Əşyaların İnternetinin neft-qaz kompleksində tətbiqi perspektivləri araşdırılır 14.05.2018    14:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 və 11 saylı şöbələrin “Əşyaların İnternetinin neft-qaz kompleksində tətbiqi perspektivləri” mövzusuna həsr olunmuş birgə elmi seminarı keçirildi.

İnstitutun direktor müavini, 11 saylı şöbənin müdiri Şakir Mehdiyev 3 saylı şöbənin müdiri Təhmasib Fətəliyevlə birgə həmmüəllifi olduğu məruzəni təqdim etdi. Bildirdi ki, dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağından çıxarılmış neft Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.

İnstitutun direktor müavini, məruzəyə dair araşdırmaların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm fondunun maliyyələşdirdiyi “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihəsi çərçivəsində aparıldığını diqqətə çatdırdı.

Məruzəçinin sözlərinə görə, neft və qaz sənayesi obyektlərinin idarə edilməsində verilənlərin dəqiq, asan, təhlükəsiz, etibarlı və sürətli toplanması üçün Əşyaların İnterneti (Əİ)  texnologiyasının tətbiqi aktual bir problem olaraq tədqiq olunmuş, onun problemləri araşdırılmış və tətbiqinin konseptual modeli işlənmişdir.

Əİ texnologiyasının inkişafının İT, o cümlədən mikroelektronika və simsiz sensor şəbəkələrinin (WSN - Wireless Sensor Network), proqram mühəndisliyinin son nailiyyətləri ilə bağlı olduğunu söyləyən Ş.Mehdiyev neft-qaz sənayesində monitorinq və idarəetmə üçün istifadə olunan anomaliyaların aşkarlaması sistemləri – WSN əsaslı və ya SCADA sistemləri barədə məlumat verdi. Qeyd etdi ki, bu sistemlərin hər biri müəyyən məhdudiyyətlərə malikdir: “Bu sistemlər çox bahalı, qeyri-çevik, miqyaslanması cətin olduğundan məlumatların toplanması, ötürülməsi və emalında çoxsaylı proplemlərin yaranmasına gətirib çıxarır”.

Əİ-nin inkişafına təsir edən faktorlardan danışan məruzəçi bildirdi ki, son dövrlər ağıllı qurğuların meydana çıxması, telekommunikasiya imkanlarının artması, bulud, Big Data texnologiyalarının meydana gəlməsi Əİ-nin sürətli inkişafına səbəb olub.

Ş.Mehdiyev Əİ-nin tətbiq sahələrindən söz açaraq bu texnologiyanın neft və qaz sektoru ilə yanaşı, kənd təsərrüfatı, şəhərlər və “ağıllı” evlər, ticarət mərkəzlərində də geniş tətbiq olunduğunu bildirdi.

Əİ-nin  neft və qaz sənayesində tətbiqinə misal olaraq müxtəlif tərkibli qazların aşkarlanmasında istifadə olunan simsiz qaz sensorları haqqında məlumat verildi. Qeyd edildi ki, “Ultra1000 IR-LEL” sensoru alışmış karbohidrogen qazlarının “Ultra1000 Wireless” isə ətraf mühitdə toksiki qazların aşkarlanması zamanı tətbiq olunur. Bu sensorlar simsiz rabitə vasitəsilə avtomatik olaraq kontrollerə qoşularaq aşkarladığı qazın tərkibi, nasazlıq, akkumlyatorun aşağı tutum səviyyəsi haqqında verilənləri ötürürlər.

Sonra mövzuya dair çıxış edən T.Fətəliyev Əİ texnologiyası əsaslı sensorların mövcud vəziyyəti, sensor şəbəkələri, qaz sızması və ətraf mühitin çirklənməsinin aşkarlanması sistemi, uzaqdan nəzarət sistemləri, siqnal (qəza) stansiyaları barədə məlumat verdi. Bu texnologiyanın neft-qaz kompleksinin sektorlarında tətbiqinin üstünlüklərindən söz açan məruzəçi qaz kəmərlərində simsiz sensor şəbəkəsinə əsaslanan paylanmış nəzarət sistemini təqdim etdi. Əİ texnologiyasının neft-qaz kompleksində tətbiqi sisteminin arxitekturunun tərkib hissələrinin idarə obyektində yerləşən sensorlardan, bu sensorlardan daxil olan siqnalların ilkin emalını həyata keçirən şəbəkə keçidləri, klasterlər və Verilənlərin Emalı Mərkəzindən ibarət olduğunu vurğuladı.

Sonda, Əİ texnologiyasının dənizdə və quruda tətbiqi prosesi nümayiş etdirildi, ABŞ-ın “PemTech” şirkəti tərəfində istehsal olunan Əİ avadanlıq və qurğuları təqdim edildi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR