sa sa sa

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli 136s nömrəli sərəncamı ilə TƏSDİQ EDİLMİŞDİR

1. GİRİŞ

Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, əhali, biznes qurumları ilə, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi dünya təcrübəsində “elektron hökumət” (“e-hökumət”) anlayışı ilə adlandırılmışdır.

“E-hökumət” ideyası son 10-15 ildə bütün dünyada geniş vüsət tapmış və özünü təcrübədə tam doğrultmuşdur. Müxtəlif ölkələrdə “e-hökumət” üzrə strategiya, metodika və fəaliyyət planları qəbul edilmiş və icra edilməkdədir, beynəlxalq qurumlar bu prosesə ciddi diqqət yetirir, maliyyə yardımları edir, hətta qlobal xarakter almış bu prosesi bir qədər də sürətləndirmək üçün ümumdünya tədbirləri, o cümlədən reytinqlərin tərtibatını həyata keçirir. Nəzərə almaq lazımdır ki, müasir informasiya-kommunikasiya sistemlərinin inkişafı və geniş tətbiqi dövründə bu imkan ölkə daxilində hökumət orqanlarının işinə yenilik gətirmiş, həmçinin beynəlxalq aləmdə əlaqələrin tərkib hissəsinə çevrilmişdir.

“E-hökumət” daha geniş olan elektron dövlət ideyasının tərkib hissəsidir və əsasən hökumət sektorunu əhatə edir. Ancaq hökumət orqanlarının fəaliyyətinin hər bir vətəndaş üçün zəruriliyi, ictimai əhəmiyyətli informasiya mənbələrinin əsasən burada cəmləşdiyi nəzərə alınarsa, ümumən cəmiyyət üçün əhəmiyyət daşıyır.

Respublikada “Yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə Dövlət Proqramı” (YADİDP) çərçivəsində yoxsulluğun azaldılması istiqamətində aparılan məqsədyönlü kompleks tədbirlər sayəsində son illərdə yoxsulluq səviyyəsi dəfələrlə azalmışdır. Azərbaycan hökumətinin bu sahədə fəaliyyətinin əsas məqsədi yoxsulluğun ləğv edilməsi, hər bir vətəndaşın firavan yaşaması üçün şəraitin yaradılmasıdır. Bunun təmin edilməsi üçün digər tədbirlərlə yanaşı, YADİDP-də dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, onların şəffaflığının təmin edilməsi və bürokratiyanın azaldılması məqsədilə “e-hökumət”in formalaşdırılması və inkişafı nəzərdə tutulmuşdur. Bu istiqamətdə görüləcək işlər qərarların qəbul edilməsi prosesində şəffaflığın artırılması və vətəndaş cəmiyyətinin bu proseslərdə fəal iştirakının dəstəklənməsi üçün qanun layihələrinin, habelə əhalinin həyat səviyyəsinə təsir göstərə biləcək qərarların ictimai müzakirəsi mexanizminin təkmilləşdirilməsinə, hökumət orqanlarının vətəndaşlar, biznes strukturlarla əlaqələrinin daha sadə, maneələrsiz və sərbəst təşkilinə şərait yaradacaqdır.

Əməli fəaliyyətdə müsbət nəticələr əldə etmiş ölkələrin təcrübəsindən “e-hökumət”in formalaşdırılmasının uzunmüddətli, mərhələli və çoxşaxəli proses olduğu bəllidir. Bu prosesdə təşkilati, hüquqi, texniki, texnoloji və fərdi səylərin vəhdəti mühüm amildir. Bu baxımdan “e-hökumət”in formalaşdırılması üzrə fəaliyyətin əsasən bir neçə başlıca istiqamətdə təşkili məqsədəuyğundur.

İlk növbədə "e-hökumət" infrastrukturunun yaradılması zəruridir. Bu məqsədlə mərkəzi və yerli icra orqanlarının nümunəvi və idarələrarası informasiya sistemlərinin yaradılması və inkişaf etdirilməsi, müvafiq normativ hüquqi və elmi-texniki bazarın təkmilləşdirilməsi, dövlət orqanlarının vahid şəbəkəsinin yaradılması və sonda "e-hökumət" portalının qurulması nəzərdə tutulur.

Digər istiqamət isə dövlət orqanlarının informasiya sistemlərinin əlaqələndirilməsi və e-xidmətlərin reallaşdırılması üçün vacib olan texnoloji prosedurların hazırlanmasıdır. Müxtəlif dövlət orqanlarının xidmətlərinə çıxışı təmin edən “e-hökumət” portalı və şlüzünün, bank sistemi ilə əlaqə üçün ödəniş şlüzünün bunun vacib tərkib hissələridir. Bununla yanaşı, e-xidmətlərin göstərilməsi üçün standartların, nümunəvi inzibati reqlamentlərin hazırlanması, informasiya texnologiyaları və təhlükəsizliyi üzrə standartlaşdırma və sertifikatlaşdırma məsələləri həyata keçirilməlidir.

Növbəti istiqamət üzrə isə dövlət idarəetməsinin bütün səviyyələrində göstəriləcək e-xidmətlərin və inzibati reqlamentlərin müəyyənləşdirilməsi və tətbiqi, tədricən onların tərkibinin genişləndirilməsi aparılacaqdır. Bu istiqamətdə müəyyənləşdirilmiş tələblərə uyğun olaraq, müvafiq fəaliyyət növləri üzrə inzibati reqlamentlərin işlənilməsi və onların icrası, həmçinin əməliyyatların həyata keçirilməsinin təmin edilməsi üzrə işlər həyata keçiriləcəkdir.

Qeyd olunan fəaliyyət informasiya cəmiyyətinə keçidi təmin edəcək digər layihələrin həyata keçirilməsini və inkişafını nəzərdə tutur. Hər bir sahədə, idarəetmə strukturunun hər bir səviyyəsində, o cümlədən yerli özünüidarəetmə orqanlarında fəaliyyətin səmərəliliyinin yüksəldilməsi üçün geniş işlər görülməlidir.

Proqramda “e-hökumət”in formalaşdırılması və imkanlarından səmərəli istifadə olunması üçün aşağıdakı əsas tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- "e-hökumət"in və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;
- sahələr üzrə informasiya sistemləri və resurslarının formalaşdırılması;
- geniş əhali kütləsinin “e-hökumət” xidmətlərindən istifadəsinin təmin olunması, cəmiyyətdə informasiya əldə etmək və informasiya texnologiyalarına yiyələnmək imkanı baxımından mövcud olan fərqliliyin azaldılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
- dövlət idarəetməsinin bütün səviyyələrində inzibati reqlamentlərin standartlaşdırılması, rəsmiləşdirilməsi və e-xidmətlərin həyata keçirilməsi.

2. DÖVLƏT ORQANLARINDA İNFORMASİYALAŞDIRMANIN TƏHLİLİ

Azərbaycan Respublikasında müasir informasiya - kommunikasiya texnologiyalarından istifadənin ümumi səviyyəsi qənaətbəxşdir və “e-hökumət”in formalaşdırılması üçün zəmin mövcuddur. BMT-nin 2008-ci il üçün olan “E-hökumət hazırlığı” hesabatında Azərbaycan 182 ölkə arasında 89-cu yeri tutmuşdur və bu göstərici vəziyyəti əyani nümayiş etdirir. “E-hökumət”in formalaşdırılması üzrə respublikada aparılan fəaliyyətin əsası 2003-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulmuşdur. Həmin dövrdən sonrakı illərdə müxtəlif sahələrin inkişaf etdirilməsi üzrə qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarında İKT-nin tətbiqinə, sahədə idarəetmənin səmərəliliyinin, göstərilən xidmətlərin daha keyfiyyətli təşkilinə yönəlmiş məqsədyönlü tədbirlər nəzərdə tutulmuşdur. Bu işlər kompleks şəkildə bir-birini tamamlayaraq, az bir vaxtda dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəlmək üçün müəyyənləşdirilmiş strategiyanı təşkil edir.

Dünya Bankının “Doing Business 2009” hesabatında Azərbaycan, İKT-nin tətbiqi də daxil olmaqla, idarəetmə və biznesin aparılması sahəsində həyata keçirdiyi islahatlara görə dünya üzrə ən qabaqcıl islahatçı kimi qiymətləndirilmişdir. Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının avtomatlaşdırılması bu nəticəyə nail olunması üçün başlıca amil olmuşdur və bu nümunə “e-hökumət” həllərinin daxili imkanlarını nümayiş etdirir.

Son illərdə qəbul edilmiş qanunvericilik aktları müasir tələblərə uyğun “e-hökumət”in formalaşdırılması üçün vacib olan əsas məsələləri özündə əks etdirmiş və onların həyata keçirilməsi üçün hüquqi çərçivəni müəyyənləşdirmişdir. “Telekommunikasiya haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Biometrik informasiya haqqında” qəbul edilmiş Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Vergilər Məcəlləsində, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında və digər əlaqəli normativ aktlarda edilmiş əlavələr və düzəlişlər “e-hökumət” həllərinin tətbiqi üçün şərait yaratmışdır.

“Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət orqanları üçün internet şəbəkəsi seqmentinin yaradılması, saxlanılması və inkişafının təmin edilməsi dövlət orqanlarında internet informasiya resurslarından istifadəyə diqqəti artırmış və daha yüksək səviyyəyə yüksəltməyə imkan vermişdir. Mərkəzi icra hakimiyyəti orqanlarının təqribən hamısı, yerli icra hakimiyyətləri əsasən, yerli özünüidarəetmə orqanlarının isə bəziləri internet informasiya resurslarına malikdirlər və onlardan əhalini məlumatlandırmaq, xidmətlər göstərmək üçün istifadə edirlər. 2000-ci ildən dövlət qurumları “gov.az” domenindən istifadə edirlər və bu, informasiya resurslarının sistemli qaydada təşkilinə və istifadəsinə şərait yaradır.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi respublikada İKT-nin inkişafı üzrə dövlət siyasətinin icrasına məsul qurum və Milli Strategiyanın həyata keçirilməsi üzrə görülən işlərin əlaqələndiricisi olaraq, bu istiqamətdə görülən işlərdə şəffaflıq prinsipini həyata keçirməyə, istifadəçiləri informasiya ilə təmin etməyə imkan verən rəsmi informasiya portalı hazırlamış, onu rus və ingilis dillərində istifadəyə vermişdir. Burada təqdim olunan normativ hüquqi aktlar, xidmətlərin qiymətləri, standart sənədlərin elektron nümunələri, fəaliyyət xəbərləri, video-qrafik və digər materiallar hər bir dövlət orqanının internet informasiya resursu üçün əyani misaldır.

Artıq elektron vergi bəyannamələrinin təqdim edilməsi, abituriyentlərin və magistrlərin qəbul imtahanlarına, dövlət qulluğuna qəbul ərizələrinin verilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, elektron sağlamlıq kartlarının tətbiqi, elektron məktubla müxtəlif dövlət orqanlarına müraciətlərin edilməsi, məlumatların alınması həyatımızın reallığıdır. Bir çox sahələrdə yaradılmış informasiya sistemləri ölkə ərazisindəki sahə-daxili bütün qurumları əhatə edir. Gömrük, vergilər, bank, səhiyyə, ədliyyə, təhsil, sosial müdafiə sahəsindəki mövcud sistemlər bunlara misaldır.

2005-ci ilin iyulundan həyata keçirilməsinə başlanmış və Azərbaycan hökumətinin və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü”nün (AzDataCom) ilkin mərhələsi başa çatmışdır. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Gəncə şəhəri istiqamətində olan 8 bölgə üzrə informasiya xidmətləri göstərilməkdədir. Bu layihənin tam başa çatması nəticəsində respublikanın bütün bölgələrini əhatə edəcək şəbəkə infrastrukturu yaradılacaq və regionlarda İKT-dən istifadə imkanları daha da artacaqdır.

Respublikada beynəlxalq təcrübə əsasında və yerli şərait nəzərə alınmaqla, "e-hökumət"in fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edən dövlət reyestrləri yaradılmaqdadır. Əhalinin reyestri, daşınmaz və daşınar əmlakın reyestrləri, normativ aktların reyestri, ünvan reyestri, inzibati ərazi bölgü reyestri, hüquqi şəxslərin reyestri və digər bir çox vacib olan reyestrlərin formalaşdırılması respublikada dövlət orqanlarının fəaliyyətində keyfiyyət yüksəlişinə səbəb olacaqdır. Bu reyestrlərdə hər bir şəxsə aid olan məlumatların ümumi qaydada qeydiyyatının aparılması gələcəkdə onların fəaliyyətinin əlaqəli təşkilinə, vətəndaşlara xidmət göstərilməsində “bir pəncərə” prinsipinin tətbiqinə, əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib formaya çevrilməsinə və daha çevik həyata keçirilməsinə şərait yaradacaqdır. Hazırda elektron imzanın tətbiqi üçün vacib olan infrastrukturun yaradılması işləri aparılır. Formalaşdırılacaq milli sertifikat xidmətləri mərkəzləri dövlət orqanlarına, biznes qurumlarına və digər hüquqi şəxslərə, vətəndaşlara xidmət göstərəcəkdir. Bu işlərin davamı olaraq dövlət orqanlarında elektron sənəd dövriyyəsi sisteminin tətbiqi mümkün olacaqdır. 

3. PROQRAMIN MƏQSƏDİ

Proqramın məqsədi respublikada “e-hökumət”in formalaşdırılmasının təmin edilməsi və bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə idarəçilik metod və mexanizmlərinin təkmilləşdirilməsi, e-xidmətlərin göstərilməsinin təşkili, vətəndaş və təşkilatların bu xidmətlərdən sadə, asan və sərbəst istifadəsi üzrə kompleks tədbirlərin həyata keçirilməsidir.

“E-hökumət”in formalaşdırılması ardıcıl və mərhələli qaydada dövlət orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, vahid infrastruktur əsasında öz aralarında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsini, funksional vəzifələr üzrə e-xidmətlər göstərilməsini, mövcud informasiya təhlükəsizliyinin təmin edilməsini, səriştəli istifadəçi və mütəxəssislər hazırlanmasını və digər vacib istiqamətlərdə həyata keçiriləcək fəaliyyəti nəzərdə tutur.

4. PROQRAMIN ƏSAS İSTİQAMƏTLƏRİ

Proqramın əsas istiqamətləri aşağıdakılardır:

- normativ hüquqi və metodoloji bazanın formalaşdırılması;
- dövlət idarəçiliyində müasir informasiya sistemlərinin geniş tətbiqi;
- “e-hökumət” infrastrukturunun əsas komponentlərinin yaradılması;
- dövlət idarəçiliyində e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi;
- dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi;
- “e-hökumət” infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması;
- əhali qrupları, bölgələr arasında “rəqəmli fərqliliyin” azaldılması, onların informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, ”e-hökumət” xidmətlərinə çıxışının təmin olunması.

4.1. Normativ hüquqi və metodoloji bazanın formalaşdırılması 

"E-hökumət"in formalaşdırılması prosesində dövlət orqanlarının fəaliyyətinin informasiya-kommunikasiya texnologiyaları tətbiq edilməklə həyata keçirilməsi zamanı yarana biləcək hüquqi, təşkilati və digər münasibətlərin tənzimlənməsi üçün normativ hüquqi və metodoloji bazanın təkmilləşdirilməsi vacib məsələdir.

İlk növbədə, mövcud qanunvericilik təhlil edilərək “e-hökumət”in formalaşdırılması, e-xidmətlərin göstərilməsinin hüquqi əsaslarının yaradılması üçün lazımi normativ hüquqi sənədlərin siyahısı tərtib ediləcək və “bir pəncərə” prinsipinə əsaslanan ümumi yanaşma nəzərə alınmaqla onların layihələri hazırlanacaqdır.

Dövlət orqanlarının mövcud fəaliyyət mexanizmləri və inzibati prosedurları e-xidmətlər şəklində icra olunması baxımından təhlil ediləcək, onların əhatə dairəsi müəyyənləşdiriləcək və mərhələli reallaşdırılması üçün planlaşdırılacaqdır. Zəruri hallarda, onların modernləşdirilməsi və ya təkmilləşdirilməsi həyata keçiriləcək və müvafiq inzibati reqlamentləri işlənib hazırlanacaqdır.

"E-hökumət"in formalaşdırılması üzrə nəzərdə tutulan işlərin sistemli şəkildə aparılması, yaradılan və ya mövcud informasiya sistemlərinin uzlaşdırılması, onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi tələblərin, standartların, metodik vəsaitlərin, təlimatların müəyyənləşdirilməsi aparılacaqdır.

Fərdi məlumatların qorunması, ümumiyyətlə, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün qanunvericilik təkmilləşdiriləcək və onun təmin edilməsi üçün normativ hüquqi baza hazırlanacaqdır.

4.2. Dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi

Dövlət orqanlarının fəaliyyətinin “e-hökumət”in tələblərinə uyğun təşkili üçün vacib olan əməliyyatların informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə icrasına şərait yaradılmalıdır. Bunun üçün sistemli və əlaqələndirilmiş şəkildə, ümumi tələblər, standartlar əsasında “e-hökumət” həllərinin - informasiya sistemlərinin və resurslarının yaradılması vacibdir. Bu həllər vasitəsilə dövlət orqanları daxili fəaliyyətlərini təmin etməklə yanaşı, vətəndaşlara və biznes qurumlarına, həmçinin digər dövlət orqanlarına e-xidmətlərin göstərilməsini təmin etməlidirlər. Belə həllərə idarədaxili və idarələrarası elektron sənəd dövriyyəsi, sənədlərin arxivləşdirilməsi, sorğu-təhlil, funksional məsələlər sistemləri, hökumət intranet portalı və s. aiddir. Bu “e-hökumət” həllərinin mərhələli şəkildə bütün dövlət orqanları, o cümlədən yerli icra hakimiyyəti, həmçinin yerli bələdiyyə orqanları səviyyəsində həyata keçirilməsi nəzərdə tutulur. İlk olaraq, nümunəvi sistemlər üzrə pilot layihələrin həyata keçirilməsi, sonra isə onların geniş tətbiqi nəzərdə tutulur. “E-hökumət” həllərində elektron imzanın tətbiqi onların daha səmərəli şəkildə təşkilinə və elektron formada müraciət edən şəxslərin müəyyənləşdirilməsinə və onların daha asanlıqla dövlət orqanlarına müraciətlərinə şərait yaradacaqdır. Bunun bir nümunəsi kimi, vətəndaşlarla ünsiyyətin sadələşdirilməsi, onların müraciətlərinə baxılmasının çevikliyinin artırılması məqsədilə, eyni zamanda, icrası barədə müasir texnoloji vasitələrlə məlumat əldə edilməsi üçün “virtual qəbul məntəqəsi” yaradılacaqdır.

Yaradılacaq “e-hökumət” həllərində internet texnologiyalarına və informasiya resurslarına ciddi fikir veriləcək və bununla məsafədən e-xidmətlərdən yararlanmağa şərait yaradılacaqdır.

4.3. “E-hökumət” infrastrukturunun əsas komponentlərinin yaradılması

“E-hökumət”in formalaşdırılması prosesi zamanı ümumi fəaliyyəti təmin edəcək infrastrukturun və onun əsas komponentlərinin yaradılması vacibdir. Əsas komponentlər ümumi təyinatlı olub dövlət orqanların və onlarla əlaqədə olan digər hüquqi və fiziki şəxslərin tələbatını təmin edəcəkdir.

Dövlət orqanlarının vahid şəbəkə infrastrukturunun yaradılması informasiya sistemlərinin təhlükəsiz qarşılıqlı fəaliyyətinin təmin olunmasına, ümumi informasiya təhlükəsizliyi siyasətinin işlənilməsinə, informasiya və telekommunikasiya sistemlərinin inteqrasiyasına, etibarlı və dayanıqlı məlumat mübadiləsinə geniş imkanlar açacaqdır. “E-hökumət”in səmərəli fəaliyyət göstərməsi üçün dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya olunmuş “e-hökumət” portalı və şlüzünün yaradılması vacibdir. “E-hökumət” portalı “bir pəncərə” prinsipi əsasında yaradılan, vətəndaşların asanlıqla informasiya əldə etməsi üçün həyat hadisələri üzərində qurulan, dövlət orqanlarının e-xidmətlərinə keçidi və onlar arasında əlaqənin yaradılmasını təmin edən universal ünsiyyət vasitəsidir.

“E-hökumət” şlüzünün yaradılması dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyasını və qarşılıqlı əlaqəsini informasiya-texnoloji baxımdan təmin edəcəkdir. Bu məqsədlə sistemlərarası elektron sənəd mübadiləsi standartları, vahid tələbləri və qaydaları müəyyənləşdiriləcəkdir. Bununla dövlət orqanlarında ümumi şərtlərə riayət etməklə, ”e-hökumət” həllərinin daha münasib texniki, texnoloji və proqram vasitələrində hazırlanmasına şərait yaradılır.

İnformasiya resursları və informasiya sistemlərinin dövlət reyestrinin yaradılması “e-hökumət”in əsasını təşkil edən bu vasitələrin sistemli qaydada qeydiyyatının aparılması, onların mövcudluğu barədə məlumatlandırılması və təkrarlanmasının qarşısının alınması, həmçinin varisliyinin (dövlət əhəmiyyətli resurs və sistemlərin qorunub saxlanılması) təmin edilməsinə imkan verəcəkdir. Gələcəkdə bu reyestr əsasında e-xidmətlər reyestrinin də formalaşdırılması, onlar barədə cəmiyyətin məlumatlandırılması mümkündür.

E-xidmətlərin göstərilməsi zamanı ödənişlə bağlı məsələlərin informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilməsi məqsədilə bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”nün yaradılması vacibdir. Təhlükəsiz elektron ödənişlər həyata keçirmək imkanı yaradan ödəniş şlüzü e-xidmətlərlə yanaşı, gələcəkdə digər elektron biznes həllərinin reallaşmasına da təkan verə bilər.

E-imzanın istifadəsi üzrə milli infrastrukturun formalaşdırılması “e-hökumət” həllərində e-imza sahiblərinin müəyyənləşdirilməsinə (autentifikasiyasına) və səlahiyyətinə uyğun əməllərin yerinə yetirilməsinə (avtorizasiyasına) əminlik yaradır. Vətəndaşlar və biznes qurumları e-imza vasitəsilə imzaladıqları e-sənədləri sərbəst şəkildə öz aralarında, həmçinin dövlət orqanları ilə əlaqələrdə istifadə edə bilərlər.

Respublikada milli identifikasiya sisteminin yaradılması dövlət orqanları ilə hüquqi münasibətlərdə vətəndaş və təşkilatların vahid identifikasiya qaydalarına riayət etməsinə, “e-hökumət” xidmətlərindən daha geniş istifadəsinə xidmət edə bilər. Milli identifikasiya sisteminin yaradılması dövlət orqanlarının informasiya resurslarında fiziki şəxslər barədə məlumatların sistemli və dəqiq toplanılmasını, bu resurslara icazəli çıxışı təmin etməyə, müxtəlif qeydiyyat orqanları arasında səmərəli qarşılıqlı informasiya əlaqəsinin təşkilinə kömək edə bilər. “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri”, “Hüquqi şəxslərin dövlət reyestri”, “Daşınmaz əmlakın reyestri” və “Ünvan reyestri” kimi vacib olan sistemlərin formalaşdırılması digər sahələrdə görülən işlərə yardımçı ola bilər.

“E-hökumət” verilənlər mərkəzinin (data center) təşkili ölkədə formalaşdırılacaq informasiya sistemlərinin mərkəzləşmiş qaydada, təhlükəsiz, etibarlı yerləşdirilməsi, dayanıqlı rabitə ilə təmin edilməsi, eyni zamanda, ayrı-ayrılıqda belə mərkəzlərin yaradılmasına və saxlanılmasına olan kadr, maddi, təhlükəsizlik, istismar məsrəflərinin azaldılmasına xidmət edə bilər.

4.4. Dövlət idarəçiliyində e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi

“E-hökumət”in formalaşdırılması prosesində dövlət orqanları həyata keçirdikləri fəaliyyətin ardıcıl olaraq informasiya texnologiyaları vasitəsilə reallaşdırılması üçün e-xidmətlər göstərəcəkdir. E-xidmətlər vətəndaşlara və biznes qurumlarına dövlət orqanları ilə həftənin, günün istənilən vaxtı maneəsiz və sərbəst əlaqə saxlanılmasına, məlumatların əldə edilməsi və əməliyyatların həyata keçirilməsinə imkan yaradacaqdır.

E-xidmətlərin yaradılması üçün mövcud inzibati prosedurlar təhlil edilib, onların əsasında reqlamentlər müəyyənləşdiriləcəkdir. Dövlət orqanları öz fəaliyyətlərinə aid reqlamentləri cari inzibati prosedura və ya onun modernləşdirilmiş halına uyğun hazırlamalıdır. Bu prosesin ümumi qaydada aparılması üçün standart sənədləşdirmə forması müəyyən olunacaqdır.

“E-hökumət” portalı vasitəsilə e-xidmətlərlə ümumiləşdirilmiş çıxışın təmin edilməsi üçün dövlət orqanlarında mövcud olan və ya yeni yaradılacaq informasiya sistemlərinin portalla inteqrasiyası və ödənişli əməliyyatların həyata keçirilməsi üçün isə ödəniş şlüzündən istifadə nəzərdə tutulmalıdır.

E-xidmətlər hər bir dövlət orqanında mərhələli qaydada istifadəyə veriləcək və onların əsas fəaliyyət istiqamətlərini əhatə edənədək inkişaf etdiriləcəkdir. 

4.5. Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi

Müasir informasiya texnologiyalarından istifadə hər bir dövlət qulluqçusunun işinə müsbət təsir etməklə yanaşı, “e-hökumət” şəraitində fəaliyyətin əsas şərtlərindən biridir. Bu məqsədlə “e-hökumət”in formalaşdırılması prosesinin gedişatı, dövlət orqanlarında “e-hökumət” həllərinin tətbiqi və gələcəkdə istifadəsinin səmərəliliyinin artırılması üçün dövlət qulluqçularının informasiya texnologiyaları üzrə hazırlığına diqqət veriləcəkdir. Dövlət qulluqçularının hazırlıq səviyyəsinə tələblər müəyyənləşdiriləcək və buna nail olmaları üçün mütəmadi olaraq tədbirlər görüləcək, ixtisaslaşmış tədris-təlim təşkil ediləcəkdir. Bu məqsədlə adi tədris metodları ilə yanaşı, məsafədən təhsil metodları və elektron dərsliklərdən də istifadə nəzərdə tutulur.

Dövlət orqanlarında geniş tətbiq olunacaq informasiya sistemləri müxtəlif İKT ixtisasları, o cümlədən informasiya təhlükəsizliyi üzrə səriştəli mütəxəssislərin mövcudluğunu şərtləndirir. Dövlət orqanlarında çalışan İKT üzrə mütəxəssislərin hazırlıq səviyyələrinin yüksəldilməsi, həmçinin belə mütəxəssislərin dövlət orqanlarına cəlb edilməsi və çalışmaları üçün stimullaşdırıcı tədbirlərdən biri kimi sertifikatlı kadr hazırlığına şərait yaradılması, mütəmadi olaraq peşəkar səviyyənin artırılması üçün tədbirlər görüləcəkdir.

4.6. "E-hökumət" infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması

“E-hökumət”in fəaliyyətinin təmin edilməsi üçün yaradılacaq infrastrukturun və informasiya sistemlərinin, bu sistemlərdə toplanılan məlumatların, həmçinin dövlət orqanları tərəfindən göstəriləcək e-xidmətlərin etibarlı və təhlükəsiz şəkildə mühafizəsi və milli informasiya təhlükəsizliyi sisteminin tələblərinə uyğunluğunun təmin edilməsi vacibdir. Bu məqsədlə “e-hökumət” infrastrukturunun əsas komponentləri, həmçinin dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizliyi və mühafizəsinin təşkilati, elmi-texniki tələbləri və standartları, kritik obyektləri müəyyənləşdiriləcək, xüsusi təhlükəsizlik tədbirləri görüləcək, informasiya sistemlərinin təhlükəsizliyinin monitorinqi və idarə olunması, onun maddi-texniki və kadr təminatı məsələləri həll ediləcəkdir. Bunun üçün “e-hökumət” çərçivəsində proqram-texniki vasitələrin uyğunluq və informasiya təhlükəsizliyi tələbləri üzrə sertifikatlaşdırılması işlərinin təşkili, o cümlədən sınaq mərkəzlərinin yaradılması, proqram-texniki təminat və mühafizə vasitələrinin təsnifatı əsasında müvafiq istiqamətlər üzrə sertifikatlaşdırma sistemlərinin formalaşdırılması, milli standartların işlənməsi və müvafiq beynəlxalq standartların seçilib milli standart kimi təsdiq edilməsi və digər tədbirlər görüləcəkdir.

Təhlükəsizlik məsələlərinə informasiya sistemlərinin layihələndirilməsi mərhələsindən başlayaraq fikir veriləcək, lisenziyalı proqram və sertifikatlaşdırılmış texniki təminatdan, o cümlədən mühafizə vasitələrindən istifadə nəzərdə tutulacaqdır. İstifadədə olan informasiya sistemlərinin informasiya təhlükəsizliyi baxımından ekspertizası təşkil ediləcəkdir.

