Dərin təlim metodlarına həsr olunmuş elmi seminar keçirildi 12.01.2018    05:23 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev “Dərin təlim metodlarına qısa giriş” mövzusunda məruzəni təqdim etdi. O, son illərdə süni intellekt sahəsində ən intensiv tədqiqat istiqamətlərindən biri olan dərin təlimin (ing. Deep Learning) əsas ideyaları və konsepsiyaları haqqında məlumat verdi.

Ənənəvi maşın təlimi metodlarında kompüter tədqiqatçının köməyi ilə öyrənir, tədqiqatçı kompüterin hansı əlamətlərdən və necə istifadə edəcəyini müəyyən edir. Dərin təlim sadə abstraksiyalardan daha mürəkkəb və dərin abstraksiyaların necə qurulmasını öyrənir, həm də bu abstarksiyaları insan deyil, kompüterin özü aşkarlayır. Belə ki, kompüter özünün daha yaxşı necə öyrənə biləcəyini özü müstəqil şəkildə müəyyənləşdirir. Mahiyyətcə, “dərin” termini məhz bunu nəzərdə tutur.

Y.İmamverdiyev dərin təlimin çox zaman dərin neyron şəbəkələri ilə eyniləşdirildiyini qeyd etdi, bu səbəbdən neyron şəbəkələrinin inkişafında dərin neyron şəbəkələrinədək keçilən ideyalar ardıcıllığını təhlil etdi. Məhdud Bolsman maşınları, dərin inam şəbəkələri, avtoenkoderlər, bürünmə neyron şəbəkələri və s. kimi dərin şəbəkə arxitekturaları, onların üstünlükləri və nöqsanları, bu sahədə açıq kodlu proqram təminatı kitabxanaları haqqında ətraflı məlumat verdi.

Məruzəçi bildirdi ki, dərin neyron şəbəkələrinin köməyi ilə süni intellektin bir sıra vacib praktiki tətbiq sahələrində, məsələn, obyektlərin tanınması, təbii dilin emalı, nitqin tanınması, nitqin sintezi kimi sahələrdə yüksək nəticələr alınmışdır. Məruzəçi Google, Apple, Facebook, IBM, Microsoft kimi tanınmış İT-şirkətlərin dərin təlim sahəsində tədqiqatları və məhsulları haqqında geniş məlumat verdi, bir sıra proqram məhsullarını diqqətə çatdırdı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbədə bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd edildi, bir sıra təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR