Cənubi Dakota Universitetinin professoru İnformasiya Texnologiyaları İnstitutunda oldu 30.05.2014    12:00 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda ABŞ-ın Cənubi Dakota Universitetinin Elektrik və Kompüter Mühəndisliyi fakültəsinin rəhbəri, professor Kazım Zöhrabi (Kazem Sohraby) ilə görüş keçirildi. İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və ADA Universitetinin informasiya sistemləri üzrə Baş direktoru Rahid Ələkbərlinin də iştirak etdiyi görüşün məqsədi institut ilə tanışlıq və müvafiq sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi. 

Öncə institutun direktoru, AMEA-nın akademik-katibi, müxbir üzv, professor Rasim Əliquliyev qurumun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi. İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işlərdən söhbət açdı. 

Alim müvafiq qurumlarla birgə həyata keçirilən layihələr və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlər barədə də məlumat verdi. İnstitutun ölkə başçısının informasiya-kommunikasiya texnologiyaları sahəsində qəbul etdiyi dövlət proqramlarında fəal iştirak etdiyini vurğuladı. 

Sonra K.Zöhrabi təmsil etdiyi qurum barədə məlumat verdi. Bildirdi ki, əsası 1881-ci ildə qoyulan Cənubi Dakota Universiteti Amerikada ən böyük çoxşaxəli ali təhsil müəssisələrindən biridir. 2013-cü ildə bu universitetə ABŞ-ın bütün ştatları və dünyanın 70 ölkəsindən 12,554 tələbə qəbul edilmişdir. Universitet tələbələrə 42 ixtisaslaşma, 30 magistr, 15 doktorluq dərəcəsi proqramlarını təklif edir. 

ADA Universitetinin mühəndislik və informasiya texnologiyaları fakültəsi ilə əməkdaşlıq etdiyini vurğulayan qonaq İnformasiya Texnologiyaları İnstitutu ilə də müvafiq sahədə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduğunu bildirdi. 

Görüşdə, həmçinin birgə innovativ layihələrdə iştirak, konfrans və seminarların təşkili, həmçinin kadr və təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələr aparıldı. 

Qonaq Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, həmçinin İnternet-kafe və yeni istifadəyə verilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış oldu, institutda yaradılan innovativ şəraiti yüksək qiymətləndirdi. 

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR