Azərbaycanda elektron pasportların hazırlanması sahəsində görüləcək işlər qiymətli kağız və şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərin istehsalı ilə məşğul olan xarici şirkətlərin diqqət mərkəzindədir. Almaniya, Cənubi Koreya, ABŞ və Ukrayna kimi ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri öz məhsul və xidmətlərini təklif etmək üçün ölkəmizə təşrif buyurmaqdadırlar.
Polşa Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi
Daniel Sekeviç və “Qiymətli kağızların istehsalı üzrə Polşa fabriki” SC-nin (PWPW S.A.) ixracat məsələləri üzrə baş mütəxəssisi
Jozef Ferber bu məsələlərlə əlaqədar AMEA İnformasiya Texnologiyaları İnstitutunda olublar.
Qonaqlar Azərbaycanda biometrik eyniləşdirmə sisteminin yaradılması, bu sahədə hüquqi, təşkilati, elmi-nəzəri və texniki məsələlərin həlli, həmçinin biometrik pasportların istehsalı və tətbiqi istiqamətində aparılan işlərlə maraqlanıblar.
J.Ferber Polşada qiymətli kağız və sənədlərin istehsalı sahəsində böyük təcrübəyə malik olan şirkət tərəfindən istehsal edilən məhsullar və göstərilən xidmətlər haqqında geniş məlumat verərək, fabrikin artıq 90 ilə yaxındır ki, fəaliyyət göstərdiyini bildirib, PWPW S.A.-da 2000-dən artıq əməkdaşın çalışdığını qeyd edib.
PWPW S.A. Polşa da daxil olmaqla, müxtəlif xarici dövlətlərin sifarişi ilə xarici pasport, pul əskinasları və onlar üçün su nişanlı mühafizəli kağızlar, viza üçün mühafizəli kağızlar, bütün növ biometrik pasportların istehsalı, İD-1 formatında polikarbonat kartlar, şəxsiyyəti təsdiq edən sənədlər, bank kartları, aksiz və poçt markaları, sürücülük vəsiqələri, rəqəmsal taxoqraflar üçün kart və sistemlər, müxtəlif növ biletlər, kataloq, broşür, plakatlar və s. istehsalı ilə məşğul olur. Şirkət tərəfindən həmçinin Sənədlərin Fərdiləşdirilməsi Mərkəzi, e-imza ilə əlaqədar xidmətlərin göstərildiyi “Sigilum” Elektron Sertifikatlaşdırma Mərkəzi də yaradılıb. Ənənəvi pullara nisbətən “plastik” pulların getdikcə geniş vüsət aldığı hazırkı dövrdə MasterCard və VİSA beynəlxalq təşkilatlarının sertifikatlarına da malik olan şirkət bir çox banklar üçün kartlar istehsal edir.
Xüsusən biometrik pasportların istehsalı ilə əlaqədar şirkətdə görülən işlərdən söhbət açan J.Ferber şirkətin bu sahədə əldə etdiyi təcrübədən danışıb. Şirkətin 2004-cü ildən etibarən identifikasiya sənədləri üçün biometrik texnologiyaların tətbiqi üzərində işlərin apardığını bildirib. Biometriya üzərində işlərin 2004-2006-cı illərdə sürücülük vəsiqələri üçün rəqəmsal fotoşəkillərin tətbiqi pilot proqramının reallaşması ilə start götürdüyünü qeyd edən qonaq bu proqram üzrə rəqəmsal şəkilli 90 min sürücülük vəsiqəsinin hazırlandığını söyləyib. Biometrik yol biletləri ilə əlaqədar layihələrin biometriya üzərində işləri intensivləşdirdiyini qeyd edərək, bu işlər çərçivəsində şirkət tərəfindən ISO/IEC 19794-5 (sifətin təsviri) və ISO/İEC 19794-2, 19794-4 (əl izləri) standartlarına əsasən biometrik modulların hazırlandığını bildirib.
J.Ferber təklif etdikləri polikarbonat səhifəli e-pasportlarda sifətin üçölçülü şəkilinin və iki baş barmağın izlərinin əks olunacağını bildirib. O, bu sənədlərdə digər məlumatların da yer almasının daxil ediləcək çiplərin həcmindən asılı olduğunu söyləyib. J.Ferber tətbiq olunan çiplərin Niderlandın “Filips” şirkətindən alındığını da qeyd edib.
Görüş çərçivəsində Azərbaycan ilə Polşa arasında mövcud əməkdaşlıq əlaqələrinin elmi-texniki sahədə daha da genişləndirilməsinin, elmi-tədqiqat mərkəzləri ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb. Sonra qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.