“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransı keçirildi 17.05.2017    01:33 / Konfranslar, iclaslar

17 may 2017-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransı keçirildi.

AMEA Rəyasət Heyəti, AR Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılıq etdiyi konfransda Təhsil Nazirliyinin nümayəndələri, AMEA-nın institut və təşkilatlarının rəhbərləri, ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə aparıcı alim və mütəxəssisləri, həmçinin KİV nümayəndələri iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq konfransın 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə təsadüf etdiyini qeyd etdi. Ölkədə informasiya cəmiyyəti quruculuğunda bilavasitə iştirak edən hər kəsi bu əlamətdar gün münasibəti ilə təbrik etdi.

A.Əlizadə proqram mühəndisliyinin ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, biliklər iqtisadiyyatının formalaşması baxımından çox mühüm əhəmiyyət kəsb edən intellektual fəaliyyət sahəsi olduğunu dedi. Bildirdi ki, BMT tərəfindən minilliyin ideologiyası kimi bəyan olunan informasiya cəmiyyətinin əsasında İKT və biliklər iqtisadiyyatı dayanır. Bu sahənin ən mühüm sektorlarından biri də məhz proqram mühəndisliyidir.

Alim bu gün Ulu Öndərin əsasını qoyduğu elmi-texnoloji inkişaf xəttini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, biliklər iqtisadiyyatının formalaşdırılması ilə bağlı bir sıra konseptual sənədlər, mühüm qərarların qəbul edildiyini diqqətə çatdırdı. Bildirdi ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması, informasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, İKT sahəsində bilik və bacarıqların artırılması məsələləri öz əksini tapmışdır.

A.Əlizadə biliklər iqtisadiyyatının bir seqmenti kimi formalaşmaqda olan proqram sənayesinin əsasında “elm-təhsil-innovasiya” üçbucağının dayandığını vurğuladı. Bildirdi ki, Azərbaycan gənclərinin bu sahəyə marağının artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: “Proqramlaşdırma sahəsində elmi kadrlara və yüksəkixtisaslı mütəxəssislərə artan tələbatın ödənilməsi məqsədi ilə zəruri işlər görməli, ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığı dərinləşdirməliyik”. Alim bu istiqamətdə Elmlər Akademiyası ilə Təhsil Nazirliyi arasında işgüzar münasibətlərin mövcud olduğunu da nəzərə çatdırdı.

AMEA rəhbəri nitqinin sonunda proqram mühəndisliyinin ən müxtəlif aspektləri ilə bağlı 80-dən çox məruzənin təqdim olunacağı konfransın işinə uğurlar arzuladı.

Sonra AR təhsil nazirinin müavini,  iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbanov çıxış edərək proqram mühəndisliyinin aktual-elmi nəzəri və praktiki problemlərinə həsr olunmuş konfransın əhəmiyyətindən danışdı. Bildirdi ki, böyük iqtisadi perspektivləri olan proqram mühəndisliyinin inkişafına dünyanın bir çox ölkələrində diqqət yetirilir. Bu gün ölkəmizdə də elm və təhsil müəssisələrində, dövlət orqanlarında, proqram mühəndisliyi sahəsində peşəkar kadrlar uğurla fəaliyyət göstərirlər.

Məruzəçi İKT-nin təhsildə tətbiqi və informatika fənninin tədrisi, proqram təminatı üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, orta və ali təhsil müəssisələrində İKT-dən istifadə vərdişlərinin formalaşdırılması ilə bağlı ölkədə son illər həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlərdən də söz açdı. 

F.Qurbanov proqram mühəndisliyi sahəsində dünya təcrübəsinin öyrənilməsi və təhsil sistemində buna uyğun kompleks islahatların aparılmasının zəruriliyini vurğuladı. İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmuş bu kofransın Azərbaycanda proqram mühəndisliyinin gələcək inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi.

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Azərbaycanda proqramlaşdırmanın yaranması və təşəkkülü” mövzusunda məruzə ilə çıxış etdi. Akademik Azərbaycanda kibernetika elmi və proqramlaşdırmanın 60-cı illərdən başlayaraq formalaşmağa başladığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanda da proqramlaşdırma texnologiyalarının müəyyən ənənəsi vardır. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycanda elmtutumlu iqtisadi sahələr yox dərəcəsində idi. Telekommunikasiyanın, radioelektronikanın, hesablama texnikasının strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderimiz bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər yetişməyə başladı.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Proqram mühəndisliyinin formalaşmasının bəzi aktual problemləri və perspektivləri” mövzusunda çıxış etdi. Proqram mühəndisliyi: vəzifələr və hədəflər, proqram mühəndisliyinin iqtisadi perspektivləri, bu sahədə beynəlxalq standartlar, kadr hazırlığı, elmi, informasiya təhlükəsizliyi və hüquqi-etik problemlərinə dair ətraflı məlumat verdi.      

R.Əliquliyev Azərbaycanda proqram mühəndisliyinin inkişafına dair bir sıra təklif və tövsiyyələrini də səsləndirdi. Ölkənin müvafiq ali təhsil müəssisələrində “Proqram mühəndisliyi” ixtisası üzrə kadrların hazırlanması və onların riyazi biliklərinin artırılması, proqram mühəndisliyi sahəsində mövcud olan beynəlxalq standartların milliləşdirilməsi, onların tətbiqi və tədrisinin həyata keçirilməsi, müvafiq qurumlar tərəfindən proqram mühəndisliyi sahəsində aparılan elmi araşdırmalara və irəli sürüləcək təşəbbüslərə dəstək verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinin zəruriliyini önə çəkdi.

Sonra  Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) kompüter  proqramları təminatı şöbəsinin rəhbəri, f.-r.f.d. Bəxtiyar Siracov “Proqram mühəndisliyi sahəsində dünya təcrübəsi və tendensiyalar” mövzusunda məruzə ilə çıxış etdi. O, təşkilatın fəaliyyət istiqamətləri, məqsədləri, təşkilat tərəfindən yaradılmış informasiya sistemləri, treninq strategiyaları və s. barədə ətraflı məlumat verdi.

B.Siracov təmsil etdiyi təşkilata 160-dan çox ölkənin üzv olduğunu qeyd edərək bu qurumun nüvə enerjisi texnologiyalarının müxtəlif sahələrdə tətbiqi və bu texnologiyaların qeyri-qanuni yolla yayılmasının qarşısının alınması istiqamətlərində fəaliyyət göstərdiyini bildirdi. Həmçinin təşkilatın proqram təminatı üzrə əməkdaşlıq etdiyi şirkətlər, o cümlədən 10 əsas strateji texnologiya trendi barədə məlumat verdi.

Tədbirdə, həmçinin Bakı Dövlət Universiteti, f.-r.f.d., dosent Ramin Mahmudzadə “Ölkəmizdə proqramlaşdırmanın tədrisi haqqında” və “Microsoft” şirkətinin MDB ölkələri üzrə strateji həllər eksperti Qaçay Mirzəyev “Proqram mühəndisliyi sahəsində “Microsoft” şirkətinin prioritetləri” adlı məruzələrlə çıxış etdilər.

Sonra konfrans öz işini “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri”, “Proqram mühəndisliyinin tədrisi problemləri” və “Proqram mühəndisliyinin tətbiqi problemləri” mövzusunda təşkil olunmuş seksiya iclasları ilə davam etdirdi.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR