sa sa sa

Müasir dövrdə dünya elminə inteqrasiya digər tədbirlərlə yanaşı, elmi araşdırmaların dünya səviyyəsində aparılmasını, elmi əsərlərin istinad indeksli jurnallarda dərcini, bu sahədə beynəlxalq əlaqələrin davamlığını və s. tələb edir. “Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın da əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından geniş istifadədir. 

Alimlərin mühüm kəşflərinin, elmi nəticələrinin təbliğində böyük əhəmiyyət kəsb edən elmi bazalarla əməkdaşlıq bu gün elmi-tədqiqat institutlarının qarşısında duran başlıca vəzifələrdəndir. Son illər Azərbaycan alimlərinin beynəlxalq elm aləmində təmsil olunması üçün “Springer”, “Elsevier”, IEEE, “Tomson Reuters” kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur. Elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu bazaların təcrübəsinin, yüksək indeksli nəşrlərdə məqalələrə qoyulan tələblərin və s. öyrənilməsi məqsədilə silsilə xarakter daşıyan treninq və seminarlar keçirilir. 

Aprelin 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda tədqiqatçılar üçün keçirilən təlim seminarı da bu qəbildən olan tədbirlərdəndir. Tədbir “Springer” beynəlxalq nəşriyyat şirkəti, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil edilib. 

Tədbirdə “Springer” nəşriyyatının Orta Şərq ölkələri üzrə redaktoru Dr. Kris Bendal, Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Sıtkı Aktaş, elektron kitabxana üzrə satış direktoru Frans Letenstrom və satış direktoru David Elek, o cümlədən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, AMEA institutlarının rəhbərləri, alim və mütəxəssislər, o cümlədən ali təhsil müəssisələrinin gənc tədqiqatçıları, KİV nümayəndələri iştirak edirdilər. 

Seminar Azərbaycanın elm və təhsil müəssisələrinin “Springer”in xidmətlərindən səmərəli istifadəsinin təmini, beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblər, bu sahədə peşəkarlıq və beynəlxalq standartlara uyğunlaşma və digər məsələlərin müzakirəsi məqsədi daşıyırdı. 

Tədbiri giriş sözü ilə açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirdi ki, yeni informasiya mühitini formalaşdıran rəqəmsal əsrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya olunmaqdır. İnstitut direktoru ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasətin aparıldığını qeyd etdi. R.Əliquliyev 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya İli” elan olunduğunu vurğulayaraq, bununla bağlı Tədbirlər Planında elmi məqalələrin dünyanın nüfuzlu yüksək indeksli jurnallarında dərcinin təşkili, bu sahədə əməkdaşlıq əlaqələrinin davamlı inkişafının xüsusi qeyd olunduğunu bildirdi. Alim innovativ elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibliyini önə çəkərək bu istiqamətdə görülən işlərin milli elektron elmin formalaşması üçün etibarlı zəmin yaratdığını vurğuladı. 

Prof. R.Əliquliyev “Springer” elmi bazasının resurslarından səmərəli istifadə və sözügedən nəşrlərdə məqalələrə qoyulan tələblərin öyrənilməsi, alimlərin elmi fəaliyyətinin, məqalələrinin qiymətləndirilməsi, jurnallarda çap olunma texnologiyasının mənimsənilməsi, o cümlədən gənc alim və tədqiqatçılara bu sahədə daha geniş məlumatların verilməsinin əhəmiyyətindən danışdı. Dövlət başçısının AMEA-nın qarşısına qoyduğu vəzifələrə müvafiq olaraq, belə bir təlim seminarının keçirilməsinə böyük ehtiyac olduğunu qeyd etdi. Təcrübəli mütəxəssislərlə görüşlərin, seminarların keçirilməsinin ənənəvi xarakter almasının vacibliyini nəzərə çatdırdı. 

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun direktoru E.Babayev bu kimi tədbirlərin əhəmiyyətindən söhbət açaraq bildirdi ki, başlıca məqsəd elmin davamlı inkişafına, Azərbaycan alimlərinin elmi nəticələrinin dünya miqyasında tanıdılmasına nail olmaqdır: “Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün məqalələr beynəlxalq tələb və standartlara müvafiq yazılmalıdır. İnnovativ nəticələrin əldə olunması üçün isə alimlərin dünyada olduğu kimi qrup şəkilində fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı”. 

“Springer” nəşriyyatının Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru S.Aktaş belə bir mötəbər tədbirə ev sahibliyi etdiyi üçün AMEA İnformasiya Texnologiyaları İnstitutuna öz təşəkkürünü bildirdi, institutda artıq silsilə xarakter alan bu səpkili tədbirlərin keçirilməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirdi. S.Aktaş mərkəzi Almaniyada yerləşən “Springer” elmi informasiya bazasının dünyanın 20-yə yaxın ölkəsində ofisinin olduğunu vurğuladı. Şirkət təmsilçisi məqalələrin standartlara uyğun tərtibinin önəmliyini ifadə edərək göndərilən məqalələrin elmi qaydaların tələblərinə cavab vermədiyi üçün 80%-nin qəbul edilmədiyini bildirdi. 

Sonra “Springer”in Orta Şərq ölkələri üzrə redaktoru K.Bendal “Elmi-tədqiqat və elmi nəşrlər: imkanlar və perspektivlər”, “Elmi məqalənin yazılması və jurnala təqdim edilməsi”, “Springer”in müəlliflərə dəstək üçün xidmətləri” mövzuları üzrə məruzələrlə çıxış etdi. Məruzəçi beynəlxalq elmi jurnallarda məqalələrin yazılma, strukturlaşdırılma və çap olunma qaydaları, irəli sürülən tələblər, yaradılan imkanlar, tətbiq ediləcək strategiyalar və s. haqqında ətraflı məlumat verdi. 

“Springer”in 170 il əvvəl təsis edildiyini qeyd edən K.Bendal 10 il əvvəl qlobal şirkətə çevrildiyini, İstanbulda yeni ofisin təsis olunduğunu bildirdi. Mütəxəssis “Springer”də tibb, elm və texnologiya, sosial və humanitar elmlər sahəsi üzrə 153 175 məqalənin dərc edildiyini, bu göstəricilər üzrə yalnız “Elsevier” beynəlxalq elmi bazasından (294 696 məqalə) geri qaldığını qeyd etdi. “Springer”də hər il 5 mindən artıq kitabın dərc olunduğunu bildirdən məruzəçi şirkətin redaktorluq təcrübəsinə malik olduğunu bildirdi. O, son 10 ildə tədqiqat nəticələrində də artımın müşahidə olunduğunu söyləyərək bu göstəricilərin xüsusən də Yaxın Şərq, Mərkəzi Asiya ölkələrində qeydə alındığını vurğuladı, statistik göstəriciləri nəzərə çatdırdı. 

Plagiatlıq hallarına da toxunan məruzəçi bu sahədə mənfi təzahürlərin müşahidə edildiyini bildirərək, plagiatlığın aşkar edilməsinin getdikcə asanlaşdığını qeyd etdi, oxşarlıq indekslərinin aşkarlanması üçün mövcud metodlar haqqında məlumat verdi: "Məqalənin “copy” edildiyi aşkar olunarsa, bu zaman həmin müəllifin adı qara siyahıya salınır. İstinada gəlincə isə onun öz qaydaları var”. 

K.Bendal məqalə hazırlanarkən sadə dil üslubundan istifadə edilməsi, detallara çox yer verilməməsi, məntiqi ardıcıllıq, qrammatik qaydalara riayət, tədqiqatın məqsədinin, cədvəl və rəqəmlərin məntiqli, dəqiq və aydın şəkildə təqdim edilməsi, daha çox sadə cümlələrə üstünlük verilməsinin məqalələrin asan qavranılması, onların daha oxunaqlı olması baxımından vacib şərtlərdən olduğunu bildirdi. Elmi məqalələrin məhz ingilis dilində yazılmasının vacibliyini qeyd etdi. 

Sonra məruzəçi verilən çoxsaylı sualları cavablandırdı. 

Tədbirin yekunu olaraq innovativ ideya və tendensiyaları əks etdirən yüksək keyfiyyətli məqalələrin hazırlanması, alimlərin tədqiqatlarının, innovativ nəticələrinin təbliği kimi mükəmməl imkanların əldə edilməsi baxımından bu kimi tədbirlərin ənənəvi xarakter almasının zəruriliyi ifadə edildi. 

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR