Axtarış



 
Baş səhifə arrow Yeni nəşrlər arrow Elektron kommersiya: xüsusiyyətləri və üstünlükləri Daha böyük Daha kiçk Normal ölçü
Elektron kommersiya: xüsusiyyətləri və üstünlükləri Çap et
İstifadəçilərin reytinqi: / 0
Çox pisƏn yaxşı 
23 İyul 2009, saat 10:57
Image
İqtisadi və biznes proseslərinin müasir İKT əsasında idarə edilməsi istər konseptual, istərsə də tətbiq baxımından qlobal hadisədir. E-biznesin, E-kommersiyanın iqtisadiyyatın inkişafına təsiri artıq cəmiyyətin bütün sahələrini əhatə etməkdədir. Elektron kommersiya sifarişçi tələblərinin formalaşmasına radikal təsir edə bilmə imkanı təklif edir ki, bu da bazarları ya kökündən dəyişdirir, ya da tamamilə yeni tipli bazarlar yaradırlar. Cəmiyyətin ayrı-ayrı üzvləri malların və xidmətlərin əldə edilməsi proseslərinə, informasiya əlyetərliyinə və hökumət orqanları ilə qarşılıqlı əlaqələrin tamamilə yeni imkanlarına malik olur. Bu zaman seçim imkanı coğrafi və vaxt məhdudiyyətindən asılı olmayacaqdır.

Bir halda ki, bazarın standart mallarla təchizi problemi artıq həll oluna bilir, deməli istehlakçı müəyyən vaxt ərzində dəyişən xüsusi tələblərinə uyğun məhsulları da əldə etmək istəyəcəkdir. Bununla belə, fərdi alıcılıq qabiliyyətinin istehsal və planlaşdırma sistemilə, yəni faktiki olaraq münasib qiymətlərin və keyfiyyətin yüksək səviyyəsinin saxlanılması şərtilə xüsusi sifarişlər vermə sistemi ilə əlaqələndirmək istehsalçıların bacarığının müəyyənedici amili olacaqdır. Bu problemlər müasir texnologiyaların köməyilə kifayət qədər effektiv həll olunmaqdadır. Bu texnologiyalar istehlakçılara müxtəlif alıcılıq qabiliyyətli maksimal istehlakçılar auditoriyasına daxil olmaq, həmçinin onlara öz sifarişlərini yoxlanılmış üsullarla idarəetmə sisteminə daxil etmək imkanı verir. E-kommersiya texnologiyası təkrar istehsalın butun dövriyyəsinin paylama-mübadilə sferasına əhəmiyyətli dəyişikliklər gətirir.

E-kommersiya texnologiyası alıcı və satıcılara aşağıdakı əlverişli imkanlardan eyni dərəcədə istifadə etməyə imkan verir. Biznesin qlobal miqyasda aparılması. E-kommersiya sistemi hətta xırda tədarükçü və sifarişçilərə də dünya miqyasında bizneslə məşğul olmaq imkanı verir.Satıcıların rəqabətqabiliyyətliliyinin yüksəlməsi. E-kommersiya tədarükçülərə “sifarişçiyə yaxınlaşma” hesabına rəqabətqabiliyyətliliyini yüksəltmək imkanı verir. Belə ki, bir çox şirkətlər satışqabağı və satışdan sonra geniş dəstək təklif edir.

Satışın fərdiləşməsi. Elektron qarşılıqlı əlaqə vasitələrindən istifadə edərək şirkət hər bir fərdi sifarişçinin sorğuları haqqında müfəssəl informasiya ala bilər və avtomatik olaraq onun fərdi tələblərinə uyğun məhsulları və xidmətləri təklif edə bilər.

Sorğuya operativ reaksiya. E-kommersiya tədarükçüdən sifarişçiyə göndərilən əmtəənin yolunu əhəmiyyətli dərəcədə qısaltmağa imkan verir. O həm maliyyə, həm də vaxt məsrəflərini azaltmağa imkan verən optimal yol təklif edir. Xüsusi hallarda məhsullar və xidmətlər elektron üsullarla çatdırıldıqda yola maksimal qənaət olunur.

Məsrəflərin azalması. Elektron yolla bağlanmış satış bir qayda olaraq xidmət xərclərinin dəyərini aşağı salır. İnsanlar arasında elektron qarşılıqlı əlaqədən istifadə edən hər hansı biznes-proses hər iki tərəfin xərclərini azaltmaq potensialına malikdir.

Biznesin aparılmasının yeni imkanları. E-kommersiya texnologiyaları tamamilə yeni məhsulların və xidmətlərin meydana gəlməsinə şərait yaradır.

E-kommersiya təkcə tranzaksiya məsrəflərinin azaldılmasında deyil, həm də prinsip etibarilə cəmiyyətin iqtisadi inkişafını sürətləndirmək məqsədilə paylama-mübadilə məsələlərində artıq öz əhəmiyyətini sübuta yetirmışdir. Müasir iqtisadiyyatda E-kommersiya texnologiyaları təkrar istehsal dövriyyəsində mübadilə-paylama proseslərinin rolunun artması ilə bağlı olaraq iqtisadiyyatın inkişafına prinsip etibarilə yeni keyfiyyət verməkdədir.

E-kommersiyanın səciyyəvi xüsusiyyətləri və üstünlükləri Ən yeni informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə əsaslanan E-kommersiyanın əsas xüsusiyyəti alıcı ilə satıcı arasındakı bir çox əlaqələrin İnternet vasitəsilə həyata keçirilməsidir. Elektron kommersiyanın fərqləndirici xüsusiyyəti olaraq onun bütövlükdə təşkilatın daxili və xarici aləmini xarakterizə edən, o cümlədən təşkilatın əlverişli bazar mühitinin yaradılması ilə bağlı problemlərinin birləşdirilməsini hesab etmək olar. Bu isə elektron biznesin iqtisadi inkişafın mühüm mənbələrindən birinə çevrilməsinə şərait yaradır. İKT saziş iştirakçıları arasında kommersiya informasiyalarının interaktiv və sürətli mübadiləsini təmin edir ki, bu da nəticədə bir çox hallarda baş verə bilən anlaşılmazlıqları aradan qaldırır. Eyni zamanda əvvəlcədən qəbul edilmiş məsuliyyətli qərarın, bağlanan sazişin parametrləri haqqında tam, dəqiq və dürüst informasiya alanadək təxirə salmaq imkanı vardır. Elektron biznes iqtisadi mühiti əhatə edən problemlərin həllinin yeni üsullarını təqdim edir. E-kommersiyanın həyata keçirilməsinin, onun beynəlxalq iqtisadi fəzada mövqeyinin möhkəmlənməsinə səbəb olan əsas üstünlükləri aşağıdakılardır:

• Açıqlıq. İqtisadiyyatın bu və ya digər sahələrində fəaliyyət göstərən ixtiyari İnternet istifadəçisi bu şəbəkəyə asanlıqla qoşula bilər. İxtiyari firma İnternet vasitəsilə əmtəənin istehsalı və satışı sahəsində birgə əməkdaşlığın konkret proqramını həyata keçirmək üçün əlverişli ticarət və iqtisadi partnyor tapa bilər.

• Standartlıq. İnternet texnologiyaları bütün istifadəçilərə eyni imkan yaradır. • Dolğunluq. Müstəqil və müqayisəli surətdə geniş seçimin həyata keçirilməsini təmin edir. Bu isə müxtəlif növ malların nomenklaturasını genişləndirir. Nəticədə istehlakçı mallar haqqında daha ətraflı informasiya alır.

• Sürət. Müasir informasiya vasitələrilə biznes xəbərlərin ani mübadiləsi vaxta dəfələrlə qənaət edir ki, bu da xüsusilə qiymətlidir.

• Öz-özünə inkişaf. Elektron biznesin iştirakçıları verilənlərinin fərqli və unikal banklarını tərtib edərək malların xüsusi təkliflərini fəal surətdə yaradırlar.

• Əlverişlilik. Elektron kommersiyada ənənəvi biznesə məxsus əlavə xərclər yoxdur. İnternet vasitəsilə təklif olunan mallar, bir qayda olaraq, alıcılar üçün daha ucuz başa gəlir.

• Operativlik. İnternet-biznesdə istifadə olunan texnologiyalar vasitəsilə firmalar ən müxtəlif operativ marketinq informasiyalarını, o cümlədən bazar qiymətləri haqqında informasiyaları əldə edirlər.

• Fasiləsizlik. Biznes proseslər sutkanın 24 saatı ərzində bütün iştirakçıları tərəfindən istisnasız olaraq həyata keçirilə bilər ki, bu da beynəlxalq və milli bazarlarda elektron ticarətin rəqabətqabiliyyətinin artmasının müəyyənedici faktoru olacaqdır.

• İnteraktivlik. Malların alıcıları və satıcıları vasitəçi olmadan bir-birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilərlər.

• Qənaətlik. İnformasiyanın rəqəm tipinə çevrilməsi vasitəsilə şirkətin rəsmi əməliyyatları ilə bağlı kağız işlərinin həcminin azalması kommersiya kontraktlarının səmərəliliyini yüksəldir və elektron bazarın iştirakçıları arasında əks əlaqəni möhkəmləndirir.

• Miqyaslılıq. İnternet-biznesin iştirakçıları fəaliyyət miqyasını, regional və digər əlaqədar bazarlara çıxışını sürətlə genişləndirmək imkanına malikdirlər.

• Uyğunlaşma. İnternet-biznes unikal uyğunlaşdırma-əlaqələndirmə xüsusiyyətlərinə malikdir. Bütün bu üstünlüklər öz aralarında qarşılıqlı əlaqədədirlər. Ancaq onların praktikada həyata keçirilməsi bir çox şərtlərdən, məsələn, İnternet vasitəsilə ötürülən informasiya verilənlərinin strukturundan, onun texnologiyasından və s. asılıdır. Elektron biznesdə (verilənlərin elektron mübadiləsi (EDİ), elektron poçtlar, kataloqlar, fondların elektron ötürülməsi və s. ) müxtəlif texnologiyaların tətbiqi sahibkarlıq fəaliyyətində müəyyən rəqabət üstünlükləri yaradır. Aparılan əməliyyatların müxtəlifliyi malların və xidmətlərin reklam olunmasını və hərəkətini, bazarın konyunkturasının öyrənilməsini, elektron ticarətləri və ödənişləri, tədarük olunan malların və xidmətlərin çatdırılmasını və satışdan sonrakı mühafizəsini təmin edir. Sifarişlərin rəsmiləşdirilməsi də daxil olmaqla məhsulun istehsalçıları və alıcıları arasında olan bütün kommersiya əməliyyatları - çatdırılma, hesabların açıqlanması və ödənilməsi İnternet şəbəkəsi vasitəsilə həyata keçirilir.

Alıcılar, satıcılar, vasitəçilər İnternet fəzada malların və xidmətlərin transmilli virtual bazarlarını yaradırlar. Elektron kommersiya firma və ticarətin digər iştirakçılarının keyfiyyətli təşkilati-iqtisadi, texniki və texnoloji təchizatını stimullaşdırır, həm də fəaliyyətin sonrakı artımını təmin edirlər. Bu xüsusilə ticarət iştirakçıları global bazara çıxdığı zaman nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, e-kommersiyanın inkişafı malların və xidmətlərin dünya bazarına asan daxil olmasını təmin edir, ənənəvi maneələri dağıdaraq korporasiya nümayəndələrinin qlobal sazişlərə qoşulmasına imkan yaradır.

İqtisadi yüksəlişin intensivləşməsində və keyfiyyətində E-kommersiya biznes-nailiyyətin başlıca amilinə çevrilərək daha böyük əhəmiyyət kəsb edir. E-kommersiya artıq istehsalın həyata keçirilməsinin və istehsal dövriyyəsinin avtomatlaşdırılmasının texniki və iqtisadi vasitəsidir. İnternet məkanda meydana gələn E-kommersiya ənənəvi sahibkarlıq qədər geniş və hərtərəflidir. E-kommersiyanın yaranmasının və eyni zamanda onun səciyyəvi xüsusiyyətlərinin və üstünlüklərinin əsas səbəbi təbii ki, istehsalın tranzaksiya xərclərinin aşağı salınmasıdır. Bununla belə, məqsəd təkcə tranzaksiya xərclərinin aşağı salınması deyildir. Əsas məsələ son məhsulun dəyərinin aşağı salınmasında iqtisadi effektin əldə edilməsi, yeni, daha effektli, yüksək dərəcəli istehlak dəyərinə malik məhsulların hazırlanmasında yeni texnologiyaların istifadə edilməsidir. Qiymətlərin ümumi aşağı salınması, bazarın genişləndirilməsi, rəqabətin güclənməsi mühüm şərtdir.

E-kommersiya texnologiyası biznesin aparılmasının ən yaxşı üsullarını meydana çıxartmağa imkan verir. O, müasir beynəlxalq münasibətlər sistemində makroiqtisadi aspektdə müsbət təsirə malikdır. Elektron kommersiyası beynəlxalq əmək bölgüsünə, kapitalın beynəlxalq hərəkətinə, işçi qüvvəsinin miqrasiyasına və s. kifayət qədər böyük təsir göstərir.

Əlövsət Əliyev, i.e.n., dosent, AMEA İTİ-nin şöbə müdiri

”Rabitə dünyası” qəzeti

İstifadəçi şərhləri


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 23..N/A° C
Gəncə : 23..N/A° C
Naxçıvan : 19..N/A° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az