İnformasiya Texnologiyaları İnstitutunda fransız yazıçısı Jerar Kardon ilə görüş keçirilib 26.01.2017    09:00 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanda səfərdə olan fransız yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon ilə görüş keçirilib. Görüşdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov və xanım əməkdaşlar iştirak edirdilər.

Səfərinin məqsədi haqqında danışan Jerar Kardon bildirib ki, Azərbaycana mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq, qadınların cəmiyyətdəki yeri və rolu, müxtəlif peşə sahələrində fəaliyyəti barədə kitab yazmaq istəyir. Qadınlarla bağlı bu kimi layihələri dünyanın bir sıra ölkələrində reallaşdırdığını söyləyən J.Kardon qeyd edib ki, onun missiyası müxtəlif ölkələrdə qadınların həyat və fəaliyyətini işıqlandıraraq dünya ictimaiyyətinə təqdim etməkdir.

R.Əliquliyev J.Kardonun bu səfərinin Fransa ilə yanaşı, bütün dünya ictimaiyyətində ölkəmiz haqqında daha da dolğun və obyektiv məlumatların yayılmasına töhfə verəcəyinə əminliyini ifadə edib, onun Azərbaycan qadınları haqqında kitab yazmaq istəyini yüksək qiymətləndirib.

Akademik qeyd edib ki, ailə dəyərlərinə, adət və ənənələrə böyük önəm verən müasir Azərbaycan qadınları ictimai-siyasi həyatda və cəmiyyətin müxtəlif sferalarında fəal iştirak edir, mühüm dövlət vəzifələrində təmsil olunurlar. Azərbaycanın uğurla inkişaf etməsinin əsasında dayanan əsas faktorlardan birinin də məhz qadınlarla bağlı düzgün dövlət siyasətinin olduğunu söyləyən institut direktoru cəmiyyətimizdə qadınların rolunun yüksək olduğunu vurğulayıb.

R.Əliquliyev qonağa məlumat verib ki, İnformasiya Texnologiyaları İnstitutunda çalışan əməkdaşların 68 faizini qadınlar təşkil edir. “İnstitumuzda fəaliyyət göstərən qadın əməkdaşlar müasir dövrün çağırışlarına cavab verən Big Data, elektron tibb problemləri, süni intellekt, bulud və biometrik texnologiyalar, eləcə də, digər prioritet istiqamətlərdə tədqiqatlar apararaq mühüm elmi nailiyyətlər əldə etmişlər”, – deyə akademik bildirib.  

Sonra J.Kardon institutun xanım əməkdaşları ilə dialoq quraraq, onların bütün dünyada kişi mütəxəssislərin üstünlük təşkil etdikləri informasiya texnologiyaları sahəsini hansı səbəbdən seçdikləri, bu elmi-tədqiqat sahəsinin qadın üçün çətinlikləri, ailə-məişət məsələləri ilə peşə fəaliyyətini necə balanslaşdırdıqları barədə maraqlanıb. Zərif cinsin nümayəndələri qonağın suallarını cavablandıraraq, məşğul olduqları elmi problemlər, əldə etdikləri nailiyyətlər haqqında da məlumat veriblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR