Rəşid Ələkbərov

Rəşid Qurbanəli oğlu Ələkbərov 1953-cü ildə anadan olmuşdur.

1975-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini bitirmişdir. 

1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutuna təyinatla göndərilmiş və burada mühəndis, böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən AEA-nın Avtomatlaşdırmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə keçirilmişdir. Burada aparıcı mühəndis, qrup rəhbəri, 1992-ci ildən isə laboratoriya müdiri vəzifələrində çalışmışdır. 

2006-cı ildə “Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru adını almışdır. 

Lokal kompüter şəbəkələrinin layihələndirilməsi, kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi sahəsində mühüm nəticələr əldə etmişdir. 

Azərbaycan Respublikası Ali Məhkəməsi üçün xüsusi təyinatlı informasiya sisteminin yaradılması layihəsinin rəhbəri olmuşdur. Kompüter texnikasında “2000-ci il problemi ilə əlaqədar proqramın AMEA üzrə koordinatoru olmuşdur. 

1985-1991-ci illərdə Azərbaycan Texniki Universitetində baş müəllim işləmiş, hazırda İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində kurator və müəllim kimi fəaliyyət göstərmişdir. 

Milli Superkompüter Mərkəzinin və onun ümumrespublika infrastrukturunun yaradılması üçün kompleks (texniki, təşkilati, iqtisadi, maliyyə və s.) təkliflərin və sənədlərin işlənməsi məsələləri ilə məşğul olmuşdur. 

2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərini həyata keçirən şöbəyə rəhbərlik edir. 

Hal-hazırda bulud texnologiyaları əsasında verilənlərin emal mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması istiqamətində, bulud texnologiyalarının müxtəlif şəbəkə mühitində sintezi modellərinin və elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənməsi sahəsində tədqiqat işləri aparır.

Kütləvi informasiya vasitələrində informasiya-telekommunikasiya texnologiyalarının aktual problemlərinə həsr olunmuş məqalələrlə çıxış edır.

60-dan çox elmi işin, o cümlədən 5 ixtiranın müəllifidir.

2008-ci ildən AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Standartlaşma üzrə Texniki Komitənin üzvüdür. 

2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 

2010-cu ildən “AzScienceNet” elm kompüter şəbəkəsinin infrastrukturunun yaradılması işlərinə rəhbərlik edir. 

2011-ci ildən Tədris-İnnovasiya Mərkəzində distant təhsil sisteminin infrastrukturunun yaradılması işlərinə rəhbərlik edir.

2011-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə institutun baş mühəndisi vəzifəsinə təsdiq edilmişdir. 

2015-ci ildə institutun texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilmişdir. 

2013-cü ildə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 

 

Elmi əsərləri haqqında məlumat.

Xidməti tel.: (994 12) 5102968
Ev tel.: (994 12) 4745396
Mobil tel.: (994 50) 3136196
Elektron poçtu: rashid@iit.ab.az
.