Axtarış



 
Baş səhifə arrow Mühüm hadisələr arrow www.azterm.az portalı bu yaxınlarda istifadəyə veriləcək Daha böyük Daha kiçk Normal ölçü
www.azterm.az portalı bu yaxınlarda istifadəyə veriləcək Çap et
İstifadəçilərin reytinqi: / 1
Çox pisƏn yaxşı 
04 Fevral 2010, saat 12:00
Image
Azərbaycan terminlərinə aid www.azterm.az portalının bu yaxınlarda istismara verilməsinə dair qərar AMEA Rəyasət Heyətinin dünənki iclasında qəbul olunub.

İclasda AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının 2009-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edən AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyası sədrinin müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Terminologiya Komissiyası ilə birgə yaradılmış veb-portal haqqında məlumat verib.

S.Sadıqova bildirib ki, veb-portalın yaradılmasında əsas məqsəd mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzə toplamaq, bununla da onların hər bir kəs üçün əlyetərliyini təmin etmək, şagird, tələbə, müəllim və elmi araşdırmalarla məşğul olanlara, ümumiyyətlə, müxtəlif peşə sahələri nümayəndələrinə gündəlik işlərində rastlaşdıqları terminlərin izahını asanlıqla əldə etməyə yardımçı olmaqdır. Alim və mütəxəssislər, elmi kollektivlər tərəfindən müxtəlif elm sahələri üzrə vaxtaşırı olaraq yeni terminlərin yaradıldığını, terminlərin izahlı lüğətlərinin hazırlanaraq nəşr etdirildiyini söyləyən sədr müavini Azərbaycanda elm və texnikanın müxtəlif sahələrinə aid təxminən 600-ə yaxın terminoloji lüğətin olduğunu qeyd edib.

S.Sadıqova dilimizdə işlənən, eləcə də yeni yaranan terminlərin, mövcud terminoloji lüğətlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsinin zəruriliyini qeyd edərək, Azərbaycanın müstəqil terminologiya siyasətinin həyata keçirilməsi məsələlərinin həllinin zamanın tələblərindən olduğunu bildirib. O, Azərbaycan terminlərinə aid portalın yaradılmasının xaricdə yaşayan soydaşlarımıza da dilimizin qanunauyğunluqlarına əsaslanan terminlərdən istifadə etmək imkanı verəcəyini vurğulayıb.

S.Sadıqova, həmçinin mövcud terminlərin YUNESKO-nun nəzdində fəaliyyət göstərən Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzinin (İnfoterm) və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO - International Organization for Standardization) tələblərinə uyğunlaşdırılması, eləcə də Azərbaycan terminoloji reyestrinin və bu sahədə informasiya bankının yaradılması üzərində də işlərin aparıldığını bildirib. O, ilkin olaraq respublika üzrə terminoloji lüğətlərin toplanması işlərinin həyata keçirildiyini qeyd edib.

Bundan əlavə, S.Sadıqova terminləri yaradan alim və mütəxəssislərin müəlliflik hüquqlarının qorunması, yeni terminləri qəbul edərkən onların indiyə qədər qəbul olunmuş lüğətlərdə olub-olmaması haqqında məlumatların toplanılması, dərc olunan kitabların, xüsusən də dərsliklərin terminoloji tələblərə uyğunluğunun yoxlanılması, bu işlərin monitorinqinin təşkili məsələlərinə də ciddi diqqət yetirildiyini bildirib.

S.Sadıqova həmçinin 2009-cu ildə Terminologiya Komissiyasının qərarı ilə nəşr edilmiş kitablar haqqında da məlumat verib. Bildirilənə görə, 2009-cu ildə “Ehtimal nəzəriyyəsi və riyazi-statistika ensiklopediyası”, “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, “Mediada işlənən alınma sözlərin izahlı lüğəti” müzakirə olunub, təkmilləşdirildikdən sonra nəşr olunmuşdur. Bundan əlavə, “İngiliscə-rusca-azərbaycanca fizika terminləri lüğəti”, “İzahlı tərcüməşünaslıq terminləri lüğəti”, “Azərbaycan-rus-ingilis-türk dillərində fizika terminləri lüğəti”, “Məhkəmə ballistik ekspertizasına aid terminlərin izahlı lüğəti” və “Azərbaycan-rus-ingilis-türk-alman-fransız dillərində ellektrofizika terminləri lüğəti” müzakirə olunmuş, komissiyanın tövsiyəsi ilə üçdilli və izahlı lüğətlərin tərtibinə geniş yer ayrılmışdır. Terminologiya Komissiyasının qərarı ilə hər il “Terminologiya məsələləri” toplusu nəşr olunur.

S.Sadıqova hazırda komissiya tərəfindən “Rusca-azərbaycanca arıçılıq terminləri lüğəti”nin təkmilləşdirilməsi üzərində işlərin aparıldığını bildirib.

İclasda həmçinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, Respublika Seysmoloji Xidmət Mərkəzi, Respublika Xatirə Kitabı Redaksiyası, AMEA Şəki və Lənkəran Regional Elmi Mərkəzlərinin də 2009-cu il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.
Foto

İstifadəçi şərhləri


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 22..N/A° C
Gəncə : 21..N/A° C
Naxçıvan : 17..N/A° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az