Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2017-ci il üzrə hesabatı təsdiq olunub 11.01.2018    12:00 / Konfranslar, iclaslar

Yanvarın 10-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev institutda yaradılmış maddi-texniki şəraitlə yaxından tanış olublar. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev onlara institutun Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatında təklif olunan xidmətlər və məhsullar, o cümlədən genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər, eləcə də institutun yeni təmirdən çıxmış “Təsərrüfat və mülki müdafiə sahəsi” haqqında ətraflı məlumat verib.

AMEA prezidenti GEANT-ın (Gigabit European Advanced Network Technology) milli şəbəkə operatoru olan AzScienceNet-in şəbəkə infrastrukturunun genişləndirilməsi, etibarlı və dayanıqlı fəaliyyətinin təmin olunması üçün görülən texnoloji tədbirlərlə tanış olub. 

Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri”nə uyğun həyata keçirildiyini bildirib.

Bəzi statistik məlumatları nəzərə çatdıran N.Məmmədov hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 82 mövzu üzrə 323 tədqiqat işinin aparıldığını deyib: “12 mövzu və 146 iş artıq tamamlanıb. Bölmə üzrə patent üçün 17 iddia sənədi verilib və 6-sı xaricdə olmaqla 16 patent alınıb”. 2017-ci ildə alimlərin 1061 məqaləsinin dərc olunduğunu vurğulayan akademik onlardan 462-nin “Scopus” və “Thomson Reuters” bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Əməkdaşların əsərlərinə 9956 istinadın qeydə alındığını söyləyib.

Alim bildirib ki, 2017-ci ildə “AMEA-nın professoru” elmi adına bölmədən 6 nəfər layiq görülüb.

Kvant informatikası sahəsində ölkədə mövcud durum, potensialı və inkişaf perspektivlərini təhlil edən N.Məmmədov AMEA Fizika İnstitutunda “Kvant informatikası” baza laboratoriyasının və bu laboratoriyanın nəzdində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İnformasiya Texnologiyaları Laboratoriyası ilə birgə kadr hazırlığı üçün virtual distant təlim infrastrukturunun yaradıldığını diqqətə çatdırıb.

İclasda qeyd olunub ki, AMEA Fizika İnstitutunda Şamaxı Astrofizika Rəsədxanası ilə Azərkosmos ASC və Milli Aviasiya Akademiyasının birgə “Kosmos və yerətrafı kosmik fəzanın fizikası” laboratoriyası, AMEA Biofizika İnstitutunda  Riyaziyyat və Mexanika İnstitutu ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə “İnteqrativ biofizika” laboratoriyası, eləcə də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Siqnalların emalının riyazi problemləri” laboratoriyası yaradılıb. Radiasiya Problemləri İnstitutunun nəzdində “Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Ekspertiza”, “Ətraf mühitin fizika və kimyası”, Nüvə Elmləri üzrə Beynəlxalq Məlumat” mərkəzləri fəaliyyət göstərir.

Hesabat dövründə elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən danışan N.Məmmədov bildirib ki, alimlərimiz Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrin universitetlərində professor, dəvətli professor kimi pedaqoji fəaliyyətlə məşğul olurlar. Elektron elm və təhsilin inteqrasiyası istiqamətində ardıcıl işlər görüldüyünü deyən məruzəçi Təhsil Nazirliyinin nəzdində olan on iki universitetin AzScienceNet şəbəkəsinə qoşularaq GEANT elm və təhsil şəbəkəsinə çıxış əldə etdiyini, distant təhsil texnologiyalarının tətbiqinin genişləndiyini, bölgələrdən olan doktorant və dissertantlar üçün elm informatikası fənnindən distant tədris kursunun təşkil olunduğunu söyləyib. Bir sıra texniki fənn olimpiadalarının təşkilindən söz açan akademik “Gənc riyaziyyatçılar məktəbi”nin yaradılması, alimlərlə orta məktəb şagirdləri arasında görüşlərin keçirilməsi və onların laboratoriyalarda aparılan tədqiqat işləri ilə tanışlığını elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyət kimi qiymətləndirib.

Ötən il elm və istehsal arasında əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat nəticələrinin tətbiqi və elmi-tədqiqat ekspedisiyalarının təşkili istiqamətində bir sıra işlər görüldüyünü vurğulayan N.Məmmədov 10 tədqiqat işinin nəticəsinin tətbiq olunduğunu bildirib: “Layların neft veriminin artırılması texnologiyası yaradılmış və Çinin məşhur “Petrochina” neft şirkətinin dəvəti ilə Bohai Bay dəniz yatağında mədən şəraitində tətbiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi əsasında “ASAN Viza” sistemi yaradılaraq “ASAN Xidmət”də tətbiq edilmişdir. Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün informasiya sistemi Bakıxanov küçəsində istismarda olan körpünün gövdəsində quraşdırılmışdır”.

Hesabat məruzəsində beynəlxalq və respublika səviyyəli konfransların keçirildiyi, Azərbaycan və ingilis dillərində çap olunmuş jurnallarda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin nəşr edildiyi bildirilib. Qeyd edilib ki, hesabat ilində akademik Nazim Məmmədov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi təyin olunub. Hazırda BNTİ-də 20 azərbaycanlı alim çalışır.

İclasda Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrin elm və təhsil şəbəkələrini birləşdirən regional kompüter şəbəkəsinin yaradılması, eləcə də Avropanın elm və təhsil şəbəkələri infrastrukturuna inteqrasiya edilməsi üçün “EaPConnect” layihəsinin həyata keçirildiyini deyən Nazim Məmmədov həmin ölkələrin Avropanın bütün elmi qurumları ilə birbaşa, genişzolaqlı İnternet əlaqəsi qurmaq imkanı əldə etdiyini vurğulayıb. Bildirilib ki, İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq Eduroam xidmətinin Azərbaycan üzrə milli operatorudur. Bu xidmətə qoşulan təşkilatların nümayəndələri xarici ölkələrin elmi qurumlarına səfər etdikdə sərbəst və etibarlı İnternetə çıxış imkanı qazanırlar.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən akademiklər Telman ƏliyevFikrət ƏliyevCavad AbdinovBahadur Tağıyev və AMEA-nın müxbir üzvləri - Əminağa SadıqovVəli Hüseynov və digərləri elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsinin artırılması üçün müxtəlif təkliflər səsləndiriblər.

İclasda, həmçinin AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bildirib ki, mütəmadi olaraq bölmənin elmi fəaliyyətinin gücləndirilməsi, aparılan tədqiqatların dünya elminin tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür. Akademik FRTEB-in Azərbaycan elmi qarşısında vəzifələrindən söz açıb, dəqiq elmlərin digər elm sahələrində tətbiqinin vacib məsələlərdən olduğunu bildirib. R.Əliquliyev elmdə informasiya texnologiyalarından geniş istifadə ilə bağlı görülmüş işləri diqqətə çatdıraraq İKT-nin akademiyanın bütün institutlarında geniş tətbiq edildiyini, AMEA rəhbərliyinin təşəbbüsü və müvafiq qurumların dəstəyi ilə akademiyanın Avropanın elm və təhsil mühitinə inteqrasiya olunduğunu, elektron elmin infrastruktur problemlərinin həll olunduğunu vurğulayıb.

Bu sahədə mövcud problemlərə də toxunan məruzəçi qeyd edib ki, elektron elmin şəbəkə platforması olan AzScienceNet-in Data Mərkəzinin imkanlarının genişləndirilməsinə baxmayaraq, mərkəzin resurslarından səmərəli istifadə olunmur. Alim müxtəlif elm sahələrində aparılan araşdırmalar nəticəsində əldə olunmuş məlumatların toplanması, saxlanması və emalı üçün Data Mərkəzin və Big Data analitikası texnologiyalarının verdiyi imkanlardan geniş istifadə olunmasının zəruriliyini önə çəkib. 

Daha sonra bölmənin hesabatı təsdiq olunub və FRTEB üzrə əldə olunmuş mühüm elmi nəticələr Akademiyanın illik hesabatına daxil edilib.

İclasda, həmçinin elmi-təşkilati və kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR