Rəsmiyyə Mahmudova

Rəsmiyyə Şərif qızı Mahmudova 1967-ci ildə anadan olmuşdur. 

1990-cı ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmiş və həmin ildən Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 

1990-2003-cü illərdə mühəndis, proqramçı mühəndis, aparıcı proqramçı, elmi işçi vəzifələrində çalışmışdır. 

Həmin illərdə müxtəlif təyinatlı informasiya sistemlərinin layihələndirilməsi və proqram təminatının yaradılması işləri ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında yaxından iştirak etmişdir. 

2004-cü ildən institutun Tədris-İnnovasiya Mərkəzində çalışır. Təhsil proseslərinin informasiyalaşdırılması problemləri istiqamətində - təhsil mühitində informasiya mədəniyyətinin formalaşdırılması, elektron tədris resurslarının yaradılmasının texnoloji əsaslarının işlənməsi, müəllimlərin İKT hazırlığının artırılması məsələləri ilə məşğul olur. 

Doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu işinin həyata keçirilməsinə rəhbərlik, eyni zamanda pedaqoji fəaliyyət göstərir. 

”2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən bir sıra tədbirlərdə: konfransların təşkilində, müəllimlər və təhsil işçiləri üçün kompüter kurslarının təşkilində, eləcə də müxtəlif olimpiada və müsabiqələrin təşkilində və keçirilməsində yaxından iştirak edir. 

AR Təhsil Nazirliyi nəzdində yaradılmış “Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası”nın üzvüdür. 

39 elmi məqalə və tezisin müəllifidir. 

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

Hazırda Tədris-İnnovasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışır.  

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.:           (994 12) 5397741

Elektron poçtu:      training_center@iit.ab.az

 

 

.