“Bu gün yaradılan “ağıllı” qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır” 03.10.2017    11:59 / Müsahibələr, çıxışlar

Bu fikirləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev dünya şöhrətli alim, professor Lütfi Zadə ilə vida mərasimində çıxışı zamanı səsləndirib.  

Akademik R.Əliquliyev dünya şöhrətli alimin elmi araşdırmalarından, qeyri-səlis məntiq nəzəriyyəsi əsasında elmə gətirdiyi inqilabi yeniliklərdən danışıb. Akademik bildirib ki, Lütfi Zadə kibernetika elminin hələ formalaşmadığı, kompüter texnologiyalarının yaranmadığı və kommunikasiya nəzəriyyəsinin meydana çıxmadığı bir dövrdə elmi fəaliyyətlə məşğul olmağa başlamış və ABŞ elmi mühitinə inteqrasiya olunaraq dünya üzrə tanınmış alimlərlə birgə fəaliyyət göstərmişdir.

Lütfi Zadənin elmi fəaliyyətinin ilk illərində sərt məntiq və klassik riyaziyyata əsaslanan tədqiqatlarla məşğul olduğunu söyləyən R.Əliquliyev bu tədqiqatların avtomatik idarəetmə nəzəriyyəsi, identifikasiya sistemlərinin analizi və sintezi, filtrasiya problemləri, z-çevirmələr ilə bağlı olduğunu diqqətə çatdırıb.  

Məruzəçi L.Zadənin 1965-ci ilədək, təxminən 20 il ərzində kibernetika sahəsində fəaliyyət göstərən ən tanınmış alimlər sırasına daxil olduğunu bildirib. Qeyd edib ki, dünya şöhrətli alimin 1965-ci ildə təklif etdiyi qeyri-səlis çoxluqlar nəzəriyyəsi bundan öncə mövcud olan Aristotel məntiqini, Binar məntiqini, klassik riyaziyyatın çoxluqlarla bağlı bütün təriflərini əhatə edərək ümumiləşmiş bir nəzəriyyəni ərsəyə gətirmiş, təbii intellektə yaxın olan qeyri-səlis riyazi aparat təklif etmişdir.

Süni intellekt nəzəriyyəsinə dair ilk elmi əsərin də məhz Lütfi Zadə tərəfindən 1950-ci ildə Kolumbiya Universitetində çap olunduğunu vurğulayan R.Əliquliyev onun həmin dövrdə süni intellektin ilkin ideyalarını irəli sürdüyünü nəzərə çatdırıb.

R.Əliquliyev L.Zadə nəzəriyyəsinin ilk olaraq yaponlar tərəfindən qəbul edildiyini bildirərək hazırda Yaponiyanın patent fondunda qeyri-səlis texnologiyalara dair 23 min patentin mövcud olduğunu və onlardan 18 min patentin dünyanın bir çox tanınmış şirkətlərində tətbiq olunduğunu söyləyib.

“Bu gün meydana çıxan “ağıllı” qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”, – deyə bildirən akademik bu nəzəriyyənin ümummetodoloji bir təlim kimi bir çox sahələrdə tətbiqininin mümkün olduğunu vurğulayıb. R.Əliquliyev V nəsil kompüterlərin də məhz bu nəzəriyyə sayəsində yaranmaqda olduğunu bildirib.

Məruzəçi Lütfi Zadənin həm ölkəmizdə, həm də dünya miqyasında öz layiqli qiymətini aldığını, onun zəngin elmi fəaliyyətinə görə nüfuzlu mükafatlara layiq görüldüyünü qeyd edib.

R.Əliquliyev Lütfi Zadənin elmi fəlsəfəsinin və nəzəriyyəsinin Azərbaycan elmi qarşısında da yeni-yeni vəzifələr qoyduğunu deyib.

Çıxışının sonunda akademik R.Əliquliyev mərhum alimin xatirəsinin xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anılacağına əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR