sa sa sa

Bu Qanun informasiya azadlığının həyata keçirilməsi üçün qaydalar müəyyənləşdirir, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində dövlət orqanlarının, bələdiyyələrin, mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifə və funksiyalarını tənzimləyir.

I fəsil

Ümumi müddəalar

Maddə 1. İnformasiya azadlığı


1.1. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
1.2. İnformasiya azadlığının həyata keçirilməsi digər insanların hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının pozulmasına səbəb olmamalıdır.

Maddə 2. Əsas anlayışlar

2.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq səlahiyyətli orqanlar tərəfindən saxlanılan, maddi daşıyıcıda qeydə alınan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatların məcmusu;
2.1.2. məlumat - təbiətdə və cəmiyyətdə baş verən hadisələr, proseslər, təzahürər, fəaliyyətlər və əşyalar barədə faktlar, rəylər, bilgilər;
2.1.3. fərdi məlumat – vətəndaşın şəxsiyyətini birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər;
2.1.4. informasiya ehtiyatları – informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə və fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca sənədlər və sənəd massivləri;
2.1.5. informasiya xidməti – sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün səlahiyyətli orqanların göstərdiyi fəaliyyət;
2.1.6. səlahiyyətli orqan – informasiya ehtiyatlarına sahiblik, istifadə və sərəncam vermək hüququ olan dövlət orqanları, bələdiyyələr, dövlət büdcəsindən tam və ya qismən maliyyələşən hüquqi şəxslər;
2.1.7. informasiya istifadəçisi – informasiya əldə etmək, yaxud informasiya ilə işləməyə buraxılmaq üçün səlahiyyətli orqanlara bu Qanunla nəzərdə tutulmuş qaydada yazılı sorğu verən fiziki və ya hüquqi şəxs;
2.1.8. informasiyanın açıqlanması – informasiyanın kütləvi informasiya vasitələrində yayılması, sorğu və ya məlumat kitabçalarında çap edilməsi, internet və ya elektron vasitələrlə çatdırılması, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdəki çıxışlarda bildirilməsi, yazılı və ya şifahi sorğu əsasında təqdim olunması;
2.1.9. ictimai maraq – cəmiyyətin sabitliyi, əmin-amanlığı, təhlükəsizliyi və dayanıqlı inkişafı, dövlətin idarə olunmasında aşkarlığın təmin olunması ilə bağlı ayrı-ayrılıqda hər kəsin, bütövlükdə hamının bilgiləndirilməsini zəruri edən meyar.

Maddə 3. İnformasiya azadlığı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

3.1. Informasiya azadlığı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
3.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 4. İnformasiya azadlığının prinsipləri

4.1. Informasiya azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
4.1.1. informasiya azadlığına dövlət təminatı;
4.1.2. informasiyanın əldə edilməsinin qanuniliyi;
4.1.3. informasiyanın açıqlığı və əldə olunmasının sərbəstliyi;
4.1.4. informasiyanın əhatəliliyi və etibarlılığı;
4.1.5. informasiyanın vaxtında təqdim olunması;
4.1.6. vətəndaşların informasiya əldə etmək hüququnun qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
4.1.7. informasiya əldə etmək hüququnun pozulmasına görə məsuliyyət;
4.1.8. informasiya təqdim olunarkən üçüncü şəxsin hüquqlarının və qanuni maraqlarının qorunması;
4.1.9. informasiya əldə etmək hüququnun dövlətin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün, məhkəmələrin nüfuzunun və tərəfsizliyinin, fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, qanuni maraqlarının qorunması üçün lazım olandan çox məhdudlaşdırılmaması.

Maddə 5. Sənədləşdirilmiş informasiya (sənəd)

5.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirilməsinə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, yaranma tarixindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (sənəd) hesab olunur.
5.2. Səlahiyyətli orqanlar sənədə malikdirlər, əgər:
5.2.1. bu orqanlarda olan sənəd başqa şəxsin və ya dövlətin mülkiyyətində deyilsə;
5.2.2. başqa şəxsdə və ya dövlətdə olan sənəd səlahiyyətli orqanların mülkiyyətindədirsə.

Maddə 6. Sənədin saxlanması, komplektləşdirilməsi və mühafizəsi

6.1. Müvafiq icra hakimiyyəti orqanı sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydalar işləyib hazırlayır və ehtiyac olduqda bu qaydalara əlavələr və dəyişikliklər edir.
6.2. Səlahiyyətli orqanlar malik olduqları sənədlərin bu Qanunun 6.1-ci maddəsində göstərilən qaydalara uyğun saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə görə məsuliyyət daşıyırlar.
6.3. Səlahiyyətli orqanlar şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlara əlavələr və dəyişikliklər edə bilməsi üçün müvafiq qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edirlər.

Maddə 7. İnformasiyanın əldə olunmasına təminat

7.1. Səlahiyyətli orqanlar malik olduqları sənədlərdən informasiya ehtiyatları yaradır, onların reyestrini aparırlar.
7.2. Reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
7.3. Səlahiyyətli orqanlar öz informasiya ehtiyatlarından hər kəsin maneəsiz, sərbəst və bərabər şərtlərlə istifadə edə bilmək hüququnu təmin etməyə borcludurlar və bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, informasiya xidmətləri göstərirlər. Informasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması sorğu üzrə informasiya verməkdən imtina üçün əsas ola bilməz.
7.4. Informasiya məsələləri üzrə vəzifəli şəxs aşağıdakı funksiyaları yerinə yetirir:
7.4.1. informasiya almaq üçün verilmiş sorğuları qəbul edir və qeydə alır;
7.4.2. sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir;
7.4.3. sorğulara bu Qanunla nəzərdə tutulmuş qaydada və müddətdə cavablar göndərir;
7.4.4. sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə, informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;
7.4.5. informasiya məsələləri üzrə Komissara təqdim olunacaq hesabatları hazırlayır;
7.4.6. informasiya əldə edilməsi ilə bağlı səlahiyyətli orqanın ünvanına göndərilən şikayət ərizələrini araşdırıb həll edir.
7.5. Informasiya məsələləri üzrə Komissara təqdim olunacaq hesabatda aşağıdakılar göstərilməlidir:
7.5.1. informasiya əldə etmək üçün verilən sorğuların sayı, qismən və ya tam şəkildə təmin edilən sorğuların sayı, imtina edilən sorğuların sayı;
7.5.2. informasiyanın əldə edilməsi ilə bağlı səlahiyyətli orqanın ünvanına daxil olan şikayətlər və bu şikayətlərə baxılmasının nəticələri;
7.5.3. informasiya verilməsindən imtina halları ilə bağlı apelyasiyalar;
7.5.4. informasiyanın təqdim edilməsindən əldə olunan ödənişin məbləği;
7.5.5. bu Qanunun 7.7-ci maddəsinin tələblərinə uyğun olaraq dərc edilmiş informasiyalar barədə məlumat;
7.5.6. bu Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq sənədlərin saxlanması, komplektləşdirilməsi və mühafizəsi haqqında məlumat;
7.5.7. informasiya ehtiyatları ilə işləyən kadrların peşə hazırlığı barədə məlumat.
7.7. Səlahiyyətli orqanlar:
7.7.1. informasiyanın axtarılması;
7.7.2. informasiyanın işlənməsi;
7.7.3. sənədləşdirilmiş informasiyanın təqdim olunması;
7.7.4. sənədləşdirilmiş informasiyanın avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə təqdim olunması;
7.7.5. internet saytlarının açılması;
7.7.6. istifadəçilərə məsləhətlər verilməsi və digər sahələrdə informasiya xidmətləri göstərirlər.
7.8. Səlahiyyətli orqanlar hər cari ildən sonra ən geci üç ay ərzində özlərinin fəaliyyətləri barədə aşağıdakı məlumatları dərc edirlər:
7.8.1. həmin orqanın sturukturu, funksiyası, gəlirləri, xərcləri və ilin sonuna olan göstəriciləri;
7.8.2. vəzifəli şəxslərin adı, soyadı, vəzifəsi, telefon nömrəsi və digər məlumatlar;
7.8.3. ictimaiyyətə göstərilən xidmətlər;
7.8.4. informasiya ehtiyatları, informasiya sistemi, informasiyanın növ və kateqoriyaları, onların təsnifatı barədə xülasə;
7.8.5. il ərzində səlahiyyətli orqanın fəaliyyəti barədə innformasiyalar dərc edilmiş mətbu orqanların siyahısı və informasiyaların dərc edilmə tarixi.
7.9. Səlahiyyətli orqanlar həmçinin qəbul etdikləri mühüm qərarlar və rəsmi tədbirlər barədə vaxtaşırı brifinqlər, mətbuat relizləri, mətbuat konfransları vasitəsilə və digər yollarla məlumat verməyə borcludurlar.
7.10. Dövlət orqanları:
7.10.1. vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hadisələr, təbii fəlakətlər və qəzalar barədə dərhal məlumat verirlər;
7.10.2. ekoloèi, meteoroloèi, radioloèi, sanitar-epidemioloèi və cinayətkarlığın vəziyyəti barədə cəmiyyəti vaxtaşırı məlumatlandırırlar;
7.10.3. hər maliyyə-təftiş yoxlamasından sonra onun nəticələrini açıqlayırlar;
7.10.4. cəmiyyətdə yayılmış həqiqətə uyğun olmayan informasiyaları təkzib edirlər;
7.10.5. fəaliyyətləri ilə bağlı ictimai maraq üçün zəruri olan və ya zəruri ola biləcək informasiyaları açıqlayırlar.
7.11. Dövlət informasiyanın əldə olunmasını təmin etmək məqsədilə:
7.11.1. informasiya sahəsində dövlət siyasətini formalaşdırır və həyata keçirir;
7.11.2. informasiyanın hər kəs tərəfindən maneəsiz, sərbəst və hamı üçün bərabər şərtlərlə əldə edilməsinə şərait yaradır;
7.11.3. müvafiq qanunvericilik bazası yaradır və bu qanunların tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
7.11.4. informasiya sistemləri və texnologiyaları sahəsində layihə və proqramların hazırlanması və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sistemini və stimullaşdırma mexanizmini yaradır;
7.11.5. informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin bütün növlərinin inkişafına qayğı göstərir, informasiya məhsulları və xidmətləri bazarının formalaşdırılmasını stimullaşdırır.

Maddə 8. Informasiya təminatının subyektləri

8.1. Səlahiyyətli orqanlar, kommersiya, qeyri-hökumət təşkilatları, o cümlədən siyasi partiyalar, dini qurumlar və həmkarlar ittifaqı təşkilatları, habelə mülkiyyət növündən asılı olmayaraq digər hüquqi şəxslər informasiya təminatının subyektləridir.
8.2. Bu Qanunun 7.1-7.9-cu və 9-cu maddələri istisna olmaqla, səlahiyyətli orqanlara aid bütün tələblər informasiya təminatının digər subyektlərinə də şamil edilir.
8.3. Informasiya təminatı subyektlərinin bir-birlərindən informasiya əldə etməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
8.4. Bu Qanunun 8.2-ci maddəsi ilə səlahiyyətli orqanlara bərabər tutulan orqanlar sorğuda göstərilən informasiyaya malik olmadıqda bu barədə informasiya istifadəçisinə (bundan sonra – istifadəçi) yazılı məlumat verməyə borcludurlar.

Maddə 9. Avtomatlaşdırılmış informasiya sistemi və ondan istifadə qaydaları

9.1. Istifadəçilərin avtomatlaşdırılmış informasiya sistemindən informasiya əldə etmələrini təmin etmək məqsədi ilə səlahiyyətli orqanlar:
9.1.1. avtomatlaşdırılmış informasiya sistemini ümumi istifadədə olan rabitə xəttinə qoşur, vətəndaşların bu sistemdən sərbəst və məhdudiyyətsiz istifadəsi üçün mülkiyyətlərində olan informasiyaları özlərinin rəsmi serverlərinə yerləşdirilər;
9.1.2. vətəndaşların asanlıqla istifadə edə biləcəkləri yerlərdə (səlahiyyətli orqanların idarə binalarında, kitabxanalarda, poçt şöbələrində, qanunvericiliklə müəyyənləşdirilmiş digər yerlərdə) ümimi istifadədə olan rabitə xətlərinə qoşulmuş abonent məntəqələri yaradırlar;
9.1.3. sorğuların verilməsi və informasiyaların ümumi istifadədə olan rabitə xətləri ilə təqdim olunması üçün elektron poçt ünvanı ayırırlar;
9.1.4. rəsmi serverdə yerləşdirilən informasiyaların məzmunu, əhatəliliyi və etibarlılığı üçün məsuliyyət daşıyırlar.
9.2. Elektron formada təqdim olunan informasiyanın etibarlılığı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada təsdiq olunur. Kompüterin köməyi ilə yaradılan və telekommunikasiya kanalları ilə təqdim olunan sənədlərdə bu sənədlər üçün müəyyənləşdirilmihş bütün rekvizitlər göstərilməlidir.

Maddə 10. Açıq informasiyalar

10.1. Əldə olunma növünə görə informasiya açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.
10.2. Alınması Azərbaycan Respublikasının qanunu ilə məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır.
10.3. Aşağıdakı informasiyaların məhdudlaşdırılması qadağandır:
10.3.1. dövlət sirri təşkil edən patentlər və inteqral sxem topologiyaları istisna olmaqla əqli mülkiyyət hüququnun digər obyektləri barədə;
10.3.2. dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensassiyalar haqqında; 10.3.3. dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları haqqında;
10.3.4. Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin səhhəti haqqında;
10.3.5. vətəndaşların hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni maraqlarının pozulması faktları haqqında;
10.3.6. insanların həyat və sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və nəticələri haqqında;
10.3.7. ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;
10.3.8. dövlət orqanlarının mal və xidmələrinin tarifləri haqqında;
10.3.9. ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə;
10.3.10. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri və vakansiyaları haqqında;
10.3.11. büdcə vəsaitlərindən istifadə, ölkənin iqtisadi durumu və əhalinin tələbatı barədə;
10.3.12. dövlətin qızıl və valyuta ehtiyatlarının həcmi haqqında;
10.3.13. dövlət orqanlarında və bələdiyyələrdə çalışan qulluqçuların vəzifə təlimatları;
10.3.14. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dərc edilən normativ hüquqi aktlar, o cümlədən normativ xarakterli aktlar;
10.3.15. Milli Məclisin açıq iclaslarının protokolları və stenoqramları;
10.3.16. məhkəmə aktları;
10.3.17. hidrometrologiya və təbii mühitin monitorinqi üzrə xüsusi təyinatlı məlumatlar;
10.3.18. dövlət sirri təşkil edən məlumatların siyahısı;
10.3.19. arxivlərin, muzeylərin, kitabxanaların açıq fondlarında toplanan digər informasiyalar.
10.4. Açıq informasiyaların əldə olunması aşağıdakı yollarla təmin edilir:
10.4.1. informasiyanın bu Qanunun 7.7-ci, 7.8-ci və 7.9-cu maddələrində göstərilən qaydada açıqlaması yolu ilə;
10.4.2. fiziki şəxslərin yazılı və ya şifahi, hüquqi şəxslərin yazılı sorğusu əsasında.

Maddə 11. Alınması məhdudlaşdırılan informasiyalar

11.1. Alınması məhdudlaşdırılan informasiyalara aşağıdakılar aiddir:
11.1.1. dövlət sirri hesab olunan məlumatlar;
11.1.2. peşə (həkim, notariat, vəkil) sirri təşkil edən məlumatlar;
11.1.3. kommersiya sirrinə aid olan məlumatlar;
11.1.4. istintaq sirri sayılan məlumatlar;
11.1.5. vətəndaşların şəxsi həyatına dair sirlər (fərdi məlumatlar).
11.2. Alınması məhdudlaşdırılan informasiyaların hüquqi reèimi Azərbaycan Respublikasının qanunları və bu qanunlara uyğun şəkildə hazırlanan normativ hüquqi aktlarla tənzimlənir. Alınması məhdudlaşdırılan informasiyalar hüquqi reèiminə görə dövlət sirli və konfidensial ola bilər.
11.3. Dövlət sirrinə aid edilməyən, lakin vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə məxfiliyi təmin edilməli olan informasiya konfidensial xarakter daşıyır.
11.4. Dövlət və konfidensial sirlərə aid informasiyaların məxfiliyi aşağıdakı hallarda aradan qaldırılır və bu informasiyalar açıq informasiyalar elan olunur:
11.4.1. Azərbaycan Respublikası dövlət sirri təşkil edən məlumatların açıq mübadiləsi sahəsində beynəlxalq öhdəliklər götürərsə;
11.4.2. obyektiv halların dəyişməsi nəticəsində məlumatların məxfiliyinin məqsədəuyğunluğu aradan qalxarsa;
11.4.3. məxfilik müddəti başa çatarsa;
11.4.4. kütləvi informasiya vasitələrində yayımlanarsa və ya digər üsullarla ictimaiyyətə bəlli olarsa.

Maddə 12. Informasiya əldə etmək hüququ

12.1. Hər bir kəs özü və ya nümayəndəsi vasitəsilə səlahiyyətli orqanı, informasiyanın növünü və informasiya ilə işləmə formasını sərbəst şəkildə seçmək, informasiya almaq üçün müraciət etmək hüququna malikdir.
12.2 Səlahiyyətli orqanlara müraciət edən hər bir kəs:
12.2.1. sorğu edilən informasiyanın həmin orqanda olub-olmaması barədə, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
12.2.2. səlahiyyətli orqanlar sorğu edilən informasiyaya sahib olduqda onu sərbəst, maneəsiz və bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
12.3. Fiziki və hüquqi şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna edilməklə, maneəsiz buraxılmaq, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
12.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallardan başqa, informasiya əldə etmək hüququndan maneəsiz, sərbəst və bərabər şərtlərlə istifadə edə bilərlər.
12.5. Səlahiyyətli orqanlardan bu Qanunun tələblərinə uyğun əldə edilmiş sənədləşdirilmiş informasiyadan kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin.
12.6. Səlahiyyətli orqanlardan bu Qanunun tələblərinə uyğun əldə edilmiş sənədləşdirilmiş informasiyanın kommersiya məqsədi ilə ötürülməsi, satılması, çoxaldılması və ya dərc edilməsi qanunvericiliklə tənzimlənir.

II fəsil

İnformasiyanın əldə edilməsi

Maddə 13. İnformasiyanın verilməsi haqqında sorğu


13.1. Informasiya əldə etmək üçün sorğu yazılı və ya şifahi şəkildə, o cümlədən elektron formada, elektron poçt vasitəsilə və ya telefonla verilə bilər.
13.2. Şifahi sorğu şəxsin özünü təqdim etməsi ilə səlahiyyətli orqanların vəzifəli şəxslərinə bilavasitə verilir və bu Qanunun 13.3-cü maddəsində göstərilən hallardan başqa, bir qayda olaraq, şifahi şəkildə cavablandırılır.
13.3. Savadsızlığı, yaxud fiziki çatışmazlığı üzündən yazılı sorğu ilə müraciət edə bilməyən vətəndaşın şifahi sorğusunu səlahiyyətli orqanların vəzifəli şəxsləri öz adlarını və soyadlarını, tutduqları vəzifəni göstərməklə yazılı şəkildə tərtib etməli və tarixini göstərməklə qeydə almalıdırlar.
13.4. Yazılı sorğuda aşağldakılar göstərilməlidir:
13.4.1. müraciət olunan orqanın adı;
13.4.2. tələb olunan informasiya barədə qısa və aydın məlumat və ya informasiyanı əldə etməyə imkan verən sənəd, yaxud həmin sənədin bir hissəsi;
13.4.3. tələb olunan informasiyanın əldə edilmə forması;
13.4.4. müraciət edənin adı, soyadı və ünvanı.
13.5. Yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların nümayəndəsi tərəfindən imzalanır.
13.6. Istifadəçi bu Qanunun 19.12-ci və 21.3-cü maddələrində göstərilən hallardan başqa, informasiyanın alınmasının zəruriliyini əsaslandırmağa borclu deyildir.
13.7. Yazılı sorğunu qəbul etməkdən imtina qadağandır.

Maddə 14. Informasiyanı əldə etmənin formaları

14.1. Istifadəçi öz ərizəsində informasiyanın aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda verilməsini tələb edə bilər:
14.1.1. sənədin öyrənilməsi; 14.1.2. sənədin üzünün köçürülməsi;
14.1.3. müraciət olunan orqanın texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;
14.1.4. müraciət olunan orqanın texniki imkanlarından istifadə etməklə sənədin öyrənilməsi;
14.1.5. istifadəçinin öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması;
14.1.6. stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı hala salınaraq təqdim edilməsi;
14.1.7. sənədin tərcümə olunması;
14.1.8. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s.
14.2. Informasiyanın əldə olunmasının hüquqi formaları aşağıdakılardır:
14.2.1. bu Qanunun tələblərinə uyğun olaraq mütləq qaydada təqdim olunan informasiyalar;
14.2.2. müqavilə yolu ilə, o cümlədən sifarişlə təqdim olunan informasiyalar.
14.3. Bu Qanunun 14.2.1-ci maddəsində göstərilən hallarda informasiyaların əldə olunması pulsuz, haqqı ödənilməklə və ya güzəştli şərtlərlə həyata keçirilir.
14.4. Bu Qanunun 14.2.2-ci maddəsində göstərilən hallarda informasiyaların əldə olunmasının qayda və şərtləri, o cümlədən informasiyanın təqdim olunma müddəti və ödəniş haqqı səlahiyyətli orqanın və istifadəçinin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.

Maddə 15. Sorğunun qeydə alınması barədə bildiriş

15.1. Səlahiyyətli orqanın informasiya məsələləri üzrə vəzifəli şəxsi daxil olmuş sorğunu qeydə alır və müraciətin alındığı barədə dərhal, bu mümkün olmadıqda ən geci 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) bildiriş verir (göndərir).
15.2. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqları bildirişdə sadalamaqla onların aradan qaldırılmasını tələb edir.
15.3. Istifadəçi bildirişi aldıqdan sonra 7 gün ərzində çatışmazlıqları aradan qaldırıb yeni sorğu təqdim etməzsə, vəzifəli şəxs sorğuya cavab verməkdən imtina edir.
15.4. Istifadəçi ilə vəzifəli şəxsin qarşılıqlı razılığı əsasında çatışmazlıqların aradan qaldırılması barədə tələb şifahi şəkildə də bildirilə bilər.

Maddə 16. Sorğunun araşdırılması

16.1. Sorğu səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən diqqətlə araşdırılmalıdır. Bunun üçün:
16.1.1. sorğunun bu Qanunun tələblərinə uyğun tərtib olunub-olunmadığı;
16.1.2. tələb olunan informasiyanın informasiya ehtiyatlarında olub-olmadığı;
16.1.3. tələb olunan informasiya informasiya ehtiyatlarında yoxdursa, sorğunun hara göndəriləcəyi;
16.1.4. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun açıq və ya alınması məhdudlaşdırılan informasiyalara aidiyyatı;
16.1.5. tələb olunan informasiya açıqdırsa, amma alınması məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə, həmin informasiyanın ayrılıb verilmə imkanları;
16.1.6. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun sorğuda göstərilən formada verilməsinin mümkün olub-olmadığı;
16.1.7. informasiyanın ödənişli və ya ödənişsiz olması dəqiqləşdirilir və araşdırmanın nəticələri barədə qərar qəbul edilir.

Maddə 17. Araşdırmanın nəticələri barədə qərar

17.1. Səlahiyyətli orqanın vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağldakı qərarlardan birini qəbul edir:

17.1.1. sorğuya cavab verilməsindən imtina edir;
17.1.2. tələb olunan informasiyanı verir;
17.1.3. informasiya verilməsindən imtina edir;
17.1.4. sorğunu tələb olunan informasiyaya malik olan digər səlahiyyətli orqana göndərir.

Maddə 18. Sorğuya cavab verilməsindən imtina

18.1. Səlahiyyətli orqanlar yalnız aşağidakı hallarda sorğuya cavab verməkdən imtina edə bilərlər:
18.1.1. sorğu anonimdirsə;
18.1.2. istifadəçi vəzifəli şəxsin göstərdiyi çatışmazlıqları 7 gün ərzində aradan qaldırıb yeni sorğu təqdim etməyibsə.
18.2. Hüquqi şəxsin firma nişanları olan blankda göndərildiyi və ya fiziki şəxsin ünvanının göstərildiyi hallarda sorğu anonim sayılmır və səlahiyyətli orqanlar bu sorğuya cavab verməyə borcludurlar.

Maddə 19. Informasiyanın verilməsi

19.1. Araşdırmanın nəticələri müsbət olarsa, vəzifəli şəxs aşağıdakılara icazə verməklə informasiyanın əldə olunmasına şərait yaradır:
19.1.1. əgər qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmayıbsa, informasiya ehtiyatlarının yerləşdiyi binaya daxil olmağa və sənədin öyrənilməsinə;
19.1.2. sənədin və ya onun bir hissəsinin surətinin çıxarılmasına və ya üzünün köçürülməsinə;
19.1.3. tələb olunan informasiyanın və ya onun bir hissəsinin tərcümə edilərək təqdim olunmasına;
19.1.4. stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı hala salınaraq verilməsinə;
19.1.5. bu maddədə nəzərdə tutulmayan digər tələblərin yerinə yetirilməsinə;
19.1.6. sorğu poçt və ya elektron poçt (faks) vasitəsilə daxil olubsa, tələb olunan informasiyanın uyğun vasitələrlə göndərilməsinə.
19.2. Əgər tələb olunan informasiya alınması məhdudlaşdırılan sənədin tərkibinə daxildirsə, onun ancaq açıq hissəsi istifadəçiyə verilə bilər.
19.3. Səlahiyyətli orqan kütləvi informasiya vasitəsi ilə açıqladığı informasiyalara dair sorğuları təmin etməyə borclu deyildir. Bu halda informasiyanın nə zaman və hansı mətbu orqanda açıqlandığı barədə istifadəçiyə məlumat verilməlidir.
19.4. Əgər sorğuda tələb olunan informasiya normativ hüquqi akta aiddirsə, səlahiyyətli orqan bu informasiyanın dərc edildiyi kütləvi informasiya vasitəsini və dərc edilmə tarixini göstərməklə, yaxud onun qüvvədən düşməsi, əlavələr və dəyişikliklər edilməsi barədə məlumat verməklə kifayətlənə bilər.
19.5. Natamam və qeyri-dəqiq informasiya təqdim edən səlahiyyətli orqan istifadəçinin ilk tələbi üzrə informasiyaya pulsuz əlavə və dəyişikliklər edərək ona çatdırmağa borcludur.
19.6. Sorğuda tələb olunan informasiya səlahiyyətli orqanda olmadıqda vəzifəli şəxs həmin sorğunu informasiyanın saxlandığı müvafiq səlahiyyətli orqana göndərir və bu barədə istifadəçiyə yazılı məlumat verir.
19.7. Vəzifəli şəxs aşağıdakı hallarda sorğuya cavabı istifadəçi tərəfindən göstərilən formada verməyə məcbur deyildir:
19.7.1. informasiya əldə olunması üçün çoxlu sayda sorğu verilibsə və bu, fəaliyyətin səmərəli təşkilinə mənfi təsir göstərərsə;
19.7.2. surətinin çıxarılması nəticəsində sənədin əslinə ziyan vurula bilərsə.
19.8. Sənədin surətini çıxararkən onun əslinə ziyan vurulacağı təqdirdə səlahiyyətli orqan:
19.8.1. əlyazmasını və ya çap məhsulunu öyrənmək;
19.8.2. audio kasetləri dinləmək;
19.8.3. audiovizual kasetləri seyr etmək və qeydlər götürmək üçün istifadəçiyə şərait yaratmağa borcludur.
19.9. Sorğu edilən informasiya bir neçə dildə mövcud olarsa, sənəd istifadəçiyə onun üstünlük verdiyi dildə təqdim olunur.
19.10. Məxfiliyi aradan qaldırılmış informasiyaların verilməsindən imtina qadağandır.
19.11. Səlahiyyətli orqanlar, bu Qanunun 19.12-ci maddəsində göstərilən hallardan başqa, fərdi məlumata malik olub-olmadıqlarını açıqlamağa və ya bu informasiyanı verməyə borclu deyillər.
19.12. Fərdi məlumat aşağıdakı hallarda verilə bilər:
19.12.1. əgər haqqında informasiya tələb olunan üçüncü şəxs informasiyanın verilməsinə öz razılığını bildiribsə;
19.12.2. əgər istifadəçi üçüncü şəxsin qanuni nümayəndəsi və ya vəsiyyətnaməsinin icraçısıdırsa;
19.12.3. əgər sorğunun subyekti dövlət orqanında vəzifəli şəxsdirsə, yaxud vəzifəli şəxs olubsa və bu informasiya onun qulluğu ilə bağlıdırsa və ya ictimai maraq kəsb edirsə;
19.12.4. əgər haqqında sorğu tələb edilən üçüncü şəxsin ölümündən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan müddət keçibsə.

Maddə 20. İnformasiyanın verilməsindən imtina

20.1. Səlahiyyətli orqanlar bu Qanunun 11.1-ci maddəsinin tələblərinə uyğun olaraq alınması qanunvericiliklə məhdudlaşdırılan:
20.1.1. Azərbaycan Respublikasının müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə törədəcək və ya törədə biləcək;
20.1.2. insanların həyatına, sağlamlığına, təhlükəsizliyinə, hüquq və azadlıqlarına ziyan vuracaq və ya vura biləcək;
20.1.3. cinayətin qarşısını almağa və ya onun açılmasına, cinayətkarın tutulmasına və ya təqibinə mane olacaq və ya ola biləcək;
20.1.4. ədalət mühakiməsinin həyata keçirilməsinə əngəl törədəcək və ya törədə biləcək;
20.1.5. ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya vura biləcək;
20.1.6. açıqlanması və ya vaxtından əvvəl açıqlanması fiziki və hüquqi şəxslərin kommersiya maraqlarına mənfi təsir göstərəcək və ya göstərə biləcək informasiyaya malik olub-olmadıqlarını açıqlamaqdan, yaxud bu informasiyanı verməkdən imtina edə bilərlər.
20.2. Dövlət orqanları aşağıdakı hallarda sorğuda göstərilən informasiyaya malik olub-olmadıqlarını açıqlamağa, yaxud bu informasiyanı verməyə borclu deyillər:
20.2.1. informasiyanın vaxtından əvvəl açıqlanması dövlət siyasətinin formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə başa çatdırılmasına mane olarsa və ya ola bilərsə;
20.2.2. informasiyanın vaxtından əvvəl açıqlanması dövlət orqanında fikir mübadiləsini, azad və vicdanlı məsləhətləşmə prosesini pozarsa və ya poza bilərsə;
20.2.3. informasiyanın vaxtından əvvəl açıqlanması dövlət orqanı tərəfindən testləşdirmə və maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə yaradarsa və ya yarada bilərsə;
20.2.4. informasiyanın vaxtından əvvəl açıqlanması dövlət orqanının qanuni kommersiya və ya maliyyə maraqlarının həyata keçirilməsinə mənfi təsir göstərərsə və ya göstərə bilərsə.
20.3. Bu Qanunun 20.2-ci maddəsi faktlara, faktların qiymətləndirilməsinə, texniki göstəricilərə və statistik məlumatlara şamil edilmir.
20.4. Bu Qanunun 20.1-ci və 20.2-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə informasiyanın açıqlanmasından və ya vaxtından əvvəl açıqlanmasından yalnız o halda imtina edilə bilər ki, informasiyanın yayılmasından dəyə biləcək zərər həmin informasiyaya olan ictimai marağı üstələsin.
20.5. Əgər sorğuda tələb olunan informasiya səlahiyyətli orqanın istifadəsinə verilmiş üçüncü şəxsə aid sənəddədirsə və həmin üçüncü şəxs dövlət orqanıdırsa, informasiyanın təqdim edilməsi üçün onun razılığı tələb olunmur. 20.6. Əgər sorğuda tələb olunan informasiya səlahiyyətli orqanın istifadəsinə verilmiş üçüncü şəxsə aid sənəddədirsə və həmin üçüncü şəxs dövlət orqanı deyilsə, yaxud sənəd bir neçə şəxsə məxsusdursa, bu halda informasiyanın verilməsi üçün həmin şəxslərin razılığı tələb olunur. Əgər bu cür razılıq verilməzsə, səbəbini də göstərməklə informasiyanın təqdim olunmasından imtina barədə istifadəçiyə məlumat verilir.
20.7. Əgər sorğuda tələb olunan informasiya səlahiyyətli orqanın informasiya ehtiyatlarında yoxdursa və bu informasiyaya malik olan səlahiyyətli orqanı müəyyənləşdirmək mümkün deyilsə, o zaman səbəbini də göstərməklə istifadəçiyə informasiyanı təqdim etməyin mümkün olmadığı barədə məlumat verilir.
20.8. Əgər sorğuda tələb olunan informasiya alınması məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə və məxfi informasiyanın silinməsi sənədin əslinə zərər vurarsa və ya onu məhv edərsə, bu halda belə informasiyanın verilməsindən imtina olunduğu barədə istifadəçiyə məlumat verilir.
20.9. Istifadəçi informasiyanın təqdim edilməsi üçün bu Qanunla müəyyənləşdirilmiş müddət ərzində informasiyaya görə haqq ödəməzsə, səlahiyyətli orqan həmin informasiyanın verilməsindən imtina edə bilər.
20.10. Informasiya verilməsindən imtina barədə cavab bütün hallada Azərbaycan Respublikası qanunvericiliyinin konkret maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməli, həmçinin burada istifadəçinin cavabdan məhkəməyə şikayət vermək hüququnun olduğu öz əksini tapmalıdır.

Maddə 21. Sorğuya cavab verilmə müddəti

21.1. Yazılı sorğuya ən qısa müddətdə, lakin 15 gündən gec olmayaraq cavab verilir.
21.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
21.3. Insan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması müəyyən vaxt tələb edən informasıya, istisna hal kimi, 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) təqdim olunur.
21.4. Səlahiyyətli orqanlar həddən çox sorğu aldıqda, informasiyanı hazırlamaq üçün müəyyən müddət tələb olunduqda və ya çoxsaylı sənədləri və materialları araşdırmaq lazım gəldikdə, istifadəçiyə yazılı şəkildə məlumat verməklə bu Qanunla müəyyənləşdirilmiş müddət daha 15 gün uzadıla bilər.
21.5. Bu Qanunun 15.2-ci maddəsində göstərilən hallarda sorğuya cavab verilmə müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğunun təqdim edildiyi gündən, bu Qanunun 19.6-cı maddəsində göstərilən hallarda isə sorğunun baxılma müddəti ilk daxil olduğu gündən deyil, sonradan göndərildiyi müvafiq orqanda qeydiyyata alındığı tarixdən hesablanır.
21.6. Informasiyanın məxfiliyinin açılması barədə sorğuya Azərbaycan Respublikasıın qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə baxılır.

Maddə 22. İnformasiyanın verilməsinə görə ödəniş

22.1. İstifadəçi informasiyanın axtarılması və hazırlanması ilə bağlı bütün xərcləri ödəməlidir.
22.2. İstifadəçi informasiyanı öyrəndikdə, əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxartdıqda, habelə texniki xidmət göstərilməyən digər hallarda informasiyanın alınmasına görə haqq ödəmir.
22.3. İctimai maraq kəsb edən, vətəndaşların hüquq və azadlıqlarına aid olan informasiyalara görə haqq tələb edilmir.
22.4. İnformasiyanın verilməsinə görə alınacaq haqq informasiyanın axtarılmasının və hazırlanmasının həqiqi dəyərindən artıq olmamalıdır.
22.5. Müvafiq icra hakimiyyəti orqanı informasiya məsələləri üzrə Komissarla razılaşdırmaq şərti ilə:
22.5.1. haqq ödənilməklə təqdim olunan informasiya xidmətlərinin siyahısını;
22.5.2. informasiyanın əldə olunma formalarına görə tarif dərəcələrini;
22.5.3. informasiya verilməsinə görə ödəniş qaydalarını;
22.5.4. haqqı qabaqcadan ödənilməklə informasiyanın təqdimetmə hallarını;
22.5.5. ödəniş zamanı edilə biləcək güzəştin şərtlərini müəyyənləşdirir və təsdiq edir.

III fəsil

İnformasiya məsələləri üzrə Komissar


Maddə 23. İnformasiyala məsələləri üzrə Komissarın seçilməsi

23.1. İnformasiya məsələləri üzrə Komissar (bundan sonra – Komissar) Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 63 səs çoxluğu ilə seçilir.
23.2. Komissar vəzifəsinə namizəd aşağıdakı prinsiplərə əməl edilməklə müəyyənləşdirilir:
23.2.1. namizədin irəli sürülməsində ictimaiyyətin iştirakı;
23.2.2. aşkarlıq və şəffaflıq;
23.2.3. uyğun namizədlərin siyahısının dərc edilməsi.
23.3. Komissar vəzifəsinə namizədlər èurnalist birlikləri, qeyri- hökumət təşkilatları, habelə Həmkarlar Ittifaqları Konfederasiyası və Milli Elmlər Akademiyası tərəfindən irəli sürülür və tərkibinə siyasi fəaliyyətlə məşğul olmayan, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə malik ziyalıların, elm və təhsil adamlarının daxil edildiyi müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Müsabiqə komissiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

Maddə 24. Komissara verilən tələblər

24.1. Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik Azərbaycan Respublikasının vətəndaşı Komissar seçilə bilər.
24.2. Aşağıdakı şəxslər Komissar təyin edilə bilməzlər:
24.2.1. icra və məhkəmə hakimiyyəti sistemində qulluq edən, elmi, pedaqoèi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli vəzifələrdə çalışan, digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
24.2.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya əfv edilməmiş şəxslər;
24.2.3. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması məhkəmə tərəfindən təsdiq olunan şəxslər.
24.3. Komissar siyasi fəaliyyətlə məşğul ola, heç bir siyasi partiyanı təmsil edə, heç bir qeyri hökumət təşkilatının rəhbər orqanında vəzifə tuta bilməz.
24.4. Komissar vəzifəyə seçildiyi gündən sonra 5 gün ərzində statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır.
24.5. Komissar 7 (yeddi) il müddətinə seçilir.
24.6. Komissarın təkrar seçilmək hüququ vardır, lakin bu vəzifəyə dalbadal iki dəfədən artıq seçilə bilməz.

Maddə 25. Komissarın fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi

25.1. Komissarın fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin təqdimatı və Azərbaycan Respublikası Milli Məclisinin 63 səs çoxluğu ilə qəbul etdiyi qərar əsasında aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
25.1.1. Komissara aid bu Qanunla müəyyənləşdirilmiş tələblər pozulduqda;
25.1.2. Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
25.1.3. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş, yaxud ölmüş elan edildikdə;
25.1.4. başqa vəzifəyə irəli çəkildikdə və ya öz vəzifəsindən könüllü şəkildə yazılı istefa verdikdə.
25.2. Vəzifəsinə vaxtından əvvəl xitam verilmiş Komissarın boş qalan yerinə bu Qanunun 23.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada yeni namizədlər irəli sürülür və bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yeni Komissar seçilir.

Maddə 26. Komissarın statusu

26.1. Komissar təsisatı hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşir.
26.2. Komissarın öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ vardır. Öz fəaliyyətində tam müstəqildir və bu Qanunla nəzərdə tutulmuş hallardan başqa, heç kəsə tabe deyildir.
26.3. Komissarın aparatı, ştat cədvəli və əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Aparatın Əsasnaməsinin təsdiqi, illik büdcənin tərtibi və icrası, işçilərin işə götürülməsi və işdən azad edilməsi Komissar tərəfindən həyata keçirilir.
26.4. Komissarın aylıq əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin aylıq əmək haqqı həcmində müəyyənləşdirilir.

Maddə 27. Komissarın fəaliyyəti barədə hesabat

Komissar hər cari ildən sonra ən geci 3 ay ərzində Azərbaycan Respublikasının Milli Məclisinə öz fəaliyyəti, o cümlədən maliyyə durumu, audit yoxlamaların və bu Qanunun tələbləri üzərində nəzarətin nəticələri barədə ətraflı hesabat verir. Bu cür hesabatlar Milli Məclisin tələbi və ya Komissarın təşəbbüsü ilə ildə bir neçə dəfə təqdim oluna bilər.

Maddə 28. Komissarın səlahiyyətləri

28.1. Komissar:
28.1.1. bu Qanunun müddəalarını ictimaiyyətə çatdırır, vətəndaşların informasiya azadlığı sahəsində bu Qanunla müəyyənləşdirilmiş hüquqlarını şərh edir;
28.1.2. səlahiyyətli orqanların bu Qanunun tələblərini yerinə yetirməsinə nəzarət edir;
28.1.3. səlahiyyətli orqanların informasiya xidmətlərinin təkmilləşdirilməsi barədə konkret təkliflər verir;
28.1.4. informasiyanın əldə olunmasını daha səmərəli təmin etmək məqsədilə səlahiyyətli orqanlarla sıx əməkdaşlıq edir, bu sahədə çalışan kadrların peşəkarlığını artırmaq üçün müxtəlif maarifləndirici tədbirlər hazırlayıb həyata keçirir;
28.1.5. bu Qanunun tələblərinin pozulması ilə bağlı cinayət məsuliyyəti yaratmış işləri müvafiq hüquq mühafizə orqanlarına göndərir;
28.1.6. daxil olmuş ərizə və şikayətləri araşdırır, bununla bağlı qərarlar qəbul edir;
28.1.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati xətalara dair işlərə baxır;
28.1.8. bu Qanunun tələblərinə uyğun şəkildə araşdırma aparır;
28.1.9. informasiya əldə edilməsi ilə bağlı vətəndaşlara hüquqi yardım göstərir;
28.1.10. ictimaiyyətin və səlahiyyətli orqanların vəzifəli şəxslərinin informasiya məsələləri üzrə maarifləndirilməsi üçün vaxtaşırı seminarlar, elmi-praktiki konfranslar və digər kütləvi tədbirlər keçirir.
28.1.11. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə informasiya sahəsində məqsədli proqramlar hazırlayıb həyata keçirir;
28.1.12. informasiya xidmətləri göstərilməsini və informasiyanın təqdim olunması ilə bağlı səlahiyyətli orqanın ünvanına göndərilən şikayətləri tənzimləmək məqsədi ilə vahid qaydalar işləyib hazırlayır, bu qaydaları kütləvi informasiya vasitələrində dərc etdirir.
28.2. Qaydalar bu Qanunun tələblərinə uyğun hazırlanmalı və aşağıdakı məsələləri əhatə etməlidir:
28.2.1. informasiya məsələləri üzrə vəzifəli şəxsin və informasiya xidmətlərinin iş reèimi;
28.2.2. informasiya xidmətlərinin növləri (avtomatlaşdırılmış informasiya sistemi də daxil olmaqla);
28.2.3. informasiya xidmətləri göstərilməsinin qayda və şərtləri;
28.2.4. informasiyanın əldə olunması ilə bağlı şikayət ərizəsinə baxılma qaydası və müddəti;
28.2.5. sənədləşdirilmiş informasiyaların təsnifatlaşdırılması;
28.2.6. informasiya əldə etmək üçün verilən sorğunun nümunəvi forması;
28.2.7. informasiyanın müqavilə yolu ilə, o cümlədən sifarişlə verilməsinin əsasları;
28.2.8. informasiya ilə işləyən kadrlara verilən tələblər;
28.2.9. bu Qanunun tələblərindən irəli gələn digər məsələlər.
28.3. Komissar və ya onun tapşırıqlarını yerinə yetirən nümayəndəsi bu Qanunun tələblərinə uyğun olaraq öz səlahiyyətlərini həyata keçirərkən qərəzli niyyət olmadan söylədikləri sözlərə və fikirlərə görə mülki, inzibati və ya cinayət məsuliyyənə cəlb edilə bilməzlər.

IV fəsil

Şikayətlər

Maddə 29. Komissara verilən şikayətlər


29.1. Istifadəçi səlahiyyətli orqanların vəzifəli şəxsindən və (və ya) informasiya xidmətlərindən aşağıdakı hallarda Komissara şikayət verə bilər:
29.1.1. sorğunu qəbul etməkdən imtina olunduqda;
29.1.2. bu Qanunun tələblərini pozaraq informasiya verməkdən və ya bu informasiyaya malik olub-olmadığını bildirməkdən imtina edildikdə;
29.1.3. sorğu bu Qanunla müəyyənləşdirilmiş müddətdə cavablandırılmadıqda, o cümlədən bildiriş göndərilmədikdə və ya bu Qanunla müəyyənləşdirilmiş müddətdə göndərilmədikdə;
29.1.4. operativliyini itirən və ya insan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükənin qarşısını ala bilən informasiya bu Qanunla müəyyənləşdirilmiş müddətdə təqdim edilmədikdə;
29.1.5. informasiya əsassız olaraq sorğuda tələb olunan formada verilmədikdə;
29.1.6. açıq informasiya bilərəkdən alınması məhdudlaşdırılan informasiyaya aid edildikdə və bu səbəbdən onun verilməsindən imtina olunduqda;
29.1.7. informasiya ilə işləməyə buraxılmaq və informasiya əldə etmək üçün müəyyənləşdirilmiş qaydalar pozulduqda;
29.1.8. həqiqətə uyğun olmayan, qeyri-dəqiq və natamam informasiya verildikdə və bununla bağlı istifadəçinin təkrar müraciətinə əməl edilmədikdə;
29.1.9. qanunun tələbləri bu maddədə nəzərdə tutulmayan digər hallarda pozulduqda.

V fəsil

Şikayətlərə baxılma qaydası

Maddə 30. Şikayətlərə baxılma müddəti


30.1. Komissar daxil olmuş şikayətləri ən qısa müddətdə, lakin 7 gündən gec olmayaraq araşdıırıb qərar qəbul etməlidir.
30.2. Şikayətə baxılmaq üçün əlavə materiallar əldə etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda şikayətçiyə yazılı məlumat verməklə, şikayətə baxılma müddəti əlavə olaraq 7 gün də uzadıla bilər.

Maddə 31. Şikayətin araşdırılması

31.1. Komissar şikayət ərizəsi ilə ilkin tanışlıqdan sonra:
31.1.1. şikayətə baxmaqdan imtina olunması və ya;
31.1.2. səlahiyyətli orqandan informasiyanın açıqlanmasının tələb edilməsi və ya;
31.1.3. şikayətin araşdırılması barədə qərar qəbul edir.
31.2. Bu Qanunun 31.1.3-cü maddəsinin tələbinə uyğun olaraq Komissar:
31.2.1. şikayətçinin izahatını almaq;
31.2.2. səlahiyyətli orqandan izahat tələb etmək;
31.2.3. bu Qanunun təsir dairəsinə aid olan istənilən sənədi öyrənmək səlahiyyətinə malikdir.
31.3. Səlahiyyətli orqanlar Komissarın tələb etdiyi və araşdırma üçün zəruri olan sənədləri verməkdən imtina edə bilməzlər.

Maddə 32. Şikayətə baxılmasının nəticəsi barədə qərar

32.1. Şikayət ərizəsini diqqətlə və hərtərəfli araşdırdıqdan sonra Komissar:
32.1.1. şikayət ərizəsindəki tələbləri rədd və ya qismən rədd edir;
32.1.2. şikayət ərizəsində qaldırılan tələbin təmin olunması barədə qərar qəbul edir.
32.2. Komissar araşdırmanın nəticəsi barədə qərarını yazılı şəkildə şikayətçiyə və səlahiyyətli orqana göndərir.
32.3. Komissar yalnız aşağıdakı hallarda şikayət ərizəsinin sonrakı araşdırmasından imtina edir və səbəbini də göstərməklə bu barədə ərizəçiyə məlumat verir:
32.3.1. şikayət təkrar, əsassız və qərəzli olduqda;
32.3.2. ərizəçi səlahiyyətli orqanın şikayəti aradan qaldırmaq üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.
32.4. Komissar bu Qanunun 32.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq səlahiyyətli orqandan:
32.4.1. sənədlərin saxlanması, idarə olunması, məhv edilməsi sahəsində ciddi qayda yaradılmasını;
32.4.2. səlahiyyətli orqanın mülkiyyətində olan sənədlərin Milli Arxiv Fonduna təhvil verilməsini;
32.4.3. informasiya məsələləri üzrə vəzifəli şəxsin təyin edilməsini;
32.4.4. konkret informasiyanın dərc edilməsini;
32.4.5. informasiya xidmətlərində çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılmasını;
32.4.6. şikayətçinin çəkdiyi xərclərin və ona dəymiş zərərin ödənilməsini tələb edir.
32.5. Komissarın müəyyənləşdirdiyi cərimənin son həddi şərti maliyyə vahidinin iki yüz mislindən çox ola bilməz.
32.6. Bütün hallarda şikayət ərizəsində göstərilənlərin bu Qanunun tələblərinə uyğun olub-olmadığı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir.
32.7. Komissarın qərarının surətinin alındığı gündən 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.
32.8. Komissarın qərarından məhkəməyə şikayət olunduqda bu qərarın icrası dayandırılır.

Maddə 33. Komissarın əmr və qərarlarının icrası

33.1. Komissarın inzibati xətalar haqqında işlər üzrə qərarı icra olunmadıqda qərardan məhkəməyə şikayət üçün nəzərdə tutulan müddət bitdikdən sonra Komissar öz qərarının icrası üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi icra orqanlarına müraciət edir.
33.2. Məcburi icra orqanı Komissarın qərarını “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icraya yönəldir.

VI fəsil

Yekun müddəaları

Maddə 34. İnformasiya əldə etmək hüququnun məhkəmə yolu ilə müdafiəsi


Fiziki və hüquqi şəxslər səlahiyyətli orqanların və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququna malikdirlər.

Maddə 35. Qanunun pozulmasına görə məsuliyyət

Səlahiyyətli orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Maddə 36. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti