İnformasiya Texnologiyaları İnstitutunun 2017-ci il üçün hesabatı dinlənildi 28.12.2017    03:00 / Konfranslar, iclaslar

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2017-ci ili əhatə edən hesabat iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun hesabatı dinlənildi.

Hesabatı AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdim edərək institutda 2017-ci il ərzində əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırdı, informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemləri istiqamətində aparılan araşdırmalar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, institutda cari ildə Big Data və Data mining, bulud texnologiyaları, informasiya təhlükəsizliyi, proqram mühəndisliyi, informasiya cəmiyyəti, e-elm, e-tibb, informasiya iqtisadiyyatı, terminoloji informatika, e-təhsil və digər istiqamətlərdə tədqiqatlar aparılmış, əldə olunan elmi nəticələr nüfuzlu, yüksək impakt faktorlu jurnallarda dərc olunmuşdur.

Akademik R.Əliquliyev aparılan araşdırmalar nəticəsində müxtəlif növ plagiatlığı aşkarlamaq üçün linqvistik yanaşma – cümlələrin sintaktik və semantik analizinə əsaslanan metodun təklif edildiyini, böyük verilənlərdə anomaliyaların aşkarlanması üçün çəkili klassifikatorlar ansambl üsulunun işləndiyini, mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işləndiyini, informasiya təhlükəsizliyi sahəsində Big Data texnologiyalarının multidisiplinar problemlərinin araşdırıldığını, proqram məhsullarının verifikasiya və monitorinqi üçün istifadə edilən üsulların analiz edildiyini, Əşyaların İnterneti texnologiyalarının elmi-nəzəri problemlərinin araşdırıldığını və təhlil edildiyini diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, institut alimləri tərəfindən e-dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün indikatorların ikisəviyyəli ierarxiyası əsasında metodlar işlənmiş, elektron tibb sahəsində beynəlxalq təcrübə və Avropada qəbul edilən elektron tibb strategiyaları analiz edilmiş, informasiya və bilik iqtisadiyyatını müxtəlif səviyyələrdə xarakterizə edən göstəricilər araşdırılmış və indeks təklif olunmuşdur. “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi hazırlanmışdır.

Alim elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun iştirak etdiyi Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, beynəlxalq konfransların proqram komitələrində təmsilçilik və elmi ekspertiza fəaliyyəti, elektron  elmin  formalaşması üzrə görülən işlər və s. barədə ətraflı məlumat verdi.

R.Əliquliyev AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətindən də söz açaraq AMEA-nın bir sıra institut və təşkilatlarının kompüterlər şəbəkələrinin fiber optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet şəbəkəsinə qoşulması, kompüterlərin lokal şəbəkəsinin yaradılması, AzEduNet.az təhsil şəbəkəsinin AzScienceNet-ə qoşulması, AzScienceNet-də Grid layihələrə qoşulma, AMEA-nın Akademiya şəhərciyində Wi-Fi xidmətinin istifadəyə verilməsi, Monitorinq və Təhlükəsizlik Xidməti və AMEA-nın operativ məlumatlandırma sisteminin işinin təşkili və s. istiqamətdə tədbirlərin görüldüyünü söylədi. 

Alimin sözlərinə görə, e-elmin şəbəkə platforması olan “AzScienceNet” Elm Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi, onun resurslarından səmərəli istifadə olunması, Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə bağlı ardıcıl olaraq tədbirlər həyata keçirilmişdir. AzScienceNet şəbəkəsinin Pan-Avropa elm və təhsil şəbəkəsinə (GEANT) 1,41 Gbit/san. sürətlə qoşulması təmin olunmuş, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-resurslarının AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi işləri həyata keçirilmişdir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verən alim bildirdi ki, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları bu Mərkəzdə test texnologiyaları əsasında keçirilir. Burada, həmçinin AMEA-nın magistratura pilləsində təhsil alanlara ümumi və ixtisas fənlərinin tədrisi, respublika üzrə doktorant və dissertantlara “Elm informatikası” fənninin tədrisi, fəlsəfədən qəbul və doktorluq imtahanları və s. təşkil olunur. Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılmışdır. Mərkəzdə distant tədris prosesinin də həyata keçirildiyini bildirən akademik regionların doktorant və dissertantlarının “Elm İnformatikası” fənnindən doktorluq imtahanlarının İnternet üzərindən onlayn şəkildə həyata keçirildiyini diqqətə çatdırdı. Eləcə də il ərzində sıravi vətəndaşlar üçün müxtəlif kompüter proqramları üzrə kursların təşkil edildiyini dedi.

Məruzəçi bu il 1247 nəfər doktorant və dissertantın “Elm informatikası” fənni üzrə kurslarda iştirak edərək imtahan verdiyini, onlardan 577  nəfərinin doktorant, 670 nəfərin isə dissertant olduğunu vurğuladı.

Rəhbərlik etdiyi qurumun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən R.Əliquliyev 2017-ci il ərzində institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etdiyini, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, xarici səfərlərin, görüşlərin keçirildiyini qeyd etdi. Bildirdi ki, cari ildə 50-dən çox ölkənin elmi qurumları ilə  əməkdaşlıq əlaqələri qurulmuşdur.

Elmi-təşkilati tədbirlər haqqında məlumatları diqqətə çatdıran institut direktoru Viki-Mərkəz, Multimedia Mərkəzi və institutun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti, eləcə də 2017-ci ildə yaradılmış veb-saytlar barədə ətraflı məlumat verdi.

O, bildirdi ki, institut əməkdaşları tərəfindən 2017-ci ildə 84 məqalə, 4 kitab və 2 ekspress-informasiya nəşr olunmuş, beynəlxalq və respublika səviyyəli konfranslarda 126 məruzə ilə iştirak edilmişdir. Cari il üzrə nəşr olunmuş 210 elmi əsərdən 87-si nüfuzlu bazalara daxil olmuşdur.

Alim institutda nəşr olunan “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” adlı jurnalların “Copernicus”, “INSPEC” və “Google Scholar” indeksləşmə bazalarına daxil olduğunu dedi.

R.Əliquliyev institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatın Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-ci il Gənclər üçün Prezident mükafatına layiq görüldüyünü, institutun www.ict.az saytının AMEA-nın elmi müəssisə və təşkilatları arasında keçirilən monitorinqin nəticələrinə əsasən, “İlin ən yaxşı veb-saytı” nominasiyasının qalibi olduğunu diqqətə çatdırdı.  

Akademik, həmçinin əldə edilən mühüm elmi nəticələrdən söz açaraq böyük həcmli verilənlərdə anomaliyaların aşkarlanması üçün qeyri-xətti optimallaşdırma modeli və bir neçə klasterləşdirmə metodunun təklif edildiyini və onların eksperimental qiymətləndirilməsinin aparıldığını bildirdi. Qeyd etdi ki, G2C sektorunda elektron tibbi xidmətlərin göstərilməsinə dair təkliflər və mobil hesablama buludlarında cloudletlərin resurslarından səmərəli istifadə üçün metod və alqoritmlər işlənmişdir.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR