İnsan, yoxsa kompüter? 05.01.2017    04:55 / Maraqlı məlumatlar

1982-ci ilin dekabr ayında tanınmış “Time” jurnalı fərdi kompüteri “İlin adamı” adlandırdı. O vaxtdan etibarən kompüterlər insan həyatının bir çox sahələrini sadələşdirdi. Proqnozlara əsasən, insan gec-tez işsiz qalacaq. Lakin  insanın bəzi bacarıqlarını hələ ki, heç bir maşın təkrarlaya bilmir. “PaySpace Magazine” redaksiyası orta statistik insan və adi kompüterin imkanlarını müqayisə edib:

Görmə qabiliyyəti. İnsan gözü 576 meqapikseli ayırd edə bilir ki, bu da orta statistik noutbukun kamerasından (2 meqapiksel) 300 dəfə çox deməkdir. Son model rəqəmsal kameralar isə 50 meqapikselədək təsviri qeydə ala bilir. Hazırda 3,2 qiqapiksel təsvir ölçüsünə malik rəqəmsal kamera yaradılır. Onun 2022-ci ildə görünən qalaktika və ulduzların çəkilişində istifadəsi nəzərdə tutulur.

Eşitmə qabiliyyəti. Adi insan 20-20000 hers intervalında səs dalğalarını eşidə bilir. Kompüterin mikrofonunda isə bu göstərici 100-16000 hers təşkil edir.

Səs. İnsan səsinin ən yüksək göstəricisi 122,5 desibeldir. Adi noutbukun səs gücləndiriciləri isə 80 desibel səs çıxarır.

Qoxu və dadbilmə qabiliyyəti. İnsanın ağzında şirin, acı, turş və s. kimi dadları ayırd edə bilən bir neçə min dad reseptoru vardır. Həmçinin burun 10 min müxtəlif qoxunu fərqləndirir. Kompüter isə bu kimi imkanlara malik deyil.

Toxunma. Bu kateqoriyada insanla kompüteri müqayisə etmək olduqca çətindir. Çünki insan 1 kilopaskal təzyiqə malik toxunmanı ayırd edə bilir. Kompüter isə təzyiq əvəzinə elektrik cərəyanındakı dəyişiklikləri qeydə alır.

Sürətli oxuma. Bəzi insanlar iddia edirlər ki, dəqiqədə 10 mindən çox söz oxuya bilirlər. Lakin bu, sertifikatlaşdırılmış sürətli oxuma mərkəzlərində təsdiq olunmayıb. İnsan dəqiqədə orta hesabla 1-2 min söz oxuya bilir. Bu zaman mətnin 50 faizini anlayır. Adi kompüter də eyni sürətlə oxuyur, lakin mətni anlamır. Buna baxmayaraq, kompüter mətni sözbəsöz yaddaşda saxlaya bilir.

Hafizə. Daniel Tammet yaddaşda saxlanılan rəqəmlərin sayına görə dünya rekordunu qırıb. O, 22514 işarəni təsvir edə bilib. 500 qiqabayt tutuma malik sərt disk isə 250 milyondan çox rəqəmi yaddaşda saxlaya bilir.

Oyunlar. Kompüter şahmat üzrə dünya çempionuna qalib gələ bilər, həmçinin müxtəlif yarışmalarda liderlik edə bilər. Hələ ki, Çinin “Go” oyunu əlçatmazdır.

Enerji istehlakı. Noutbuk yerinə yetirilən tapşırıqlardan asılı olaraq 20-90 vatt gücündə enerji istehlak edir. İnsan tərəfindən gündə istehlak edilən enerji (qadınlar üçün 2000, kişilər üçün 2500) 95 vatt gücə bərabərdir. Lakin bunun yalnız 20 vattı beyinin fəaliyyətinin təmin edilməsinə sərf olunur.

Enerjinin saxlanması. Noutbuk batareyası 3-10 saat enerji saxlaya bilir. İnsan qidasız 4-6 gün, susuz 2-10 gün, oksigensiz isə yalnız 5 dəqiqə yaşaya bilir.

Temperatur rejimi. İnsan özünü 36-37,2 dərəcə Selsidə yaxşı hiss edir. Kompüter isə 10-35 dərəcə Selsi temperaturda işləyə bilir.

Viruslar. İnsan 5 min müxtəlif virusa qarşı həssasdır. Kompüter isə milyonlarla zərərli proqramla mübarizə aparır.

Beləliklə, qalib gələn hələ ki, insandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR