“Transliterasiya sisteminin yaradılması”na dair konseptual model işlənilib 16.05.2018    17:12 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “Transliterasiya sisteminin yaradılması”na dair fəaliyyət planının müzakirəsi və “Veb-analitika: yaranma tarixi, müasir vəziyyəti, problemləri və standartları” mövzusuna həsr olunduğunu bildirdi.

Öncə çıxış edən institutun böyük elmi işçisi Səbinə Məmmədzadə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi çərçivəsində transliterasiya sisteminin yaradılmasının nəzərdə tutulduğunu bildirdi.

Layihənin həyata keçilməsi üçün İşçi qrupun yaradıldığını söyləyən məruzəçi onun icra müddəti ərzində görüləcək işləri təqdim etdi. Bildirdi ki, beynəlxalq standartlar əsasında transliterasiya sisteminin yaradılması məqsədilə xarici təcrübənin araşdırılması, Azərbaycanda transliterasiya sahəsində mövcud vəziyyətin təhlili, ölkə üzrə transliterasiya sisteminin yaradılmasının konseptual və arxitektur əsaslarının işlənilməsi, “Transliterasiya” veb-portalının işlənməsi, eləcə də transliterasiyanın qiymətləndirilməsi və ictimai rəyin əldə olunması planlaşdırılır.

S.Məmmədzadə, həmçinin transliterasiya sisteminin işlənilməsi üçün təklif etdiyi konseptual modeli təqdim etdi.  

Sonra çıxış edən akademik R.Əliquliyev fəaliyyət planına dair təklif və tövsiyələrini səsləndirdi. Alim bu sahədə beynəlxalq təcrübənin dərindən araşdırılmasını, məqalələrin dərc olunmasını və təklif olunan konseptual modelin daha da təkmilləşdirilməsini tövsiyə etdi.

Sonra şöbənin əməkdaşı Könül Daşdəmirova “Veb-analitika: yaranma tarixi, müasir vəziyyəti, problemləri və standartları” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, İnternet-marketinqin tərkib hissəsi olan veb-analitika veb-saytların keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması üçün istifadəçilər haqqında informasiyanın toplanılması, ölçülməsi, tədqiqi, təsviri və interpretasiyasıdır.

Veb-analitikanın yaranma tarixi haqqında məlumat verən məruzəçi qeyd etdi ki, 1995-1996-cı illərdə sayğacların geniş yayılması ilə İnternet istifadəçilərinin veb-statistikaya marağı artmışdır. 2000-ci illərdə veb-analitika daha da inkişaf etməyə başlamış, “Accrue”, “WebTrends”, “WebSideStory” və “Coremetrics” kimi şirkətlər bu sahədə aparıcı istehsalçılar kimi formalaşmışdılar.

Veb-analitika proseslərinin əsas mərhələlərini diqqətə çatdıran K.Daşdəmirova buraya məlumatların toplanması, analizi, sınaqdan keçirmə, tətbiqetmə, veb-saytın məqsədlərinin müəyyənləşdirilməsi və s. daxil olduğunu dedi.

Sonra o, veb-analitikanın Google Analytics, Яндекс. Метрика, Rambler's Top100, Рейтинг@mail.ru, MobTop, OpenStat kimi sayğacları haqqında məlumat verdi. Bildirdi ki, sayğacların üstün cəhəti onlardan istifadənin sadə və rahat olmasıdır ki, bu da operativ informasiya almağa imkan verir.

K.Daşdəmirova intellektual sistemlərin yaradılması vasitəsi olan “Web Mining” haqqında da danışdı: “Web Mining” xidmətlər və veb-sənədlərdən informasiyanın əldə olunması və analizi üçün yaradılmış müasir texnologiyadır. Onun daxiletmə, emal, modelləşdirmə və s. mərhələləri mövcuddur”.

Məruzəçi, həmçinin “Web Mining” kateqoriyaları, veb-analitikanın problemləri üzrə aparılan tədqiqatların təhlili, veb-analitikanın standartları, bu sahədə keçirilən konfranslar və s. haqqında məlumatları diqqətə çatdırdı.

Akademik R.Əliquliyev çıxış edərək veb-analitika ilə bağlı aparılan tədqiqatların böyük aktuallıq kəsb etdiyini bildirdi, bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsinin, dünya təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd etdi. Alim, həmçinin tədqiqatların nəticəsi kimi elmi məqalə və ekspress-informasiyanın hazırlanması ilə bağlı tövsiyələr verdi.

Sonda hər iki məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR