Biometrik texnologiyalarla bağlı araşdırmalar aparılır 07.07.2017    10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar, proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması üzrə elmi tədqiqatlar aparılır. Bu haqda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi 9 saylı şöbənin 2017-ci il üzrə 6 aylıq hesabatı ilə bağlı çıxışı zamanı bildirdi. 

T.Kazımov cari ildə insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında effektivliyin artırılması üçün yeni alqoritmin işlənildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, insanın əl damar izləri və kəllə sümüklərinin təsvirləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi, proqram məhsullarının etibarlılığının artırılması üçün modelin işlənilməsi üzrə tədqiqatların aparılması da cari ildə görülmüş işlər sırasındadır. 

Proqram mühəndisliyinin nəzəri əsasları üzrə proqram təminatının etibarlılığının yüksəldilməsi problemlərinə toxunan məruzəçi bildirdi ki, bu məqsədlə proqram məhsullarının etibarlılığının artırılması üçün modelin işlənilməsi, proqram mühəndisliyi sahəsində standartların təhlili, proqram məhsullarının verifikasiya metodlarının təhlili və s. mövzular üzrə araşdırmalar aparılmışdır. T.Kazımov informasiya təhlükəsizliyinin təmin olunması problemlərinə uyğun olaraq uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması mövzusu, eləcə də uşaq və yeniyetmələrin İnternet asılılığının fərdi-psixoloji aspektlərinin tədqiqi və psixometrik analizi sahəsində işlərin davam etdirildiyini bildirdi.

Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək bu istiqamətdə ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, biliklər iqtisadiyyatının formalaşması baxımından çox mühüm əhəmiyyət kəsb edən intellektual fəaliyyət sahələrindən biri olan proqram mühəndisliyinin elmi-nəzəri, tədris və tətbiqi problemlərinin müzakirə olunduğu “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika elmi konfransının təşkilində şöbə əməkdaşlarının fəal iştirak etdiyini vurğuladı.

Şöbə müdiri beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində L.N.Qumilyev adına  Avrasiya Milli Universitetinin İnformasiya təhlükəsizliyi və kriptoqrafiya İnstitutu, Ukrayna Milli Texniki Universiteti, “Kiyev Politexnik İnstitutu”, Yalova Universiteti, o cümlədən “International Journal of Intelligent Information Processing”, “Communications”, “International Journal of Advanced Engineering and Management”, “Biomedical Statistics and Informatics”, “Pattern Recognition”, “British Journal of Applied Science & Technology” və digər jurnallarla əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söylədi.

O, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli konfranslarda, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrinin nəşri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlərdən danışdı.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbənin elmi fəaliyyət istiqamətlərinə uyğun olaraq biometrik texnologiyalar, proqram mühəndisliyi sahəsində elmi-nəzəri bazalar və proqram mühəndisliyinin riyazi əsaslarının dərindən araşdırılmasının vacib məsələlərdən olduğunu bildirdi.

Hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

15 Sentyabr – Azərbaycanda Bİlİk Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR