın təmin olunma prinsipləri 

6.1. Bilgilər maksimum açıq olmalıdır. Bilgilərə çatımın qanunda göstərilməyən məqsədlərlə və həmin məqsədlər üçün gərəkli olduğundan artıq məhdudlaşdırılması yolverilməzdir. 
6.2. Bilgilərə çatım ən asan və tez başa gələn üsulla təmin olunmalıdır. 
6.3. Bilgilər açıqlanarkən insanların, toplumun və dövlətin təhlükəsizliyi qorunmalıdır. 
6.4. Bilgi sorğularına çevik və ədalətli baxılmalıdır. 
6.5. Bilgi sahiblərində baş verən hüquq pozuntuları barədə bilgiləri yayan şəxslər müdafiə olunmalıdır. 

2-ci bölüm

Bilgi sahibinin bilgiyə çatımı təmin etməklə bağlı vəzifələri 

Maddə 7. Bilgi sahiblərinin vəzifələri 


7.1. Bilgi sahibləri sahib olduqları bilgilərə çatımı aşağıdakı yollarla təmin etməlidirlər: 
7.1.1. bilgini topluma açıqlamaqla; 
7.1.2. bilgi sorğusunu yerinə yetirməklə; 
7.1.3. açıq toplantılar keçirməklə. 
7.2. Bilgi sahibləri borcludurlar: 
7.2.1. bilgilərə azad çatımı təmin etməyə; 
7.2.2. sorğu verənə aydın formada bilgiyə çatımın qaydasını, şərtlərini və üsullarını anlatmağa, bilgi sorğularının verilməsinə, onlar üçün gərəkli bilgini, onun yerini aydınlaşdırmaqda və bilgiyə çatımın sorğu verən üçün daha yararlı olan üsulunun seçilməsində hərtərəfli yardım etməyə; 
7.2.3. sahibliyində olan sənədlərin uçotunu aparmağa; 
7.2.4. topluma açıqlanmalı bilgiləri qanunla bəlliləşən qaydada, vaxtında yaymağa; 
7.2.5. sahibi olduğu bilgi daşıyıcılarını qanunda göstərilən müddətdə saxlamağa, dağılmaqdan və ya dağıdılmaqdan, qanunsuz dəyişikliklər olunmaqdan qorumağa; 
7.2.6. ictimai vəzifələrini yerinə yetirməsi barədə topluma ardıcıl bilgi verməyə; 
7.2.7. bilgiyə çatımın məhdudluqlarına əməl olunmasını təmin etməyə, sorğu verənlərə qüvvədə olan məhdudluqlar barədə bilgi verməyə; 
7.2.8. açıq toplantılara çatımı təmin etmək üçün gərəkli texniki və təşkilati ölçülər götürməyə; 
7.2.9. bu Qanuna uyğun olaraq bilgilərlə işləyən işçilərin bu qanundan irəli gələn hüquq və vəzifələri ilə baglı əsasnamələr işləyib hazırlamağa. 
7.3. Dövlət və bələdiyyə orqanları bilgilərə çatımın asan təmin olunması üçün xüsusi qurulmuş yer ayırmalı və bilgilərə çatım sahəsində çalışan işçi təyin etməli və onları təlımatlandırmalıdırlar. 
7.4. Bilgi sahibində olan bilgiyə çatımın təmin olunmasına görə bilgi sahibinin rəhbəri qanunla müəyyən olunan məsuliyyət daşıyır. 

Maddə 8. Açıq toplantilar 

8.1. Bilgi sahibləri açıq toplantılar, onların yeri, vaxtı və gündəliyi barədə bilgiləri fövqəladə toplantılar istisna olmaqla azı 7 gün əvvəldən yaymalıdırlar. Açıq toplantılara çatmaq istəyənlərin çox olduğu hallarda bilgi sahibi gərəkli texniki vasıtələrdən istifadə etməklə geniş çatımı təmin etməyə borcludur. 
8.2. Bilgi sahiblərinin toplantıları yalniz bu qanunun 13.2-ci maddəsində göstərilən məqsədlərlə, bilgi sahibinin əsaslandırılmış qərarı ilə qapalı elan oluna bilər. Toplantının qapalı olması barədə bilgi sahiblərinin qərarları açıq toplantılar barədə bilgilərin yayıldığı üsulla yayılmalıdır. 

Maddə 9. Sənədlərin yazı toplusu (reyestri) 

9.1. Sənədlərinin yazı toplusu (reyestri) bu Qanunun 4-cü maddəsində göstərilən hər bir bilgi sahibinin əldə etdiyi və ya yaratdığı sənədlərə çatımı asanlaşdırmaqdan ötrü onların qeydə alındığı kağız və elektron-rəqəmli formada veriklər bankıdır. 
9.2. Sənədlərin yazı toplusunda (reyestrində) aşağıdakılar qeydə alınmalıdır: 
9.2.1. quruma gələn və ya çıxan sənədlər, gələn və ya çıxan gün və ya sonrakı iş günü; Reyestrdə ən azı gələn və ya çıxan sənədlərin kimdən gəlməsi və kimə göndərilməsi, gəlmə və ya çıxma tarixi, sənədin gəlmə və çıxma üsulu (poçt, elektron poçt, faks, kuryer, şəxsən vermə), sənədin rekvizitləri və növü (ərizə, sorğu, məktub, qərar və s.), sənədə çatımın qüvvədə olan məhdudluqları yazılmalıdır. 
9.2.2. qurumun yaratdığı və imzaladığı hüquqi aktlar - imzalandığı gün; 
9.2.3. bağlanmış müqavilələr. 
9.3. Mühasibat sənədləri reyestrə yazılmır. 
9.4. Sənədlərin yazı toplusunda həll edilməsini və ya cavab verilməsini gözləyən sənədlərlə bağlı həll etmənin və ya cavab verilməsinin qanunla müəyyən olunan müddəti, cavabın hazırlanması və işin həlli tapşırılmış struktur bölmənin, eləcə də cavabı hazırlayacaq işçinin adı göstərilməlidir. 

3-cü bölüm 

Topluma açıqlanmalı olan bilgilər 

Maddə 10. Bilgi sahibinin bilgini topluma açıqlamaq vəzifəsi 


10.1. Bilgi sahibi sahib olduğu aşağıdakı bilgiləri topluma özü açıqlamağa borcludur: 
10.1.1. Bilgi sahibləri haqqında ümumi bilgilər 
10.1.1.1. dövlət və bələdiyyə qurumlarının ünvanları, ştat cədvəlləri, eləcə də həmin qurumlarda vəzifə tutan qulluqçuların adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları; 
10.1.1.2. dövlət və bələdiyyə qurumları və onların struktur bölmələrinin əsasnamələri və qulluqçuların vəzifə təlimatları; 
10.1.1.3. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin, ünvanları, idarəetmə orqanları üzvlərinin və vəzifəli şəxslərinin adları, elektron poçt ünvanları; 
10.1.1.4. dövlət və bələdiyyə qurumları rəhbərlərinin qəbul saatları; 
10.1.1.5. dövlət və bələdiyyə qurumlarına verilən ərizələrin və başqa sənədlərin formaları, onların doldurulması təlimatları. 
10.1.2. Bilgi sahiblərinin işi haqqında ümumi bilgilər 
10.1.2.1. ictimai tədbirlərin proqramları, yeri, vaxtı, bu haqda bilgi verə biləcək şəxsin adı və əlaqə verikləri - tədbirlərin keçirilməsindən ən az 7 gün əvvəl; 
10.1.2.2. dövlət və bələdiyyə qurumlarının sifariş etdiyi araşdırma və təhlillər barədə bilgilər; 
10.1.2.3. dövlət və bələdiyyə büdcəsinin, eləcə də büdcədənkənar fondların gəlirləri barədə bilgilər; 
10.1.2.4. dövlətin və ya bələdiyyələrin iştirakçısı olduqları özəl huquqi şəxslərə verdikləri vəsaitlərdən və əmlakdan istifadə haqqında bilgilər; 
10.1.2.5. əmtəə bazarında hakim yer tutan və ya xüsusi və ya müstəsna hüquq sahibləri olan və ya təbii inhisarçı olan kommersiya qurumlarında qiymətqoyma haqqında bilgilər; 
10.1.2.6. ictimai istehlak xidmətlərinin göstərilməsi haqqında bilgilər; 
10.1.2.7. başqa qanunlarla, beynəlxalq müqavilələrlə və onların əsasında qəbul edilmiş normativ hüquqi aktlarla topluma açıqlanma vəzifəsi müəyyən olunnan bilgi və sənədlər və ya bilgi sahiblərinin açıqlanmasını gərəkli saydıqları bilgilər; 
10.1.2.8. dövlət qurumlarının və bələdiyyələrin büdcə layihələri və büdcələri, onların yerinə yetirilməsi barədə hesabatlar, büdcədənkənar fondların vəsaitlərinin xərclənməsi barədə hesabatlar; 
10.1.2.9. dövlət və bələdiyyə qurumlarının işinin nəticələri və onların öz vəzifələrini yerinə yetirmələri barədə hesabatlar; 
10.1.2.10. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin işi barədə hesabatlar və onların gəlir və çıxarları barədə hesabat; 
10.1.2.11. dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi və hansı şərtlərlə qazanıldığı barədə, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının başqa yolla dəyişməsi barədə bilgilər; 
10.1.2.12. dövlətin və bələdiyyələrin vətəndaşlara, vəzifəli şəxslərə, hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər, kompensasiyalar haqqında bilgilər; 
10.1.2.13. dövlətin və bələdiyyələrin aldığı kreditlər və qrantlar və ya dövlətin zəmanəti ilə alınan kreditlər, onlarin şərtləri və istifadəsi barədə hesabatlar. 
10.1.3. Şəxsi bilgilər 
10.1.3.1. dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin təhsili və ixtisası barədə bilgilər; 
10.1.3.2. dövlət və bələdiyyə orqanlarında vəzifəyə təyin edilən və seçilən şəxslərin qanunla açiqlamalı olduqları, özlərinin və birinci dərəcədən qohumluq baglılıgında olduqları şəxslərin mülkiyyətində olan daşınır və daşınmaz əmlakları, eləcə də mənbəyini, növünü və məbləğini göstərməklə illik şəxsi gəlirləri barədə bilgilər. 
10.1.4. Fövqəladə hallar barədə bilgilər 
10.1.4.1. insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükələr barədə bilgilər; 
10.1.4.2. ətraf mühitin durumu, ətraf mühitə zərər vurulması və qorxulu ekoloji təsirlər barədə bilgilər. 
10.1.5. Statistik, proqnoz və izləmə bilgiləri 
10.1.5.1. cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası; 
10.1.5.2. dövlətin və bələdiyyələrin ümumiləşdirilmiş iqtisadi statistikası və iqtisadi proqnozları; 
10.1.6. Kadr siyasəti barədə bilgilər 
10.1.6.1. dövlət və bələdiyyə qurumlarında boş iş yerləri haqqında bilgilər; 
10.1.6.2. dövlət və bələdiyyə qurumlarının insanlara xidmət olunması ilə bağlı işlərində və vəzifələrində dəyişikliklər barədə, belə dəyişikliklərin işə düşməsinə azı 10 gün qalana qədər. 
10.1.7. Sənəd layihələri barədə bilgilər 
10.1.7.1. mərkəzi icra hakimiyyəti orqanlarının yaratdıqları qanun layihələri və fərman layihələri, aydınladıcı yazılarla birlikdə, Azərbaycan Respublikası prezidentinə göndərildiyi andan; 
10.1.7.2. mərkəzi icra hakimiyyəti orqanlarının hazırladığı Azərbaycan Respublikası prezidentinin fərman layihələri və Nazirlər Kabinetinin qərar layihələri onlara göndərildiyi andan; 
10.1.7.3. mərkəzi icra hakimiyyəti orqanlarının aktları, qəbul edilənədək; 
10.1.7.4. konsepsiya, inkişaf planları, proqram və ümumi əhəmiyyətli perspektiv planların layihələri səlahiyyətli orqanlara təsdiq olunma üçün verilənə qədər, eləcə də uyğun olaraq təsdiqlənmiş və ya qəbul olunmuş sənədlər; 
10.1.7.5. ictimai istehlak xidmətlərinin göstərilməsi şərtlərində və qiymətlərində dəyişikliklər haqqında bilgilər, bu dəyişikliklər yürüdülənə qədər; 
10.1.7.6. qanunverici orqanda müzakirəyə çıxarılan normative hüquqi aktların layihələri, daimi komissiyaların müzakirəsinə verildiyi andan (hər oxunuşdan sonra edilən dəyişikliklərlə); 
10.1.7.7. Milli Məclisin qəbul etdiyi qanunlar, Azərbaycan Respublikası prezidentinə göndərildiyi andan. 
10.1.8. Bilgi sahiblərinin sənədləri 
10.1.8.1. dövlət və xidməti nəzarət orqanlarının göstəriş və qərarları, qanuni qüvvəyə mindiyi andan; 
10.1.8.2. dövlət və bələdiyyə qurumlarında yürürlükdə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsi təlimatları, eləcə də əmək haqqına əlavələrin və xüsusi güzəştlərin verilməsi qaydaları; 
10.1.8.3. dövlətin və bələdiyyənin özəl hüquqi və fiziki şəxslərə vəsaitlər və əmlak, əmlak hüquqları, güzəşt və üstünlüklər verilməsi barədə aktları, imzalandığı andan; 
10.1.8.4. məhkəmə qərarları, reyestrə yazıldıgı gün; 
10.1.8.5. normativ hüquqi aktlar, dövlətlərarası müqavilələr, sazişlər, ölkənin tərəfdar çıxdığı beynəlxalq aktlar; 
10.1.8.6. dövlət və bələdiyyə orqanlarının normativ xarakterli aktları, o cümlədən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sərəncamları. 
10.1.9. Bilgi sahiblərində olan sənədlərin reyestri 
10.1.9.1. dövlətin əsas registrlərinin verikləri və qanunla göstərilən həcmlərdə adi dövlət registrlərinin verikləri; 
10.1.9.2. bu qanunda göstərilən bilgi sahiblərinin sənədlərinin reyestləri; 
10.2. Bilgilər açıqlanarkən açıqlanmış bilgiləri kimin, nə zaman, hansı aktla (qeydiyyat, təsdiqləmə və başqa rəsmi akt) sənədləşdirdiyi və ya açıqlanmış bilgilər barədə kimdən izah alına bilməsi göstərilməlidir. 
10.3. Bu maddədə göstərilən bilgilər İnternet torundakı səhifədə açıqlanmalıdır. Bu bilgilər əlavə olaraq bu Qanunun 11-ci maddəsində göstərilən başqa üsullarla da yayıla bilər. 

Maddə 11. Bilgilərin açıqlanması üsulları 

11.1. Bilgi sahibləri bilgiləri aşağıdakı yollarla yayırlar: 
11.1.1. İnternet; 
11.1.2. teleradio yayımı və ya dövri mətbuat; 
11.1.3. bilgi sahiblərində və kütləvi kitabxanalarda sənədlərin ümumi tanışlıq üçün qoyulması; 
11.1.4. rəsmi nəşrlərdə; 
11.1.5. qanunvericilikdə göstərilən başqa yollarla. 
11.2. Bilgi sahibi bilgini bilgiyə ehtiyacı olan bütün şəxslərə maksimum tez çatmasını təmin edən üsullarla açıqlamalıdır. Açıqlama üsulu qanunda və ya beynəlxalq müqavilədə göstərilibsə, həmin üsulla açıqlanmalıdır. 
11.4. Bilgi sahibi insanların həyatına, sağlamlığına, əmlakına yaxud ətraf mühitə qorxu yaradan təhlükələr barədə bilgiləri ən sürətli və yararlı üsul seçməklə gecikmədən açıqlamalıdır. 

Maddə 12. İnternet səhifəsi saxlamaq borcu 

12.1. Qanunvericilik orqanları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmələr, başqa dövlət orqanları, ictimai funksiyaları yerinə yetirən bütün hüquqi şəxslər bilgiləri topluma açıqlamaq üçün aktiv İnternet səhifəsi saxlamalıdırlar. Bilgilərə asan çatıma zərər vurmadan bilgi sahibləri başga bilgi sahibləri ilə birgə İnternet səhifəsi də saxlaya bilərlər. 
12.2. İnternet səhifəsi saxlayan qurumlar: 
12.2.1. toplumu öz İnternet səhifələrinin ünvanları və ondakı dəyişikliklər barədə bilgiləndirirlər; 
12.2.2. İnternet səhifəsində aktual bilgiləri yerləşdirirlər; 
12.2.3. İnternet səhifəsində doğru və çaşqınlıq yaratmayan bilgiləri açıqlamalıdırlar; 
12.2.4. İnternet səhifəsinə çatımı əngəlləyən texniki qüsurları aradan qaldırmaq üçün təcili ölçülər götürməlidirlər; 
12.3. İnternetdə yerləşdirilən bilgilərin doğruluğu üçün bilgi sahibi məsuliyyət daşıyır. 12.4. Bilgi sahibi İnternet səhifəsindəki bilginin topluma açıqlanma və yenilənmə tarixini göstərməlidir. 
12.5. Müvafiq icra hakimiyyəti orqanı ölkədəki ictimai kitabxanalarda bilgilərə İnternet vasitəsi ilə azad çatımı təmin etməlidir. 

4-cü bölüm 

Çatımı məhdudlaşdıran bilgilər

Maddə 13. Bilgiyə çatımın məhdudlaşdırılması 


13.1. Bilgiyə çatım 13.2-ci maddədə göstərilən məqsədlərlə, demokratik toplumda gərəkli olan dərəcədə və zaman kəsimində, yalnız qanunda göstərilən qaydada və üsullarla məhdudlaşdırıla bilər. 
13.2. Açıqlanması: 
13.2.1. ölkənin təhlükəsizliyinə, bütünlüyünə, suverenliyinə və müdafiəsinə, xarici siyasətinə, mülki və hərbi kəşfiyyat və əks kəşfiyyat strukturlarının normal işləməsinə; 
13.2.2. ölkə əhalisinin təhlükəsizliyinə, sağlamlığına, ictimai qaydanın qorunmasına; 
13.2.3. cinayətlərin qarşısının alınması və istintaqı, ittihamı, ədalət mühakiməsinin gerçəkləşməsi, cinayət prosesində iştirak edən şəxslərin təhlükəsizliyinə; 
13.2.4. şəxsi həyatın qanunla qorunan toxunulmazlığına və başqa qanuni şəxsi maraqlara; 
13.2.5. özəl və ictimai kommersiya maraqlarına və başqa legitim iqtisadi maraqlara; 
13.2.6. tarixi abidələrin, təbii qoruqların və ya qorunan heyvan və bitki növlərinin, onların yerləşdiyi və ya məskunlaşdığı yerlərin qorunmasına; 
13.2.7. dövlət orqanlarının apardığı yoxlamaların, araşdırmaların və nəzarətin gedişində əldə olunan, açıqlanması bu proseslərin normal gedişinə; 
13.2.8. dövlətin iqtisadi, pul-kredit və valyuta siyasətinin aparılmasına; 
13.2.9. dövlət hakimiyyən orqanında və orqanlar arasında hər hansı məsələnin hazırlanması gedişində aparılan müzakirələrin gizliliyinə ziyan vura bilən; 
13.2.10. haqsız qazanmaya səbəb ola biləcək bilgilərə çatım məhdudlaşdırıla bilər. 
13.3. Məhdudlaşdırma o halda qanuni sayılır ki, bilginin məhdudlaşdırılmasını doğuran ictimai maraq onun açıq olmasına olan ictimai marağı üstələsin. 
13.4. Bu Qanunun 5-ci maddəsində göstərilən şəxslər bilgilərə çatımın məhdudlaşdırılmasını öz hüquq və azadlıqlarının pozulması saydıqda bilgilərə çatımın məhdudlaşdırılması ilə bağlı mübahisə aça bilərlər. 
13.5. Soruşulan sənədin bir parçasına çatım məhdudlaşdırılıbsa, bilgi sahibi sorğu verənə sənədin məhdudlaşmayan parçasını verməli və açıqlanmayan parçasında onun sirr olduğunu göstərməlidir. 
13.6. Bilgi sahibləri (özəl hüquqi şəxslər istisna olmaqla) aşağıda göstərilən bilgiləri məhdudlaşdırılan bilgilər sırasına sala bilməzlər: 
13.6.1. ətraf mühitin, səhiyyənin, təhsilin, mədəniyyətin, demoqrafiyanın, kənd təsərrüfatın və cinayətkarlığın vəziyyəti barədə bilgilər; 
13.6.2. iqtisadi və sosial xarakterli proqnozlar; 
13.6.3. ümumiləşdirilmiş statistik icmallar; 
13.6.4. ictimai rəy sorğuları; 
13.6.5. malların və xidmətlərin onların keyfiyyəti barədə, istehlakçıların maraqlarının qorunması ilə bağlı olan bilgilər; 
13.6.6. dövlət və bələdiyyə qurumlarının vəzifəli şəxslərinin və məmurlarının, ictimai funksiyaları yerinə yetirən fiziki şəxslərin öz ictimai vəzifələrini yerinə yetirməsi ilə bağlı olan, bu vəzifələrin yerinə yetirilməsinə təsir göstərə bilən hüquq pozuntuları haqqında bilgilər; 
13.6.7. dövlətin ali vəzifəli şəxslərinin sağlıq durumu; 
bilgi sahibinin işi və ya işinin verimliliyi ilə bağlı hesabatlar, eləcə də vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və rəhbərlik prosesində buraxılmış səhvlər; 
13.6.8. dövlət və bələdiyyə orqanlarının, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin büdcə vəsaitlərindən istifadə ilə bağlı bilgilər; 
13.6.9. bilgi sahibinin əmlakı və əmlak öhdəlikləri haqqında bilgilər; 
13.6.10. dövlət və ya xidməti nəzarətin gerçəkləşdirilməsi və ya intizam qaydasında çıxarılmış və qüvvəyə minmiş aktlar və göstərişlər, qoyulmuş cəza və tənbehlər barədə bilgilər; 
13.6.11. dövlət və bələdiyyə büdcəsindən özəl hüquqi və fiziki şəxslərə verilmiş vəsaitlər və əmlak və onlardan istifadə ilə bağlı olan bilgilər. 

Maddə 14. Özəl həyatla bağlı bilgilərə çatımın məhdudlaşdırılması 

14.1. Özəl həyatla bağlı aşağıdakı bilgilərə çatım məhdud olmalıdır: 
14.1.1. uyğun qurumlarda rəsmi qeydə alınan üzvlüklə bağlı bilgilər istisna olmaqla şəxsin siyasi baxışları, dini inancı və dünyagörüşü ilə bağlı bilgilər; 
14.1.2. etnik və irqi mənşə ilə bağlı bilgilər; 
14.1.3. şəxslərin sağlıq durumu və seksual həyatı ilə bağlı bilgilər; 
14.1.4. cinayət və başqa hüquq pozuntuları ilə bağlı icraatda toplanmış bilgilər - bu işlər üzrə açıq məhkəmə iclasına və ya məhkəmə qərarı çıxarılana qədər və ya insanların mənəviyyatının və ya ailə və şəxsi həyatının qorunması məqsədi ilə və ya yetkinlik yaşına çatmayanların, zərərçəkənin və ya şahidin, yaxud ədalət mühakiməsinin gerçəkləşməsinin maraqları üçün; 
14.1.5. ailə həyatının ayrı-ayrı halları haqqında bilgilər; 
14.1.6. şəxsin şəxsi özəllikləri, qabiliyyətləri və ya xarakterinin başqa əlamətləri barədə bilgilər; 
14.1.7. şəxsin fiziki və psixi iztirabları haqqında bilgilər; 
14.1.8. şəxsdən vergi alınması ilə bağlı toplanmış bilgilər, vergi ödəmələri ilə bağlı borclarla bağlı bilgilər və bu Qanunun 10.1.3.2-ci maddəsində göstərilən bilgilər istisna olmaqla; 
14.2. Bilgi sahibi özəl həyatla bağlı bilgiləri bu qanunda və açıqlanması qanuni ictimai mənafe üçün gərəkli olan, qanunda göstərilən hallarda verməlidir. 
14.3. Şəxsin özü haqqında bilgi sahibində olan bilgilər aşağıdakı hallar istisna olmaqla həmin şəxsin istəyi ilə ona verilir: 
14.3.1. həmin bilginin verilməsi cinayətin qarşısının alınmasına, cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulmasına və ya cinayət işində həqiqətin müəyyən olunmasına əngəl törədərsə; 
14.3.2. bilgiyə çatıma başqa şəxslərin hüquqlarının və azadlıqlarının qorunması məqsədi ilə məhdudiyyət qoyulubsa; 
14.3.3. yetkinlik yaşına çatmayana özü barədə bilginin verilməsi uşağın mənşəyi və ya övladlığa götürmənin sirrini aça bilərsə; 
14.3.4. başqa ölkədə yaşayan şəxs barədə bilgi dövlətin təhlükəsizliyi məqsədi üçün toplanıbsa. 
14.4. Özəl həyatla bağlı bilgilər başqa şəxslərə aşağıdakı hallarda verilə bilər: 
14.4.1. yetkinlik yaşına çatmayanlar haqqında bilgilər onların valideynlərinə (övladlığa götürənlərə) və ya qəyyum və himayəçilərinə; 
14 .4.2. fəaliyyət qabiliyyəti olmayanlar haqqında bilgilər onları qəyyumlarına; 
14.4.3. şəxsin özünün vəkil etdiyi şəxslərə; 
14.4.4. xidməti vəzifələrini yerinə yetirmələri üçün dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxslərinə. 
14.5. Bilgi sahibi özəl həyatla bağlı bilgiləri verdiyi şəxslərin, bilginin verilməsi məqsədi, tarixi, üsulu və bilginin novləri göstərilməklə uçotunu aparmalıdır. 
14.6. Səhiyyə müəssisəsində olan şəxsin sağlamlıq durumu ilə bağlı bilgilər həmin şəxsin özü etiraz etmədikdə və ya istintaq aparan orqan bu bilgilərə çatımı məhdudlaşdırmaq tələbi qoymadıqda və qanunvericilikdə göstərilən başqa hallarda onun yaxın qohumlarına verilə bilər. 
14.7. İstintaq aparan və ya dövlət nəzarətini həyata keçirən orqan və ya səlahiyyətli vəzifəli şəxs cinayət işi üzrə həqiqətin aşkar olunması, eləcə də şəxslərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə 14.1-ci maddədə göstərilən açıq olmayan bilgilər açıqlana bilər. Özəl həyatla bağlı bilgilərə çatımın məhdudlaşdırılması başqa şəxslərin həyatı, sağlamlığı və ya əmlakı üçün qorxu törədərsə, həmin bilgilər ən sürətli və yararlı üsul seçilməklə gecikmədən açıqlamalıdır. 

Maddə 15. Bilgilərə çatımın məhdudlaşdırılma müddətləri 

15.1. Özəl həyatla bağlı bilgilərə çatımın məhdudluğu həmin şəxsin öldüyü tarixdən sonra 30 il içində qüvvədədir. Ölüm faktının bilinmədiyi halda məhdudluq şəxsin doğulduğu gündən 100 il içində qüvvədədir. 
15.2. Başqa bilgilərə çatım gərəkli müddət ərzində, 5 ildən çox olmayan müddətə məhdudlaşdırılır. Gərəkli olduqda bilgi sahibi olan qurumun rəhbərinin əsaslandırılmış qərarı ilə belə bilgilərə çatım daha 5 il müddətinə məhdudlaşdırıla bilər. 
15.3. Bilgiyə çatımın məhdudlaşdırılması üçün əsas olan hal aradan qalxdıqda bilgi sahibi məhdudlaşdırmanı qüvvədən salmalı, sənəddə və sənədlərin reyestrində bu barədə qeyd etməlidir. 
15.4. Bilgi sahibi çatımın məhdudlaşdırıldığı bilgilərə buna haqqı olmayan şəxslərin çatmasının qarşısını almaq üçün gərəkli inzibati və texniki ölçülər götürməlidir. 

Maddə 16. Bilgilərə çatımın məhdudlaşdırılması qaydası 

16.1. Bilgilərə çatımı məhdudlaşdırmaq qərarını bilgi sahibinin rəhbəri verə bilər. 
16.2. Çatımın məhdudlaşdırıldığı bilgi daşıyıcısının üzərinə "Qapalıdır" yazısı yazılır. Çatımın məhdudlaşdırıldığı özəl həyatla bağlı bilgi daşıyıcılarının üzərində "Qapalıdır. Özəl həyatla bağlı bilgi" yazısı yazılır. Yazının altında onun yazılma tarixi və qapalılıq rejiminin son tarixi göstərilir. 

5-cı bölüm 

Bilgilərin sorğu verməklə alınması 

Maddə 17. Sorğunun verilməsi 

17.1. Bilgi sorğusu şifahi (vasitəsiz və ya telefonla), ya da yazılı (vasitəsiz və ya poçtla, yaxud telefaksla və ya elektron poçtla) verilə bilər. 

17.2. Həm şifahi, həm də yazılı bilgi sorğusunda aşağıdakılar bildirilməlidir: 
17.2.1. Bilgi sorğusu verəni tanıdan veriklər (fiziki şəxsin adı, soyadı şəxsiyyət vəsiqəsinin sayı, ünvanı, hüquqi şəxsin adı, soyadı qeydiyyat sayı və ünvanı, elektron poçtla verilən sorğuda habelə elektron imza); 
17.2.2. bilgi sahibinin əlaqə saxlaya biləcəyi əlaqə verikləri (telefon və ya telefaks, ünvan, elektron poçt ünvanı); 
17.2.3. soruşulan bilginin məzmunu və ya sənədin növü, adı və ya məzmunu, yaxud sənədin sorğu verənə bəlli olan rekvizitləri; 
17.2.4. sorğunun icrasının istənən üsulu. 
17.3. Özəl həyatla bağlı yazılı və ya şifahi bilgi sorğusu sorğu verənin kimliyini tanıdan (şəxsiyyəti təsdiq edən) sənəd göstərilməklə vasitəsiz verilməlidir. 
17.4. 17.5-ci maddədə göstərilən hal çıxılmaqla bilgi sorğularında bilgini nə üçün istədiklərini göstərmək tələb olunmur. 
17.5. Dövlət və bələdiyyə qulluqçuları xidməti borclarının yerinə yetirilməsi çərçivəsində verdikləri bilgi sorğusunda bilgini nə üçün istədiklərini göstərməlidirlər. Xidməti borcların yerinə yetirilməsi adı altında bilgilərin başqa məqsəd üçün soruşulması yolverilməzdir. 

Maddə 18. Bilgi sorğusunun alınmasının, yerinə yetirilməsinin və yerinə yetirmədən imtinanın qeydiyyatı 

18.1. Bilgi sahibi bilgi sorğusunu verildiyi gün qeydə almalıdır. Bu Qanunun 17.2-ci maddəsində göstərilən veriklər, eləcə də bilgi sorğusunu yerinə yetirməyə cavabdeh olan işçinin və ya struktur bölməsinin adı və sorğunun yerinə yetirilməsi müddəti sənədlərin reyestrinə yazılır. 
18.2. Anonim sorğular və verildiyi anda yerinə yetirilən şifahi sorğular reyestrə yazılmır. 
18.3. 18.2-ci maddədə göstərilən hallar çıxılmaqla bilgi sorğusunun yerinə yetirilməsinin və yerinə yetirmədən imtinanın qeydiyyatı aparılmalıdır. Reyestrdə ən azı aşağıdakı veriklər yazılmalıdır: 
18.3.1. bilgi sorğusunun icraçısı; 
18.3.2. bilgi sorğusunun yerinə yetirilməsi üçün surəti və ya çıxarışı verilmiş sənədin rekvizitləri; 
18.3.3. sorğunun yerinə yetirilməsi və ya yerinə yetirmədən imtinanın tarixi; 
18.3.4. sorğunun yerinə yetirilməsinin üsulu, sorğunun yerinə yetirilmiş sayılması üçün bilgi sorğusunun yerinə yetirilməsinin bu Qanunun 21-ci maddəsində göstərilən qaydası və ya sorğunun yerinə yetirilməsindən imtinanın bu Qanunun 22-ci maddəsində göstərilən əsası. 

Maddə 19. Bilgi sorğusununun yerinə yetirilməsi üsulları 

19.1. Bilgi sorğusu sorğu verənin göstərdiyi aşağıdakı üsullardan birində yerinə yetirilə bilər: 
19.1.1. şifahi formada; 
19.1.2. elektron-rəqəmli formada daşınan bilgi daşıyıcısına yazılmaqla və ya bilgi sorğusunda göstərilən elektron ünvana göndərilməklə; 
19.1.3. sənədin və ya onun bir parçasının surətini kağız daşıyıcıya yazıb sorğu verənə (onun nümayəndəsinə) bilavasitə verməklə və ya poçtla bilgi sorğusunda göstərilən ünvana, yaxud telefaksla göndərməklə; 
19.1.4. bilgi sahibinin olduğu yerdə tanış olmaq üçün verməklə; 
19.1.5. bilgi daşıyıcısının tipindən asılı olaraq başqa üsulla. 
19.2. Bilgi şifahi formada aşağıdakı hallarda verilir: 
19.2.1. sorğu verənin ərizəsi və ya vəsatəti üzrə aparılan icraatla bağlı veriklər soruşulduqda; 
19.2.2. bilgi sahibində sorğu verəni maraqlandıran bilgilərin varlığı soruşulduqda. 
19.3. Şifahi sorğu verildikdə bilgi sahibi sənədlərin mətnini oxumağa borclu deyildir. 
19.4. Bilgi sahibi sorğu verənin seçdiyi sorğunun yerinə yetirilməsi üsulundan aşağıdakı hallarda imtina edə bilər: 
19.4.1. bilgi sahibinin buna texniki imkanı yoxdursa; 
19.4.2. bilgi daşıyıcısının tipi ilə bağlı olaraq yerinə yetirmə mümkünsüz olduqda; 
19.4.3. şifahi üsulla cavablandırma çoxlu vaxt apardıqda. 
19.5. Bilgi bilgi sahibinin olduğu yerdə tanış olmaq üçün verildikdə bilgi sahibi sorğu verənin sənəd və başqa bilgi daşıyıcısını öyrənə bilməsi üçün gərəkli olduqda: 
19.5.1. ona gərəkli texniki vasitələr verməlidir (bilgi sahibinin gərəkli texniki vasitələri olmadıqda sorğu verən öz texniki vasitələrindən bilgi daşıyıcısına zərər vurmamaqla yararlana bilər); 
19.5.2. stenoqramları və ya başqa formada kodlaşdırılmış bilgiləri oxunmaq üçün yararlı hala salmalıdır; 
19.5.3. başqa dillərdə olan bilgini azərbaycancaya çevirməlidir. 
19.6. Bilgi sorğusunda göstərildiyi halda bilgi sahibi rəsmi təsdiqlənmiş bilgi verməlidir. Qanunla müəyyən olunan hallarda topluma açıqlanmış bilgilər də rəsmi təsdiqlənmiş formada verilməlidir. 
19.7. Sənədin bir parçasında məhdudlaşdırılmış bilgi olduğu və həmin parçanın gizliliyinin pozulacağı qorxusu olan hallar istisna olmaqla bilgi sahibi bilgi sorğusu verənin istəyi ilə onun sənədin qapalı olmayan parçasının əsli ilə tanış olmasına imkan yaratmalıdır. 
19.8. 19.2-ci maddədə göstərilən hallarda, eləcə də bilgi sorğusunda sorğunun yerinə yetirilməsi üsulu göstərilmədikdə və ya aydın olmadıqda bilgi sahibi mümkün hallarda sorğu verənlə müzakirə aparmaqla və bilgi sorğusunun verildiyi üsulu nəzərə almaqla bilginin verilməsi üsulunu özü seçir. 

Maddə 20. Bilgi sorğularının yerinə yetirilməsi müddətləri 

20.1. Bilgi sorğusu gecikdirilmədən, ən geci sorğunun qeydə alındığı gündən 7 iş günü içində cavabdandırılmalıdır. 
20.2. Sorğu verənin təqdim etdiyi veriklər tam olmadığına görə bilgi sorğusunu cavablandıra bilmədiyi halda bilgi sahibi 5 iş günü içində sorğunun məzmununu aydınlaşdırmaqdan ötrü sorğu verənə bildiriş verir. Bildirişə sorğunun məzmununu aydınlaşdıran cavab aldıqdan sonra bilgi sahibi 21.1-ci maddədə göstərilən müddətdə bilgi sorğusunu cavablandırmalıdır. 
20.3. Bilgi sorğusunu cavablandırmaq üçün uzun zaman gərəkli olduqda bilgi sahibi sorğunu qeydə aldıqdan sonra 5 iş günü içində sorğu verənə motivini göstərməklə bu haqda bildiriş verməklə sorğunun cavablandırılması müddətini toplam olaraq 20 iş gününədək uzada bilər. 

Maddə 21. Bilgi sorğusunun yerinə yetirilməsi 

21.1. Bilgi sahibi bu Qanunun 20-ci maddəsində göstərilən müddətdə sorğu verənə bu Qanunun 20-ci maddəsində göstərilən üsulla bilgi verməlidir. 
21.2. Soruşulan bilgi bilgi sahibində olmadıqda o bilginin hansı bilgi sahibində olduğunu aydınlaşdırır və gecikdirmədən, ən geci 7 iş günü içində sorğunu həmin bilgi sahibinə göndərir və bu haqda sorğu verənə bildiriş verir. Sorğu şifahi verildikdə sorğu verənə bilginin hansı bilgi sahibində olduğu şifahi formada bildirir. 
21.3. Soruşulan bilgi ödənişlidirsə, bilgi sahibi sorğunu aldıqdan 5 gün içində bilgiyə görə haqqın məbləği və necə ödənilməsi barədə sorğu verənə bildiriş verməlidir. 
21.4. Özəl hüquqi şəxs və ya fiziki şəxs olan bilgi sahibi sorğunu başqa bilgi sahibinə göndərməyə borclu deyil. Onlar bilginin onlarda olmadığı barədə sorğu verənə gecikdirmədən, ən geci 7 iş günü içində bildiriş verməlidirlər. 
21.5. Soruşulan bilgi dərc olunmuşdursa, bu Qanunun 19.6-cı maddəsində göstərilən hal istisna olmaqla bilgi sahibi həmin bilgini verməyərək sorğu verənə gecikdirmədən, ən geci 7 iş günü içində soruşulan bilgiyə çatım üsulları və yeri barədə bildiriş verməlidir. 
21.6. Cavablandırılması yığılmış bilgilərin analiz və sintezini və ya yeni bilgilərin yığılması və sənədləşdirilməsini tələb edən bilgi sorğuları vətəndaşların müraciətlərinə baxılması haqqında qanunvericiliklə düzənlənir. 

Maddə 22. Bilgi sorğusunun yerinə yetirilməsindən imtina 

22.1. Aşağıdakı hallarda bilgi sahibi bilgi sorğusunu yerinə yetirməkdən imtina edir: 
22.1.1. soruşulan bilgi dövlət sirridirsə; 
22.1.2. sorğulanan bilgiyə çatım başqa əsasla məhdudlaşdırılıbsa və sorğu verənin bu bilgiyə çatım hüququ yoxdursa; 
22.1.3. bilgi sahibində sorğulanan bilgi yoxdursa və o bu bilginin kimdə olduğunu bilmirsə və bilgi sahibini bəlliləşdirmək imkanı yoxdursa; 
22.1.4. göstərilən səylərə baxmayaraq sorğu verənin hansı bilgini istədiyini bəlliləşdirmək mümkün deyildirsə; 
22.1.5. sorğu verən bilgi sorğusunun yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş haqqı ödəməyibsə; 
22.1.6. sorğu verənlə əlaqə üçün veriklər yoxdursa. 
22.2. Bilgi sahibi sorğu verənə bilgi sorğusunu yerinə yetirməkdən imtina barədə gecikdirmədən, ən geci 7 iş günü içində bildiriş verir. Bildirişdə 23.1-ci maddələrdəki əsaslara istinad olunur və imtina əsaslandırılır. İmtina barədə bildirişin elektron-rəqəmli forması eyni zamanda komissiyaya göndərilir. 

Maddə 23. Bilginin verilməsinə görə haqq 

23.1. Qanunla göstərilən hallarda və məbləğdə bilginin verilməsinə görə sorğu verəndən haqq alına bilər. Bilginin verilməsinə görə haqqin müəyyən olunması və alınması qaydalarını Bilgi Açıqlığı və Qorunması Komissiyası ilə razilaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
23.2. Bilginin alınması üçün ödənilən haqqın məbləği bilginin surətinin çıxarılmasına, göndərilməsinə və tərcüməsinə çəkilən xərclərdən artıq olmamalıdır. 
23.3. Aşağıdakı bilgilərin verilməsinə görə haqq alınmır: 
23.3.1. sorğu verənin hüquq və azadlıqlarına toxunan; 
23.3.2. şifahi formada verilən və şifahi formada yerinə yetirilən; 
23.3.3. bilgi sahibinin oluduğu yerdə tanış olmaq olmaq üçün verilən; 
23.3.4. verilməsi bilgi sahibinin ictimai önəmli işini daha geniş aydınladan və ictimai mənafelər üçün gərəkli olan. 

6-cı bölüm 

İctimai bilgilərə çatımın təmin olunmasına nəzarət 

Maddə 24. Bilgi Açiqlığı və Qorunması Komissiyası 


24.1. Bilgi Açıqlığı və Qorunması Komissiyası (bundan sonra - Komissiya) həm öz təşəbbüsü ilə, həm də şikayətlər əsasında bilgi sahiblərinin topluma açıqlanmalı olan bilgiləri yaymasına, bilgi sorğularını yerinə yetirmələrinə, bilgilərə çatımı məhdudlaşdırmalarına və özəl həyatla bağlı bilgiləri qorumalarına dövlət nəzarətini gerçəkləşdirən müstəqil dövlət orqanıdır. 
24.2. Komisiya 5 üzvdən ibarətdir. 
24.3. Komissiyanın bir üzvünü Azərbaycan Respublikasının prezidenti, bir üzvünü Konstitusiya Məhkəməsi, bir üzvünü insan hüquqları üzrə müvəkkil, bir üzvünü Milli Məclisdə çoxluqda olan partiya, bir üzvünü isə Milli Məclisdə ən çox deputatı olan müxalif partiya təyin edir. Sıradan çıxmış Komissiya üzvlərinin yerinə yeni üzvü sıradan çıxmış üzvün səlahiyyət müddəti dövrü üçün uyğun qurum təyin edir. 
24.4 Yaşı 30-dan yuxarı olan, ali hüquq təhsilli, hüquq sahisində təcrübəsi olan, təyin olunma zamanından əvvəlki son üç ildə heç bir siyasi partiyanın üzvü olmamış şəxslər Komissiya üzvlüyünə təyin oluna bilərlər. 
24.5. Komissiya üzvünün səlahiyyət müddəti 7 ildir. Komissiya üzvü bir müddətə təyin oluna bilər. Komissiya üzvünün səlahiyyəti bitdikdən sonra 15 gün içində 24.3-cü maddədə göstərilən uyğun qurum yeni üzvü təyin etməlidir. 
24.6. Komissiya üzvü bilgi sahiblərində hər hansı ötəri və ya daimi, ödənişli və ya ödənişsiz vəzifə tuta bilməz və komissiyanın baxdığı işlərlə bağlı maraqların konfliktinin olduğu bütün hallarla bağlı öncədən xəbər verməlidirlər. 
24.7. Komissiya üzvünün əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin əmək haqqı qədər olmalıdır. 
24.8. Komissiya onun müstəqil, səmərəli və peşəkar işləməsi prinsipi əsasında Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir. 
24.9. Komissiya üzvü müstəqildir. Heç bir vəzifəli şəxs və qurum, eləcə də onu təyin etmiş qurum Komissiya üzvünün işinə qarışa bilməz. 
24.10. Komissiya üzvünün toxunulmazlığı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin toxunulmazlıq hüququna bərabərdir. Komissiya üzvünün səlahiyyətinə vaxtından əvvəl Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi qaydasında xitam verilir. 

Maddə 25. Şikayət verilməsi 

25.1. Hüquqlarını və qanuni mənafelərini bilgi sahiblərinin pozduğunu düşünən şəxslər Komissiyaya aşağıdakılardan şikayət verə bilərlər: 
25.1.1. bilgi sorğusunun əsassız olaraq qəbul edilməməsi və qeydə alınmaması; 
25.1.2. bilgi sahibində olan açıq reqistrlərə çatımı təmin etməkdən imtina olunması; 
25.1.3. bilgi sorğusunun yerinə yetirilməsi müddətlərinin və prosedurlarının pozulması; 
25.1.4. sorğulanan bilginin verilməməsi və ya lazımi qaydada verilməməsi; 
25.1.5. sorğulanan bilgini verməkdən əsassız imtina olunması; 
25.1.6. bilgiyə çatımın əsassız olaraq məhdudlaşdırılması; 
25.1.7. bilgi verməyə görə haqq qoyulması və ya onun ölçüsü; 
25.1.8. bilgi sahibinin bu Qanunla müəyyən olunmuş öhdəliklərini yerinə yetirməməsi nəticəsində ziyan dəyməsi; 
25.1.9. açıq toplantılara çatımın təmin olunmaması, toplantının əsassız olaraq qapalı elan edılməsi. 
25.2. Şikayət yazılı olmalı, onda aşağıdakı veriklər göstərilməlidir: 
25.2.1. şikayət verənin (və ya nümayəndəsinin) adı, soyadı, ünvanı, əlaqə verikləri; 
25.2.2. şikayət edilən bilgi sahibi haqqında veriklər; 
25.2.3. şikayətin məzmunu, şikayət bilgi sorğusunun yerinə yetirilməsi ilə bağlı olduqda verilmiş sorğunun məzmunu, eləcə də gərəkli hallarda bilgi sorğusuna verilmiş cavab məktubunun surəti; 
25.2.4. bilgi sahibinin hərəkətlərinin qanunsuz sayılması barədə şikayətçinin dəlilləri. 

Maddə 26. Şikayətə baxılması 

26.1. Komissiya şikayətə onu aldıqdan 7 iş günü içində baxır və bilgi sahibinin hərəkətlərinin qanuniliyini yoxlayır. Şikayətə baxılması üçün əlavə izahat və sənədlər yığmaq və ya şikayətçinin nə istədiyini əlavə öyrənmək gərəkli olduqda Komissiya bu müddəti toplam olaraq 20 iş gününədək artıra bilər. 
26.2. Şikayət anonim olduqda, yaxud şikayət konkret bilgi sahibinə qarşı olmadıqda, yaxud şikayət olunan məsələ ilə bağlı işə məhkəmədə baxıldıqda Komissiya şikayətə baxmaqdan imtina edir. Bu hallarda Komissiya motivini göstərməklə imtina qərarı çıxarır. 
26.3. Komissiya şikayətə baxılmasının nəticələri barədə şikayətçiyə, bilgi cahibinə və onun yuxarı orqanına və ya onun işinə nəzarət edən dövlət orqanına bildiriş verir. 

Maddə 27. Komissiyanın səlahiyyətləri 

27.1. Nəzarəti gerçəkləşdirərkən Komissiya aşağıdakı məsələləri aydınlaşdırır: 
27.1.1. bilgilərə çatımın məhdudlaşdırılmasının qanunla müəyyən olunmuş qaydada aparılmasını; 
27.1.2. bilgi sahiblərinin bu qanunla üzərinə düşən bilgini açıqlamaq vəzifəsini yerinə yetirməməsini; 
27.1.3. bilgi sahiblərinin İnternet səhifəsi saxlamaq vəzifələrini qanunla müəyyən olunmuş qaydada yerinə yetirmələrini; 
27.1.4. bilgi sorğusunun qeydə alınıb-alınmamasıni, bilgi sorğusunun qanunda göstərilən qaydada, üsulla və müddətdə yerinə yetirilməsini; 
27.1.5. bilgi sorğusunu yerinə yetirməkdən imtinanın qanuna uyğunluğunu. 
27.2. Komissiyanın: 
27.2.1. bilgi sahibindən izahat və sənədlər verilməsini tələb etmək; 
27.2.2. çatımın məhdudlaşdırıldığı sənədlərlə tanış olmaq; 
27.2.3. qanunun yerinə yetirilməsi ilə bağlı bilgi sahibinə gəstərişlər vermək; 
27.2.4. bilgilərə çatımın yaxşılaşdırılması ilə bağlı bilgi sahibinə təkliflər vermək; 
27.2.5. İnzibati xətalar Məcəlləsində göstərilən qaydada inzibati xətalarla bağlı iş başlamaq və inzibati tənbeh tədbirləri görmək, cinayət əlamətləri aşkar olunduqda isə materialları cinayət təqibi orqanlarına göndərmək səlahiyyəti var. 
27.3. "Xüsusi önəmli" qrifi olan dövlət sirləri Komissiyaya müvafiq icra hakimiyyəti orqanının razılıgı ilə verilir. Komissiya bu orqanın imtina qərarından məhkəməyə şikayət verə bilər. 
27.4. Bilgi sahibi bilgi sorğusunu yerinə yetirməkdən qanunsuz imtina etdikdə, bilgi sorğusunu vaxtında və lazım olduğu kimi yerinə yetirmədikdə, qanunla topluma açıqlanmalı olan bilgiləri açıqlamadıqda və ya qanunda göstərilən üsulla açıqlamadıqda, İnternet səhifəsi saxlamaqla baglı bu Qanunun tələblərini pozduqda, bilgilərə çatımı qanunsuz məhdudlaşdırdıqda, qanunla çatımın məhdudlaşdırılmalı olduğu bilgiləri, o sıradan özəl həyatla bağlı bilgilərə çatımı məhdudlaşdırmadıqda Komissiya qanunsuzluqları aradan qaldırmaq barədə bilgi sahibinə əsaslandırılmış göstəriş verə bilər. 
27.5. Bilgi sahibi 7 iş günü içində göstərişi yerinə yetmək yönündə gərəkli ölçülər götürməli və bu haqda Komissiyaya bildiriş verməlidir. Komissiya bu bildirişi aldığı gün öz İnternet səhifəsində yerləşdirməlidir. Komissiyanın qərarı ilə razı olmayan bilgi sahibi onun qərarindan 7 iş günü içində məhkəməyə şikayət verə bilər. 
27.6. Komissiyanın qərarı ilə razı olmayan şikayətçi onun qərarından məhkəməyə şikayət verə bılər. 
27.7. Komissiyanın və onun aparatının işləyişi Komissiyanın təsdiq etdiyi Əsasnamə ilə müəyyən olunur. 

Maddə 28. Bu Qanunun yerinə yetirilməsi ilə bağlı məruzə 

28.1. Komissiya hər sonrakı ilin martın 1-dək bu Qanunun ötən ildə yerinə yetirilməsinin vəziyyəti barədə məruzəni Azərbaycan Respublikasının Milli Məclisinə və Prezidentinə verir. Məruzə verildiyi andan Komissiyanın İnternet səhifəsində yerləşdirilməlidir. 
28.2. Məruzədə hüquq pozuntuları və onları törətmiş bilgi sahibləri, şikayətlər, Komissiyanın verdiyi göstərişlər, onların yerinə yetirilməsinin vəziyyəti, Komisiyyanın başladığı inzibati işlər, verdiyi tənbehlər, qanunun tətbiqi ilə bağlı başqa məsələlər sadalanır. 

7-ci bölüm

Hüquqi məsuliyyət 

Maddə 29. Hüquqi məsuliyyət 


29.1. Bilgi sahibləri və onlarin vəzifəli şəxsləri bu Qanunun pozulmasina görə qanunvericiliklə müəyyən olunan məsuliyyət daşiyirlar. 
29.2. Bilgi sahiblərinin və onların vəzifəli şəxslərinin qanunla müəyyən ounmuş müddətdə bilgi verməməsi, bilgi verməkdən əssassız imtina etməsi, yalan bilgi verməsi, açıq toplantılara çatımı təmin etməməsi və ya qapalı bilgiləri verməsi başqa şəxslərin qanunla qorunan hüquqlarına və mənafelərinə, eləcə də toplumun maraqlarına zərər vurarsa mülki, inzibati və intizam məsuliyyəti, bilgi sahiblərinin səlahiyyətli şəxslərinin bilə-bilə yalan bilgi verməsi və ya qapalı bilgiləri verməsi başqa şəxslərin qanunla qorunan hüquqlarına və mənafelərinə, eləcə də toplumun mənafelərinə önəmli zərər vurarsa cinayət məsuliyyəti yaradır. 

Keçid müddəaları

1. Bu Qanun 2005-ci ilin yanvarın 1-dən qüvvəyə minir. 
2. Bu Qanunun 11.1.1-ci və 12.1-ci maddələri dövlət orqanlarına münasibətdə 2005-ci ilin iyunun 1-dən, başqa bilgi sahiblərinə münasibətdə isə 2006-cı ilin iyunun 1-dən qüvvəyə minir. 
3. Bilgi sahibləri kargüzarlığın aparılması qaydalarını 2005-ci ilin iyunun 1-dək bu qanuna uyğunlaşdırmalıdırlar. 
4. Bu Qanunun qüvvəyə minməsi ilə "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədən düşür. 
5. Bu Qanunun 25.3-cü maddəsində göstərilən qurumlar bu Qanun dərc olunduqdan bir ay içində Komissiya üzvlərini təyin etməlidirlər. 
6. Komissiya ən geci 2004-cü ilin noyabrın 1-dən işə başlayır.

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Services
Inquire your business presence with us!
Read more
Trust our creativity and unique ideas!
Read more
Quality and colorful publish for affordable prices!
Read more
Improve IT skills and change your career!
Read more
Rich e-Library services!
Read more
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
SCIENTIFIC JOURNALS
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti