Axtarış




   
 
Baş səhifə arrow "İnformasiya cəmiyyəti problemləri" jurnalı arrow 1/2010 Daha böyük Daha kiçk Normal ölçü
1/2010 Çap et


E-DÖVLƏTİN İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ: AKTUAL TƏDQİQAT İSTİQAMƏTLƏRİ (səh. 3-13)
Əliquliyev R.M., İmamverdiyev Y.N.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

,

E-dövlət quruculuğunda qarşıya çıxan ən vacib və ən çətin məsələlərdən biri  e-dövlətin etibarlı informasiya təhlükəsizliyinin təmin edilməsidir. Tədqiqat işində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə aktual elmi-tədqiqat problemləri müəyyən olunmuş və onların müasir vəziyyəti analiz edilmişdir. E-dövlətin informasiya infrastrukturuna yeni təhdidlər, təhdid aktorlarında baş vermiş keyfiyyət dəyişiklikləri ətraflı analiz edilmiş, ənənəvi təhlükəsizlik modellərinin e- dövlət kimi mürəkkəb obyektə tətbiqində meydana çıxan əsas çətinliklər göstərilmişdir.

Açar sözlәr: e-dövlət, informasiya təhlükəsizliyi, informasiya müharibəsi, asimmetrik təhdidlər, informasiya təhlükəsizliyi siyasəti, informasiya təhlükəsizliyinin idarə edilməsi, informasiya təhlükəsizliyi mədəniyyəti.

İNFORMASİYA MƏDƏNİYYƏTİ: MAHİYYƏTİ VƏ FORMALAŞDIRILMASI PROBLEMLƏRİ (səh. 14-22)
Əliquliyev R.M., Mahmudova R.Ş.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

,

Məqalədə informasiya mədəniyyətinin mahiyyəti və onun formalaşdırılması problemləri araşdırılır. Eyni zamanda, bu problemin həlli üçün müasir informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar xarakterizə edilir. Həmçinin informasiya cəmiyyəti şəraitində informasiya mədəniyyətinə qoyulan yeni tələblər təhlil edilir və onun formalaşdırılması yolları göstərilir.

Açar sözlər: informasiya mədəniyyəti, informasiya cəmiyyəti, informasiya inqilabları, informasiya ekologiyası, informasiyalaşdırma.


TƏHSİL SİSTEMİNDƏ İNFORMASİYA TEXNOLOGİYALARI İXTİSASLARI ÜZRƏ MÜTƏXƏSSİSLƏRİN HAZIRLIĞI (səh.23-31)

Məmmədova M.H., Cəbrayılova Z.Q.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

Azərbaycanda formalaşan sosial-iqtisadi, elmi-texniki və mədəni şərait informasiya cəmiyyətinə keçid üçün əlverişli zəmin yaratmışdır və informasiya- kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahə üçün kadrların hazırlanmasına xüsusi diqqət ayrılmasını tələb edir. Məqalədə informasiya texnologiyaları (İT) sferasının inkişafında əsas faktorlardan biri olan kadrların hazırlanması ilə bağlı problemlər, təhsil sistemində kadrların hazırlanmasının mövcud vəziyyəti öz əksini tapmışdır.

Açar sözlər: İT mütəxəssislər, İT ixtisaslar, İT əmək bazarı, İT mütəxəssislərin təhsilin keyfiyyəti.

 

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ İQTİSADİYYATIN İDARƏ EDİLMƏSİNDƏ İNFORMASİYANIN ROLU VƏ İNFORMASİYA İQTİSADİYYATININ XÜSUSİYYƏTLƏRİ (səh. 32-40)

Həsənov R.T., Həsənli A.R.
Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan
,
Məqalədə qlobal iqtisadiyyatın mahiyyəti və onun idarə edilməsində informasiyanın rolu araşdırılır. İqtisadi informasiyanı və informasiya iqtisadiyyatını (xüsusilə, tranzitiv ölkələrdə) xarakterizə edən amillər göstərilir. Tədqiq edilən sahədə mövcud olan elmi nəzəriyyələr analiz edilir.

Açar sözlər
:
qlobal iqtisadiyyat, tranzitiv iqtisadiyyat, iqtisadi informasiya, informasiya iqtisadiyyatı, simmetrik informasiya, asimmetrik informasiya


ELEKTRON KOMMERSİYA TEXNOLOGİYALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏNZİMLƏNMƏSİ MƏSƏLƏLƏRİ
: (səh.41-48)

Əliyev Ə.Q., Abbasova V.Ə., Abedini M.A.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

,

İqtisadiyyatın inkişafında innovativ element kimi e- kommersiya texnologiyasının tətbiqi və bunun üçün müvafiq infrastrukturun formalaşması məsələləri, eləcə də e-kommersiyanın inkişaf xüsusiyyətləri təhlil olunmuşdur. E- kommersiya texnologiyasının alıcı və satıcılara yaratdığı imkanlar, e-kommersiyanın beynəlxalq iqtisadi fəzada mövqeyinin möhkəmlənməsinə səbəb olan üstünlüklər, elektron biznesin firmanın fəaliyyətinin kommersiya tsiklinin mərhələlərinə uyğun funksiyaları göstərilmiş və onun həyata keçirilməsinin tənzimlənməsi məsələləri şərh olunmuşdur.

Açar sözlər: innovativ element, e-kommersiya, elektron ticarət, İnternet iqtisadiyyatı, virtual iqtisadiyyat, elektron biznes, biznes-biznes (B2B) modeli, kommersiya tsikli, e-kommersiya infrastrukturu, e-kommersiya sistemləri.

 

ELEKTRON ELMİN FORMALAŞDIRILMASININ  BƏZİ MƏSƏLƏLƏRİ (səh. 49-55)

Fətəliyev T.X.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

Məqalədə respublikanın elmi qurumlarının fəaliyyətinin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yenidən qurulması məsələlərinə baxılmışdır. Bu sahədə görülmüş işlər, e-elmin konseptual əsasları araşdırılmışdır. Göstərilmişdir ki, e-elm proqramının həyata keçirilməsi nəticəsində ölkədə fəaliyyət göstərən elmi qurumların vahid on-layn elmi infrastrukturunun formalaşdırılmasına, elmi tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsinə və ümumdünya elektron informasiya məkanına inteqrasiyasına nail olunacaqdır.

Açar sözlər: elektron elm, elektron kitabxana, virtual elmi cəmiyyətlər, onlayn elmi infrastruktur, elmi informasiya təminatı.

 

DİSTANT ƏMƏK MÜNASİBƏTLƏRİ: BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCANDA TƏTBİQ EDİLMƏSİ PERSPEKTİVLƏRİ (səh. 56-62)

Mahmudov R.Ş.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

Məqalədə distant əmək münasibətlərinin mahiyyəti və sosial-iqtisadi baxımdan üstünlükləri göstərilir. Bu yeni əmək münasibətlərinin formalaşdırılması sahəsində beynəlxalq təcrübə araşdırılır. Azərbaycanda bu təcrübədən istifadə edilməsinin perspektivləri şərh edilir.

Açar sözlər: distant əmək münasibətləri, teleiş, telekommütinq, telekotec, telekənd.


VİRTUAL MƏKANDA AZƏRBAYCAN DİLİ: BƏZİ PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI
(səh. 63-70)
Qurbanova Ə.M.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

Məqalədə qloballaşma prosesinin dünyadakı dillərə təsiri, beynəlxalq təşkilatlar tərəfindən dünyadakı dillərin qorunması ilə bağlı bir sıra mühüm sənədlərin qəbul olunması məsələlərinə toxunulmuşdur. Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar önə çəkilmişdir.Virtual məkanda Azərbaycan dilinin vəziyyəti, istifadə səviyyəsi araşdırılmış, lazımi tövsiyələr verilmişdir. On-layn terminoloji nəzarət sisteminin (e-terminoloji monitorinq) işlənilməsi və Azərbaycan terminlərini özündə toplayan xüsusi veb-portalın yaradılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Açar sözlər: Virtual məkan, multidil, monodil, diferensasiya, inteqrasiya, terminologiya, leksika, veb-portal, transliterasiya, konvertasiya, proqram təminatı, elektron lüğət, virtual klaviatura.

 


SEÇKİ SİSTEMİNDƏ İNFORMASİYA- KOMMUNİKASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ (səh. 71-80)

Əhmədova A.S.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

Məqalədə seçki sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə baxılmış və onun bu sistemə gətirdiyi üstünlüklər araşdırılmışdır. Bununla yanaşı, elektron seçki texnologiyalarının xüsusiyyətləri şərh edilmiş, müvafiq dünya təcrübəsinə istinadən baş verən problemlər və saxtakarlıqlar xarakterizə edilmişdir. Həmçinin elektron seçki sistemindən müxtəlif texnologiyalarla istifadə edən dövlətlərin təcrübəsi tədqiq edilmiş və Azərbaycandakı seçki sistemində İKT-dən istifadə səviyyəsi nəzərdən keçirilmişdir.

Açar sözlər: elektron dövlət, elektron seçki, elektron seçki maşınları (EVM), Mercuri metodu, Chaum metodu.

İNFORMASİYA CƏMİYYƏTİ TERMİNLƏRİ (səh. 81-83)

Distant təhsil (distance education, дистанционное образование) müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarına əsaslanaraq, müəllimlə təhsil alan arasında bilavasitə, şəxsi əlaqə olmadan tədris prosesinin reallaşdırılması üsuludu

Elektron dövlət (electronic government, электронное правительство) – dövlət idarəetməsinin səmərəliliyinin artırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, hakimiyyətin bütün qolları tərəfindən bütün əhali kateqoriyaları üçün elektron vasitələrin köməyi ilə xidmətlərin göstərilməsi, həmin vasitələrlə dövlət orqanlarının fəaliyyəti haqqında vətəndaşların məlumatlandırılmasıdır.

Elektron kitabxana (digital library, электронная библиотека) – müxtəlif mənbələrdən olan elektron sənəd kolleksiyalarının (mətn, qrafika, audio, video və s.) etibarlı şəkildə saxlanmasına və səmərəli istifadəsinə imkan verən paylanmış informasiya sistemidir

Elektron kommersiya (electronic commerce, электронная коммерция) – informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə xüsusi formada yaradılan real biznes modelidir

İnformasiya ekologiyası (information ecology, информационная экология) – insanla informasiya mühiti arasındakı münasibətlərin mənfi təzahürlərini əlaqəli və kompleks şəkildə öyrənən elm sahəsidir

İnformasiya inqilabı (information revolution, информационная революция) – informasiyanın əldə edilməsi vasitələrinin ötürülməsi və saxlanması üsullarının, həmçinin əhalinin fəal hissəsi üçün əlyetərli olan informasiya həcminin radikal şəkildə dəyişməsinə səbəb olan hadisədir

İnformasiya iqtisadiyyatı (information economy, информационная экономика) – Ümumi Daxili Məhsulun yarıdan çox hissəsinin informasiya və bilik istehsalının hesabına təmin olunduğu, həmçinin məşğul şəxslərin yarıdan çoxunun müvafiq fəaliyyət sahəsində çalışdığı iqtisadiyyatdır

İnformasiyalaşdırma (informatization, информатизация) – informasiya resurslarının yaradılması və istifadəsi əsasında vətəndaşların, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, özəl müəssisələrin, ictimai birliklərin informasiya tələbatlarının ödənilməsi və hüquqlarının reallaşdırılması üçün optimal şəraitin yaradılmasına xidmət edən təşkilati sosial-iqtisadi və elmi-texniki prosesdir

İnformasiya mədəniyyəti (information culture, информационная культура)informasiya tələbatını müəyyənləşdirərək lazımi informasiyanın axtarılıb tapılması, qəbulu, saxlanması, emal olunması, təhlili, təqdim olunması üçün müasir informasiya-kommunikasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək bacarığı, eyni zamanda, informasiya ilə işləyərkən onun tamlığının, əlyetərliliyinin təmin edilməsi, məxfiliyinin qorunması, hüquqi və etik normalara əməl olunmasıdır

İnformasiya müharibəsi (information war, информационная война) – iqtisadi, hərbi, siyasi və ideoloji sahələrdə müəyyən üstünlüklər əldə etmək məqsədilə müxtəlif sistemlərin bir-birlərinə açıq və ya gizli şəkildə məqsədyönlü informasiya təsiridir

İnformasiya cəmiyyəti (information society, информационное общество) – sivilizasiyanın inkişafının yeni tarixi mərhələsidir. Bu cəmiyyətdə informasiya və bilik əsas strateji resurslara çevrilir. Yəni informasiya cəmiyyətinin əsas göstəriciləri informasiya və biliyin əsas iqtisadi resursa çevrilməsi, informasiya sənayesinin ön plana çıxması, Ümumi Daxili Məhsulun həcmində bu sektorun payının 50%-i keçməsidir. İnformasiya cəmiyyətinin əsas vəzifəsi yaşından, dinindən, dilindən, irqindən, məkandan və zamandan asılı olmadan bütün insanların informasiya tələbatını ödəmək, onların arasında sosial kommunikasiya mühiti yaratmaq, bilik və düşüncələrini ictimaiyyətə çatdırmaqdır. İnformasiya cəmiyyəti insanların və bütövlükdə, bəşəriyyətin min illərdən bəri miras qalmış qlobal sosial-iqtisadi və mənəvi problemlərinin həlli üçün fenomen imkanlar yaradır

İnformasiya təhlükəsizliyi (information securiti, информационная безопасность) – informasiya mühitinin vətəndaşların, cəmiyyətin və dövlətin maraqları baxımından formalaşmasını, istifadəsini və inkişafını təmin edən qorunma vəziyyətidir

İnternetika (internetics, интернетика) – qlobal kompyuter şəbəkəsinin xüsusiyyətlərini, qanunauyğunluqlarını, insan fəaliyyətinin müxtəlif sahələrində istifadə imkanlarını öyrənən tətbiqi elmi istiqamətdir

Kibercinayətkarlıq (cybercrime, киберпреступность)- kompyuter sistemlərinin və şəbəkələrinin köməyi ilə, yaxud kompyuter sistemlərinə və şəbəkələrinə qarşı həyata keçirilən istənilən cinayət əməlidir

Multimedia (multimedia, мультимедиа) – eyni zamanda bir neçə informasiya təqdimatı vasitəsindən (mətn, qrafika, video, fotoqrafiya, animasiya, səs və s.) istifadə edən kompyuter texnologiyalarının məcmusudur

Rəqəmsal bərabərsizlik (digital divide, цифровое неравенство) – sivilizasiyanın inkişafı ilə əlaqədar meydana çıxan problemdir, belə ki, cəmiyyətin informasiyalaşdırılması prosesində informasiya mühiti əlyetərlilik səviyyəsinə görə ayrı-ayrı şəxslər, təşkilatlar, regionlar və dövlətlər arasında fərqliliklər yaranır

Teleiş (teleworking, телеработа) – informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə işin nəticələrinin istifadə edildiyi yerdən uzaqda görülən işdir

Qloballaşma (globalization, глобализация) – informasiya cəmiyyətinin meydana gəlməsi ilə əlaqədar bəşəriyyətin və onun fəaliyyət sferalarının inteqrasiya prosesidir

Videokonfrans (video conferencing, видеоконференция) – İnternet mühitində təsvirlərin yayımlanması texnologiyasından istifadə etməklə bir-birlərindən uzaqda olan istifadəçi qrupları arasında iclasların və müzakirələrin keçirilməsi metodologiyasıdır

Virtual müəssisə (virtual corporation, виртуальное предприятие) - əmək prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə ünsiyyət quran, qarşılıqlı fəaliyyət göstərən coğrafi baxımdan bölünmüş işçilərin cəmiyyətidir, bu zaman onlar bir- birlərini şəxsən tanımaya, görməyə bilərlər

Virtual ofis (virtual office, виртуальный офис) – coğrafi baxımdan ayrılmış firma əməkdaşlarının informasiyanın mübadiləsi, saxlanması, işlənməsi və ötürülməsi, həmçinin idarəetmədə istifadəsi üçün vahid sistem vasitəsilə təşkilatlanmış şəkildə qarşılıqlı fəaliyyət göstərmələrinə imkan verən İnternet resursu və ya onun bir hissəsidir


 
12 Aprel
Kosmonavtika günü




Jurnallar



   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az