|
Azərbaycanda kompyuterin səsli komanda ilə idarə olunması modulu hazırlanır |
|
|
04 Mart 2010, saat 12:23 |
"Dilmanc" səsin tanınması sisteminə kompyuterin səsli komanda ilə idarə olunması modulu inteqrasiya olunacaq. Bu barədə Dilmanc layihəsinin məlumatında bildirilir.
Hazırda layihənin mütəxəssisləri tərəfindən sistemin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Təkmilləşdirilmiş sistemin köməyi ilə gələcəkdə səsli komandalar vasitəsilə elektron poçtla idarə etmək, internetdə axtarış aparmaq, müxtəlif proqramlarla işləmək və digər müxtəlif əməliyyatlar yerinə yetirmək mümkün olacaq.
"Dilmanc" sisteminin imkanları vasitəsilə Azərbaycan dilində 85 faizlik dəqiqliklə 130 min söz və söz birləşmələri müəyyən edilir. Sistemin səs filtri tələffüz xüsusiyyətləri üzərində qurulur ki, belə vəziyyətdə nitqi Windows əməliyyat sistemi tərəfindən dəstəklənən istənilən redaktədə mətnə çevirmək mümkün olur. Sistemin yaradılması zamanı 1500 insanın səslərindən istifadə olunub.
"Dilmanc" layihəsi çərçivəsində işlənib hazırlanmış bu yeni sistem mətnin mikrofon vasitəsilə yığılması üçün faydalıdır, iri həcmli cümlələrin elektron şəklə çevrilmə sürəti isə 16 saniyə təşkil edir.
"Dilmanc" səsin tanınması sisteminin ilkin versiyası cari ilin sonuna kimi ümumi istifadə üçün təqdim olunacaq.
www.trend.az
|