|
Qadınlar və İnternet |
|
|
22 Aprel 2009, saat 12:00 |
XXI əsr informasiya cəmiyyəti (İC) və yüksək texnologiyalar əsridir. İC insanlara öz potensiallarından geniş istifadə etməyə və öz cəhdlərini reallaşdırmağa imkan verir. İnformasiya resurslarının yaradılması və ondan düzgün istifadə insanların fəallığından, kompyuter savadından, informasiya mədəniyyətindən asılıdır.
İnformasiya texnologiyaları (İT) sahəsinin hazırda ən sürətli inkişaf edən istiqamətlərindən biri İnternetdir. İnternet artıq yaşamaq üçün insanın nəfəs alması qədər vacib bir amilə çevrilib. Bu gün dünya ölkələrinin milyonlarla vətəndaşı həm çalışdığı sahə ilə bağlı, həm də əylənmək üçün vaxtının böyük hissəsini kompyuter qarşısında keçırır. İnternetin inkişafı ilə həyat da interaktiv mühitə keçir: “e-hökumət”, “e-idarəçilik”, “e-demokratiya”, distant təhsil və s. vətəndaşlar arasında qarşılıqlı əlaqənin yeni formasına çevrilir. Təhsil, səhiyyə, mədəniyyət və digər sahələr virtual aləmlə əlaqə yaratmağın yeni formalarını tapırlar. Virtual dünyada sənin bioloji və sosial cinsin yox, hansı informasiya daşıyıcısı olmağın və həmin informasiyaya olan tələbat vacibdir.
İnternet 240-a qədər ölkələri birləşdirir. 2008-ci ilin statistik məlumatına əsasən 1 milyard 400 milyondan çox insanın İnternetdən istifadə etdiyi bildirilir. Hazırda dünya informasiya fəzasının Azərbaycan seqmentində təxminən 7 mindən çox milli İnternet resursu AZ domeni altında fəaliyyətdədir. Azərbaycanda da İnternet istifadəçilərinin sayı gündən-günə artır və bu sahədə də işlər gedir.
Son zamanlar respublikamızda informasiya resurslarını özündə əks etdirən veb-səhifələr və portalların sayı xeyli artmışdır. Azərbaycan dilli informasiya axtarış sistemlərinin olması da müsbət haldır. Məsələn, http://www.google.az, http://www.navigator.az/, http://www.saznet.org, http://www.box.az, http://www.axtar.az, http://www.resources.net.az və s. Artıq Azərbaycan İnternet seqmentində nəinki ayrı-ayrı təşkilatlar, həmçinin xeyli sayda fisiki şəxslər də öz fərdi saytlarını və səhifələrini yaratmaqdadırlar. Ölkəmizdə son dövrlərdə Azərbaycan dilində milli resurslar hazırlamaqla məşğul olan xeyli sayda peşəkar Web studiyalar da yaranıb (www.webstudio.az, www.da-az.com, www.webazeri.com və s.).
Qeyd etmək lazımdır ki, həm istifadəçilər, həm də həmin resursların yaradıcıları arasında qadınların sayı çoxdur. Bu gün qadınlar bütün bu proseslərin əsas iştirakçılarına çevrilmişlər. Amerika fturoloqları C.Hesbet və P.Eburdinə görə qadınlar İC-də profesional və sahibkar kimi üstünlük təşkil edirlər və informasiya inqilabının genişləndiyi bir şəraitdə kişilərlə rəqabət aparmaq iqtidarındadırlar. Müəlliflər qeyd edirlər ki, əgər tipik sənaye işçisi kişilərdirsə, informasiya işçiləri qadınlardır.
Analitiklərin verdiyi proqnoza əsasən İnternet istifadəçiləri arasında qadınların faizi durmadan artır: ABŞ-da – 40%-dən çox, Avraopada – 20%-dən çox, Rusiyada – 15%. Hazırda Azərbaycanda 1 milyon İnternet istifadəçisi var. Hər 100 nəfərin 12-si İnternet istifadəçisidir, onların 69,9% kişi, 30,1% qadındır. İstifadəçilərin 36,4% yaşadığı evdə (mənzildə), 23,0% İnternet klublarda, 19,8% iş yerində, 14,9% təhsil müəssisəsində, 2,1% kitabxanada, 3,8% isə digər yerlərdə İnternet şəbəkəsinə qoşulmuşdur. Orta hesabla hər gün İnternetdən istifadə edən qadınların İnternet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 41,2%-dir.
Aparılan təhlillərdə İnternet istifadəçilərinin beşdə dörd hissəsinin 16-35 yaşlı gənclər olduğu məlum olur. Yaşı 64-dən çox olan istifadəçilərin ümumi sayda xüsusi çəkisi 0,7% təşkil edir. İstifadəçilərin 55%-i ali təhsillidir. İnternetdən informasiya axtarmaq məqsədilə istifadə edənlər daha çoxdur - 49,2% (oyun, şəkil yükləmək və musiqiyə qulaq asmaq halları da daxil olmaqla). Hakimiyyət orqanları ilə əlaqə yaradanlar əvvəlki illə müqayisədə artsa da, yenə daha az - 4,4% xüsusi çəkiyə malikdir.
Bir çox kompaniya və şirkətlərin mütəxəssisləri qadınların İnternetdən istifadəsini araşdırmışdırlar. Məsələn, bəzi tədqiqat agentliklərinin məlumatlarında (MASMI Research, FOM, Gallup Media İnternet auditoriyasının araşdırma agentliyi, Rusiyada İnternet texnologiyasının regional ictimai mərkəzi), Rusiyada qadın İnternet istifadəçiləri arasında yaş həddinin 25-45 yaş arasında olduğu göstərilir. Məlumata əsasən 2001-2002-ci illər ərzındə İnternet istifadəçılərinin 33%-ni qadınlar təşkil etdiyi halda, hazırda bu rəqəmin 40-45% olduğu göstərilir. Qadınlar İnternetdən professional maraqlarını təmin etmək məqsədilə informasiya mənbələrini tapmaq, söhbət, tanışlıq, mənəvi və mədəni ehtiyaclarını ödəmək üçün istifadə edir və eyni zamanda əyləncəli materiallar, dükanlar, kosmetika, moda və kulinariya haqqında informasiya tapırlar. Onlar əsasən elm və təhsil sahələrində məşğul olan qadınlardır: üçdə bir hissəsi şagirdlər, tələbələr, aspirantlar (29%), dörddə biri müəllimlər və elmi işçilər (23%), dörddə biri kompyuter və proqramlaşdırma üzrə mütəxəsislər (23%), menecerlər (8 %), jurnalistika və kütləvi ünsiyyət vasitələri üzrə mütəxəsislər (7%), evdar qadınlar (1%) və s. Bu rəqəmlərdən məlum olur ki, artım belə davam edərsə Rusiyada kişi və qadın isifadəçilərinin sayı bərabərləşəcəkdir. Bu mənbələrin apardığı statistikaya görə elektron poçt xidmətlərindən 61% qadınlar və 56% kişilər istifadə edirlər. Ümumilikdə isə İnternet istifadəçilərindən 71% qadınlar (61% kişilər) elektron poçtundan istifadə edərək dostlarla əlaqə yaradırlar.
Təhlillər zamanı məlum olur ki, bu tendensiyanı Avropa ölkələrinə də aid etmək olar. Xüsusilə də İngiltərədə il ərzində qadın istifadəçilərinin sayı (faizi) 30%-dən 40%-ə qədər artmaqdadır. Digər tədqiqat agentliyi sayılan ABŞ-nin Nielsen/Netratings kompaniyası (http://www.nielsen-online.com/) İnternet auditoriyasınin tədqiqatının yekununu nəşr etdirmişdir. Kompaniyanın topladığı məlumata əsasən ABŞ-da da qadınlar arasinda İnternet istifadəçilərinin sayı, kişilərin sayından çox olmuşdur. Maraqlı faktlardan biri də odur ki, İnternet istifadəçilərinin yaş həddinin 35-54 yaş arasında olduğu müəyyən edilmişdir. Bu yaş həddində qadınlar arasında şəbəkədən istifadə edənlər 81,7%, kişılər arasında isə 80,2% təşkil edir. Onu da qeyd etmək lazımdır ki, ABŞ-da gənclər arasında 18-24 yaş həddində olan şəbəkə istifadiçiləri 75% təşkil edir.
İnternet tədqiqat kompaniyası olan Gemius-un məlumatına əsasən Belarusiya (http://belreklama.info) əhalisınin 36%-i İnternet istifadəçisidir. Belarusiyada əhalinin 54% -i qadın və 46%-i kişıdır. Kompaniyanın verdiyi məlumata əsasən bu faiz İnternet istifadəçiləri üçün də eynidir: 53% qadın və 47% kişı. 15-dən 35-ə qədər qadın İnternet auditoriyası say hesabı ilə kişilərdən üstündür: 53,1% qadın, 25,1% kişı. Lakin 35-74 yaş arasında kişilərin faizlə müqayisədə İnternetdən istifadəsi qadınlardan çoxdur: 35-40 yaş 15%, 55 yaş 25,8%. Yəqin ki, bu bir çox kişilərin məhz 55 yaşında yüksək pəhbər və məsul vəzifələr tutmağı ilə əlaqədardır. Bu zaman onlar İnternetdə işlə əlaqəli aktiv informasiya axtarışı və elektron poçtundan daha çox istifadə edirlər.
Digər maraqlı məsələlərdən də biri, virtual məkanda mövcud olan resursların xanımların tələbatını təmin etməsidir. Bu məsələ ətrafindakı araşdırmaların nəticəsi ona əsas verir ki, bu tələbat qismən ödənilir.
2008-ci ilin dekabrın sonunda Rusiyanın YANDEX axtarış sisteminin statistik məlumatına istinadən “qadınlar” açar sözü sorğusuna cavab olaraq 212 mlyn. yaxın veb səhifə açılmışdır. Bu veb-səhifələrdə əsas etibarilə əyləncə xarakterli məlumatlar, mağazalar, yeməklər, kosmetika, moda, tanışlıq xidməti haqqında informasiyalar, eyni zamanda erotik və pornoqrafik saytlara keçidlər yerləşdirilmişdir. Həmin məlumatlar xüsusi yaradılmış http://family.yandex.ru/ saytı vasitəsilə filtrdən keçirildikdən sonra (etik normalara uyğun olmayan saytları avtomatik siyahıdan çıxarır) saytların sayı 139 mlyn. olmuşdur. 2008-ci ilin dekabrında Azərbaycan dilli Google.az axtarış sistemində “qadınlar” açar sözü sorğusuna cavab olaraq 481min veb səhifə açılmışdır. Əhalinin sayını nəzərə alsaq, bu heç də pis göstərici deyil.
Statistikaya görə 2000-ci ildən axtarış sistemlərində qadınlar haqqında Web səhifələrin sayı 4 dəfə artıb. Bu saytların içərisində gender (qadın və uşaq hüquqları) haqqındakı saytların sayı 9 dəfə artmışdır. Bu faktlar onu göstərir ki, “Qadınlar və cəmiyyət” mövzusuna maraq daima artır. İnternet informasiya inqilabının parlaq ifadəçisi olmaqla, eyni zamanda ümumdünya qender bərabərliyi hərəkatına imkan verir.
Hazırda ölkələr və dünya səviyyəsində Qadın şəbəkələri mövcuddur. Məsələn, Londonda ingilis dilində Beynəlxalq qadın şəbəkələri fəaliyyət göstərir: AVIA: Women's World-Wide Web (www.avia.org), təşkilatın məqsədi bütün dünya üzrə qadınlar arasında əlaqə və əməkdaşlığın aktivləşdirilməsi və dəstəyidir. Praktiki fəaliyyəti isə jurnalların, kursların, resurs təşkilatların və tədbirlərin pulsuz sorğu kitabçalarının, xəbərlər bülletenlərinin nəşri; "Qadın-rəssamlar" qalereyasının təşkili və s. Saytda-qadın hərəkatı barədə informasiya, beynəlxalq qadın hərakatı haqqında məlumatlar da var. ABŞ-da (Nyu-Cersi) Center for Women's Global Leadership (www.rci.rutgers.edu) adlı qadın saytı fəaliyyət göstərir. Saytda qadınları maraqlandıran mövzular haqqında ingilis dilində informasiyalar verilir. Saytın bölmələri: "Mərkəz barədə", "Siyasi proqram və qadın hüquqlarının qorunmasına dair proqram", "Bütün dünyada qadınların liderliyinin və təhsilinin inkişafı proqramı", "Siz nə edə bilirsiniz", "Nəşrlər", "Mərkəz yenilikləri", "Məqalələr və resurslar", "İstinadlar"(qadın problemləri üzrə təşkilatların saytlarına istinadlar). Artıq bu gün dünyadakı Azərbaycan qadınlarını birləşdirən Qadın Səbəkəsinin, vahid veb-portalının (www.azerbaijanwomen.az) yaradılmasına ehtiyac var. Bu portal bizim qadın soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq, onlara bir-birlərini tanımaları üçün bələdçilik edə bilər. Digər tərəfdən onlar arasında əməkdaşlığı möhkəmləndirər, qadınları maraqlandıran məsələlərin birgə müzakirəsinə kömək etmiş olar.
Azərbaycanda ev xanımları ilə bərabər işgüzar xanımlar da az deyil. Bu xanımlar həm də ev işlərinin öhdəsindən gəlməyi, vaxtlarını duzgün bölüşdürməyi bacarmalıdırlar. Bu işdə onlara İnternet yardım edə bilər. Belə ki, lazımı məsləhətlərin vaxtında alınmasında, insanlarla informasiya mübadiləsinin aparılmasında və lazım olan xəbərin tez çatdırılmasında (təbriklər, e-məktublar), alqı-satqı, bank hesabından pul köçürmələri, sifarişlərin edilməsi (mağazalara, restoranlara, gözəllik salonlarına, nəqliyyat xidmətlərinə) və s. kimi işlərin görulməsində İnternetin rolu böyükdür. Yəni, xanımların tələbatının çoxunu əks etdirən saytların və ya portalların olması onların işini yüngülləşdirər, vaxt itgisini azaldar, axtarış sistemindən istifadə etmələrinə ehtiyac yaranmaz. Yəqin elə bu səbəbdəndir ki, İnternet qadınların ehtiyaclarını tam dolğun ödəyə bilmir.
Yaxşı olardı ki, qadınların maraq dairəsi olan uşaqlara qayğı, ailə, milli mətbəximiz, körpələr, valideyin, virtual uşaq dünyası, evdarlıq, etiketlər, moda və s. kimi saytların sayı daha da çox olsun. Belə ki, “evdar qadınlar.az”, “qadınlar.az”, “evdarlıq.az”, “dayə.az”, “ana-klub.az”, “körpə.az”, “ailə və uşaq.az”, “valideyin.az”, “virtual uşaq aləmi.az” və s. kimi saytların yaradılmasına ehtiyac vardır. Məsələn, www.evdarliq.az, www.evdarqadinlar.az saytlarında qadın tematikasına aid bütün bölmələri bura daxil etmək olar. Ev əşyalarına, geyimlərinə qulliq, təmizlənmələr və yuyulmaların sirləri, kiçik ev təmir işlərinin aparılması, bağ və bostan işlərində kömək, ev heyvanlarına qulluq, sac düzümü, makiyaj, moda, qidalanma qaydaları, dizayn, evin bəzədilməsi, kulinariya və s. kimi müxtəlif informasiya bölmələrinin, eləcə də adları sadalanan sahələr üzrə mövcud saytlara istinadların olması daha yaxşı olardı.
www.ana-klub.az, www.korpa.az, www.ana.az adlı saytlar yaradılarsa və orada uşaqlara qulluq üçün məsləhətlərin verilməsi: körpələrin qidalanması, körpələrə qulluq, onlar üçün məhsulların seçimində məsləhətlər, respublikamızda fəaliyyət göstərən uşaq mağazalarının, apteklərin ünvanları, uşaq kitablarının və valideyinlər üçün nəşrlər və digər informasiyaların olması qadınların işini xeyli yüngülləşdirərdi.
www.korpa.az adlı saytda südəmər körpələrə qulluq üçün məsləhətlərin verilməsi, uşaq xəstəlikləri haqqında məlumatlar, xəstə uşaqlara qulluq, respublikamızdakı uşaq poliklinikalarının, doğum evlərinin, qadın məsləhətxanalarının kataloqları, eləcə də əyləncə xarakterli bölmələrin: uşaq mahnıları, laylalar, bayatılar, uşaq oyunlarının siyahıları və s. kimi məlumatlara xanımlarımızın ehtiyacı vardır.
www.ana.az veb saytı ana olmağa hazırlaşan qadınlara və analara psixoloq və həkim məsləhətlərini verə bilər.
www.daye.az saytı və buna oxşar saytlar yalnız analar və körpələri deyil, ümumiyyətlə bütün valideynlər üçün nəzərdə tutula bilər. Burada müxtəlif ailə problemlərinin həlli yolları, psixoloji və digər məsləhətlər öz yerini tapmalıdır. Valideyinlər uşaqların tərbiyəsi məsələsində digər təcrübəli valideyinlərlə, bu sahənin mütəxəssisləri ilə məshətləşmələrin aparılması üçün forumların təşkili də vacibdir.
www.aile-ushaq.az saytda valideynlərin təcrübəsindən, yaşli valideynlərin məsləhətlərindən bəhrələnmək və s. kimi bölmələrin olması pis olmazdı. Həmçinin saytda “Məktəb və sağlamlıq”, “Məktəb və ya ali məktəb”, “Məktəbi necə seçmək olar?”, “Yeni kitablar”, “Virtual valideyn iclası” kimi bölmələr də yaratmaq olar. Bu sayta təhsil, təlim və tərbiyyə mövzusunda respublikamızın jurnal və qəzetlərinin elektron versiyasının saytlarını daxil etmək olar.
www.virtual.ushaqdunyasi.az saytında uşaqlara qulluq vasitələrinin, onlar üçün yemək məhsullarının, oyuncaqlar, audio-video, kitablar, jurnallar, və s kimi bölmələrin olmasını istərdik. Saytda eyni zamanda həmin malların qiymətləri, onlarin istehsalçıları və təchizatçıları haqqında informasiya xanimların işini xeyli yüngülləşdirərdi.
Atriq məlumdur ki, İnternetin köməyilə evdən cıxmadan, coğrafi məkandan asılı olmayaraq sifarişlər edərək müxtəlif xidmətlərdən istifadə etmək olar (biznes, təhsil). Bu xidmətlərin qadınlara böyük köməyi dəyə bilər. Adi bir misal, məsələn əgər hər hansi bir xörəyi və ya şirniyatı bişirmək üçün onlar haqqında bilik əldə etmək istəyənin aşpazlığa aid kitabının olması vacib idi. İndi isə İnternetin köməyilə müxtəlif ölkələrin yeməklərini bir neçə saniyə ərzində vaxt itirmədən əldə etmək olar. Digər bir misal, evdar qadınlar, çox uşaqlı analar, fiziki cəhətdən əlil insanlar və s. təhsil almaq məqsədilə Distant təhsildən istifadə etmək imkanına malik ola bilərlər.
Bütün bunlara baxmayaraq İnternetdə qadınların üzləşdiyi real problemlər haqqında informasiya axtarışı çətinlik törədir. Bu problemlər dövlət səviyyəsində və özəl təşkilatların səyləri nəticəsində həll olunur. Lakin bunları təkcə dövlətin də üzərinə atmaq olmaz. Bu işdə vətəndaş münasibətinin olması da vacibdir. Qeyd olunan problem və çatışmazlıqlara baxmayaraq Azərbaycan İnterneti sürətlə inkişaf edir. İnternetdə Azərbaycan saytlarının, korporativ informasiya şəbəkələrinin və dünya açıq şəbəkələrinin abonentlərinin sayı sürətlə artmaqdadır.
Bu gün Azərbaycan informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə və tətbiq səviyyəsinə görə bir çox ölkələrdən irəlidədir. Azərbaycanda İKT-nin inkişaf etdirilməsində əsas məqsəd qlobal İC şəraitində Azərbaycanın dinamik və tam hüquqlu inkişafını təmin etmək, ölkədə bilik iqtisadiyyatı yaratmaq, informasiya bərabərsizliyinə son qoymaq, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyat qurmaq, informasiya və bilik bazarı yaratmaq, vahid milli elektron informasiya məkanını formalaşdırmaq, informasiya təhlükəsizliyini təmin etmək, qlobal informasiya fəzasına inteqrasiya, ölkənin elektron geriliyini aradan qaldırmaqdır. Ən əsası İnternetin inkişafına yönələn bir neçə iri layihələr və Dövlət proqramları qəbul olunub. Son vaxtlar Azərbaycanda İT-nin tətbiqi ilə bağlı həyata keçirilən islahatlar Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət göstərdiyini bir daha sübut edir.
"Gözəllik dünyası" jurnalı, fevral 2009-cu il
AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdirləri R.T.Qasımova, İ.Y.Ələkbərova
|
|
|
Hava haqqında |
|
Bakı : 2..4° C |  | | Gəncə : 1..3° C |  | | Naxçıvan : -3..4° C |  | |
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
NLSSCROLLER-BREAK
|
|
|
|
|