Fərdi məlumatların qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcək, vətəndaşlar haqqında dövlət informasiya sistemlərində toplanılmış məlumatların mühafizəsi və vətəndaşların hüquqları təmin ediləcəkdir. 

4.7. Əhali qrupları və bölgələr arasında “rəqəmli fərqliliyin” azaldılması, informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, “e-hökumət” xidmətlərinə çıxışın təmin olunması

Əhalinin müxtəlif sosial təbəqələri tərəfindən və bölgələrdə İKT-nin istifadəsində qeyri-bərabər imkanlar “e-hökumət” təşəbbüslərinin həyata keçirilməsində əsas maneələrdən biridir. Digər ölkələrin təcrübəsi göstərir ki, ən müasir “e-hökumət” həlləri əsasən əhalinin imkansızlığı səbəbindən tələbatsız qalır. Bu baxımdan “rəqəmli fərqlilik” yüksəkdərəcəli sosial problem kimi qəbul edilərək, onun ardıcıl həllinə hərtərəfli səy göstəriləcəkdir.

Əhali qrupları arasında “rəqəmli fərqliliyin” azaldılması üçün bütün sosial qruplara yeni biliklər əldə etmək, fərdi inkişafa nail olmaq, ünsiyyət yaratmaq və əlaqələr qurmaq, fəaliyyət həyata keçirmək üçün informasiya və İKT-yə çatmaq üçün əsas imkanlar yaradılacaqdır.

İlk növbədə, bütün sosial qruplar üçün İKT sahəsində, o cümlədən informasiya təhlükəsizliyi üzrə müxtəlif maarifləndirici tədbirlər keçiriləcəkdir. Onların informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması məqsədilə təlim-tədris imkanları yaradılacaq, orta yaşdan yuxarı qruplar, məhdud fiziki imkanlı şəxslər üçün onların tələbatına uyğun xüsusi yanaşma tətbiq ediləcəkdir. Fərdi şəkildə biliklərin əldə edilməsi üçün məsafədən tədris-təlim texnologiyalarından istifadə ediləcəkdir.

Gənc nəslə İKT sahəsində biliklərin çatdırılması üçün təhsil müddətində orta məktəblərdən başlamış ali məktəblərədək müvafiq ümumi hazırlıq səviyyəsinə uyğun tədris və təlimlərin təşkili nəzərdə tutulur. Bu daha yüksək səriştəli istifadəçilərin və peşəkar mütəxəssislərin hazırlanması, orta ixtisas və ali məktəblərdə, həmçinin ixtisaslaşmış təlim mərkəzlərində İKT sahəsində bilik və bacarıqların artırılmasına şərait yaradacaqdır.

“Rəqəmli fərqliliyin” azaldılması üzrə həyata keçirilən tədbirlərin səmərəliliyi informasiya cəmiyyətinin inkişaf indikatorları əsasında monitorinqlərlə qiymətləndiriləcəkdir.

İnformasiya cəmiyyətinin tələbatına uyğun yeni ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən dünyanın aparıcı İKT şirkətlərinin proqramları üzrə beynəlxalq sertifikatlı mütəxəssislərə tələbatın müəyyənləşdirilməsi, kadr ehtiyatının təşkili aparılacaqdır.

“E-hökumət” xidmətlərinə çıxışın təmin edilməsi üçün ölkədə mövcud olan ümumi informasiya-kommunikasiya infrastrukturunda, o cümlədən poçt rabitəsi infrastrukturunda yaranan yeni şəraitdən istifadə ediləcəkdir. Bu məqsədlə ictimai internet məntəqələri şəbəkəsi yaradılacaqdır. Bunun üçün ilk növbədə ayrı-ayrı dövlət orqanlarının malik olduqları ictimai xidmət mərkəzlərinin ümumilikdə “e-hökumət” xidmətlərinə çıxışı təmin olunacaq, həmçinin məktəblər, kitabxanalar əhatə ediləcəkdir.

Respublikada ümumi inkişafa xidmət etmək və “e-hökumət”in imkanlarından faydalanmaq məqsədilə və internetə keyfiyyətli və münasib qiymətlərlə çıxışın təmin olunması üçün genişzolaqlı şəbəkə texnologiyalarının tətbiqi genişləndiriləcəkdir. Bu məqsədlə respublikanın beynəlxalq informasiya magistrallarına münasib çıxış imkanları artırılacaq və onun davamlılığı təmin ediləcəkdir.

5. PROQRAMIN YERİNƏ YETİRİLMƏSİNƏ İCTİMAİ DƏSTƏYİN TƏMİN OLUNMASI

"E-hökumət"in formalaşdırılması prosesi uzunmüddətli, mərhələli və çoxşaxəli olduğu üçün və geniş əhatə dairəsinə və ictimai marağa səbəb olduğundan, görülən işlər barədə mütəmadi olaraq kütləvi informasiya vasitələrində, internetdə məlumat verilməli, həmçinin geniş təşviqat və təbliğat işləri aparılmalıdır.

Dövlət orqanlarının e-xidmətləri ardıcıl olaraq inkişaf etdirməsi üçün onların fəaliyyətinə müxtəlif şəkildə kömək göstərilməsi (məsləhətlər, tanışlıq səfərləri, seminar-konfranslar, təlimatlar və s.), qabaqcıl təcrübənin geniş yayılması və öyrənilməsi vacibdir.

Vətəndaşlarda və digər “e-hökumət” xidmətləri istifadəçilərində bu xidmətlərdən istifadəyə marağın artırılması üçün mütəmadi olaraq ictimai təqdimatlar, sərgilər və müsabiqələr keçiriləcək və bu tədbirlərdə dövlət orqanları, biznes, elm nümayəndələrinin peşəkar şərhlərinin verilməsi, analitik icmalların dərc olunması, həmçinin reklam materiallarının yayılması da daxil olmaqla geniş informasiya dəstəyi təşkil ediləcəkdir.

Fəaliyyət Proqramının həyata keçirilməsinin gedişatı internet informasiya resursunda əks etdiriləcək və ictimai rəy öyrəniləcəkdir. Proqramın həyata keçirilməsinin nəticələrinin, həmçinin istifadəçilərin yeni e-xidmətlərə adaptasiya dərəcəsinin təhlili Proqram çərçivəsində keçirilən tədbirlərin yerinə yetirilməsinin monitorinqi vasitəsilə həyata keçiriləcəkdir. 

6. PROQRAMIN HƏYATA KEÇİRİLMƏ MEXANİZMİ

Bu Fəaliyyət Proqramında Azərbaycanda “e-hökumət”in formalaşdırılmasının ilk iki ili - 2010-2011-ci illər üçün tədbirlər müəyyənləşdirilmişdir (2010-2011-ci illər üzrə Tədbirlər Planı əlavə olunur). Eyni zamanda, bu tədbirlərin icrasının nəticələrinə görə növbəti illər üçün yeni tədbirlər planının təsdiq edilməsi nəzərdə tutulur.

Fəaliyyət Proqramının yerinə yetirilməsi üzrə işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Nazirlikdə fəaliyyət göstərən idarələrarası Əlaqələndirmə Şurası tərəfindən həyata keçiriləcəkdir. 

7. MALİYYƏLƏŞDİRMƏ MƏNBƏLƏRİ

Fəaliyyət Proqramının maliyyə təminatı aşağıdakı mənbələrdən həyata keçirilir:

- aidiyyəti qurumların vəsaitləri;
- daxili və xarici investisiyalar;
- beynəlxalq və xarici ölkə təşkilatlarının texniki-maliyyə yardımları, kreditlər, qrantlar;
- qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri.

Dövlət büdcəsi üzrə maliyyələşdirmə dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün rabitə və informasiya texnologiyaları xidmətlərinə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir, həmçinin proqramda nəzərdə tutulmuş dövlət əhəmiyyətli tədbirlər üçün məqsədli ayırmalar formasında ola bilər.

8. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Fəaliyyət Proqramının tədbirlərinin icrası nəticəsində İKT-nin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və inzibati idarəetmə mexanizminin şəffaflığının artırılması, vətəndaşların və təşkilatların “e-hökumət” xidmətlərinə sərbəst və asanlıqla çıxışının təmin olunması və bu xidmətlərdən geniş istifadəsi üçün şəraitin yaradılması nəzərdə tutulur.

Proqramın həyata keçirilməsi nəticəsində:

- dövlət idarəetməsi sahəsində müasir texnologiyalar tətbiq olunacaqdır;
- dövlət orqanlarının inzibati prosedurlarının optimallaşdırılması üçün şərait yaradılacaqdır, dövlət orqanlarının informasiya sistemləri və resurslarının inteqrasiyası kompleks qaydada həyata keçiriləcəkdir;
- dövlət orqanlarının vahid təhlükəsiz şəbəkə infrastrukturu yaradılacaqdır;
- dövlət orqanları tərəfindən təqdim olunan xidmətlər elektron formada həyata keçiriləcəkdir;
- dövlət xidmətlərinin göstərilməsi müddəti və maliyyə xərcləri azalacaq, səmərəliliyi artacaqdır;
- dövlət orqanlarında elektron sənəd dövriyyəsi sistemi tətbiq ediləcəkdir, onların qarşılıqlı fəaliyyəti və inteqrasiyası təmin olunacaqdır;
- “e-hökumət” infastrukturunun əsas komponentləri yaradılacaqdır;
- ictimai internet məntəqələrinin əhatə dairəsi genişləndiriləcəkdir;
- İKT üzrə ixtisaslı kadr potensialı yaradılacaqdır;
- "e-hökumət"in təhlükəsizliyi, dövlət orqanlarının informasiya sistemləri və resurslarının təhlükəsizliyi təmin olunacaqdır.

3 mart 1915-cİ İldə NASA-nın əsası qoyulmuşdur
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR