ABŞ-ın “Seagate” şirkəti data mərkəzlərdə istifadə üçün nəzərdə tutulmuş 60 TB tutumunda “SSD” daşıyıcı təqdim edib.
Şirkət nümayəndələri bildiriblər ki, yeni fləş daşıyıcı yaddaşının həcminə görə bazarda mövcud olan sərt diskləri 4 dəfə ötür. Belə ki, bu “SSD” daşıyıcı 400 milyonadək foto və ya 12 minədək “DVD” film saxlamaq qabiliyyətinə malikdir. Qurğunun elastik arxitekturası sayəsində diskin tutumu 100 TB-dək artırıla bilər.
Şirkətin planlarına əsasən, rekord tutuma malik “SSD” daşıyıcı 2017-ci ildə satışa çıxarılacaq. Qurğunun qiyməti barədə məlumat verilməyib.