Axtarış



 
Baş səhifə arrow Konfranslar, İclaslar arrow İTİ-də elmi seminar keçirildi Daha böyük Daha kiçk Normal ölçü
İTİ-də elmi seminar keçirildi Çap et
İstifadəçilərin reytinqi: / 2
Çox pisƏn yaxşı 
29 Yanvar 2010, saat 09:00
Image
28 yanvar 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi.

İlk öncə texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq iddiasında olan Fərqanə Abdullayeva “Əhali və miqrasiya” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi metod və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi. Milli informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin formalaşdırılması, e-dövlət mühitində toplanan və dövr edən fərdi məlumatların, onları dəstəkləyən infrastrukturun informasiya təhlükəsizliyinin təmini məsələlərinin vacibliyini qeyd edən F.Abdullayeva “Əhali və miqrasiya” informasiya sistemində toplanan konfidensial informasiyanın tərkibinin analiz edildiyini və əsas təhlükələrin, fərdi məlumatların toxunulmazlığına olan əsas tələblərin müəyyənləşdirildiyini bildirdi. “Əhali və miqrasiya” sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsinin arxitektur modelinin, paylanmış bazalarda fərdi məlumatları əlaqələndirməyə imkan verən fərdi identifikasiya nömrələrinin yaradılması alqoritminin, Petri şəbəkələrindən istifadə etməklə “Əhali və miqrasiya” sisteminin informasiya resurslarına girişin idarə olunması modelinin, fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələr əsasında aşkarlanması üsulunun və s. işləndiyini söylədi.

Sonra texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq iddiasında olan Vüqar Musayev “Biometrik eyniləşdirmə sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi. V.Musayev müasir dövrdə informasiya texnologiyalarının dinamik inkişafının hər bir ölkənin təhlükəsizliyinin təmini məsələlərinə yeni yanaşmalar tələb etdiyini qeyd edərək, şəxsiyyətin dəqiq müəyyən edilməsi, etibarlı və kompleks eyniləşdirmə sisteminin yaradılması, yeni nəsil pasportların istehsalı və tətbiqi məsələlərinin əhəmiyyətini vurğuladı. Biometrik texnologiyaların mövcud vəziyyətinin analiz olunduğunu, üçölçülü sifət eyniləşdirmə metodunun işlənildiyini, Radon çevirməsi əsasında barmaq izlərinin həqiqiliyinin müəyyən edilməsi, barmaq izi təsvirlərinin Veyvlet çevirməsi əsasında keyfiyyətinin qiymətləndirilməsi metodunun işlənildiyini, biometrik şablonların mühafizəsi, ölkəmizdə biometrik eyniləşdirmə sisteminin yaradılmasının aktual problemlərinin analizinin və s. aparıldığını bildirdi.

Seminarda İTİ-nin aspirantı Rəhilə Həsənova da "Müasir informasiya texnologiyaları vasitəsilə yeni elmmetrik üsulların və alqoritmlərin işlənməsi" movzusunda məruzə ilə çıxış etdi. R.Həsənova elmmetriya, bibliometriya, vebometriya (və ya kibermetriya) və informetriyanın yaranma tarixi, elmin kəmiyyət gostəricilərinin artım qanunları (Lotka qanunu, Prays qanunu, Bradford qanunu və s.) haqqında məlumat verdi. Elmi fəaliyyətin elmmetrik keyfiyyət göstəricilərinin sistemli analizi, alimlərin elmi fəaliyyətinin qiymətləndirilməsi üçün h-index, g-index, A-index, R-index, AR-indekslərinin müsbət və mənfi cəhətləri haqqında danışdı. O, beynəlxalq səviyyədə istifadə edilən bazalar vasitəsilə nəinki dünya alimlərinin, o cümlədən də Azərbaycan alimlərinin bu göstəricilərinin əldə etmək imkanının mümkün olduğunu vurğuladı. Türkiyə, Rusiya, Qazaxıstan, İsveç, Çin və s. kimi ölkələrdə bu sahədə əldə olunmuş təcrübədən danışdı.

Sonra prof. Rasim Əliquliyev çıxış edərək, AR Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən görülən işlər haqqında məlumat verdi. AMEA İTİ-də milli biometrik eyniləşdirmə sisteminin tədqiqi, biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi, mövcud biometrik texnologiyaların təkmilləşdirilməsi və yeni texnologiyaların işlənməsi istiqamətində bir sıra elmi-tədqiqat işlərinin aparıldığını nəzərə çatdırdı. Müasir dövrdə yeni nəsil biometrik sənədlərin istehsalı və tətbiqi məsələlərinin təşkilinin zəruriliyini vurğulayan R.Əliquliyev bildirdi ki, müvafiq infrastrukturun yaradılması və təkmilləşdirilməsi məsələlərinə ciddi yanaşılmalıdır. Alim institutun biometrik texnologiyalar üzrə dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri ilə birgə elmi-tədqiqat işlərində iştirak etdiyini də qeyd edərək, AMEA İTİ ilə ABŞ-ın San-Xose Dövlət Universitetinin Milli Biometrik Test Mərkəzi arasında elmi-tədqiqat layihəsi üzərində işlərin aparıldığını bildirdi. O, həmçinin institut tərəfindən “Biometrik texnologiyalar” adlı kitabın hazırlanaraq dərc edildiyini bildirdi.

Müzakirələrdə iştirak edən f.-r.e.n. Ramiz AlıquliyevTofiq Kazımov, t.e.n. Yadigar İmamverdiyev, Firudin Ağayev, Zərifə CəbrayılovaRamiz Şıxəliyev, sektor müdirləri Şəfəqət MahmudovaMəkrufə Hacırəhimova biometrik identifikasiya sisteminin yaradılması, yeni nəsil sənədlərin hazırlanması və tətbiqi, “Əhali və miqrasiya” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmini, o cümlədən elmi məqalələrin aktuallığının təyin edilməsi və qiymətləndirilməsi, müxtəlif elm sahələri üzrə istinad indekslərinin tətbiqi məsələlərinin əhəmiyyətindən danışdılar. Hər iki iddiaçının dissertasiya işində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün qoyulmuş məsələlərin uğurla həll edildiyini söyləyərək, zəruri elmi nəticələrin əldə edildiyini bildirdilər.

Sonra müzakirələrin nəticəsi olaraq, hər iki dissertasiya işinin bitmiş və Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olduğu bildirildi, 05.13.01 – «Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi» ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün növbəti mərhələyə buraxılmasına qərar verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.
Foto

İstifadəçi şərhləri


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 23..32° C
Gəncə : 21..34° C
Naxçıvan : 14..34° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az