İnformasiya Texnologiyaları İnstitutunda Polşanın “Plagiat.pl” şirkətinin yeni antiplagiat sistemi təqdim olundu 12.05.2016    11:00 / Konfranslar, iclaslar

Mayın 11-də Polşanın “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış antiplagiat sistemini təqdim etdi. Bildirdi ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkətin əsas məqsədi müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətdən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır.

Şirkətin dünyanın bir çox ölkələrində 300-dən artıq ali təhsil müəssisəsinə xidmət göstərdiyini söyləyən məruzəçi qeyd etdi ki, şirkət Polşa, Rumıniya, Almaniya, Moldova, Kolumbiya, Qazaxıstan və Azərbaycandakı sifarişçiləri proqramlarla təmin edir.

O, alim, mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu söylədi. Şirkətin hazırladığı “StrikePlagiarism” sisteminin müxtəlif mətnlərdən köçürülmüş fraqmentləri aşkar etməyə imkan verdiyini bildirdi.

Təhsil və tədris müəssisələrində yeni antiplagiat sisteminin geniş tətbiq olunduğunu söyləyən Ə.Təhməzov bu sahədə Polşa və Rumıniya təcrübəsindən danışdı. Onun sözlərinə görə, hazırda Polşanın 250-dən çox universiteti antiplagiat proqramına qoşulub. Burada qəbul edilmiş yeni qanuna əsasən bakalavr işi, magistr və doktorluq dissertasiyalarının yoxlanılması məcburidir. Rumıniyada isə 40-dan çox universitet antiplagiat proqramından istifadə edir. Ölkədə doktorluq dissertasiyalarının orijinallığının yoxlanılması və arxivləşdirilməsinə yönələn bir sıra dövlət layihələri həyata keçirilir.

Sözügedən antiplagiat sisteminin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirildiyini söyləyən məruzəçi bu proqramın artıq Azərbaycanın bir neçə universitetində geniş tətbiq olunduğunu diqqətə çatdırdı.

O, bildirdi ki, plagiatın kompleks həlli təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin inkişafı üçün əlverişli infrastrukturun yaradılması, elmi işlərin orijinallığını təsdiqləyən etibarlı informasiyanın əldə edilməsi və cəmiyyətdə şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

“StrikePlagiarism” sistemindən istənilən dildə istifadənin mümkün olduğunu bildirən Ə.Təhməzov proqramın iş prinsipi və üstünlükləri haqqında geniş məlumat verdi.

Məruzəçi həmçinin “Hornet” antiplagiat proqramının yeni interfeysini təqdim etdi. Onun üstünlüklərindən söz açaraq bildirdi ki, sadə, sürətli və çoxdilli sistem interfeysinə malik olan proqramda zəruri məlumatlar bir ekranda görünür, mətnlərin oxşarlıq hesabatı dərhal yaradılır.

Ə.Təhməzovun sözlərinə görə, yeni axtarış alqoritmi “Hornet” bir çox dillərdə istifadə olunan diakritik işarələrin oxşar hərflərlə, müxtəlif sözlərin sinonimləri ilə əvəz edilməsini, mətndə olan sözlərin və hərflərin sırasının dəyişdirilməsini belə bir neçə saniyə ərzində aşkarlaya bilir.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev son zamanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirildiyini bildirdi. Qeyd etdi ki, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi ölkədə qeyri-neft sektorunun inkişafı və biliklər iqtisadiyyatının bərqərar olmasında mühüm rol oynayan prioritet istiqamətlərdəndir. Ölkədə AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR Müəllif Hüquqları Agentliyi, eləcə də bir çox universitetlər və müvafiq qurumlarda plagiatlıqla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirilir.

Müasir informasiya cəmiyyəti quruculuğu şəraitində internetin verdiyi imkanlardan sui-istifadə hallarının geniş vüsət aldığını söyləyən akademik intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və plagiatlıqla mübarizə problemlərinə elmi və hüquqi müstəvidə baxılmasının zəruriliyini qeyd etdi.

“Dünyanın inkişaf etmiş ölkələrində müəllif hüquqlarının pozulması cinayət hesab olunur və bu istiqamətdə qəbul edilmiş qanunlar çərçivəsində ciddi tədbirlər görülür”, – deyə bildirən R.Əliquliyev bu sahədə xarici təcrübəyə əsaslanmağın, normativ-hüquqi bazanın inkişaf etdirilməsinin vacibliyindən söz açdı.

Alim antiplagiat sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi məqsədilə AMEA-da və İnformasiya Texnologiyaları İnstitutunda bir sıra görüşlərin keçirildiyini qeyd etdi. Xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində ölkədə milli antiplagiat sisteminin formalaşdırılmasının vacib məsələlərdən olduğunu bildirdi.

Hazırda “Elmi problemlər reyestri”nin konsepsiyasının işlənildiyini bildirən akademik respublikada fəaliyyət göstərən elmi qurumlarda tədqiq olunan elmi problemlərin və dissertasiya işlərinin pasportlaşdırılaraq vahid reyestrdə saxlanacağını və onların emalı prosesindən əldə olunan nəticələrin elmi tədqiqatlarda təkrarçılığın aşkarlanmasında, aparılan araşdırmaların effektivliyinin artırılmasında, ayrı-ayrı tədqiqatçı və elmi qurumların fəaliyyətlərinin qiymətləndirilməsində mühüm rol oynayacağını qeyd etdi.

R.Əliquliyev həmçinin antiplagiat texnologiyalarının imkanları və hədəfləri haqqında ictimaiyyəti məlumatlandırmaq, bu sahəyə diqqəti cəlb etmək üçün birgə seminar və treninqlərin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR