sa sa sa

http://www.president.az/

Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır. Azərbaycanın müxtəlif kitabxanalarında saxlanılan və xalqımızın ədəbi-estetik, elmi-mədəni fikir dünyasını əks etdirən çox sayda əlyazma XIX əsrin əvvəllərindən regionda cərəyan edən hadisələr nəticəsində ölkə xaricinə aparılmış və bu gün də dünya kitabxanalarında Şərq fondlarının əsasını təşkil edərək mühafizə olunur.

XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının güclənməsi, neft sənayesinin görünməmiş yüksəlişi və ictimai-siyasi həyatda baş verən dəyişikliklər ölkəmizin elm-mədəniyyət mərkəzi kimi tanınan şəhərlərində kitabxanalar şəbəkəsinin yaradılması və genişləndirilməsinə gətirib çıxarmışdır.

XX əsrdə milli kitabxana mədəniyyəti tarixinin yaddaqalan hadisələri baş vermiş və respublikanın ən böyük kitab xəzinələri yaradılmış, bütün bölgələri əhatə edən geniş kitabxanalar şəbəkəsi qurulmuş və mərkəzləşdirilmiş, kitabxanaların maddi-texniki bazası möhkəmləndirilmiş və Kitab palatası təşkil edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələri işğala məruz qoyduqları ərazilərimizdə vandalizm aktı törətmiş, illərlə fondlarında 4 milyondan artıq kitabın mühafizə olunduğu 1000-ə yaxın kitabxananı və kitabxana filiallarını birləşdirən mərkəzləşdirilmiş kitabxana sistemlərini bütünlüklə dağıtmışlar.

Bu gün geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana mövcuddur. 1996-cı ildə Azərbaycan hökuməti "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etmişdir. 1999-cu ildə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, son üç il ərzində ümumi sayı doqquz milyona yaxın ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir. Yeni nəşrlər kitabxana fondlarını və onlardan istifadə imkanlarını xeyli genişləndirməklə yanaşı, həmin kitabların yerləşdirilməsi baxımından çətinliklər yaratmışdır.

Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, müasir texnologiyaların tətbiqini zəruri edir.

Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi həyatının daha da canlanmasına təsiri baxımından böyük əhəmiyyətini və Azərbaycanın informasiya cəmiyyətinə doğru əhatəli inkişaf perspektivlərini nəzərə alaraq, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi və eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə:

1.1. Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. yerli icra hakimiyyəti orqanlarının təkliflərini nəzərə alaraq, Azərbaycanın regionlarında fəaliyyət göstərən kitabxanaların təmirinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya daşıyıcılarına ehtiyacının ödənilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması və onun bazasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların tam istifadəsinə verilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müvafiq qurumlarla birlikdə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nı hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər planını hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Milli Elmlər Akademiyası "Akademiya şəhərciyi"nin ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası üçün yeni binanın tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2007-ci il
27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti